"Laçın dəhlizinin statusu
razılaşdırılmayıb"
Sabina Freyzer: "Dalana dirənən bəzi məsələlər
var"
"Dağlıq Qarabağ münaqişəsi ilə
bağlı bu il ən yaxşı halda baza prinsipləri
razılaşdırıla bilər. ATƏT-in Minsk Qrupunun həmsədrləri
prosesdə irəliləyiş əldə olunacağına
dair optimist əhval-ruhiyyədədir". Beynəlxalq
Böhran Qrupunun Avropa proqramının direktoru Sabina Freyzer
münaqişənin nizamlanması prosesini belə şərh
edib: "Azərbaycan və Ermənistan prezidentlərinin
növbəti görüşünün iyunun 4-6-da Sankt-Peterburqda
keçiriləcəyi gözlənilir. Lakin dalana dirənən
bəzi məsələlər, o cümlədən
Dağlıq Qarabağın yekun statusunun müəyyənləşdirilməsinə
dair referendumun keçirilməsi şərtləri,
Laçın dəhlizinin mümkün statusu hələ də
razılaşdırılmayıb.
Baza prinsiplərinə
dair saziş imzalandıqdan sonra ola bilsin ki, qoşunların
faktik olaraq çıxarılmasına start verəcək hər
tərəfi qane edən nizamlanma ətrafında
razılığa gəlinsin". S.Freyzer Türkiyənin
bölgədə, xüsusilə də Dağlıq
Qarabağ münaqişəsinin nizamlanması prosesində
mühüm rol oynadığını vurğulayıb:
"Heç şübhə yoxdur ki, Dağlıq Qarabağ
münaqişəsinin nizamlanması Türkiyənin Ermənistanla
münasibətləri normallaşdırmasına və Cənubi
Qafqazda sabitliyə təkan verəcək. Lakin Dağlıq
Qarabağ münaqişəsi ilə bağlı prosesdə
müsbət əsas yaratması üçün Türkiyənin
edə biləcəyi ən yaxşı şey Ermənistanla
münasibətləri normallaşdırmaqdır". S.Freyzer
qeyd edib ki, aprelin 22-də Türkiyə ilə Ermənistanın
münasibətlərinin normallaşmasına dair "Yol xəritəsi"nin
hazırlandığı barədə məlumatlardan sonra
meydana çıxan optimist əhval-ruhiyyə yoxa
çıxıb: "Normallaşma prosesinə Türkiyə
- Ermənistan sərhədlərinin açılması,
diplomatik münasibətlərin bərpası, bir çox məsələləri,
o cümlədən münasibətlərin tarixi aspektini
araşdıracaq ikitərəfli komissiyanın
yaradılması daxil edilməli idi. Belə
görünürdü ki, bu addımlar payıza kimi atıla
bilər. Lakin indi bu prosesin illərlə yubanacağı
gözlənilir. Axı Türkiyənin baş naziri Rəcəb
Tayyib Ərdoğan mayın 13-də Bakıya səfəri
zamanı verdiyi bu bəyanatla Ermənistanla münasibətlərin
normallaşması prosesini ləngitmiş oldu: "Türkiyə
- Ermənistan sərhədləri Ermənistanın
Qarabağı işğal etməsi nəticəsində
bağlanıb. İşğal davam etdikcə sərhədlər
açılmayacaq".
Elnur
Həftə içi.- 2009.- 19 may.- S. 1.