4 dini icma, 2 ziyarətgah bağlanıb
Yusif Əsgərov:
"Qəflət piri"
ilə bağlı işə isə məhkəmədə baxılır"
"Dini etiqad azadlığı haqqında" qanuna dini qurumların yenidən qeydiyyatdan keçməsi ilə bağlı əlavə və düzəlişlərin edilməsi Azərbaycanda fəaliyyət göstərən islami və qeyri-islami dini təriqətlərin ovqatını təlx edib.
Yeni qanunla onlara vaxt verilib ki, sentyabradək sənədlərini müvafiq orqanlara təqdim etsinlər. Onu da qeyd edək ki, sözügedən sənədə edilən düzəlişlərə görə, yenidən qeydiyyata düşmək istəyən dini qurum Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinə (DQİDK) ərizə ilə yanaşı, özü, yaranması, fəaliyyətinin forma və metodları, ailəyə, nikaha və təhsilə münasibəti haqqında, həmin icma üzvlərinə hər hansı məhdudiyyətlərin qoyulub-qoyulmaması barədə məlumatlar verməlidir. DQİDK-nin hüquq şöbəsinin müdiri Yusif Əsgərov bizimlə söhbətində bildirib ki, bu proses heç də dini icmaların fəaliyyətinin məhdudlaşdırılması demək deyil: "Düzdür, çoxu belə düşünür, amma belə deyil. Qanuna edilən əlavə və dəyişikliklər Azərbaycanda tolerantlığın qorunmasına, dini təriqətlərin mövcud qanunlara hörmət bəsləyib fəaliyyət göstərmələrinə xidmət edir".
"Azərbaycanda elə qeyri-islami dini təriqətlər fəaliyyət göstərirlər ki, onların təbliğatı milli maraqlara, azərbaycançılıq ideologiyasına ziddir. Bəs onların qeydiyyat məsələsi necə həll ediləcək" sualını cavablandıran komitə rəsmisi bildirib ki, onlara xüsusi münasibət olacaq: "Tələb olunan sənədlər elə buna görədir. Əgər bu sənədlərin birində Azərbaycan qanunvericiliyinə zidd məqam tapılarsa və yaxud da göstərilməzsə, sonrakı fəaliyyətlərində bu hal müşahidə olunarsa, onlar mütləq cəzalandırılacaq". Komitə rəsmisi daha çox Azərbaycan qanunlarını pozan "Yəhva şahidləri" barədə də danışıb. Bildirib ki, "Yəhva şahidləri"ndən cəmi 1 dini icma qeydiyyatdan keçib: "Onların fəaliyyət dairəsi yalnız Bakı şəhəridir. Amma xristianlar bu ərazidən kənara çıxırlar, Sumqayıt, Xaçmaz və digər rayonlarda görünürlər. Hüquq-mühafizə orqanları isə onların qarşısını alır. İndi Bakıdan kənarda da fəaliyyət göstərmək istədikləri ilə bağlı sənədlər hazırlayıb bizə təqdim edəcəklərini bildiriblər".
Bəs adları daha çox Azərbaycanın mövcud qanunlarına zidd fəaliyyət göstərməkdə və ya sülhdən danışsalar da, qanunsuz silah gəzdirməkdə (Zaqatalanın Əliabad kənd sakini, xristian baptist dini icmasının rayondakı lideri Həmid Şabanov bu maddə ilə həbs olunub - E.), milli və dini təfriqə yaradan ədəbiyyatları ölkəyə keçirməkdə (Rusiyadan gələn 40 yaşlı İmamzadə Əlisoltan qızı Məmmədova bu məsələ ilə bağlı ölkədən çıxarılıb - E.) hallanan missioner təşkilatları üçün qeydiyyat prosesi çətin olmayacaqmı? Belə dini icmalardan biri - Bakı xristian-baptist dini icması ilə əlaqə saxladıq. Xatırladaq ki, baptistlər hərbi xidmətin əleyhinədirlər. İcmanın rəhbəri İlya Zelçenko yerində olmadığından suallarımızı baptist Etiram Abiyev cavablandırdı: "Biz xalqın içindəyik, müharibə başlasa, təbii ki, gedəcəyik. Allahın kəlamıdır ki, hökumətə tabe olaq. "İncil"də belə bir ayə də var ki, rəislərin, hakimlərin sözlərinə qulaq asın". E.Abiyev onu da vurğulayıb ki, qeydiyyat məsələsində problemləri olmayacaq, bütün sənədlər hazırlanır: "Əgər sənədlərdə problem yaranarsa, düzəldəcəyik". Onu da qeyd edək ki, baptist icmadan maaş aldığını təsdiqləməklə, azərbaycanlıların çox olduğunu deməklə yanaşı, bizi də onlara qoşulmamaqda ittihamlayıb: "Olmazdı ki elə xristian dinində qalasız, niyə islamı qəbul etdiniz? Bütün kökümüz alban, məsihçilər olmayıb?..". Bu, baptistin bizə söylədikləri. "Yəhva şahidləri" də özlərini sığortalayıblar və fəaliyyətlərində heç bir qanun pozuntusunun olmadığını iddia etməklə yanaşı, yenidən qeydiyyata düşəcəklərinə inandıqlarını bildiriblər.
Problem yaşanan islama aid dini icmalardan 4-nün (Ağdaş rayonu Xosrov kəndindəki "Hacı bulud" məscidi, Bakı şəhəri Səbael rayonunda fəaliyyət göstərən "Şəbnəm" dini icması, Kürdəmir rayonu Zöhürlü kənd dini icması və Bakı şəhəri Səbail rayon dini icması) qeydiyyatı bu və ya digər səbəbdən ləğv edilib. Y.Əsgərov bildirib ki, onların bəziləri özləri komitəyə müraciət edərək fəaliyyətlərini dayandırdıqlarını bildiriblər. Digərlərinin qeydiyyatı isə məhkəmə yolu ilə ləğv edilib.
Onu da vurğulayaq ki, dini təriqətlərlə yanaşı, ziyarətgahlar da problemlər yaradıb. Yeri gəlmişkən, Azərbaycanda 500-dən çox ziyarətgah var ki, onların yanız 7-si DQİDK-də dini icma kimi qeydiyyatdan keçib. Qafqaz Müsəlmanları İdarəsi (QMİ) isə bildirib ki, ziyarətgahların əksəriyyəti onların nəzarətində deyil. Elə buna görədir ki, ziyarətgahlarda toplanan nəzir-niyazlar ünvana çatmır. Bu da QMİ-nin narahatlığına səbəb olub. Y.Əsgərov bizimlə söhbətində bildirib ki, dini icma kimi qeydiyyatdan keçib fəaliyyət göstərən bir neçə ziyarətgah da bağlanıb: "Məsələn, Lənkəran rayonu Şıxakəran kəndindəki "Şeyx Zahid" ziyarətgahı, Beyləqan rayonu "Kərkiz" ziyarətgahının qeydiyyatı qanun pozuntularına yol verdiklərindən ləğv edilib. Hazırda isə Sumqayıt şəhər Məhkəməsində Qusar rayonunda yerləşən "Qəflət piri" ziyarətgahı ilə bağlı işə baxılır". Komitə rəsmisi ziyarətgahda müəyyən qanun pozuntuları, burada uşaqların dilənçiliyə sövq edilmə faktlarının olduğunu bildirib.
Elnur
Həftə içi.- 2009.- 15 may.- S. 4.