Təkrarsız əsərlər müəllifi
Bu gün Rauf Hacıyevin doğum günüdür
İnsanların adları kimi, dünyaya gəldikləri
zaman kəsiyi ilə də onların Yer üzündəki
missiyası arasında uyarlılıq olur.
Mayın 15-də musiqi
yaradıcılığı tarixinə təkrarsız əsərləri
ilə adını həkk etmiş, Azərbaycanın ən
layiqli mədəniyyət nazirlərindən biri kimi
yaddaşlarda yaşayan Rauf Hacıyevin doğum
günüdür. Balaca Raufun həyatı elə böyüməyə
başladığı vaxtdan maraqlı qurulub. Gələcək
bəstəkar görkəmli təbiət alimi və ilk Azərbaycan
mətbu orqanı olan "Əkinçi" qəzetini
yaradan Həsən bəy Zərdabinin ailəsində tərbiyə
alıb. Repressiya illərində "gedər-gəlməzə"
göndərilmiş Sultanmuxtar Hacıyevlə Nanə
xanımın nikahları pozulandan sonra Rauf Hacıyevin tərbiyəsini
Həsən bəy Zərdabinin qızı Qəribsoltan
xanım öz üzərinə götürüb. Anasının
gözəl səsi, Qurban Pirimovun şagirdi olmuş
atasının əla tar çalmaq bacarığı yeniyetmə
Raufun musiqi ilə tez yaxınlaşmağına şərait
yaratmışdı. Artıq 4 yaşı olanda balaca Rauf
musiqi aləminə daxil oldu. İlk müəllimləri olan
Üzeyir Hacıbəyli, Kövkəb Səfərəliyevadan
musiqinin sirlərini öyrəndi. Musiqi məktəbində
oxuyarkən ilk bəstələrini - üç fortepiano
pyesini yazdı: "Dağıstan", "Ləzginka",
"Tarantella". Bu dövrdə "Samur", "Mingəçevir",
"Gənclik marşı" bəstələrini də tamamladı.
18 yaşında ikən "Tələbələrin istəkləri"
operettasını bəstələdi. Operetta Mustafa Mərdanov
tərəfindən tamaşaya qoyuldu.
Böyük Vətən
müharibəsi başlayanda cəbhəyə yollanan Rauf
Hacıyev döyüşlərin birində yaralanıb
Bakıya qayıdır. 1944-cü ildə yanğından
mühafizə idarəsinin estrada ansamblını yaradır.
Ansambl 1949-cu ilədək fəaliyyət göstərir. 1948-ci
ildə R.Hacıyev Azərbaycan Dövlət
Konservatoriyasına qəbul edilərək P.İ.Çaykovski
adına Moskva Konservatoriyasına keçirilir. Andrey Eşpay,
Aleksandra Paxmutova ilə bir qrupda oxuyur. 1949-cu ildə yenidən
Azərbaycan Dövlət Konservatoriyasında təhsil
almağa başlayır. Qara Qarayevin sevimli tələbələrindən
biri olur.
R.Hacıyevin kiçik
qızı, 7 nömrəli musiqi məktəbinin fortepiano
müəlliməsi Nanə xanımla söhbətimizdən:
"Bizim ailədə gənc yaşlarda ailə qurmaq adət
halını alıb. Atam 20 yaşında olanda ilk
övladı, qardaşım Fuad dünyaya gəlmişdi. Fuad
indi Türkiyədə yaşayır. Xanımı Zəminə
ilə birgə teatr sahəsində çalışırlar.
Operettaların librettolarını yazırlar, dram
tamaşalarına rejissorluq edirlər. Türkiyəyə
köçməmişdən əvvəl Sankt-Peterburqun
teatrlarında çalışırdılar. Atamın
bütün operettaları əvvəlcə Moskvada tamaşaya
qoyulurdu, sonra bizim "Muskomediya"da. Fuadla Zəminənin
müəlliflərindən olduqları tamaşalar da təxminən
belə taleni yaşayır. Onlar Rauf Hacıyevin "Ana, mən
evlənirəm" operettasına Peterburq teatrında,
"Kavkazskaya plemyannitsa" tamaşasına Moskva Operetta
Teatrında, "Qağayı" pyesinə,
"Arşın mal alan" operettasına Türkiyə
teatrında quruluş veriblər. Fuadla Zəminə
tamaşaçıların dönə-dönə maraqla seyr
etdikləri "Ordan-burdan" telemüzkl
tamaşasının libretto müəllifləridir. Qızları
Nərminə də babası kimi bəstəkardır.
Bacım Natəvan teatrşünasdır. Bizim İncəsənət
İnstitutundan sonra Moskvada Teatr Sənəti İnstitutunu da
bitirib. Yoldaşı Cahangir Ələkbərov Finlandiya
konservatoriyasının professorudur. Qızları
Günayın müğənniliyə həvəsi var. Vaxtaşırı
Bakıya gəlirlər. Yadıma gəlmir ki, bizim ailədə
yersiz mübahisələr, dilxorçuluqlar olsun. Atam olduqca həyatsevər,
anam olduqca təmkinli insanlar idi. 54 il mehriban ailə həyatı
yaşayıblar. Onların tanış olmağı Romeo ilə
Cülyettanın əhvalatına bənzəyir. Bünyad Sərdarov
küçəsindəki yaşadıqları vaxt
eyvanları üzbəüz imiş. Gözəl ev
xanımı olan anamın çox yaxşı da səsi var
idi. Atamın bəstələrinin qaralama not vərəqələrinin
üzünü köçürürdü. Atam elə olurdu
ki, nəzm parçası seçib ona musiqi bəstələyirdi,
elə də olurdu ki, bəstələdiyi musiqi
üçün uyğun nəzm əsəri
tapırdı".
Rauf Hacıyev əsl
peşəkar olduğu üçün musiqi zövqünə,
musiqi yaradıcılığına yenilik gətirənlərə
qarşı mühafizəkar mövqe tutmaqdan uzaq idi. Onun bir
insan və sənətkar kimi səciyyələri olan
"gözəl", "həyatsevər" ifadələrinə
"ilk" kəlməsi də əlavə olunmalıdı.
1956-cı il mayın 15-də R.Hacıyev caz orkestrini
yaratdı. Solistləri Mirzə Babayev, Lütfiyar İmanov,
Elmira Rəhimova və Yevgeni Devis olan bu orkestr keçmiş
SSRİ məkanının hər yerində qastrol səfərlərində
olub. 1965-ci ildən 1970-ci ilədək Azərbaycan Sovet
Sosialist Respublikasının mədəniyyət naziri vəzifəsində
çalışdığı müddətdə Xalça
Muzeyini, Dövlət Rəqs Ansamblını yaradıb,
Dövlət Xor Kapellasının fəaliyyətini bərpa
edib. Onun nazir olduğu dövrdə M.F.Axundov adına Opera və
Balet Teatrının balet truppası ilk dəfə olaraq Parisə
qastrol səfəri edib. "Qrand Opera"nın səhnəsində
xoreoqrafiya ustalarımız müxtəlif nömrələrlə
çıxış edirlər. Tələbkar parislilər
balet truppamızın texniki və artistlik imkanlarını,
peşəkar musiqimizin yüksək səviyyəsini layiqincə
qiymətləndirmişdilər. Rauf Hacıyevin nazir olduğu
dövrün maraqlı faktlarından biri də bundan ibarətdir
ki, keçmiş SSRİ-nin incəsənət aləmində
azərbaycanlı bəstəkar və nazir
davranışına görə "knyaz" adı ilə də
məşhur idi. Elə SSRİ-nin mədəniyyət naziri
Yekaterina Furtsevaya onun gəlməyi barədə məlumat verəndə
məhz belə deyirmişlər: "Knyaz" gəlib". Rauf
Hacıyevin ən çox sevdiyi musiqi janrı mahnı və
operetta idi. Vasif Adıgözəlov demişkən, bu gün
fortepianoda çalmağı öyrənən gənclər
özləri də bilmədən Rauf Hacıyev üslubunda
çalırlar.
Onun "Qızıl karavella",
"Kuba - məhəbbətim mənim" və başqa
operettaları, "Gənclik" simfoniyası,
"Qaytağı", "Ləzginka" xoreoqrafik
süitaları, oratoriya və kantataları, "Üç
poema", "Təbəssümünü gizlətmə"
əsərləri və ... 150-dən çox mahnısı
qalıb: "Azərbaycan", "Bakı", "Sevgilim",
"Sənsiz", "Saçlarına gül
düzüm", "Leyla", "Ay qız",
"Obelisk", "Mir bez tebya", "İdyot vesna",
"Görüş" filmində ifa olunan "Deyirlər,
hər kəsin öz sevgisi var" və onlarca digər
mahnısı var.
Bu gün nəinki Azərbaycanda,
bütün dünyada mahnı, ümumiyyətlə əsl
musiqi yaradıcılığı anlayışının
"yox" dərəcəsinə
yaxınlaşdığı bir zamanda Rauf Hacıyev kimi
peşəkarların sənətkarlıq irsi daim diqqət mərkəzində
olmalıdır ki, bəstəkarlığın, musiqinin əslində
nə demək olduğunu unutmayaq.
Samirə Behbudqızı
Həftə içi.- 2009.- 15 may.- S. 7.