Şəhid ailələri əlillərə ev veriləcək

 

Elnur Kələntərov: "Əlillərin regional bərpa mərkəzləri artıq fəaliyyətə başlayıb"

 

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) mətbuat xidmətinin rəhbəri Elnur Kələntərovdan aldığımız məlumata görə, adıçəkilən qurum Azərbaycanın ərazi bütövlüyünün və konstitusiya quruluşunun müdafiəsi uğrunda savaşlarda fiziki sağlamlığını itirmiş vətəndaşlar və şəhid ailələri üçün bir sıra tədbirlər həyata keçirir.

Müsahibimiz bildirdi ki, sözügedən şəxslərin və ailələrin mənzil-məişət şəraitinin yaxşılaşdırılması, həmçinin bölgələrdə əlillər üçün regional bərpa-müalicə mərkəzlərinin yaradılması istiqamətində ƏƏSMN tərəfindən həyata keçirilən tədbirlər bu il də davam etdirilir: "Öncə bildirmək istərdim ki, bu vaxta qədər nazirliyimiz tərəfindən respublikamızın ayrı-ayrı bölgələrində 53 çoxmənzilli, 263 fərdi yaşayış evi, ümumilikdə 1711 mənzil, rayon və şəhər icra hakimiyyətlərinin xətti ilə inşa edilən mənzillər də daxil olmaqla 2763 mənzil əlil və şəhid ailələrinin istifadəsinə verilib. 2008-ci ildə isə nazirliyimiz 396 mənzili əlil və şəhid ailələrinin istifadəsinə verib ki, bu göstərici 2007-ci illə müqayisədə təxminən 2,3 dəfə çoxdur. Cari ilin yanvar-aprel aylarında isə ƏƏSMN-in sifarişi əsasında respublikamızın ayrı-ayrı şəhərlərində və rayonlarında tikilmiş 16 fərdi yaşayış evi əlillərə təqdimlənib. Bu sahədə işlər ilbəil güclənir və 2009-cu il ərzində daha çox sayda əlil və şəhid ailəsinin mənzillə təmin olunması nəzərdə tutulur. Hazırda ümummilli liderimiz Heydər Əliyevin anadan olmasının 86-cı ildönümü münasibətilə mayın 5 - 7-də Tovuz və Sabirabad rayonlarında hər biri 16 mənzilli olan yaşayış binaları əlil və şəhid ailələrinin istifadəsinə veriləcək. Sözügedən tarixlərdə Cəlilabad, Masallı, Astara, Ağcabədi, Bərdə, Qazax, İsmayıllı, Salyan, Sabirabad və Yevlax rayonlarında inşa edilən ümumilikdə 17 fərdi yaşayış evi də həmin təbəqədən olan əlillərə təqdimlənəcək. Onu da qeyd edək ki, yeni tikilən binaların keyfiyyətli inşaat materiallarından istifadə olunmaqla, müasir tələblərə uyğun inşasına nazirliyimiz tərəfindən xüsusi diqqət yetirilir və həmin evlər özlərinin rahat məişət şəraiti, müasir arxitektur görkəmi ilə sahiblərində razılıq hissi doğururlar".

 

"Hər mərkəzdə 5 min nəfər müalicə alır"

 

Həmsöhbətimiz əlil insanların bərpa müalicəsi işinin gücləndirilməsinin də adıçəkilən nazirliyin diqqət mərkəzində olduğunu vurğuladı. Onun sözlərinə görə, əlillərin tibbi-sosial reabilitasiyasında bərpa mərkəzlərinin rolu nəzərə alınmaqla ƏƏSMN tərəfindən bölgələrdəki bərpa mərkəzlərinin işinin səmərəliliyinin yüksəldilməsinə və regionlar üzrə yeni bərpa mərkəzlərinin yaradılmasına xüsusi diqqət yetirilir: "Heydər Əliyevin anadan olmasının 86-cı ildönümü münasibətilə nazirliyimiz tərəfindən həyata keçiriləcək tədbirlər sırasında bölgələrdə yeni bərpa mərkəzlərinin istifadəyə verilməsi mərasimləri də var. Bu gün artıq Xaçmaz və Yevlax şəhərlərində əlillərin regional bərpa mərkəzlərinin açılış mərasimləri keçirilib. Məlumat üçün bildirim ki, hazırda respublikada əlil şəxslər üçün nazirliyimizin Bakı şəhərində, Sumqayıtda, Naxçıvanda, Şəkidə, Şirvanda, Lənkəranda, Naftalanda əlillərin regional bərpa mərkəzləri, paytaxtda və Naxçıvanda uşaq bərpa mərkəzləri, Şağanda Müharibə Əlilləri üçün Müalicə Pansionatı, Mərdəkanda isə daha bir müalicə pansionatı fəaliyyət göstərir. Haqqında danışılan mərkəzlərin hər birində il ərzində 5 min nəfərdən artıq bərpa müalicəsi alır".

 

Zərdab ƏSMM yeni binaya köçəcək

 

E.Kələntərov onu da diqqətimizə çatdırdı ki, əhaliyə göstərilən xidmətlərin səviyyəsinin yüksəldilməsi, yerli strukturların iş şəraitinin yaxşılaşdırılması, onların fəaliyyətinin "Vahid pəncərə" prinsipinə uyğun qurulması sahəsində də işlər uğurla davam etdirilir: "Ötən il 30 rayonda əhalinin sosial müdafiəsi mərkəzlərinin yeni inzibati binaları istifadəyə verilib. Yeni tikilən binalarda nazirliyimizin bütün yerli struktur bölmələri cəmləşib. Bu da həmin qurumlara müraciət edənlərə yüksəksəviyyəli xidmət etməyə imkan verir. Yaxın günlərdə isə ƏSSMN-in Zərdab rayonundakı strukturları üçün də yeni inzibati bina istifadəyə veriləcək".

  

  

Təbriz Vəfalı

 

Həftə içi.- 2009.- 6 may.- S. 5.