"İnsanların mənəviyyatı uğrunda mübarizə gedir"

 

Rəbiyyət Aslanova: "Ona görə də din - dövlət münasibətlərində nöqsan yeri qoymamalıyıq"

 

"Dini etiqad azadlığı" haqqında qanuna edilən əlavə və dəyişikliklərə cəmiyyətin müxtəlif təbəqələri tərəfindən münasibət birmənalı olmasa da, belə bir yeniliyin edilməsinə çoxdan ehtiyac yaranmışdı.

 

Çünki Azərbaycanda dini sahədə elə şərait yaranıb ki, hətta inkişaf etmiş bir sıra xarici ölkələrdə yasaqlanmış dini cərəyanlar ölkəmizdə rahat fəaliyyət göstərə bilirlər. Belə halların isə inzibati metodlarla qarşısının alınmasına ehtiyac var. "Olaylar"ın müsahibi Milli Məclisin insan hüquqları komitəsinin sədri Rəbiyyət Aslanovadır.

- Sözügedən qanuna əlavə və dəyişikliklərin edilməsi hansı zərurətdən yaranıb?

- Azərbaycan müstəqillik əldə etdikdən sonra vətəndaşların hüquq və azadlıqlarının, vicdan, dini etiqad azadlıqlarının təmin olunması istiqamətində çox ciddi addımlar atılıb. 1992-ci ildə qəbul edilən "Dini etiqad azadlığı haqqında" qanun həmin dövrdə qəbul edilmiş əsas sənədlərdən biri idi.

Bu qanunun qəbulunu sovetlər imperiyasının çökməsindən, həmin imperiyanın dini ideologiyası və bu ideologiyanın tərkib hissəsi olan ateizm təliminin iflasa uğramasından sonra cəmiyyətdə yaranan mənəvi boşluğun aradan qaldırılması və milli-mənəvi dəyərlərimizin bərpası istiqamətində atılan addım kimi qiymətləndirmək olar. Ancaq 1992-ci il hələ qeyri-müəyyənlik dövrü kimi qiymətləndirilən dövr idi. Çünki həmin dövrdə yeni müstəqilliyini əldə etmiş dövlətin siyasi-mənəvi məkanında yer tutmaq istəyən ayrı-ayrı qüvvələr mövcud idi. Təsadüfi deyil ki, həmin dövrdə qəbul edilmiş, mövcud qeyri-müəyyənliyin aradan qaldırılması yolunda atılan addım kimi qiymətləndirilən bu qanunun özündə qeyri-müəyyənlik, bütün problemləri özündə tam əks etdirməmək imkanları var idi. Buna görə də ötən müddət ərzində bu qanunun daha da təkmilləşdirilməsi ilə bağlı mühüm addımlar atılıb. Təkcə onu demək kifayətdir ki, 1992-ci ildən bu vaxta qədər sözügedən qanunda 8-ə qədər əlavə və dəyişiklik edilib ki, bu dəyişiklikləri zaman tələb edirdi. Ən mühüm dəyişikliklərdən biri 1998-ci ildə ulu öndər tərəfindən bu qanunun mahiyyətində olan bəzi məqamların, bəlkə də ən çətin məqamların aradan qaldırılması yolunda atılan addımlar idi. Azərbaycan vətəndaşının qafası uğrunda mübarizə aparan ayrı-ayrı təriqətlərin, missioner təşkilatların fəaliyyətinin məhdudlaşdırılması üçün qanunda olan müddəaların, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycanın milli və həyati maraqlarına təhlükə törədən təbliğatın qarşısı alındı ki, bu da çox vacib məqam idi. Bu illər ərzində Azərbaycanda dinə münasibətdə dövlət siyasəti xeyli irəliləyib və hər bir dəyişiklik zamanın yeni çağırışına uyğun həyata keçirilib. Bu günə qədər sözügedən qanunun yalnız kamilləşdirilməsi və daha da təkmilləşdirilməsi istiqamətində işlər görülüb.

- Qanuna edilən əlavə və dəyişiklikləri nə dərəcədə vacib saymaq olar?

- Yaxşı olar ki, ümumiyyətlə, bu qanun yenidən işlənsin. Mən dəfələrlə bu fikrin tərəfdarı olmuşam. Buna baxmayaraq hazırda "Dini etiqad azadlığı haqqında" qanuna əlavə və dəyişikliklərin edilməsinə ehtiyac var idi. Çünki hazırda ölkədə mövcud olan ayrı-ayrı dini qurumların sayı az deyil. Onlar arasında konfessiyalararası münasibətlər, din və dövlət münasibətlərindəki yeniliklər, vətəndaş - dindar - dövlət münasibətlərində olan müxtəlif məqamlara bir daha baxılaraq yeni dövrün, beynəlxalq aləmdə baş verən proseslərin tələbinə uyğunlaşdırılmasına ehtiyac duyulur. Belə olan halda dini təsəvvürlər və dini prinsiplərin daha da canlanaraq ayrı-ayrı insanların şüurunda xüsusi yer tutması gerçəklikdir. Biz də insanların çox həssas yanaşdıqları dinə qarşı münasibətdə diqqətli olmalıyıq. Çünki söhbət böyük bir mənəvi ideyanın qorunmasından gedir.

- Hazırda ölkədəki dini durumu necə dəyərləndirirsiniz?

- Bu gün hər bir Azərbaycan vətəndaşını maraqlandıran məqam ölkədəki milli-mənəvi dəyərlərin, dini durumun vəziyyətidir. Çünki milli-mənəvi dəyərlərin qorunması ilk növbədə milli təhlükəsizlik məsələsidir. Bu baxımdan Azərbaycandakı dini durum, din - dövlət münasibətləri istiqamətində aparılan siyasət çox önəmlidir. Təəssüf ki, bəzən bu istiqamətdə aparılan işlər barədə dolğun məlumatımız olmur. Bu da, görünür, ondan irəli gəlir ki, dini qurumların fəaliyyətini tənzimləyən, onların fəaliyyətinə dövlət nəzarətini həyata keçirən orqanlar cəmiyyəti lazımi məlumatla təmin etmirlər. Nəzərə almaq lazımdır ki, Azərbaycan vətəndaşlarını bu məkanda hansı konfessiyaların olması, dini durumun vəziyyəti kimi məsələlər maraqlandırır. Çünki bu təkcə dini mütəxəssisləri maraqlandıran sahə deyil. Bu gün Azərbaycanda 1750 məscid fəaliyyət göstərir ki, onlar müstəqillik dövründə tikilib. Onlardan cəmi 500-ü pasportlaşaraq dövlət balansına alınıb. Onların içərisində elələri var ki, digər ölkələr tərəfindən tikilib. Hazırda isə ölkə ərazisində xarici sərmayə ilə bir məscid belə tikilmir. Respublika ərazisində fəaliyyət göstərən məscidlərin və dini obyektlərin təxminən 53,2 faizi cənub zonasının payına düşür. Eyni zamanda ölkədə 533 dini icma rəsmi dövlət qeydiyyatından keçib ki, onlardan da 32-si qeyri-islami dini icmalardır.

- Dini icmaların yenidən qeydiyyatdan keçmələrinə nə dərəcədə ehtiyac var?

- 2006-cı ilə qədər qeydiyyatdan keçən dini icmalar mənzil, qeyri-yaşayış sahəsində hüquqi qeydiyyatdan keçirdilər. Sonradan isə həmin icmalar hər hansı məsciddə fəaliyyət göstərə bilərdilər. Hazırda bir çox iccmalar məhz bu prinsip əsasında fəaliyyət göstərir, yəni qeydiyyatdan başqa ünvanda keçmiş, lakin onlara aidiyyəəti olmayan məscidlərdə fəaliyyət göstərirlər. Digər qrup icmalar isə dövlət qeydiyyatından keçsələr də, bu günə qədər məscidlərdə deyil, digər ünvanlarda fəaliyyət göstərirlər. Qafqaz Müsəlmanları İdarəsinin təşəbbüsü ilə dini icmalar 2006-cı ildən yalnız məscidlərdə qeydiyyatdan keçə bilərlər. Təəssüf ki, əksər məscidlərin texniki sənədləri olmadığına görə bəzi hallarda bu tələb icmalar üçün problem yaradır. Məhz bu səbəbdən 1250 məscid qeydiyyatdan keçmədən fəaliyyət göstərir. Qeydiyyatdan keçmək üçün əsas problem məscidlərin bir çoxunun kənd yerində olması, məscidə gələnlərin hüquqi savadsızlığı və maddi problemlərdir. "Dini etiqad azadlığı haqqında" qanuna edilən əlavə və dəyişikliklərdə isə nəzərdə tutulur ki, dini icmaların yalnız dövlət qeydiyyatından keçdikdən sonra fəaliyyəti məqsədəuyğundur.

- Azərbaycanda qeyri-ənənəvi dini cərəyanların fəaliyyət göstərdiyi hamıya bəllidir. Qanunda buna şərait yaradan halların aradan qaldırılması nəzərdə tutulub?

- İndi Azərbaycanda 1750 məscid fəaliyyət göstərir. Sovetlər dövründə isə yalnız 18 məscid və 2 müqəddəs yer var idi ki, onlardan 1-i şiə, 2-si sünni, 5-i isə qarışıq məscid idi. Hazırda mövcud olan məscidlərdən isə yalnız 500-ü qeydiyyata alınıb. Bu isə ona gətirib-çıxarır ki, ölkədə dini sahədə qeyri-müəyyənlik hökm sürsün. Belə halların aradan qaldırılması üçün həmin müsəlman ənənəvi islam icmalarına rəhbərliyi həyata keçirən Qafqaz Müsəlmanları İdarəsinə xüsusi səlahiyyətlərin verilməsi lazımdır. Çünki bu gün QMİ də digər dini icmalar kimi eyni qaydada qeydiyyatdan keçirsə, müəyyən paradoks yaranır. Bir icmanın digər icmanı qeydiyyatdan keçirməsi qeyri-mümkündür. Əgər QMİ-nin üzərinə müəyyən məsuliyyət qoyulursa, bu idarəyə səlahiyyət də verilməlidir ki, nəticə barədə tələb etmək mümkün olsun. Nəzərə almaq lazımdır ki, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sonradan yaranıb. Amma yenə də mövcud münasibətlərin tənzimlənməsi və qeyri-müəyyənliyin aradan qaldırılması üçün bu işlər görülməlidir. Azərbaycanda çoxlu sayda qeyri-ənənəvi, qeyri-islami dini konfessiyalar mövcuddur. Bunlar arasında 1997-ci ilə qədər Azərbaycanda mövcud olmuş, sonradan öz fəaliyyətlərini bitirməmiş konfessiyalar da var. Bir ağrılı məsələni də qeyd etmək lazımdır ki, bu gün Azərbaycanda mövcud olan məscidlərin çoxunun ayrı-ayrı xarici ölkələrdə mövcud olan təşkilatlar tərəfindən tikildiyi də faktdır. Bütün bunların hamısı məcbur edir ki, Azərbaycan insanının qafası uğrunda gedən mübarizəni öz fəaliyyətimizdə nəzərə alaq. Hazırda mübarizə məkan, torpaqlar üzərində deyil, insanların mənəviyyatı uğrunda gedir. Ona görə də biz dinimizin yüksək mənəvi prinsiplərini qoruyaraq, dövlətimizin dinə qarşı olan gözəl münasibətini nəzərə alaraq din və dövlət münasibətlərində kiçicik bir nöqsanın olmamasına çalışmalıyıq. Dövlət bunda maraqlıdır, çünki bu, vətəndaşların konstitusion hüquqlarıdır. Bu hüquqların pozulmasına qətiyyən imkan vermək olmaz.

 

 

Həftə içi.- 2009.- 14 may.- S. 1;4.