Mərasimlər haqqında qanunun qəbuluna ehtiyac var
Jalə Əliyeva: "Bu tək sosial yox, həm də
birbaşa mədəniyyətlə bağlı məsələdir"
Parlamentin mədəniyyət
komitəsinin son toplantısında yenidən toy və yas mərasimlərinin
nizama salınması üçün xüsusi qanunun qəbulu
məsələsi gündəmə gətirildi. Bununla
bağlı xüsusi normaların işlənib-hazırlanmasının
vacibliyi vurğulandı.
Bu məsələ ilə
bağlı suallarımızı mədəniyyət komitəsinin
üzvü, millət vəkili Jalə Əliyeva
cavablandırır:
- Əvvəllər bu məsələ
ilə bağlı xüsusi bir qanun layihəsinin
hazırlanması təşəbbüsü ilə bir
neçə dəfə sosial siyasət komitəsi
çıxış edib. Buna bir neçə dəfə cəhd
göstərilib. Lakin məsələ hələlik
açıq qalıb. Bu tək sosial yox, həm də
birbaşa mədəniyyətlə bağlı məsələdir.
Ona görə də biz mədəniyyət komitəsinin son
iclasında toy və yas mərasimləri ilə bağlı
qanunun qəbulu təşəbbüsünü birgə
araşdırmaq təklifini irəli sürdük. Hələlik
bu, təklif olaraq qalır. Lakin sonrakı addımlar, təbii
ki, bir yerdə atılacaq. Hazırda isə konkret nə isə
söyləmək mümkün deyil. Ancaq bunun vaxtı
artıq çatıb.
Cəmiyyətdə bu məsələ
ilə bağlı müxtəlif fikirlər səsləndirilir.
Mərasimlərdə həddən artıq
israfçılığın olması insanları narahat etməyə
başlayıb. Yaxın vaxtlarda komitələr istər birgə,
istərsə də ayrı-ayrılıqda mütləq ortaya
bir sənəd hazırlayıb çıxarmalıdır.
- Bu məsələ dəfələrlə
qaldırılanda ən ciddi etiraz amili kimi Azərbaycanın
çoxmillətli dövlət olduğu, hər bir xalqın
özünəməxsus adət-ənənələrinin
mövcudluğu göstərilir. Sizcə, yenidən bu
etirazlar baş qaldırmayacaq?
- Təbii ki, Azərbaycanda
çox sayda etnoslar yaşayır və biz tolerant ölkəyik.
Biz bəlkə də ən kiçik xalqların belə adət-ənənələrinə,
dillərinə, mədəniyyətlərinə hörmət
edən ölkələrdən birincisiyik. Təbii ki, qanun
hazırlananda bütün bu incəlikləri də nəzərə
alacağıq. Qanun ümumilikdə bütün ölkə vətəndaşları
üçündür.
- Sizcə, belə bir
qanunun qəbulunu zəruri edən nədir?
- Biz istər yas, istərsə
də toy mərasimlərimizdə çox ifrata
varırıq. Toylarımızla bağlı Rusiya, Avropa,
Türkiyənin hərəsindən bir şey
götürüb nə isə qarışıq bir şey
yaratmışıq. Bu xaosun içində özümüz də
itib-batmışıq. Heç kim müasirlik,
inkişafın əleyhinə deyil. Ancaq toy bizim
yazılmamış qanunumuzdur. Toylarımızda saatlarla
diskotekanın səslənməsi, bəylə-gəlinin zala
daxil olarkən vals oynaması heç cür adət-ənənələrimizlə
uyğunlaşmır. Əvvəllər gəlinlərimizin
başında qırmızı duvaq olurdu. Niyə bunları
unutmalıyıq? Toylarımızın keçirildiyi
salonlarda da böyük problemlər var. Hamı istəyir
toyunda bol süfrə olsun. Lakin bu məsələdə də
ifrata yol verilməməlidir. İndi toylarımızda süfrəyə
qoyulanların 10-da biri yeyilmir. Qonaq bundan ləzzət
almır. Sanki restoran sahibinin cibinin doldurulmasına xidmət
edir. Toy elə yerdir ki, insanlar ora tək əylənməyə
yox, həm də görüşüb söhbət etməyə
gəlirlər. Lakin restoranlarda musiqinin səsinin həddən
artıq çox olması heç kimə söhbət etməyə
imkan vermir. Şəxsən bu mənim üçün
iztirabdır. Məni kimsə toya çağırmayanda
sevinirəm. Yaslarımızda da vəziyyət fərqli deyil.
Onu az qala toyla bərabərləşdirmək də dinimizə,
adət-ənənəmizə uyğun deyil. Qapısında
hüzr düşən insan ölüsünü unudur.
Çünki bu mərasimə, onun xırdalıqlarına
çox hazırlaşır. Yaslara əvvəl yaşlı
insanlar daha çox ağır şəkildə gedirdilər.
Ölən insanın xatirəsi anılırdı. Lakin indi
yaslarımızda qız ərə verirlər, kimisə evləndirirlər.
Molla isə hər dəfə mikrofonla camaatdan sakit
olmağı istəyir. Bu şəraiti özümüz
yaradırıq. Çünki bu təmtərağın
qabağında gələn insanlar bu məclisi yas kimi qəbul
edə bilmirlər.
- Qanunun qəbulunun
yubanmasının səbəbi nədir?
- İnsanların adət-ənənələrinə,
istəyinə məhdudiyyət qoyula bilməz. Belə bir
arqument irəli sürülür ki, bu hardasa insan
haqlarının, hüquqlarının pozulması kimi dəyərləndirilə
bilər. Ancaq kökümüzə qayıtmaq hələ
heç bir vətəndaşın hüququnun pozulması demək
deyil.
- Vəziyyətin bu səviyyəyə
gəlib çıxmasının günahı kimdədir?
- Biz özümüz -
başqa heç kim.
- Məsələn, bu məsələlərə
nəzarət edən bir çox strukturlar var. Bunların
arasında Qafqaz Müsəlmanları İdarəsini, elə
parlamentin sosial siyasət və mədəniyyət komitələrinin
adlarını çəkmək mümkündür...
- Biz dəfələrlə
bu məsələ ilə bağlı həyəcan təbili
çalmışıq. Şeyxülislamın
özünün də dəfələrlə fitvası olub. Ancaq
insanlarımızın canında "hamıdan yaxşı
olmaq" istəyi var. Bəlkə də bu, həyatın
yaxşılaşmasından, inkişafdan doğur. Ancaq
dünya mədəniyyəti, toyları deyiriksə, heç
bir ölkədə bu cür mərasimlərdə bizim kimi
israfçılıq yoxdur. Bu yaxınlarda Tacikistanda oldum.
Orada dedilər ki, Tacikistan Milli Məclisi mərasimlərlə
bağlı xüsusi qanun qəbul edib. Bu ölkənin
aullarında toy 3-7 gün uzanır. Bunun
qarşısını almaq və
israfçılığı aradan qaldırmaq
üçün belə bir qanun qəbul edildi. Dedilər qanun
qəbul edilməmişdən əvvəl maarifləndirmə
işi aparılıb. Ancaq bizim ölkədə bu qanunun qəbulunu
mümkünsüz saydılar. Səbəb kimi isə Azərbaycanın
varlı olduğunu, insanlarımızın yaxşı
yaşadığını göstərdilər.
- Bununla bağlı ən
çox narahatlıq doğuran məqamlardan biri də sovet
dövründə binaların arasında tikilmiş xeyir-şər
yerlərinin indi alınaraq sökülməsidir. İnsanlar
bunun nəticəsində kənardan hazır çadırlar
gətirməyə və günü çox böyük
pullara onu qurdurmağa məcbur olurlar. Niyə bu məsələ
parlamentdə səsləndirilmir?
- Əvvəllər
çadır yox idi. Hər kəs rəhmətə gedən əzizini
öz evində son mənzilə yola salmağa
çalışırdı. İndi də vətəndaşların
öz geniş evlərini qoyub yolun ortasında bərli-bəzəkli
çadır qurdurması absurddur. Buna biznes işi kimi baxan
insanlar da artıq mövcuddur. Qanunda bu məqamın da
mütləq diqqətə alınmasını istərdim. Bu,
şəhərimizin dəyişən mənzərəsinə
də yaraşmır. Bu işin də artıq nizama
salınması, tarazlaşdırılması vaxtı
çatıb. Təbii ki, kimlərinsə evi balacadırsa, bu
yas mərasimlərini həmin xeyir-şər evlərində
keçirməsi daha uyğundur. Məsələn, toy
restoranlarının özündə də yas mərasimlərinin
keçirilməsi düz deyil.
Azad Əliyev
Həftə içi.- 2009.- 7 may.- S. 3.