Mədəniyyət ocaqları terror qurbanlarını andılar

 

Repertuarlar 30 aprel hadisəsinə həsr edildi

 

Aprelin 29-da Azərbaycan Dövlət Neft Akademiyasında baş verən terror aksiyası nəticəsində həlak olanların xatirəsi mədəniyyət ocaqlarında yad ediləcək. Bakı Bələdiyyə Teatrı həlak olan insanların torpağa tapşırıldığı bölgələrdə "Damokl qılıncı" tamaşasını oynayacaq. Teatrın direktoru Amaliya Pənahovanın bildirdiyinə görə, baş verən hadisə kollektivin üzvlərinə çox pis təsir edib. A.Pənahova: "Gələn həftədən etibarən biz Nazim Hikmətin əsəri əsasında hazırladığımız "Damokl qılıncı" tamaşasını həlak olanların xatirəsinə həsr edəcəyik. Biz onların ailələrinə dərin hüznlə başsağlığı verir, Allahdan səbir diləyirik, yaralıların tezliklə tam sağalmalarını arzu edirik".

 

S.Vurğun adına Rus Dram Teatrının kollektivi isə bu günə nəzərdə tutulmuş komediya janrında olan "Torqovıda görüşərik" tamaşasını başqa vaxta keçirib. Teatrın mətbuat xidmətindən aldığımız məlumatda deyilir: "Baş verənlərdən sonra komediya tamaşası ilə səhnəyə çıxmaq çox yersiz görünərdi".

M.Maqomayev adına filarmoniyanın direktoru Murad Adıgözəlzadə mətbuata açıqlamasında bildirib ki, aprelin 30-da Neft Akademiyasında baş vermiş faciə ilə bağlı filarmoniyanın repertuarında mayın 1-nə nəzərdə tutulmuş Ü.Hacıbəyli adına Dövlət Simfonik Orkestrinin konserti həlak olanların xatirəsinə həsr edilib. Konsertdə S.Barberin "Adajio", G.Malerin "Səyahət edən usta şagirdinin mahnıları" X.Mirzəzadənin "Triptix" simfoniyası ifa olunub. Dirijor Vladimir Runçakdır.

  

  

Samirə

 

Həftə içi.- 2009.- 2-4 may.- S. 7.