Bu il
250-yə yaxın müəssisə və obyekt özəlləşdirilib
Dövlət Əmlakının İdarə Edilməsi
üzrə Dövlət Komitəsində müşavirə
keçirildi
Dünən Azərbaycan
Respublikasının Dövlət Əmlakının İdarə
Edilməsi üzrə Dövlət Komitəsində mərkəzi
aparatın məsul işçilərinin, ərazi şöbələrinin
və tabeli qurumların rəhbərlərinin iştirakı
ilə 2009-cu ilin yanvar - aprel aylarının yekunlarına və
qarşıda duran vəzifələrə həsr olunmuş
müşavirə keçirilib.
Müşavirəni
giriş sözü ilə açan komitə sədri Kərəm
Həsənov ulu öndərimiz Heydər Əliyevin müəyyənləşdirdiyi
Azərbaycanın inkişaf konsepsiyasının bu gün də
prezidentimiz cənab İlham Əliyev tərəfindən
uğurla davam etdirildiyini bildirib. Tədbirdə həyata
keçirilən uğurlu iqtisadi islahatlarda dövlət əmlakının
idarə edilməsinin və özəlləşdirilməsinin
əhəmiyyəti də qeyd edilib. 2009-cu ilin yanvar - aprel
ayları ərzində yerinə yetirilən işlərdən
danışan komitə sədri bildirib ki, özəlləşdirmə
prosesində şəffaflığın daha da
artırılması, dövlət əmlakının idarə
edilməsinin effektivliyinin daha da yüksəldilməsi və
inkişafı, yeni iş yerlərinin açılması,
özəlləşdirilən müəssisələrdə
investisiya qoyuluşlarına nəzarət edilməsi ilə
bağlı vəzifələrin yerinə yetirilməsinə
önəm verilib.
K.Həsənov
müşavirədə iştirak edənlərin nəzərinə
çatdırıb ki, cari ilin yanvar-aprel aylarında dövlət
əmlakının idarə edilməsini və özəlləşdirilməsini
tənzimləyən normativ-hüquqi bazanın təkmilləşdirilməsi
ilə əlaqədar əvvəlki dövrlərdə
hazırlanan və təsdiqlənmək üçün
aidiyyəti üzrə təqdim edilən 20-yə yaxın normativ-hüquqi
sənədin layihələri ilə bağlı işlər
davam etdirilir: "2009-cu ilin ilk 4 ayında ümumilikdə
respublika üzrə 250-yə yaxın kiçik müəssisə
və obyekt özəlləşdirilib. Həmçinin 4 səhmdar
cəmiyyəti yaradılıb. Səhmlərin özəlləşdirilməsi
ilə bağlı keçirilən 16 hərracda isə 21
SC-nin səhmləri özəlləşdirilib. İnvestisiya
müsabiqəsi vasitəsilə özəlləşdirilən
müəssisələrə hesabat dövrü ərzində
müqavilələr üzrə müsabiqə qalibləri tərəfindən
30 mln. manata yaxın investisiya qoyulub. Ümumilikdə özəlləşdirmə
prosesi çərçivəsində keçirilən
investisiya müsabiqələri üzrə özəlləşdirilən
82 müəssisəyə 430 milyon manata yaxın investisiya
qoyulub və bu müəssisələrdə təqribən
12,5 mindən çox iş yeri açılıb. Dövlət
əmlakının mövcudluğu, qorunub-saxlanılması və
ondan səmərəli istifadə edilməsi məqsədilə
dövlət müəssisə və təşkilatlarında
təxminən 90 monitorinq keçirilib".
Dövlət
torpaqları haqqında sistemləşdirilmiş
informasiyaları özündə əks etdirən məlumat
bankına SC-lər, dövlət müəssisələri,
özəlləşdiriləcək və özəlləşdirilən
müəssisə və obyektlərin yerləşdiyi torpaq
sahələri barədə təxminən 8600-ə yaxın məlumat
daxil edilib.
K.Həsənov həmçinin
bildirib ki, yanvar-aprel aylarında 250-yə yaxın
daşınmaz dövlət əmlakı hüquqi və fiziki
şəxslərə icarəyə verilib: "2009-cu ilin
ötən dövründə 80-ə yaxın obyektin torpaq sahəsi
icarəyə verilib. Eyni zamanda icarəhaqlarını ödəməyən
120-dən çox icarəçiyə dövlət büdcəsində
yaranmış icarəhaqqı borcunun tələbi ilə
bağlı xəbərdarlıq məktubları göndərilib.
Hesabat dövrü ərzində icarə haqqını ödəməyən
icarəçilərlə bağlı 50-yə qədər
iddia ərizəsi məhkəmələrə göndərilib.
Əvvəlki dövrlərdə qaldırılan iddia ərizələri
nəzərə alınmaqla 40-a yaxın məhkəmə qərarı
qəbul edilib. 2009-cu ilin yanvar-aprel ayları ərzində
avtomatlaşdırılan ödəniş sistemi vasitəsilə
hüquqi və fiziki şəxslər tərəfindən
3050-yə yaxın ödəniş həyata keçirilib. Qeyri-yaşayış
sahələrinin və özəlləşdirilmiş müəssisə
və obyektlərin yerləşdiyi torpaq sahələrinin icarəyə
verilməsindən hesabat dövründə dövlət
büdcəsinə təxminən 1,7 mln. manat vəsaitin daxil
olması təmin edilib".
Cari ilin yanvar - aprel
ayları ərzində 400-ə yaxın müəssisə və
obyektlərin texniki pasportları tərtib edilib. Bununla
yanaşı, 1800-ə yaxın qeyri-yaşayış sahəsinin
plan-cizgiləri çəkilib. 2009-cu ilin ilk 4 ayı ərzində
komitə tərəfindən ərizəçilərə
500-dən çox şəhadətnamə təqdim edilib. Bunlar
dövlət əmlakının hüquqi və fiziki şəxslərə
satılması, torpaq sahələrinin özəlləşdirilməsi
və mülkiyyət hüququnun əldə edilməsinə
dair şəhadətnamələrdir.
Komitə sədrinin
sözlərinə görə, dövlət əmlakının
idarə edilməsi və özəlləşdirilməsi
işinin təkmilləşdirilməsi, dövlət əmlakından
daha səmərəli istifadə edilməsi məqsədilə
DƏİEDK-da bir sıra struktur dəyişiklikləri
aparılıb: "Məqsəd komitənin müəyyən
şöbələrinin vəzifə və funksiyalarında təkrarçılığın
aradan qaldırılması və onların fəaliyyətinin
effektivliyinin daha da artırılması olub". Müşavirənin
sonunda komitə sədri qurumun ərazi və rayon şöbələrinin
işinin səmərəliliyinin artırılması və mövcud
nöqsanların aradan qaldırılması üçün
müəyyən təxirəsalınmaz tədbirlərin
görülməsinin vacibliyini vurğulayıb.
Aysel Hüseynqızı
Həftə içi.- 7 may.- S. 5.