İnsan alveri - ləyaqət əleyhinə cinayətdir

 

2004-cü ildən bu günə qədər 1000-ə yaxın insan xüsusi sığınacaqlarda yerləşdirilib

 

Dünən Azərbaycan Dövlət Pedaqoji Universitetində Hüquqi və Demokratik İslahatlar Mərkəzi (HDİM) "İnsan alverinə qarşı ümummilli maarifləndirmə" layihəsi çərçivəsində "dəyirmi masa" keçirdi. Prezident yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının dəstəyi ilə keçirilən "dəyirmi masa"da universitetin müəllim-tələbə kollektivi, eləcə də Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsindən, Ombudsman Aparatından, Milli QHT Forumundan və digər dövlət qurumlarından nümayəndələr iştirak edirdilər. Maraqlı müzakirələr şəraitində keçən tədbirdə giriş sözü ilə çıxış edən HDİM-in sədri İ.Əliyev insan alverinin bəşəriyyət üçün ən qlobal problemlərdən olduğunu söylədi: "Şəxsiyyətlərin azadlığına və ləyaqətin əleyhinə olan cinayətlər qrupuna insan alveri cinayəti də daxildir. Bu cinayətin xarakterik xüsusiyyəti insanların konstitusion hüquqlarına və azadlıqlarına qarşı yönəlmişdir. İnsanlıq əleyhinə olan bu cinayətin aradan qaldırılması üçün bir sıra dövlətlər qanunlar qəbul edib, qərarlar veriblər. Məqsəd də insanların insan tacirlərinin qurbanlarına çevrilməsinin qarşısını almaq olub. Azərbaycanda da bu istiqamətdə ciddi tədbirlər həyata keçirilib və keçirilir".

Bundan başqa, İ.Əliyev insan alverinin qurbanları olanlar üçün sığınacaqların yaradılması, onların müayinə və müalicəsi, eləcə də cəmiyyətə adaptasiya edilməsi üçün tədbirlərin həyata keçirilməsindən danışdı.

Həmçinin qeyd etdi ki, 2004-cü ildən bu günə qədər 1000-ə yaxın insan bu cür sığınacaqlarda yerləşdirilib. Onların dövlət hesabına 15 gündən 3 aya qədər müayinə və müalicə olunması təmin edilərək sığınacaqlara göndərilib.

Bundan başqa, tədbirdə Prezident yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının nümayəndəsi Gülsəba Əsgərova, Milli QHT Forumunun prezidenti Rauf Zeyni, Ombudsman Aparatının nümayəndəsi Rəşad Hacıyev, ADPU-nun prorektoru Rafiq Baxşəliyev, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin əməkdaşı Sevinc Əliyeva və "dəyirmi masa"da iştirak edən tələbələr, müəllimlər, ictimaiyyət nümayəndələri çıxış edərək Azərbaycanın milli-mənəvi, əxlaqi dəyərlərinə zidd olan insan alverinə qarşı təkcə DİN strukturlarında deyil, cəmiyyətin bütün təbəqələrinin mübarizə aparmasının vacib olduğunu söylədilər.

  

 

Səma

 

Həftə içi.- 2009.- 15 may.- S. 1; 6.