Bülbülə gölü qurudulur
Suraxanı rayon İcra Hakimiyyətindən aldığımız məlumata görə, "Azərbaycanda ekoloji vəziyyətin yaxşılaşdırılmasına dair 2006 - 2010-cu illər üçün kompleks tədbirlər planı"na uyğun olaraq Bülbülə qəsəbəsindəki gölün qurudulması yönümündə işlər cari ilin 1-cü rübündə də davam etdirilib. "Azərsu" ASC tərəfindən görülən işlər nəticəsində kanalizasiya nasosxanası üçün transformator məntəqəsi tikilib. 1-ci rübdə Əmircan qəsəbəsində Heydər Əliyev Mərkəzinin, Suraxanı RİH-in yeni inzibati binasının və Heydər Əliyev adına yeni parkın salınması işləri başa çatdırılıb. Rayonun sənaye müəssisələri 28,4 milyon manatlıq iş yerinə yetirib, aylıq əməkhaqqı 362 manata çatdırılıb. Müəssisə və firmalarda 411 nəfər işlə təmin edilib. "Dədə Qorqud" adlanan yaşayış sahəsinin yanında 70 min kubmetrlik su anbarının inşası və su xətlərinin çəkilməsi, Hövsan qəsəbəsində şəhid ailələri və Qarabağ müharibəsi əlilləri üçün 81 mənzilli 9 mərtəbəli yaşayış binasının, Heydər Əliyev Fondu tərəfindən Qaraçuxur qəsəbəsi "D" yaşayış sahəsində əlil uşaqların reabilitasiyası üçün "Qayğı" mərkəzinin, Zığ dairəsi - Heydər Əliyev adına Beynəlxalq Hava Limanı avtomobil yolunun və Əzizbəyov dairəsi - Heydər Əliyev adına Beynəlxalq Hava Limanı avtomobil yolunun Suraxanı rayonu ərazisindən keçən hissələrində dekorativ divarların tikintisi, digər yenidənqurma işləri və yolun kənarlarının yaşıllaşdırılması işləri davam etdirilib. Çoxmərtəbəli yaşayış binalarında sərnişin liftlərinin əsaslı təmiri, yaxud dəyişdirilməsi işlərinə də başlanılıb. 1-ci rüb ərzində 19 ədəd lift quraşdırılıb. Proses hazırda davam etdirilir. Rayon Məşğulluq Mərkəzinə müraciət edən 193 nəfər işaxtaran vətəndaşdan 93-ü işlə təmin edilib, 14-nə işsiz statusu verilib, 16-sına isə işsizliyə görə müavinət təyin edilib. Suraxanı rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzi tərəfindən 164 yeni sosial müavinətin təyinatı aparılıb. Sosial müavinətlərin aylıq məbləği 7,7 min manat təşkil edib, ümumilikdə 906 min manat sosial müavinət ödənilib. Bundan başqa, 404 yeni doğulmuş uşağa 17,4 min manat birdəfəlik müavinət, 67 ailəyə isə ünvanlı sosial yardım təyin edilib. Məlumatda o da qeyd olunub ki, 1-ci rüb ərzində RİH-ə 1223 ərizə, şikayət və xidməti sənəd daxil olub, başçı tərəfindən 149 nəfər vətəndaş qəbul edilib. Qaldırılan məsələlərin həlli üçün aidiyyəti idarə və təşkilatların rəhbərliklərinə müvafiq tapşırıqlar verilib.
Təbriz Vəfalı
Həftə içi.- 2009.- 2-4may.- S. 6.