Qaliblər mükafatlandırıldı
İki ay davam edən seçmə mərhələsində
13 istiqamət üzrə 74 şagird qalib seçilib
Dünən Musiqili Komediya Teatrında Bakı şəhəri
üzrə Təhil İdarəsi (BŞTİ) və Təhsil
İşçiləri Azad Həmkarlar İttifaqı Komitəsinin
birgə təşkilatçılığı ilə məktəblilər
arasında keçirilən "Azərbaycan - dünyam mənim"
adlı yaradıcılıq müsabiqəsinin qaliblərinin
mükafatlandırılması mərasimi keçirildi.
Mərasimdə
çıxış edən BŞTİ sədri Nailə
Rzaquliyeva dedi ki, sözügedən müsabiqə
ifaçılıq, musiqi, bədii qiraət və müəllif
şeirləri, rəsm, inşa yazı, fizika və astronomiya,
coğrafiya, iqtisadiyyat, kimya, tarix, biologiya, ekologiya, Azərbaycan
dili, ədəbiyyat üzrə keçirilib. N.Rzaquliyeva
müsabiqənin keçirilməsi və onun şərtləri
barədə əvvəlcədən Bakının
bütün məktəblərində təbliğat işləri
aparıldığını bildirdi: "330 min şagirdin təhsil
aldığı paytaxtın ümumtəhsil məktəblərində
müsabiqəyə böyük maraq göstərilib. Müsabiqənin
2 ay davam edən seçmə mərhələsində 13
istiqamət üzrə 74 şagird qalib seçilib. Bunlardan 28
şagird birinci, 30 nəfər ikinci, yerdə qalanı isə
üçüncü yeri tutub. Ümummilli lider Heydər Əliyev
ikinci dəfə hakimiyyətə gəldikdən sonra onun
bilavasitə rəhbərliyi ilə təhsil sistemində
çox ciddi islahatlara start verildi. Azərbaycanın tarixində
ilk dəfə 1996-cı ildə istedadlı uşaqların
müəyyənləşdirilməsi və onların
istedadının qayğısına qalınması
haqqında qərarının mahiyyəti, məramı
yüz illər keçsə belə, əhəmiyyətini
qoruyub-saxlayacaq".
Təhsil naziri Misir Mərdanov
isə bu cür müsabiqələrin təkcə Bakıda
deyil, regionlarda, hətta kənd məktəblərində də
təşkil olunacağını bildirdi. Onun sözlərinə
əsasən, prezidentin istedadlı gənclərin üzə
çıxarılmasına dair təsdiq etdiyi dövlət
proqramına uyğun olaraq ayrı-ayrı fənlər üzrə
məktəblilər arasında müsabiqələr
keçiriləcək: "Artıq riyaziyyat, fizika, kimya və
biologiya üzrə müsabiqənin yekun turuna
hazırlaşırıq. Mayın sonlarında biz bu
müsabiqəni yekunlaşdıracağıq". Təhsil
nazirinin sözlərinə görə, bu cür müsabiqələrdə
qalib gələn gənclərlə daim iş aparılır,
onlarla görüşlər təşkil edilir. Nazir
müvafiq dövlət qurumlarını da belə gənclərə
istedad və bacarıqlarını nümayiş etdirə bilməsi
üçün lazımi şərait yaratmağa
çağırdı: "Azərbaycanda istedadlı və
qabiliyyətli uşaqlar çoxdur. Əsas məsələ
odur ki belə uşaqlar həm rayon icra hakimiyyətlərinin,
həm də digər müvafiq qurumların nəzarətində
olsun. Bu uşaqlar qeydiyyata alınmalı və onların gələcək
inkişafı üçün köməkliklər göstərilməlidir".
M.Mərdanov əlavə etdi ki, Təhsil Nazirliyi "İlin ən
yaxşı müəllimi" müsabiqəsinin yekun turuna
hazırlıq tədbirlərinə başlayıb. Mayın
12-dən nazirlikdə sonuncu tur üzrə seçim
aparılacaq. Əvvəlki turlar üzrə müsabiqəyə
təqdim olunan sənədlər araşdırılıb. Belə
ki, "İlin ən yaxşı müəllimi" adına
iddialı namizədlərin pedaqoji fəaliyyəti, təhsildə
yenilikləri və digər kriteriyalar üzrə yoxlama tədbirləri
həyata keçirilib. Yaxın günlərdə isə
müsabiqənin yekun turu üzrə müvafiq tədbirlərə
start veriləcək.
Həmkarlar
İttifaqları Konfederasiyasının sədri Səttar
Mehbalıyev ümummilli lider Heydər Əliyevin hakimiyyəti
illərində saysız-hesabsız azərbaycanlı tələbənin
dünyanın ən qabaqcıl ölkələrində təhsil
aldığını dedi: "Ölkə
iqtisadiyyatının ən ağır vəziyyətində
ulu öndərin uzaqgörən siyasəti və rəhbərliyi
ilə ardıcıl və sistemli tədbirlərin həyata
keçirilməsi nəticəsində Azərbaycan dövləti
nəinki ağır böhrandan qurtulub, həmçinin
uğurlu inkişaf yoluna qədəm qoyub".
Tədbirdə
iştirak edən Səbail rayon İcra Hakimiyyətinin
başçısı Sahib Ələkbərov Heydər Əliyevin
siyasi fəaliyyətindən söz açaraq onun
adının dünyanın ən qabaqcıl siyasətçilərinin
adı ilə yanaşı çəkildiyini dedi. Sonda
müsabiqənin qaliblərinə diplom və hədiyyələr
təqdim olundu və tədbir bədii hissə ilə davam
etdirildi.
Naibə
Həftə içi.- 2009.- 8 may.- S.6.