Gənc həmişəyaşar "Yaramaz"

 

Yaşar Nuri: "Vaqif Mustafayev bir dənə də "Qanmaz" çəkməlidir"

 

20 il öncə Azərbaycan kinosunda keçid, ardınca durğunluq dövrünün başlanması ərəfəsində ekranlara "Yaramaz" çıxdı.

 

Konkretliyə öyrəşmiş Azərbaycan tamaşaçıları yaramazın həyatından və onun əhatə dairəsindən bəhs edən kəskin satiralı parodiyanı birmənalı məmnunluqla qarşılamasalar da, filmin yekdil maraq doğurmasının nəinki kino sənətində, həm də və daha çox ictimai fikirdə hadisə olması şübhəsiz idi. Filmin ssenari müəlliflərindən biri Ramiz Fətəliyev mövzunu şərh edərkən qeyd etmişdi ki, "bizim hər birimizin içində bir yaramaz yaşayır, sadəcə, bəzilərində bu yaramazlar yaxşılardan güclü çıxır".

"Yaramaz" yaxşı düşünülmüş, bacarıqlı ssenariçilərin və quruluşçu rejissorun mükəmməl əsəri olmaqdan savayı, həm də bəxtli kinolentlərdəndir. Ona görə ki, meydana çıxma zamanını dəqiq "seçmişdi". Bir şey təəssüf doğurur ki, simasız insanların əlverişli olması halları, təbii ki, tamamilə yox ola bilməz, amma belə halların normaya çevrilməsi əsl fəlakətdir...

Ş.Qurbanov adına Musiqili Komediya Teatrında "Yaramaz" ekran əsərinin ekranlara çıxmasının 20 illiyi münasibətilə təntənəli tədbir baş tutdu. Mədəniyyət Turizm Nazirliyi Dövlət Film Fondunun təşkilatçılığı ilə keçirilən yubiley mərasimində mədəniyyət incəsənət aləminin ən yüksək səviyyəli nümayəndələri iştirak edirdilər. Tədbir başlamazdan öncə filmdə Maşallah obrazını yaratmış Yaşar Nuri qəzetimizə bunları söylədi: "Özümüzü aldatmamalıyıq ki, gün gələcək, yaramazların kökü kəsiləcək. Belələri həmişə olacaq. Deməli, "Yaramaz" filmi həmişəyaşardır. Vaqif müəllim mütləq yeni-yeni filmlər çəkməlidi. Ən azı bir dənə "Qanmaz" çəkməlidi..."

Tədbir virtuoz nağaraçalan Natiq Şirinovun rəhbərlik etdiyi "Natiq" ritm qrupunun çıxışı ilə açıldı. Başda N.Şirinov olmaqla qrup üzvlərinin çıxışı tamaşaçılara hədsiz zövq bəxş etdi. Daha sonra səhnəyə Dövlət Film Fondunun direktoru Cəmil Quliyev çıxdı. O, "Yaramaz" filminin ilk nümayişindən bəri qazandığı uğurları, mükafatları, zəmanəmizin görkəmli kinematoqrafçılarının film barədə söylədiyi ən yüksək fikirləri bir daha xatırlatdı. C.Quliyev Rusiya kinosunun metrlərindən biri Aleksandr Zarxinin "Yaramaz"ı ölməz kinoşedevr adlandırdığını, ekran əsərinin dünyanın müxtəlif ölkələrində keçirilən 46 kinofestivalda uğurlu iştirakını, xüsusilə Qabrovo festivalında "Çaplinin qızıl əsası" mükafatına, Neapol festivalında isə "Qran-priyə" Vittorio de Sika adına mükafata layiq görüldüyünü vurğuladı, məhz "Yaramaz" filmi ilə Azərbaycan kinosunun ilk dəfə Avropaya çıxdığını qeyd etdi.

Daha sonra filmdə yaratdıqları obrazlarla yaradıcılıqlarını daha da rəngarəng etmiş sənət xadimləri - aktyorlar Yaşar Nuri, Səidə Quliyeva, Lalə Bağırova, Hacı İsmayılov, Arif Quliyev, müğənni Nazim Ağayev, şair Çingiz Əlioğlu - səhnəyə dəvət edildilər. İlk çıxış edən Y.Nuri oldu: "Bu gün təkcə Azərbaycan kinosunun görkəmli rejissorlarından biri yox, görkəmli rejissoru Vaqif Mustafayevin onun yaratdığı "Yaramaz" filminin deyil, hər bir azərbaycanlının, ümumiyyətlə kinomanların bayramıdır. Bu film 20 ildi ki aktuallığını itirmir, 20 ildi ki yaramazlar ordan öz paylarını götürürlər. Hələ bir neçə on il götürəcəklər. Vaqif Mustafayevin bütün keyfiyyətləri bir yana, mən xüsusilə onun hər bir film üzərində fərqli tərzdə işləmək xüsusiyyətini qeyd etmək istəyirəm. Bilirsiniz ki, mən Vaqif Mustafayevin bütün filmlərində çəkilmişəm. Adətən belə olanda aktyor artıq rejissorun üslubuna yaxşıca bələd olur. Amma Vaqif müəllimə bələd olmaq mümkün deyil. O, hər dəfə aktyorlarla yeni tərzdə məşq edir, istədiyini əvvəlki filmlərdən tam fərqli şəkildə izah edir. Sizi bir daha təbrik edirəm, əziz "Yaramaz"sevərlər. Bu film heç vaxt öz ünvanını itirməyəcək."

S.Quliyeva bildirdi ki, V.Mustafayev çəkdiyi filmlərdə obrazları ya xüsusi məna daşıyan adlarla adlandırır, ya da ümumiyyətlə onlara ad vermir. S.Quliyeva: "Ümid edirəm ki, növbəti filminə məni dəvət etsə, obrazıma xüsusi ad verəcək."

H.İsmayılov isə dedi ki, V.Mustafayevin yaradıcılıq yolunun, keçdiyi çətinliklərin şahidi olub. H.İsmayılov: "Hələ "Mozalan" satirik kinojurnalında çalışdığımız vaxtlarda, sonra Moskvada ali kinossenari kinorejissorluq kurslarını bitirib Bakıya qayıdandan sonra "Musiqili xaş", mərhum Ceyhun Mirzəyevlə birgə "Bəyin oğurlanması" filmlərini çəkdiyi dövrdə biz həmişə gözləyirdik ki, Vaqif Mustafayev mütləq müstəqil filmini çəkəcək. Vaqif Mustafayev aktyoru ekstremal vəziyyətlərə salmağı sevir. Belə olmalıdı. Rejissor aktyoru elə-belə çəkəndə onun özü üçün, tamaşaçılar üçün maraqlı olur. "Yaramaz" filminin çəkilişləri zamanı bir gün mənə dedi ki, sabah çəkilişə köynəkdə gəl. Mən ən yaxşı köynəyimi geyinib çəkiliş meydançasına gəldim. Bir gördüm Vaqif müəllim Mamukaya dedi ki, o əlindəki avtoqələmi bir silkələ görək, mürəkkəbi var, ya yox. Mürəkkəbin hamısı mənim ağappaq köynəyimin üstünə çiləndi. Belə gözlənilməz anlar Vaqif müəllimlə prosesində çox olur. Təəssüf ki, mən onun yalnız bir filminə çəkilmişəm..."

Aktrisalıq fəaliyyətini jurnalistliyə dəyişmiş Lalə Bağırova isə bildirdi ki, Vaqif Mustafayevlə demək olar uşaqlıqdan bir-birini tanıyırlar. L.Bağırova: "O vaxtlar Vaqif deyirdi ki, görərsən, vaxt gələcək, mən Azərbaycan kinosunun Antonionisi olacağam. Bu gün əminliklə qürur hissi ilə demək olar ki, Azərbaycan kinosunun öz dəst-xətti olan Vaqif Mustafayevi var..."

Tədbirdə çıxış edən kino tədqiqatçısı Aydın Kazımzadə bildirdi ki, "Yaramaz" filminin ekranlara çıxmağı ilə həm Azərbaycan kinosunda tragikomediya janrının başlanğıcı qoyuldu, həm də Vaqif Mustafayev kimi rejissoru kəşf etdik. Yubiley mərasimi boyunca "Yaramaz" ekran əsərindən fraqmentlər nümayişləndi. "Yaramaz" 1988-ci ildə Ramiz Fətəliyev Vaqif Mustafayevin ssenari müəllifliyi Vaqif Mustafayevin rejissorluğu ilə ərsəyə gəlib. Filmin quruluşçu operatoru Aleksandr İlxovski, rəssamı Rafiq Nəsirov Nazim Hacıyev, bəstəkarı Emin Sabitoğludur. Baş rolda Hatəm rolunda mərhum gürcü aktyoru Mamuka Kikaleyşvili çəkilib. Filmdə həmçinin Həsənağa Turabov (Qəzənfər Mamedoviç), Yaşar Nuri (Maşallah), Rasim Balayev (nazir köməkçisi), Hüseyn Muradov (nazir), Hamlet Xanızadə (zavod direktoru), Ağahüseyn Kərimov (Mirzə baba), Larisa Borodina (İradə), Lalə Bağırova (katibə), Hacı İsmayılov (mühəndis), Çingiz Əlioğlu (jurnalist), həmçinin Nazim Ağayev, Cahangir Aslanoğlu, Eldəniz Zeynalov, Muxtar Maniyev, Zərnigar Ağakişiyeva, Bəsti Cəfərova müxtəlif tipik obrazları canlandırıblar. İfrat dərəcədə sadəlövh prinsipcə yaxşı adam olan bir insanın həyatın sınaqları qarşısında tab gətirməyərək yaramaza çevrilməsi haqqında olan bu tragikomediya dünya kinosunun canlı klassiki Bernardo Bertoluççinin o qədər xoşuna gəlib ki, o, "Yaramaz"ı özünün tərtib etdiyi 35 ən yaxşı film siyahısına daxil edib.

  

     

Samirə Behbudqızı

 

Həftə içi.- 2009.- 21 may.- S. 7.