Heydər Əliyevi bütün dünya xatırladı

 

Müxtəlif ölkələrdə anım mərasimləri keçirilib

 

Mayın 10-u ümummilli lider Heydər Əliyevin anadan olmasının 86-cı ildönümüdür. Bu münasibətlə nəinki Azərbaycanda, ölkəmizdən kənarda da müxtəlif tədbirlərə artıq start verilib.

 

Dünyanın bir çox ölkəsində, hər il olduğu kimi, bu il də H.Əliyev yüksək səviyyədə anılır. Bu münasibətlə Azərbaycanın İrandakı səfirliyində təşkil edilən mərasimə dövlət rəsmiləri, xarici ölkələrin Tehranda akkreditə olunmuş səfirləri, beynəlxalq təşkilatların rəhbərləri, paytaxt ictimaiyyətinin nümayəndələri, burada təhsil alan soydaşlarımız qatılıblar. H.Əliyevin səfirlikdəki büstü önünə əklillər qoyulduqdan sonra ulu öndərin həyat və fəaliyyətindən bəhs edən film göstərilib, mərasim iştirakçıları Azərbaycan həqiqətlərinə aid kitab və jurnallarla tanış olublar. Səfir Abbasəli Həsənov H.Əliyevin mənalı ömür yolundan söz açıb, dahi şəxsiyyətin fəaliyyətini Azərbaycan xalqının işıqlı gələcəyinə, bölgədə uzunmüddətli sülhün, əmin-amanlığın bərqərar olmasına həsr etdiyini vurğulayıb. H.Əliyevi şəxsən tanıyan, müxtəlif dövrlərdə onunla ünsiyyətdə olan şəxslərin ürək sözləri dinlənilib.

Düşənbədə mayın 12-də "Müstəqil Azərbaycanın yaranmasında ümummilli lider Heydər Əliyevin rolu" mövzusunda elmi-praktik konfrans keçiriləcək. Konfransda Tacikistanın hökumət nümayəndələri, parlamentin deputatları, yerli və xarici KİV nümayəndələri, Düşənbədəki Azərbaycan diasporunun üzvləri iştirak edəcəklər. Konfransda H.Əliyevin həyat və fəaliyyətindən bəhs edən, tacik dilində nəşr edilən "Müasir Azərbaycanın banisi, xilaskarı və qurucusu" kitabının təqdimatı keçiriləcək.

İslamabadda "Marriott" mehmanxanasında da H.Əliyevin 86-cı ildönümü ilə bağlı mərasim keçirilib. Tədbirdə Milli Məclisin deputatı Hüseynbala Mirələmov və tanınmış yazıçı Viktor Andriannovun "Görkəmli adamların həyatı" seriyasından "Heydər Əliyev" kitabının təqdimatı olub. Kitab İslamabadda Azərbaycanın Pakistandakı səfirliyi tərəfindən ingilis dilində nəfis şəkildə nəşr edilib.

Belə tədbirlərdən biri İstanbuldakı Heydər Əliyev parkında keçirilib. Mərasimdə iştirak edən Azərbaycan Prezident Administrasiyasının ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənov, ölkəmizin İstanbuldakı baş konsulu Səyyad Aran, rayon bələdiyyəsinin sədri, hər iki ölkənin ziyalıları ümummilli liderin abidəsi önünə çiçəklər düzüblər. Ə.Həsənov H.Əliyevin möhkəm siyasi iradəsi nəticəsində həyata keçirilən bölgə üçün böyük əhəmiyyət daşıyan iri layihələrdən söz açıb. Mərasimdən sonra Azərbaycan Türkiyə incəsənət ustalarının konserti olub.

Parisdəki "Hərbi məktəb"in iclas zalında isə H.Əliyevin doğum gününə həsr edilən "Yeni dünya geosiyasətində Azərbaycanın rolu və yeri" mövzusunda kollokvium keçirilib. Tədbiri Azərbaycanın Fransadakı səfirliyi Fransa Diplomatik Strateji Araşdırmalar Mərkəzinin Keçmiş Dinləyicilər Assosiasiyası ilə birlikdə düzənləyib. Assosiasiyanın prezidenti Gi Korr ümumilikdə Qafqazın geostrategiyası, bölgədə yerləşən ölkələrin siyasi durumu barədə məlumat verib. Səfir Tarik Əliyev, Fransa - Azərbaycan dostluq qrupunun rəhbəri Jan Lui Dümon, "Total" şirkətinin prezidenti A.Przibis, ASEDS-in fəxri prezidenti J.Şevalye, Fransanın Azərbaycandakı ilk səfiri J.Perrin H.Əliyevin görkəmli tarixi şəxsiyyət, uzaqgörən siyasi xadim olduğunu, xalqın gələcəyi naminə çalışdığını söyləyiblər. Dünyanın digər ölkələrində - ABŞ, Böyük Britaniya, Kanada, Çexiya, MDB ərəb dövlətlərində H.Əliyevin anadan olmasının 86- ildönümü ilə bağlı tədbirlər keçirilib.

  

 

Elnur

 

Həftə içi.- 2009.- 9-12 may.- S. 2.