Alimentlərin alınmasında problemlər var

 

Cəmilə Səmədova: "Dövlətin məsələlərə müdaxiləsi lazımdır"

 

Alimentin ödənilməsindən imtina edən valideynə ölkədən çıxmaq qadağası, sürücülük vəsiqəsindən məhrumolma, banklardan kreditalma kimi yasaqlar qoyulur

 

Dilarə Əliyeva adına Qadın Hüquqlarını Müdafiə Cəmiyyətinin (QHMC) hüquq şöbəsinin hüquqşünası, hüquq müdafiəçisi Cəmilə Səmədova "Həftə içi"nə açıqlamasında bildirdi ki, Azərbaycanda məhkəmələr vasitəsilə həyata keçirilən boşanma proseslərindən sonra məhkəmələrin uşaqlara görə alimentin verilməsinə dair çıxardığı qərarların icrası yerinə yetirilmir. Onun sözlərinə görə, məhkəmə icraçıları çıxarılan qərarla bağlı alimentin ödənilməsi üçün cavabdeh şəxsi məcbur edə bilmirlər. Hüquq müdafiəçisi vurğuladı ki, məhkəmə icraçıları bunu onunla əsaslandırırlar ki, aliment ödəyən şəxs ya işləmədiyini, yaxud da adına bu və ya digər formada əmlakın olmadığını bildirir: "Bir sıra ölkələrin, xüsusilə də Pribaltika ölkələrinin təcrübəsinə baxsaq görərik ki, orda bu hallar baş verdikdə dövlət alimentin ödənilməsini öz üzərinə götürür və bank vasistəsilə uşaq 18 yaşa çatana qədər həmin aliment ödənilir. Bank vasistəsilə ödənilən vəsait isə dövlət tərəfindən həmin şəxs axtarılıb-tapıldıqda cavabdeh tərəfindən banka illik faiz dərəcələri olmaqla qaytarılır. Bundan başqa, alimentin ödənilməsindən imtina edən valideynə ölkədən çıxmaq qadağası, sürücülük vəsiqəsindən məhrumolma, banklardan kreditalma kimi yasaqlar qoyulur".

C.Səmədova qeyd etdi ki, Azərbaycanda da bu sistem tətbiq olunmalı və alimentlər vaxtlı-vaxtında ödənilməlidir. Hüquq müdafiəçisinin sözlərinə görə, bu günə kimi onların iştirak etdikləri məhkəmə proseslərində yüzlərcə belə qərarlar çıxarılsa da, təəssüflər olsun bunu icraya yönəltmək mümkün olmayıb. Hüquq müdafiəçisi dedi ki, bu hallar artıq pik nöqtəyə çatıb və regionlarda vəziyyət həddən artıq kritikləşdib: "Hökumət bu məsələdə artıq öz sözünü deməlidir. Bakıda bu vəziyyətin qarşısı təqribən 50 - 60 faiz alına bilir. Amma bölgələrdə vəziyyət gərgindir. Aliment ödəyiciləri ya ölkədən kənarda olduqları üçün onlardan pulu almaq olmur, yaxud da əmlaklarını başqalarının adına sənədləşdirdiklərindən hər hansı təzminatın ödənilməsi mümkün olmur. Əgər Pribaltikada olduğu kimi, Azərbaycanda da yuxarıda qeyd etdiyim sistemi tətbiq etsək, o zaman nəyəsə nail olmaq olar".

  

  

Nahid

 

Həftə içi.- 2009.- 26 may.- S. 4.