Sumqayıtda yeni akademiya fəaliyyətə
başlayıb
Sumqayıt şəhər İcra Hakimiyyəti başçısının müşaviri Teymur Vəliyevin "Həftə içi"nə verdiyi məlumata görə, informasiya və kommunikasiya texnologiyalarının geniş tətbiqi və İKT infrastrukturunun təkmilləşdirilməsi istiqamətində atılan addımların davamı olaraq Sumqayıtda yeni İnformasiya Texnologiyaları Akademiyası fəaliyyətə başlayıb. Ötən illər ərzində Sumqayıt şəhərində İKT üzrə həyata keçirilən layihələr məktəbli, yeniyetmə və gənclər arasında bu sahəyə kütləvi marağın artmasına səbəb olub. 2008-ci ildə şəhər məktəbliləri arasında təşkil olunmuş "Gənc kompüter istedadları", cari ildə onun davamı kimi təşkil olunan "Gənc informatiklər" müsabiqələri İKT sahəsində istedadlı uşaqların müəyyən edilməsində və həvəsləndirilməsində mühüm rol oynayır. Bütün bunları nəzərə alaraq, həmçinin istedadlı gənclərin informasiya texnologiyaları üzrə davamlı təlim-tədris prosesinə cəlb olunmasının vacibliyini əsas götürərək Sumqayıt şəhər İcra Hakimiyyəti və Sumqayıt şəhər Təhsil şöbəsi müasir avadanlıqlar, sertifikatlaşdırılmış tədris vəsaitləri, lisenziyalı proqram təminatları, qabaqcıl təlim-tədris texnologiyaları ilə təchiz olunmuş Sumqayıt İnformasiya Texnologiyaları Akademiyasını yaratmaq təşəbbüsü ilə çıxış edib. Akademiyanın əsas məqsədləri informatika və kompüter elminin inkişafına və təhsil sahəsində İKT-nin tətbiqinə dəstək verməkdir. Eyni zamanda, İKT sahəsində maarifləndirmə və dövlət proqramlarına dəstək prioritet sayılır. Hazırda kitabxana və elektron resurs mərkəzindən, təlim otaqlarından, konfrans zalından ibarət olan İT Akademiya yaxın gələcəkdə Təhsil Nazirliyi, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi və Qafqaz Universiteti ilə birlikdə müxtəlif layihələrin icrasına başlayacaq.
Naibə
Həftə içi.- 2009.- 20 may.- S. 6.