Faciə ilə
bağlı hesabat açıqlandı
MŞ-də hesab edirlər ki, hadisənin
işıqlandırılması qeyri-peşəkarlıq meylləri
ilə müşayiət olunub
Dünən
Mətbuat Şurasında (MŞ) 30 aprel 2009-cu ildə Azərbaycan
Dövlət Neft Akademiyasında baş vermiş faciənin
aparıcı media vasitələrində (20 qəzet, 6
informasiya agentliyi, 4 portal) işıqlandırılmasına
dair hesabat təqdim olundu.
Hesabatın tərtibində
MŞ-nin 30 aprel - 15 may 2009-cu il tarixlərində qəzetlər,
informasiya agentlikləri və xəbər portalları daxil
olmaqla ölkənin aparıcı kütləvi informasiya vasitələrinin
monitorinqinin materiallarından istifadə edilib. Məqsədi
baş vermiş faciənin mediada
işıqlandırılması səviyyəsini müəyyənləşdirmək
olan monitorinqə cəlb edilmiş KİV-lər 2 qrupa
bölünüb. Mətbu nəşrlərin materialları birinci
(a), informasiya agentlikləri və xəbər portalları isə
ikinci (b) kateqoriya üzrə araşdırılıb.
Hesabatda qeyd edilib ki, faciə
barədə qəzetlərdə dərc olunan materiallarda
qeyri-dəqiq məlumatlar daha çox olub. MŞ sədri Əflatun
Amaşov bildirdi ki, nəzərdə tutulan müddət ərzində
baş vermiş faciə ilə bağlı 859 material dərc
olunub. Onlardan 725-i xəbərdir və 219-u rəsmi səciyyə
daşıyır. Qəzetlərdə faciə ilə
bağlı əsasən qanlı fotoşəkillərin dərcinə
üstünlük verilib ki, 904 fotodan 641-i bu qəbildəndir:
"KİV-lərin
hadisənin işıqlandırılmasına göstərdikləri
diqqət aşkar qeyri-peşəkarlıq meylləri ilə
müşayiət olunub. Ölkənin yazılı KİV-lərinin
ekstremal şəraitdə işləmək təcrübəsinin
azlığı təsdiqini tapıb. Hadisə ətrafında
məxsusi ajiotaj yaradılarkən əldə edilən
müsbət vərdişlərdən, xüsusiyyətlərdən
imtina halları tendensiyaya çevrilib".
"Bizim qəzetdə
az məlumat dərc etməyimizin əsas səbəbi yüksək
dəqiqlik prinsipinə əməl etməyimiz olub" deyən
"Azərbaycan" qəzetinin baş redaktoru Bəxtiyar
Sadıqovun fikrincə, baş vermiş hadisəni Azərbaycan
üçün sensasiya da hesab etmək olar: "Amma bəzi
mətbuat orqanları bu sensasiyadan daha bir sensasiya yaratmaq niyyətindədirlər.
Bəziləri deyirdilər
ki, siz niyə
hadisə ilə bağlı az məlumat verirsiniz? Halbuki biz yalnız
rəsmi informasiyalara üstünlük verirdik".
B.Sadıqov bildirdi ki,
hadisə nəticəsində bir daha məlum olub ki, Azərbaycan
jurnalistləri ekstremal situasiyalarda peşəkarlıqla
işləmək iqtidarında deyillər. Bu səbəbdən
mətbuatda kifayət
qədər dəqiqləşdirilməyən
versiyalar irəli sürülür.
"525-ci qəzet"in
baş redaktoru Rəşad Məcid isə monitorinqdə mətbu
orqanlarda şayiələrin çoxluğu ilə
bağlı fikirlərin əks olunmasına etiraz etdi:
"Şayiələr nəyə görə
yaranırdı, çünki rəsmi məlumatlar az idi. İndinin özündə
də istintaq orqanları hadisənin motivini müəyyənləşdirməyib.
Rəsmi məlumatların
gecikdirilməsi, vaxtında
verilməməsi KİV-lərdəki
qeyri-peşəkar meyllərə şərait
yaradır".
Monitorinqdə faciə
ilə bağlı KİV materiallarının sayına,
janrına, peşəkarlıq xüsusiyyətlərinə,
fakta yanaşma tərzinə diqqət yetirilib. Monitorinq ümumi səciyyə daşıdığından
orada yalnız mövzunun təqdimatındakı
tendensiyalar nəzərə
alınıb. Say baxımından qəzetlərdə
hadisə ilə bağlı mayın 1-də
gedən materiallar sonrakı beş günün hər birində yer alanlarla müqayisədə
demək olar eyniyyət təşkil edib. Fərqli cəhət bundadır ki, ilk günlərdə
rəsmi informasiyanın
azlığı səbəbindən
daha çox şayiə xarakterli məlumatlar dərc olunubsa, sonrakı müddətdə rəsmi
məlumatlara istinad faizi yüksəlib. Monitorinq aparılan qəzetlərdə 30 aprel
hadisəsinə dair
73 manşet qeydə alınıb. Onların əksəriyyətində olayın mahiyyətinin qabardılması həqiqiliyi
rəsmi qaydada təsdiqlənməyən informasiyalarla,
şahid ifadələri,
şayiələr, həmçinin
doğruluğu ilk baxışdan yalnız zəruri istintaq tədbirləri nəticəsində
araşdırılmalı mülahizələrlə
müşayiət olunub.
Bu baxımdan 1 və 4 may tarixlərində
gedən iki manşetə verilən altbaşlıqlar diqqət
çəkir: "Terrorçulardan
azı bir nəfərin qaçaraq aradan çıxdığı
barədə xəbərlər
dolaşır", "Fərda
Qədirovun 4 il Fətullah Gülənin
"nur evi"ndə yaşadığı
barədə xəbərlər
yayıldı". Bu
kimi meyllər olayla əlaqədar materiallara daha çox yer verən qəzetlərin əksəriyyəti üçün
xarakterikdir.
Olayla bağlı məlumatlara
xas qeyri-dəqiqliklərin digər materiallar nəzərdən
keçirilməklə müəyyənləşdirilməsi
mümkündür. Məsələn, qəzetlərin bir çoxu 1 may tarixli saylarında
xəbər saytına
istinadən terrorçunun
bir nəfər tələbənin gözü
qarşısında nigeriyalı
tələbəni qətlə
yetirdiyini vurğulayırlar.
Sonradan nə saytın, nə də nəşrlərin yaydıqları informasiyaya
məsuliyyətlə yanaşdığı
aşkarlanır. Məlumat
təsdiqini tapmır,
onu yayanların isə məsələyə,
dərc etdikləri xəbərə hər hansı tərzdə münasibəti ifadə olunmur. Halbuki rəsmi məlumat hadisə nəticəsində
dünyasını dəyişənlərdən
əcnəbilərin mövcudluğunu
təsdiqləmir. Digər
tərəfdən nəşrlərdə
gedən xəbərlərin
demək olar əksəriyyətində qətlləri
törədənin deyil,
törədənlərin də
mövcudluğu bu və ya digər
dərəcədə iddia
olunub.
Qəzetlərin 30 apreldə
baş verən faciə ilə bağlı material dərcində
növbəti xarakterik xüsusiyyətlərdən biri də
məlumatların əsasən informasiya agentliklərindən
və xəbər portallarından əldə edilməsidir. Şuranın mütəmadi
apardığı monitorinqlərdə
mətbu nəşrlərin
bu kimi KİV-lərin materiallarını
istinad mənbəyi göstərmədən yaydıqlarına
dair kifayət qədər faktlar aşkarlanıb. Qəzetlər informasiya agentlikləri
və xəbər portallarının konkret faktlara daha az
əsaslanan, əksəriyyəti
şayiə xarakteri daşıyan məhsullarının
dərcini istinad mənbəyi göstərməklə
həyata keçiriblər
və bu yolla yanlışlığın
mümkünlüyü qarşısında
bir növ məsuliyyətdən kənar
durmağa çalışmaları,
özlərini sığortalamaq
istəkləri duyulur.
Ümumiyyətlə, Azərbaycan
Dövlət Neft Akademiyasında törədilən faciənin
işıqlandırılmasına, hadisə ilə əlaqədar
müxtəlif səviyyəli fikirlərin dərcinə
"Yeni Müsavat", "Azadlıq", "Bakı-xəbər",
"Bizim yol", "Şərq" və "Hürriyyət"
qəzetləri daha çox yer veriblər. Mövzuya dair gedən materialların ümumi sayının 60 faizi həmin nəşrlərin payına
düşür. "Xalq
qəzeti", "Azərbaycan",
"Respublika" və
"Yeni Azərbaycan"
qəzetləri bu baxımdan aşağı
faiz göstəricisinə
malik olublar. MŞ bütün bunları nəzərə alaraq müəyyənləşdirib ki, ölkədə yazılı KİV-lər
baş vermiş faciəli hadisəyə kifayət qədər geniş diqqət yetiriblər. Bundan əlavə, KİV-lərin hadisənin işıqlandırılmasına göstərdikləri diqqət
aşkar qeyri-peşəkarlıq meylləri
ilə müşayiət
olunub və yazılı KİV-lərin
ekstremal şəraitdə
işləmək təcrübəsinin
azlığı təsdiqini
tapıb. Şurada hesab edirlər ki, müvafiq orqanların ilk mənbə rolunda çıxış etmələri
istiqamətində işlərinin
yaxşılaşdırılması üçün əlavə
tədbirlərə ehtiyac
var.
Naibə
Həftə içi.- 2009.- 21 may.- S. 1;6.