Mayın sonunda qızıl zavodu açılır

 

Gədəbəy qızılının 1 unsiyası 750 ABŞ dollarına satılacaq

 

Gədəbəy rayonunda müasir standartlara uyğun qızıl zavodunun qurulması barədə qəzetimizdə məlumat vermişdik.

 

Xatırladaq ki, sözügedən obyekt Azərbaycanın 6 rayonundakı qızıl yataqlarının istismarı ilə bağlı 1998-ci ildə Azərbaycan, İngiltərə və ABŞ şirkətləri arasında bağlanılan müqaviləyə əsasən inşa olunur.

Azərbaycan Beynəlxalq Mədən Əməliyyatı Şirkətindən (ABMƏŞ) aldığımız məlumata görə, 1998-ci ildə qızıl yataqlarının sahibi qismində Azərbaycan və bu yataqların istismarına investisiya qoyan Amerika və İngiltərə şirkətləri arasında müqavilə bağlanılıb və zavodun inşası planlaşdırılıb. Yaradılmış beynəlxalq şirkətdə Azərbaycanın payı 51 faizdir. Zavod fəaliyyətə başladıqdan sonra Gədəbəy, Kəlbəcər, Zəngilan, Ordubad, Daşkəsən və Tovuz rayonlarındakı qızıl yataqlarının istismarı nəzərdə tutulub: "Onu da bildirək ki, respublika üzrə ən perspektivli yataqlar Gədəbəydə yerləşdiyindən zavod bu məkanda tikilir. 2006-cı ildən inşasına başlanılmış və 250 hektar sahəyə məxsus ərazidə tikilən zavod Avstraliyadan gətirilmiş və müasir dünya standartlarına cavab verən avadanlıqlarla təchiz olunub. Müasir qabaqcıl texnologiyalar səviyyəsində fəaliyyət göstərəcək yeni obyektin işçilərinin rahatlığı üçün yataqxana və yeməkxana da tikilib. Sözügedən bölgədəki qızıl yataqlarında Türkiyə, Kanada, İran, Rusiya, Qazaxıstan və digər xarici ölkələrdən olan mütəxəssislər tərəfindən kəşfiyyat işləri aparılıb. Hazırda 300-dək işçinin çalışdığı mədəndəki qızıl emalı zavodunda son tamamlama işləri görülür. Yaxın günlərdə zavodun açılışı olacaq.

Hazırda filiz üyüdülərək emala hazırlanır və bu mərhələ 15 gün davam etdikdən sonra qızıl və gümüş istehsalına başlanılacaq. İlk külçənin də haqqında danışılan açılış mərasimində alınması nəzərdə tutulub. Bundan sonra istehsal olunan Gədəbəy qızılı dünya bazarına çıxarılacaq. Həmçinin bu arada xarici ölkələrin mütəxəssisləri zavodda bir müddət işçilərə təlimat keçəcəklər. Onu da qeyd edək ki, bu qızılın 1 unsiyasının 750 ABŞ dollarına satılması planlaşdırılıb".

Məlumatda həmçinin vurğulanıb ki, ABMƏŞ-in işçiləri hazırda sözügedən mədənin ərazisində yaşıllıqların salınmasına da cəlb olunublar. Orada əsasən yerli növ ağaclar əkilir. Həmin ağacların rayon ərazisində, əsasən də adıçəkilən zavodun kənar hissələrində müəyyənləşdirilmiş yerlərdə əkilməsi prosesi reallaşdırılır. Bir neçə gün davam edəcək ağacəkmə kampaniyasında 7 min ağacın əkiləcəyi də məlumatda öz əksini tapıb.

 

 

Təbriz Vəfalı

 

Həftə içi.- 2009.- 8 may.- S. 5.