Misir Mərdanov sual verdi :"Nə üçün bu hadisə ilə bağlı məhz təhsil müəssisəsi seçilib"

 

Biz heç olmasa rayonlarda elə məktəb qurmalıyıq ki, xaricilərin ölkəmizdə yaratdıqları məktəblərlə alternativlik təşkil etsin.

 

Belə məktəblərdən birini ötən il Bakının Yasamal rayonunda yaratmışıq

 

"Azərbaycanın bütün təhsil müəssisələrində təhlükəsizliyin təmin olunması ilə bağlı ciddi iş gedir" - bu barədə jurnalistlərə təhsil naziri Misir Mərdanov məlumat verib.

 

Nazir bildirib ki, indi təhsil müəssisələri bu məsələyə daha məsuliyyətlə yanaşır: "Düşünürəm ki, qısa müddətə bütün təhsil müəssisələrində dövlətin xüsusi mühafizəsi təşkil olunacaq. Bu təkcə ali məktəblərdə deyil, orta məktəb və bağçalarda da həyata keçiriləcək. Hər bir müəssisədə elə bir şərait yaradılmalıdır ki, tələbələr, şagirdlər təhlükəsizliyin təmin olunmasına tam əmin olsunlar".

Neft Akademiyasında baş verən kütləvi qətllə bağlı Təhsil Nazirliyinin günahlandırılmasına münasibət bildirən nazir bunları deyib: "Əlbəttə, bu məsələdə Təhsil Nazirliyinin də məsuliyyəti var. Amma mən hesab edirəm əvvəlcə bu məsələ araşdırılmalıdır ki, nə üçün bu hadisə ilə bağlı məhz təhsil müəssisəsi seçilib? Biz təhsil müəssisələrinin qorunması üçün xüsusi iş aparırıq".

Təhsil naziri vurğulayıb ki, indi orta məktəblərin məktəb-liseylərə çevrilməsi istiqamətində iş aparırıq. Bu siyasətin məqsədi odur ki Azərbaycanın hər rayonunda ən azı bir nümunəvi məktəb olsun. İndiki şəraitdə birdən-birə bütün məktəblərdə maddi-texniki bazanı yüksək səviyyəyə qaldırmaq çətindir. Ona görə də bu problemlər tədricən, mövcud imkanlar daxilində həll edilməlidir. Nazir bildirib ki, hər bir rayonda yaradılacaq nümunəvi məktəblərin məktəb-lisey, yaxud da gimnaziya adlandırılmasının xüsusi əhəmiyyəti yoxdur: "Əsas odur ki hər rayonda yüksək standartlara və güclü maddi-texniki bazaya, peşəkar kadr potensialına malik məktəblər olsun. Yəni əsas məqsədimiz məzmunda irəliləyişə nail olmaqdır". M.Mərdanov qeyd edib ki, belə məktəblər kənd rayonlarında da yaradılacaq. Onun sözlərinə görə, nə qədər ki bütün məktəblərdə təhsilin keyfiyyətinin arzuolunan səviyyəyə çatdırılmasına nail olunmayıb, hər rayonda ən azı bir nümunəvi məktəbin yaradılması vacibdir: "Biz heç olmasa rayonlarda elə məktəb qurmalıyıq ki, xaricilərin ölkəmizdə yaratdıqları məktəblərlə alternativlik təşkil etsin. Belə məktəblərdən birini ötən il Bakının Yasamal rayonunda yaratmışıq. Zərifə Əliyevanın adını daşıyan bu məktəb indi bir nömrəli təhsil müəssisəsi kimi tanınır və mənə elə gəlir ki, bu məktəb ölkənin ən yaxşı məktəblərindən biri olacaq. Belə məktəbləri Bakıda və kənd rayonlarında da yaradacağıq".

  

    

Naibə

 

Həftə içi.- 2009.- 8 may.- S. 6.