"Azercell" və
AFFA arasında əməkdaşlıq
sazişi imzalandı
Ali Ağan:
"Azərbaycanda futbolun
inkişafı üçün
görülən işlərə
ortaq olacağıq"
Mayın 24-də Azərbaycanın
lider mobil operatoru olan "Azercell Telekom" MMC ilə
Azərbaycan Futbol Federasiyaları Assosiasiyası
(AFFA) arasında əməkdaşlıq
müqaviləsi imzalandı.
Bu müqaviləyə görə,
"Azercell" Azərbaycan
futbolunun inkişafına
öz məxsusi töhfəsini verəcək.
Açıq havada keçirilən təntənəli
imzalanma mərasimində
tanınmış ictimaiyyət
nümayəndələri, millət vəkilləri, idmançılar və digər qonaqlar iştirak edirdi. Müqavilə imzalanmazdan öncə AFFA-nın və Azərbaycan Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayev söz alıb bu sənədlə böyük bir əməkdaşlığın təməlinin qoyulduğunu
bildirdi: "İndi Azərbaycan futbolu üçün islahatlar dövrüdür. Azərbaycan
prezidenti İlham Əliyev futbolla əlaqədar inkişaf proqramını qəbul etdikdən sonra bu sahədə çoxlu dəyişiklik
baş verib".
Rövnəq Abdullayev hər iki qurumun
devizində "birlik"
sözünün olduğunu
xüsusi vurğuladı:
"AFFA-nın devizi
"Biz birlikdə güclüyük"
şüarından ibarətdir.
"Azercell" isə
özünə "Bizi
birləşdirən dəyər"
devizini əsas seçib. Deməli, bu iki qurum
birlikdə böyük
işlər görəcək.
"Azercell" öz
imkanlarından istifadə
edərək Azərbaycanı
dünya çapında
tanıtmağımıza yardımçı
olacaq". AFFA prezidenti
əminliklə bildirdi
ki, AFFA ilə "Azercell" arasında əməkdaşlığın möhkəmləndirilməsi futbolun
inkişafına yardım
edəcək.
Daha sonra "Azercell Telekom" MMC prezidenti
Ali Ağan sazişlə
bağlı fikirlərini
açıqladı. O, rəhbərlik
etdiyi şirkətin Azərbaycanda yeganə hədəfi olduğunu bəyan etdi: "Tək hədəfimiz Azərbaycanın qürur
duyacağı şirkət
ola bilməkdir. Hədəfimiz rəqəmlərlə,
manat və ya dollarla ölçülmür.
Biz texniki baxımdan, insan qaynaqları, həm də tanıtım sahəsində
xeyli iş görmüşük, tək
MDB məkanında deyil,
dünyada olan son nailiyyətləri Azərbaycana
gətirmişik ki, örnək olaq".
Ali Ağan indiyədək
"Azercell"in mədəniyyət,
təhsil və digər sahələrdə
iri sosial layihələrə imza atdığını xatırlatdı:
"İndi isə istənilən ölkənin
inkişafında önəmli
olan bir sahəyə - futbola dəstək vermək qərarındayıq. Futbol
artıq bir idman növündən də irəli gedib. Bu oyun ölkənin tanınması,
turizmi üçün
böyük önəm
daşıyır. Bu vaxta
qədər biz AFFA və
ARDNŞ-in Azərbaycan futbolu
üçün böyük
işlər gördüyünün
şahidi olmuşuq. İndi isə biz də həmin işlərə ortaq olmağı planlaşdırırıq".
Ali Ağan bir daha vurğuladı ki, AFFA ilə "Azercell" arasında imzalanan sənəd sponsorluq yox, ortaqlıq və əməkdaşlıq sazişidir.
Çıxışlardan sonra
Azərbaycan futbolu tarixində ilk olan əməkdaşlıq müqaviləsi
imzalandı. Sonra tərəflər bir-birlərinə
hədiyyələr təqdim
etdilər. Ali Ağan
AFFA prezidentinə üzərində
AFFA və "Azercell"
loqosu olan mobil telefon, Rövnəq Abdullayev isə ona üzərində
Azərbaycan milli yığma komandası üzvlərinin imzası olan futbol geyimini
təqdim etdi. Azərbaycanın kişilərdən
və qadınlardan ibarət yığma komandasının üzvləri
də bu təntənəli yığıncaqda
iştirak edirdi. Onların hər biri "Azercell"dən
dəyərli hədiyyələr
qazandılar. Komanda üzvləri Ali Ağan və Rövnəq Abdullayevlə birlikdə xatirə şəkli də çəkdirdilər.
Azərbaycan futbolunun inkişafına dəstək
olacaq bu sənədin imzalanması
tədbir iştirakçıları
üçün də
əsl bayrama çevrilmişdi. Qonaqlar
milli yığma komandanın üzvləri
ilə təmas qurmaq, onlarla birlikdə açıq sahədə futbol oynamaq imkanı qazanmışdılar. İştirakçılar
arasında keçirilən
lotereya oyunu zamanı isə mobil telefon, videokamera oynanıldı. Növbəti priz - Azərbaycan - İspaniya yığmalarının oyununa
bilet isə futbol həvəskarlarının
lap ürəyincə oldu.
Müqavilənin şərtlərinə
əsasən, "Azercell
Telekom" MMC Azərbaycanda futbolun inkişafına dəstək verən hər bir layihənin
altına imza atacaq. Əsasən də uşaq futbolunun inkişafına yönələn layihələrin
reallaşmasına yardım
göstərəcək. Müqavilə
qüvvəyə minəndən
sonra AFFA-nın təşkilatçılığı ilə keçirilən futbol oyunlarının televiziya ilə yayımına maddi dəstək verəcək.
Şirkət Azərbaycanda
uşaq futbolunun inkişafına dair layihələrə də
imzasını qoyacaq.
"Azercell" ilə
AFFA arasında sazişə
görə, bu mobil operatorun abonentləri istənilən
futbol oyunu haqqında SMS vasitəsilə
əvvəlcədən elanlar
alacaqlar. Bu da futbol həvəskarlarının
ölkədə keçirilən
oyunlar barədə hər kəsdən əvvəl xəbər tutmasına, daim futbol aləmindəki yeniliklərdən xəbərdar
olmağa imkan verəcək. "Azercell
Telekom" Azərbaycanda futbolçuların
reklamına da xüsusi diqqət ayıracaq. Hətta
"scratch" kartlar üzərində
Azərbaycan futbolçularının
rəsmlərinin çap
olunması da nəzərdə tutulub. Bir sözlə, "Azercell" Azərbaycan futbolu ilə bağlı ictimaiyyətə
lazım olan məlumatlarını ötürülməsində
önəmli vəzifəni
yerinə yetirəcək.
"Azercell"
haqqında
"Azercell Telekom" MMC 1996-cı il
yanvarın 19-da təsis
edilib. Elə həmin ilin dekabrında fəaliyyətə
başlayıb. Şirkətin
əsas payçıları
"Telia Sonera" və "Turkcell" şirkətləridir. Azərbaycandakı
fəaliyyəti müddətində
şirkət ölkəmizə
1 milyard ABŞ dolları
miqdarında sərmayə
yatırıb. Hazırda
"Azercell" ölkənin
aparıcı mobil operatoru olmaqla yanaşı, həm də qeyri-neft sektorunda ən böyük vergi ödəyicisidir. Hazırda
"Azercell"in mobil
telekommunikasiyalar sahəsindəki
bazardakı payı 60
faizdən çoxdur.
AFFA haqqında
AFFA - Azərbaycan Futbol Federasiyaları Assosiasiyası
1992-ci ilin martında təsis edilib. Azərbaycanın rəsmi
futbol təşkilatı
1994-cü ilin mayında
UEFA-ya, 1994-cü ilin iyununda FİFA-ya üzv qəbul olunub. Bu müddət ərzində Azərbaycanın
milli yığma komandası dünya və Avropa çempionatlarında iştirak
edib.
Həftə içi.-
2009.- 26 may.- S. 4.