Bütün dini qurumlar yenidən qeydiyyata alınacaq
"Dini etiqad azadlığı haqqında" qanun
parlamentin müzakirəsinə çıxarılır
Dünən parlamentin hüquq siyasəti və dövlət quruculuğu komitəsi ilə insan haqları komitəsinin birgə toplantısı keçirildi. Komitələrin birgə iclasında uzun zaman cəmiyyətdə müzakirə mövzusuna çevrilən "Dini etiqad azadlığı haqqında" qanuna əlavə və dəyişikliklər müzakirəyə çıxarıldı. İnsan haqları komitəsinin sədri, millət vəkili Rəbiyyət Aslanova vurğuladı ki, vətəndaşların dini etiqadının təmin olunması üçün münbit şərait yaradılıb. Ölkədə ciddi tolerantlıq hökm sürür. "Dini etiqad azadlığı haqqında" qanun 1992-ci ildə qəbul olunub. Komitə sədri dedi ki, bu qanunun qəbul olunduğu dövrdə Azərbaycanda bir sıra qeyri-müəyyənliklər vardı. Bəzi xarici dövlətlər yenicə müstəqillik əldə etmiş ölkənin dini həyatında təmsil olunmağa çalışırlar. Eyni zamanda, qəbul edilmiş qanunda da bir sıra boşluqlar olub. Bu səbəbdən ötən illərdə qanuna 8 dəyişiklik edilib. R.Aslanova vurğuladı ki, qanuna nəzərdə tutulan dəyişikliklər bir növ ölkənin milli təhlükəsizliyi ilə bağlıdır. Onun sözlərinə görə, müstəqillik illərində Azərbaycanda xeyli sayda yeni məscid tikilsə də, onların cəmi 500-ü qeydə alınıb, qalanları qanunsuz fəaliyyət göstərir. R.Aslanova dedi ki, bu problemin həlli üçün Qafqaz Müsəlmanları İdarəsinə əlavə səlahiyyətlər verilməlidir.
Qanuna təklif olunan əlavə və dəyişikliklər barədə Milli Məclis Aparatının şöbə müdiri Lətif Hüseynov məlumat verdi. Onun sözlərinə görə, dəyişikliklərin birinci qrupu dini qurumların dövlət qeydiyyatına alınması və onun ləğvi məsələlərini əhatə edir. Nəzərdə tutulur ki, əlavə və düzəlişlər qəbul ediləndən sonra ölkədəki bütün dini qurumlar yenidən dövlət qeydiyyatından keçsin. Yalnız dövlət qeydiyyatından keçən, dövlət reyestrində qeydə alınan dini qurumlara hüquqi şəxs kimi fəaliyyət göstərmək icazəsi veriləcək. Bundan əlavə, qeydiyyata alınmış dini qurumların qeydiyyatının ləğvi məsələləri də dəqiqləşdirilir. L.Hüseynov dedi ki, hazırda bu məsələ ilə bağlı qanun layihəsində boşluqlar mövcuddur. Əlavələrdə isə təklif olunur ki, dini qurumların ləğvi məhkəmə qərarı ilə həyata keçirilir.
Digər deputat Yevda Abramov isə vurğuladı ki, tək islam dininə xidmət edən dini qurumların deyil, digər dinlərə bağlı qrupların da fəaliyyətinin nəzarətdə saxlanmasına ehtiyac var. Belə ki, ölkəyə həm xristian, həm də iudaizmə bağlı missionerlər gəlməkdədirlər. Millət vəkili təklif etdi ki, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində həm xristianlıq, həm də iudaizmlə bağlı ayrıca şöbələr yaradılsın. Onun sözlərinə görə, hazırda ölkəyə iudaizmlə bağlı dini ədəbiyyatın gətirilməsində problemlər var. Əgər dövlət komitəsində ayrıca şöbə olarsa, bu cür problemlər meydana çıxmaz. Müzakirələrdən sonra qanuna təklif olunan əlavə və dəyişikliklər Milli Məclisin plenar iclasına tövsiyə olundu.
Azad Əliyev
Həftə içi.- 2009.- 7 may.- S. 4.