Metropolitenə girən sərnişin sonadək izlənilməlidir

 

"Bakı Metropoliteninin stansiyalarında kartların sərnişinlərin özləri tərəfindən yüklənməsi qaydası çox yaxşı həyata keçirilir. Bundan sonra stansiyaların hər birində bir xəzinədar oturacaq ki, o da yalnız biletin satışı ilə məşğul olacaq. Hər kəs bir kəslə təmasda olmadan öz işini görəcək" - bunu Bakı Metropoliteninin stansiyalarında yeni həyata keçirilən qaydalarla bağlı metropolitenin rəisi Tağı Əhmədov bildirdi. T.Əhmədov bu yeniləşmədən nəsibini alaraq işdən çıxarılanlara kompensasiya ayrılıb-ayrılmayacağına gəldikdə isə dedi ki, metro stansiyalarında əvvəllər vətəndaşlara bilet satan, yaxud da onların biletlərinə kontur yükləyən işçilərə hansısa kompensasiya ödənməyəcək. Metropolitenin rəisi bunu onunla izah etdi ki, o, stansiya işçiləri arasında hansısa ixtisarlar aparmır: "Sadəcə, bu bir tərəfdən metropolitenə işə qəbulu dayandırır, digər tərəfdən həmin stansiyalarda işləyənlər başqa sahələrə keçəcəklər, nəzarətçi işləyənlər olacaq. Hətta başqa yerdə əksəriyyəti hazırlaşır ki, qatarları qəbul edib yola salan işləsin. Yəni işdənçıxarma olmayacaq. Onları müəyyən yerlərə yerləşdirəcəyəm".

Metropolitendə həyata keçirilən proqramda konkret nələrin olduğuna gəldikdə isə T.Əhmədov dedi ki, əsasən proqramda bankomatların quraşdırılması, videomüşahidələrin qoyulmasıdır: "Bakı metrolarından istifadə edən hər bir vətəndaş qeydiyyatdan keçir. Yəni bunlar izlənilir, baxılır. Qarşıda əsas məqsədimiz budur ki, ən azı heç olmasa vətəndaşlar vaqonlarda da izlənilsinlər. Yəni metropolitenə girən sərnişin çıxana kimi izlənilməlidir. Bu, mənim ən böyük arzumdur". T.Əhmədovun sözlərinə görə, metro stansiyalarında qeydiyyatı aparılan bütün görüntülər servisdə toplanır istənilən məlumatı həmin dəqiqə almaq olar.

Metropolitenin rəisi yeni stansiyalarla bağlı da danışdı. Qeyd etdi ki, yeni stansiya bu il sərnişinlərin istifadəsinə veriləcək "Azadlıq" olacaq. T.Əhmədov vurğuladı ki, ilin axırına kimi bu stansiya istifadədə olacaq: "Bu stansiyanın analoqu olmayacaq. Bakıda belə bir stansiya yoxdur". T.Əhmədov yeni stansiyaların tikintisinə toxundu. Dedi ki, yerlər ayrılıb həmin sahələrdə görüləcək. Tikiləcək "Müşfiq" stansiyası "Azadlıq" stansiyasının davamı, "Əcəmi" stansiyasının yanında "Cavadxan" stansiyası "Avtovağzal" stansiyalarının isə artıq yerləri verilib. Bu üç stansiya üzrə vəsait ayrılıb.

Tikiləcək stansiyaların ərazisində vətəndaşlara məxsus əmlaklarla bağlı problemlərin aradan qaldırılması məsələsinə gəldikdə isə T.Əhmədov bildirdi ki, bu yöndə hələlik hansısa narahatlıqla qarşılaşmayıblar. Belə hallar ortaya çıxdıqda isə dövlət əhəmiyyətli obyekt hansıdırsa, ilk olaraq o əsas kimi qəbul edilir. Yəni tikili dövlət əmlakı olduğundan özəl əmlak sökülə, yaxud da başqa yerə köçürülə bilər. T.Əhmədov yeni qatarların alınmasına da toxundu. Dedi ki, bu günə kimi Bakı Metropoliteni hardan qatarlar alırdısa, bundan sonra da həmin zavoddan alacaq. O, bu il 15 yeni qatar alınacağını da bildirdi.

  

     

Nahid Canbaxışlı

 

Həftə içi.- 2009.- 8 may.- S. 1;5.