Böhran aqrar sahəyə təsir göstərməyib

 

İsmət Abbasov: "Bunu tam məsuliyyətimlə deyirəm"

 

"Azərbaycan Ümumdünya Ticarət Təşkilatına ölkəmizin mənafelərini qorumaq şərti ilə daxil olacaq" - bu fikirləri dünən jurnalistlərlə söhbətində kənd təsərrüfatı naziri İsmət Abbasov səsləndirdi.

 

Onun sözlərinə görə, dövlətin mənafeləri sırasında kənd təsərrüfatı məhsullarının istehsalının artması, idxalın tənzimlənməsi və s. məsələlər də var. Bu məsələ ilə bağlı artıq bir neçə ildir müzakirələrin davam etdiyini vurğulayan nazir hələlik bununla bağlı elə bir yeniliyin olmadığını bildirdi.

İ.Abbasov ölkədə buğda qıtlığı ilə bağlı deyilənlərin əsassız olduğunu da söylədi: "Mayın 1-dən ölkəyə gətirilən çörək buğdasına əlavə dəyər vergisinin tətbiq olunması Azərbaycanda çörəyin qiymətinə təsir göstərməyəcək. Bizim ötən ildən kifayət qədər qalığımız var. O cümlədən ay yarım, iki aydan sonra öz istehsalımız olacaq". Ümumilikdə buğda istehsalı 2 milyon 100 min tondan artıq gözlənilir. Ötən ilin payızında bu il üçün 800 min hektarda ərzaq buğdası əkilib ki, bu da rekord bir göstəricidir. Nazir vurğuladı ki, heç bir qiymət artımı ola bilməz, bunlar şayiələrdir.

İ.Abbasov artıq ölkədə əhalinin 90 - 95 faiz öz ərazimizdə istehsal olunan məhsullarla təmin edildiyini bildirdi: "Bizim qarşımızda məsələ qoyulub ki, kənd təsərüfatı məhsulları, o cümlədən də ərzaq buğdası ilə özümüz-özümüzü yüz faiz təmin etməliyik. Sevindirici haldır ki, cənab prezidentin dəstəyi ilə görülmüş tədbirlərin nəticəsi olaraq bu il əhalimizi təmin edəcək dərəcədə ərzaq buğdası istehsal edə biləcəyik. Bunun üçün heç bir problem yoxdur. Kifayət qədər texnikamız var. Bu günlərdə əlavə olaraq 180 ədəd taxılyığan kombayn gətirilib. Bu da bu il heç bir texnika çatışmazlığı olmayacağını deməyə əsas verir".

Beynəlxalq maliyyə böhranının Azərbaycanın aqrar sahəsinə hansı təsir etməsi ilə bağlı sualı cavablandıran nazir deyib ki, böhran bu sahəyə heç bir təsir göstərməyib: "Aqrar sahədə bundan əvvəl nəzərdə tutulan proqramlardakı tədbirlərin də hamısı həyata keçirilib. Növbəti dövlət proqramında da aqrar sahəyə aid tədbirlər var. Düşünürəm ki, bunlar da vaxtında icra olunacaq. Mən tam məsuliyyətimlə qeyd etmək istəyirəm ki, beynəlxalq maliyyə böhranı Azərbaycanın aqrar sektoruna heç bir mənfi təsir etməyib. Bu, göz qabağındadır. Ölkə başçısının dəstəyi ilə görülmüş tədbirlər nəticəsində Azərbaycanda aqrar sahədə heç bir problem olmayacaq".

Nazir "donuz qripi" xəstəliyi ilə bağlı vəziyyətə də toxundu. Bildirdi ki, ölkədə bu istiqamətdə vəziyyət sabitdir. Dünyanın 21 ölkəsində bu xəstəliyin qeydə alındığını bildirən nazirin sözlərinə görə, həmin dövlətlərdən Azərbaycana idxal-ixrac əməliyyatları dayandırılıb: "Azərbaycanda bu gün bu xəstəliklə bağlı heç bir problem yoxdur. Lazımı tədbirlər görülür. Nazirlər Kabinetində baş nazirin birinci müavini Yaqub Eyyubovun rəhbərliyi ilə dövlət komissiyasının iclası keçirilib. Müvafiq dövlət orqanlarına, o cümlədən Kənd Təsərüfatı Nazirliyinə tapşırıqlar verilib".

  

 

Azad Əliyev

 

Həftə içi.- 2009.- 8 may.- S. 5.