"Çağırışçıların yaşı 18-dən 20-yə qaldırılmalıdır"

 

İldırım Məmmədov: "Əsgərlərin problemini çavuş heyəti "yoluna qoyur"

 

"Bu il itkilərin sayı 30-a qədərdir, ötən il isə 65 nəfər idi"

 

Şəmkir rayonu ərazisindəki Seyfəli poliqonunda keçirilən hərbi təlim zamanı baş vermiş hadisənin motivi və ölənlərin adları məlum olub. Hərbi Prokurorluğun mətbuat xidmətindən verilən məlumata görə, mayın 23-də əsgər Orxan Səfərovun avtomatdan açdığı atəş nəticəsində hərbi hissənin çavuşları Mustafa Seyfiyev, Taleh Hidayətov, Nəriman Əsgərxanov və Ravil Ataşov ölüb, əsgər Şəhriyar Həsənov isə yaralanıb. İstintaqa ilkin ifadə verən O.Səfərovun sözlərinə görə, çavuş Mustafa Seyfəlov mayın 22-dən 23-nə keçən gecə yatdığı vaxt onun üzərində təhqiramiz hərəkətlər edib. Əsgərlər qarşısında təhqir olunduğuna dözməyən O.Səfərov mayın 23-də saat 11:00 radələrində hadisəni törədib. Faktla bağlı Cinayət Məcəlləsinin 2 və ya daha çox şəxsi öldürmə, 2 və ya daha çox şəxsi öldürməyə cəhd maddələri ilə cinayət işi açılıb.

O.Səfərovun artıq həbs edildiyini deyən Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Eldar Sabiroğlu isə diqqətə çatdırıb ki, hadisə nətiicəsində 4 nəfər ölüb, faktla bağlı araşdırma aparılır.

Məsələyə münasibət bildirən Ehtiyatda və İstefada olan Zabitlər Birliyinin rəhbəri Yaşar Cəfərli vurğuladı ki, ilkin məlumatlar bir-birini təkzib edir. Onun sözlərinə görə, rəsmi və müstəqil mənbələrin mətbuata verdiyi açıqlamalar üst-üstə düşmür: "Təsadüfən açılan atəş nəticəsində 4 nəfərin ölməsi ağlabatan deyil. Hadisənin baş verməsinə nizamnamədən kənar hərəkətlər, əsgərin psixoloji durumu və digər hallar səbəb ola bilər. Buna qədər baş verənlər göstərir ki, belə hadisələrin əsasında nizamnamədən kənar münasibətlər, əsgərlərin psixoloji durumunun lazımi səviyyədə olmaması, ailədəki vəziyyət və sair dayanır. Bunun qarşısının alınması üçün cinayət işi qaldırılır, araşdırma aparılır, müəyyən cəza tədbirləri görülür. Amma yenə də belə hadisələrin baş verməsi deməyə əsas verir ki, görülən tədbirlər adekvat deyil". Bu işdə tərbiyəvi işlər üzrə komandir müavinlərinin nə dərəcədə günahkar olub-olmaması məsələsinə toxunan hərbi ekspert bildirdi ki, belə hallar 5 ildən bir baş versə, günahı onlarda axtarmaq olardı: "Bu il itkilərin sayı 30-a qədərdir, ötən il isə 65 nəfər idi". Əsgərlərin öz hüquqlarının müdafiəsi ilə bağlı sovet dönəmindən bizə miras qalmış mənfi ab-hava ilə əlaqədar komandirlərə, hüquq-mühafizə orqanlarına müraciət etməmələri ilə bağlı sualı cavablandıran Y.Cəfərli dedi ki, bu da ciddi problemlərin meydana çıxmasına şərait yaradır: "Bu mühiti də yaradan komandirlərin özləridir. Zabitlər istəmirlər bu məlumatları müvafiq orqanlara çatdırsınlar. Çünki sabah cəzalandırılacaqlarından qorxurlar. Bu problemin həlli üçün, sadəcə, yanaşmanı, psixoloji durumu aradan qaldırmaq lazımdır".

Ordudakı problemlərin aradan qadırılması üçün ciddi islahatlara ehtiyac olduğunu önə çəkən istefada olan polkovnik İldırım Məmmədov vurğuladı ki, hadisənin səbəbləri müxtəlifdir. Ekspertin fikrincə, təhlükəsizlik qaydalarından tutmuş nizamnamədən kənar münasibətlər, sosial problemlər, ailə vəziyyəti, çavuş - əsgər, çavuş - zabit münasibətlərində çatışmazlıqlar və digər səbəblər hadisəyə səbəb ola bilər: "Orduya münasibət dəyişməlidir. Bu sahədə çalışan adamların sosial problemlərini tamamilə çözmək lazımdır. İkinci tərəfdən çağırışçıların yaşını 18-dən 20-yə keçirməyk zəruridir. Bununla da sosial ədalət prinsipi qorunar; məsələn, bölükdə problem olanda komandir çavuş heyətini çağırır. Çavuş da yumruğunun hesabına "problemi yoluna qoyur". Bu kimi hallar aradan qaldırılmalıdır".

  

  

Əli Zülfüqaroğlu

 

Həftə içi.- 2009.- 26 may.- S. 3.