Şuşa 2 saylı peşə liseyində anıldı
Razim Mikayılov: "İnşallah, milli
bayramlarımızı, qələbə günlərimizi
orada qeyd edəcəyik"
Tarixin elə nadir günləri var ki, zaman-zaman
xatırlanır. Dərs kimi, ibrət kimi yaddaşa
yazılır, görk kimi göz önündə tutulur.
17 ildir Kəbəmiz, Məkkəmiz,
qibləgahımız adlanan doğma Şuşa yağı
düşmən tapdağı altındadır. Bakı şəhər
2 saylı Peşə Liseyində də Şuşanın
işğal günü anıldı.
Tədbirdə liseyin
direktoru Razim Mikayılov çıxış edərək
bildirdi ki, həmin gün doğulan uşaqlar bu gün gənclik
dövrünü yaşasalar da, onlar həmin günü
yaddaşlarında bir təcavüz tarixi kimi yaşadırlar:
"Biz həyata nikbin baxırıq. İnanırıq ki,
möhtərəm prezidentimiz cənab İlham Əliyevin
müdrik siyasəti nəticəsində nəinki
Şuşa, işğal altında olan bütün
torpaqlarımız, doğma Qarabağımız erməni
tapdağından tezliklə azad ediləcək. Biz burada
işğal gününü yox, inşallah,
Şuşamızda milli bayramlarımızı, qələbə
günlərimizi qeyd edəcəyik".
Tədbirdə
şagirdlərin hazırladığı ədəbi-bədii
kompozisiya çox maraqlı idi. Şuşa, vətənlə
bağlı şeirlər, mahnılar səsləndirildi,
kiçik səhnəciklər göstərildi. Tədbir
başa çatdıqdan sonra liseyin direktoru Razim Mikayılov rəhbərlik
etdiyi təhsil ocağının fəaliyyəti barədə
məlumat verərək dedi: "9 May - Qələbə
günü və ümummilli lider Heydər Əliyevin anadan
olmasının 86-cı ildönümü ilə bağlı
böyük tədbirlərimiz olacaq. Dahi öndərin ad
günü ilə bağlı liseyin hər bir qrupunun
şagirdləri divar qəzetləri buraxıblar. Əvvəlcə
məktəbin öz nəzdində, sonra isə ümumtəhsil
və peşə məktəb və liseyləri arasında
Heydər Əliyevin anadan olmasının 86-cı
ildönümü münasibətilə inşa müsabiqəsi
keçirildi. Məktəblərarası respublika inşa
yazı müsabiqəsində bir şagirdimiz Kəmalə təhsil
nazirinin mükafatına layiq görüldü. Artıq 2
sınaq test imtahanı arxada qalıb. Həmin testdə XI
sinif şagirdlərinin 50 faizdən çoxu yüksək bal
toplayıb. Yay buraxılış imtahanlarına şagirdlərimiz
müvəffəqiyyətlə hazırlaşırlar. Mən
1 ildən çoxdur məktəbə rəhbərlik edirəm.
İlk gündən nizam-intizama fikir vermişəm. Məktəbin
binasında əsaslı təmir işləri
aparmışıq. Laboratoriyalar və emalatxanalarımız,
o cümlədən kompüter otaqları fəaliyyət
göstərir. Dərsdənqalma, gecikmə hallarına yol
verilmir. Bu da dərsin keyfiyyətinin
yaxşılaşmasına gətirib-çıxarır. Biz
şagirdlərə təhsillə yanaşı, müxtəlif
peşələr də veririk. Şagirdlər peşəyə
maraq göstərir və ustalarımız tərəfindən
onun sirlərinə yiyələnirlər".
R.Mikayılov həmçinin
vurğuladı ki, bu il keçirilən Olimpiada
yarışlarında qaynaq texnologiyası fənni üzrə
bir şagirdləri I yerə çıxıb, kimya fənni
üzrə II, fizika fənni üzrə isə III yerləri
bölüşdürüblər. Liseydə idmana maraq
artıb. Bir məzunumuz döyüş növü üzrə
dünya çempionu, digər iki şagirdimiz isə
idmanın güləş və karate növü üzrə
respublika çempionudur: "Litseydə futbol, voleybol, basketbol
komandaları da fəaliyyət göstərirlər. Peşə
məktəbi və liseyləri arasında keçirilən
yarışlarda komandalarımız hər dəfə
uğurla çıxış edərək qalib olurlar. Müəssisəmizdə
gənclərin çağırışaqədərki
hazırlıq kabineti fəaliyyət göstərir. Kabinetə
Qarabağ müharibəsi veteranı, "N" saylı hərbi
briqadanın komandir müavini olmuş, təcrübəli
zabit Seyran Musayev rəhbərlik edir. Heydər Əliyev Fondu tərəfindən
kabinetə 12 əyani vəsait verilib, şagirdlərimiz həmin
vəsaitdən bəhrələnirlər. Gənclərin hərbi
vətənpərvərlik tərbiyəsi yüksəkdir.
Onlar hərbə böyük maraq göstərirlər. Hərbi
xidmətə gedənə qədər ibtidai hərbi biliyə
yiyələnməyə çalışırlar. Mayın
26-da liseydə Mülki Müdafiə günü keçiriləcək.
Artıq gənc hərbçilərimiz həmin tədbirə
hazırlaşırlar".
R.Mikaylıov həmçinin
bildirdi ki, liseyə şagirdlər müsabiqə yolu ilə qəbul
edilir: "Artıq müəssisəmizdə 280 şagird təhsil
alır. Dərsdən üzrsüz səbəbə görə
qalan şagirdlər müəssisədən azad edilir. Təhsil
naziri Misir Mərdanovun bizə qayğısını daim hiss
edirik. Bir nazir kimi öz köməkliyini əsirgəmir".
Qələndər Xaçınçaylı
Həftə içi.- 2009.- 8 may.- S. 3.