Niyə məhz
Neft Akademiyası?
Hadisənin şahidi olan "Neft-mexanika" fakültəsinin
dekanı suallarımızı cavabandırdı
Azərbaycan Dövlət Neft Akademiyasında (ADNA)
tükürpədən dəhşətli hadisədən
sonra bu bilik ocağının 1000 tələbə və 350 əməkdaşının
təhlükəsizliyinin təminatı hələ də tələbələrin
ümidinə buraxılıb. "Həftə içi" qəzetinin
müxbirinin apardığı müşahidəyə görə,
ADNA-nın əsas binasının və 2-ci korpusunun təhlükəsizliyi
3 yaşlı şəxsə, bir də tələbələrin
özlərinə tapşırılıb.
Neft Akademiyasının
rektoru Səyavuş Qarayevlə görüşüb həmin
təhsil müəssisəsinin hadisədən sonrakı vəziyyəti
ilə bağlı söhbət etməyə
çalışdıq. Güya mühafizəçi
funksiyasını yerinə yetirən ahıl yaşlı
şəxs rəhbərin aprelin 30-da baş verənlər barədə
heç bir KİV nümayəndəsinə müsahibə
vermədiyini bildirdi . O bizə prorektor Zaur Əhmədovla
görüşməyi məsləhət gördü.
"Hadisədir oldu, bu
haqda lazımınca deyildi də, yazıldı da. Mən bu
haqda bir kəlmə də deməyəcəyəm", - Zaur
müəllim bizi bu sözlərlə qarşıladı. Və
bizi hadisənin şahidi olan "Neft-mexanika" fakültəsinin
dekanı Qasım Məmmədovun üstünə göndərdi.
Onu da xatırladaq ki, özünün dediyinə görə,
həmin gün rəhbərlikdən ancaq o işdə olub. Baş
verənləri yaxından müşahidə edən Qasım
müəllim bu hadisədən sonra dərsdə davamiyyətin
heç də yüksək səviyyədə
olmadığını, hadisədən yalnız 5 - 6 gün
sonra ADNA-nın öz fəaliyyətini əvvəlki qaydada bərpa
etdiyini söylədi. Əgər faciə ilə əlaqədar
hüquq-mühafizə orqanları akademiya daxilində təhqiqat
aparmasaydı, bizim institutumuzda bu hadisənin baş verməsi
barədə təsəvvür yarana bilməzdi.
Həlak olan və
yaralanan tələbələrin qrup yoldaşlarının
psixoloyi durumu ilə maraqlandıq. Qasım müəllim qeyd
etdi ki, qrup yoldaşlarının itkisi nə qədər
ağır olsa da, onlar baş verən hadisəyə
düzgün yanaşır və başa düşürlər
ki, biz təhsilimizi, ümumiyyətlə fəaliyyətimizi
davam etdirməliyik. Onu da qeyd edə bilərəm ki, bizim
"Neft-mexanika" fakültəsi üzrə yeganə bir tələbə
Emin Abdullayev həlak oldu. O, qrup yoldaşlarının
iştirakı ilə Daşkəsən rayonunda dəfn olundu.
Faciədən sonra
akademiyada təhlükəsizlik sisteminin necə təşkil
olunması ilə maraqlandıq. Müsahibimizin dediklərindən
belə məlum oldu ki, hələlik təhlükəsizlik məsələlərində
kardinal dəyişiklik yoxdur. Sadəcə, üç
fakültənin aktiv tələbələrinin hesabına
növbətçilik təşkil olunub. Yəni
giriş-çıxış qapılarında gələnlər
yoxlanılır, tələbə vəsiqəsi olmayan və
kənar şəxslər akademiyaya buraxılmır. Bəlkə
də gələcəkdə silahlı, videomüşahidə
sistemi ilə əsl mühafizə təşkil olunacaq. Bu
hadisənin nəyə görə məhz Neft Akademiyasında
baş verməsi haqda Qasım müəllimin fərziyyəsi
belə oldu ki, cani bu akademiyanı təsadüf nəticəsində
seçib. O, hadisə zamanı beşinci mərtəbədə
imtahan götürdüyünü bildirdi. "Mənə məlumat
gəldi ki, tələbələri odlu silahla vurublar. Dəhlizə
cıxdım və 4 əməkdaşımızın
vurulduğunu gördüm. Bir mərtəbə qalxıb
gördüm ki, boş dəhlizdə əli silahlı bir nəfər
uzanıb can verir. Caninin məhz bu adam olduğunu sonradan bildim.
Sonra mən 3-cü mərtəbədə əməliyyatçıları
qarşılayıb özünə qəsd edən
silahlını əməliyyatçılara göstərdim. Axıra
qədər burada oldum, sonra isə vurulan tələbələri
tanımaq üçün morqa getdik və s. Amma nəyə
görə Neft Akademiyası, mənə belə gəlir ki,
bu bəlkə də bir təsadüfdür, cani istənilən
bir təşkilata və ya tədris ocağına girə bilərdi",
- deyə Qasım müəllim qeyd etdi: "Bu sual bizdə də
maraq doğurdu və hətta əməliyyatçılar onun
ciblərindən sənəd və müxtəlif əşyalar
çıxardarkən ilk növbədə mən onun sənədinə
baxıb ad-familiyasını, doğum tarixini
götürdüm. O saat tədris şöbəsinə zəng
etdim ki, maraqlanıb görsünlər bizim 1980-ci il təvəllüdlü
Fərda Qədirov adlı Gürcüstan vətəndaşı
tələbəmiz var, ya yox. Yoxlanılıb bildirildi ki bu
bizim tələbə deyil". Qasım müəllim bu hadisəni
terror aktı kimi qiymətləndirərək belə hadisələrin
dünyada baş verməsi haqda mətbuatda da tez-tez rast gəlindiyini
bildirdi.
Neft Akademiyasında
olduğumuz vaxt artıq hadisədən 2 həftədən
çox vaxt keçmişdi. Gördüklərimizdən belə
nəticə cıxarmaq olar ki, ADNA-da təşkil olunmuş
"mühafizə"nin nəinki Fərda kimi silahlı
cinayətkara, hətta tələbələr arasında
dava-dalaşı yatırtmağa belə gücü
çatmaz.
Arifə Yaqubqızı
Həftə içi.- 2009.- 20 may.- S. 6.