"Qarabağı
Azərbaycan əsgəri
azad edəcək"
Rafael Cəbrayılov:
"Çünki bu bizim problemimizdir"
Türkiyə ilə Ermənistan arasında sərhədlərin açılması məsələsi gündəmə gəldikdə buna ilk etiraz edən parlamentarilərin önündə qadın millət vəkilləri dayandılar. Amma Azərbaycan - Türkiyə parlamentlərarası dostluq qrupunun üzvü olan deputatlardan səs-soraq çıxmadı. Bir çoxları bunu həmin parlamentlərarası qrupun fəaliyyətsizliyi kimi dəyərləndirir. Amma qrupun üzvü, millət vəkili Rafael Cəbrayılov deyilənlərlə razılaşmır. Onun sözlərinə görə, Azərbaycan - Türkiyə parlamentlərarası dostluq qrupunun işini sərhədlərin açılması məsələsinə bağlamaq doğru deyil. Eyni zamanda, ümumiyyətlə, sərhəd məsələsini bu şəkildə dramatikləşdirmək, faciəyə çevirmək də yanlışdır: "Biz "bir millət - iki dövlət" olsaq da, Türkiyə müstəqil ölkədir və öz maraqları var. Düşünmürəm ki, sərhədlərin açılması bu qədər realdır. Türkiyənin prezidenti də, baş naziri də dedi ki, sərhədlər açılmayacaq və bu, Azərbaycanın dövlət maraqları nəzərə alınmaqla həyata keçirilə bilər. Əslində Qarabağ münaqişəsi xalqımızın və dövlətimizin problemi olduğundan onu sonda elə Azərbaycan əsgəri həll edəcək". Millət vəkili ümumilikdə təmsil olunduğu dostluq qrupunun fəaliyyətindən razı qaldığını bildirdi. O, bir müddət əvvəl Türkiyədə türkdilli dövlətlərin parlament assambleyasının yaradılması istiqamətində addımların atılmasında sözügedən qrupun payı olduğunu da qeyd etdi. Millət vəkili sərhədlərin açılması məsələsində daha çox qrupa üzv olmayan deputatların öndə dayanmasına gəldikdə isə bildirdi ki, məsələyə bu şəkildə yanaşmaq doğru deyil. Çünki onların hamısı partiya mənsubiyyətli millət vəkilləridir: "Xanım millət vəkillərimiz bu addımı öz təşəbbüsləri ilə atmışdılar. Buna isə heç kim mane olmur". Dostluq qrupunun üzvü prezidentin təşəbbüsü ilə Ankarada səfərdə olmuş xarici işlər nazirinin müavini Araz Əzimovun qayıtdıqdan sonra iki ölkə arasında münasibətlərdə yumşalmanın başlanması haqqında səsləndirdiyi fikirlərə də toxundu. Bildirdi ki, bəzi məsələlər iki ölkə arasında razılaşdırıldığından səfərin müsbət yönləri haqda açıqlamalar verilir.
Nahid Canbaxışlı
Həftə içi.- 209.- 8 may.- S. 3.