"İrəvan işğala
son qoymalıdır"
"Ermənistan növbəti dəfə
beynəlxalq ictimaiyyətin gözünə kül
üfürmək istəyir"
Ermənistan parlamentinin
spikeri Ovik Abramyan ATƏT Parlament Assambleyasının sədri
Joao Soareşə etiraz məktubu göndərib. Erməni
spikerin J.Soareşə müraciətinin əsas səbəbi
isə Azərbaycanın ATƏT PA-dakı nümayəndə
heyətinin sədri, vitse-spiker Bahar Muradovanın
Sankt-Peterburqda keçirilmiş MDB parlamentlərarası
sammitin 32-ci iclasındakı çıxışıdır.
Erməni spiker iddia edib ki, B.Muradova
çıxışında Dağlıq Qarabağ
münaqişəsi ilə bağlı faktları təhrif
edib. Vitse-spiker B.Muradovanın sözlərinə görə,
erməni parlamenti, xüsusilə də onun spikeri
O.Abramyanın ATƏT PA sədri J.Soareşə belə bir
müraciət etməsi faktı açıq şəkildə
göstərir ki, Ermənistan konstruktiv mövqe tutmaq istəmir.
ATƏT PA, həmçinin sözügedən qurum
Dağlıq Qarabağ münaqişəsinin həllinə
cavabdeh olan beynəlxalq təşkilatdır. ATƏT çərçivəsində
keçirilən bütün tədbirlərdə - Minsk
Qrupunun vasitəçiliyi ilə prezidentlər və xarici
işlər nazirlərinin görüşü də daxil
olmaqla həmişə Azərbaycan ərazilərinin 20
faizinin işğal olunduğu vurğulanır. Həmçinin
Ermənistanın işğal etdiyi ərazilərdən
çıxmasının vacibliyi də ATƏT çərçivəçində
qəbul edilən bütün sənədlərdə əksini
tapıb: "Göndərilən məktubda da ATƏT
PA-nın Qarabağ üzrə məruzəçisi Qoran
Lenmarkerə istinadən balanslı siyasətin
yürüdülməsi ideyası göstərilir. Mən də
Lenmarkerin məruzəsinə istinadən demək istəyirəm
ki, orada ən vacib məqamlardan biri kimi məhz işğal
altındakı ərazilərin boşaldılması göstərilib.
O öz çıxışında atəşkəs rejiminin
olmasına baxmayaraq hər gün münaqişə tərəflərinin
insan itkisi ilə üzləşdiyini dedi. Bu itkilərin
böyük hissəsinin isə azərbaycanlı hərbçilər
və dinc əhali olduğu vurğulandı". B.Muradovanın
sözlərinə görə, MDB PA-nın 32-ci
toplantısında ATƏT üzvü dövlətlərinin təmsilçisi
və ATƏT PA-dakı azərbaycanlı nümayəndə
heyətinin sədri kimi Azərbaycanın rəsmi mövqeyini
səsləndirməkdə heç bir qəribəlik yoxdur. Vitse-spiker
bildirib ki, həmin toplantıdakı
çıxışı zamanı erməni nümayəndə
heyəti bu məsələ ilə bağlı heç bir
etiraz etməyib: "Bu tədbirin üstündən 1 həftə
keçəndən sonra erməni spikerin ayılması və
Soareşə belə bir məktub göndərməsi məni
çox təəccübləndirdi. Bu səbəbdən də
hesab edirəm Ermənistan növbəti dəfə beynəlxalq
ictimaiyyətin gözünə kül üfürmək istəyir".
B.Muradova
vurğulayıb ki, o yeni bir şey söyləməyib. Yalnız
ermənilərin Azərbaycan torpaqlarını
işğalı faktından danışıb. Əgər Ermənistan
öz ünvanına ittihamlar eşitmək istəmirsə,
qoşunlarını işğal altındakı torpaqlardan
çıxarmalıdır.
Azad
Həftə içi.- 2009.- 26 may.- S. 2.