Yunanıstan energetikləri qonağımızdır
Dünən Azərbaycan
Respublikası sənaye və energetika nazirinin müavini cənab
Gülməmməd Cavadov Yunanıstan - Azərbaycan parlamentlərarası
işçi qrupunun rəhbəri cənab Konstantinos
Tsiarasın rəhbərlik etdiyi nümayəndə heyəti
ilə görüşüb. Nazirliyin mətbuat xidmətindən
qəzetimizə verilən məlumata əsasən,
görüşdə nümayəndə heyətinə daxil
olan Yunanıstan parlamentinin deputatları cənab Xristos Folias,
cənab Maksimos Harakopulus, cənab Nikolaos Stavroyanis, xanım
Antonia Antoniu, xanım Anastasiya Kioysi, xanım Maria Antoniu
iştirak ediblər. Azərbaycan Respublikası Milli Məclisinin
Azərbaycan - Yunanıstan parlamentlərarası əlaqələr
işçi qrupunun sədri cənab Hadı Rəcəbli və
Yunanıstan Respublikasının Azərbaycan
Respublikasındakı səfiri cənab İoannis Metaksas
qonaqları müşayiət edib.
Sənaye və energetika
nazirinin müavini cənab Gülməmməd Cavadov Azərbaycanla
Yunanıstan arasında əməkdaşlığın
müxtəlif sahələrdə, o cümlədən
iqtisadi, enerji və digər sahələrdə genişləndiyini
vurğulayaraq bildirib ki, Yunanıstan parlamentinin nümayəndə
heyətinin ölkəmizə səfəri bu əlaqələrin
daha da möhkəmləndirilməsinə xidmət edəcək.
Həmçinin nazir
müavini Azərbaycanla Yunanıstan arasında təşəkkül
tapmış qarşılıqlı faydalı əməkdaşlıq
münasibətlərinin səviyyəsindən məmnunluğunu
ifadə edərək bildirib ki, bəzi beynəlxalq əməkdaşlıq
layihələrinin reallaşdırılması, xüsusilə
Azərbaycanın enerji daşıyıcılarının
Yunanıstan vasitəsilə Avropaya ötürülməsi
sahəsində yaxşı perspektivlər var və onların
həyata keçirilməsi regionun iqtisadi inkişafına,
sabitliyinin və təhlükəsizliyinin daha da möhkəmlənməsinə
xidmət edəcək.
G.Cavadov Yunanıstan
parlamentinin deputatlarına respublikamızın bugünkü
sosial-iqtisadi vəziyyəti barədə də ətraflı
məlumatlar verərək qeyd edib ki, ikitərəfli
münasibətlərimiz əlaqələrin gələcək
inkişafına geniş imkanlar açır. Nazir müavini
ölkəmizin təşəbbüsçüsü və təşkilatçısı
olduğu böyük enerji layihələrinin həyata
keçirilməsinin Azərbaycanın iqtisadi və siyasi
mövqeyinin daha da möhkəmlənməsində
mühüm rol oynadığını bir daha diqqətə
çatdıraraq ölkəmizlə Avropa İttifaqı
arasında enerji sahəsində əməkdaşlığın
yüksələn xətt üzrə inkişaf etdiyini
vurğulayıb.
Yunanıstan - Azərbaycan
parlamentlərarası işçi qrupunun rəhbəri cənab
Konstantinos Tsiaras isə öz növbəsində bildirib ki,
Yunanıstan Azərbaycanın Avropa İttifaqı ilə əməkdaşlığını
dəstəkləyir və qurumla daha sıx
yaxınlaşmaqda Azərbaycana yardım göstərmək
üçün öz təcrübəsini bölüşməyə
hazırdır. İki ölkə arasında əməkdaşlığın
daha da güclənəcəyinə əminliyini ifadə edən
cənab K.Tsiaras Yunanıstan parlamentinin deputatlarının səfərini
Azərbaycanla əməkdaşlığa ölkəsinin
verdiyi yüksək qiymətin təzahürü kimi dəyərləndirib.
Həmçinin qeyd edib ki, səfərdə əsas məqsəd
iki ölkə arasında mümkün əməkdaşlıq
imkanlarını araşdırmaqdır. Qonaq bildirib ki, ölkəsi
enerji sektoruna maraq göstərir və Azərbaycanla bu sahədə
əməkdaşlığın tərəfdarıdır. Görüşdə
həmçinin qarşılıqlı maraq doğuran digər
məsələlər də müzakirə olunub.
Mirvari
Həftə içi.- 2009.- 7 may.- S. 5.