"Qızım
dağıntılar altında
qalmışdı"
Qəzzada yaşayan Azərbaycan
vətəndaşı bir
daha ora qayıtmaq istəmir.
İsrailin Qəzzada
keçirdiyi hərbi
əməliyyatlar zamanı
Qəzzada olmuş, sonradan Azərbaycanın Misirdəki səfirliyinin köməyi ilə oranı tərk edərək Bakıya gətirilmiş Azərbaycan
vətəndaşı Səbinə
Şanaa APA-ya açıqlamasında
ailəsi ilə birlikdə Qəzzada yaşadıqları haqda danışıb.
Əməliyyatların başladığı zaman ailəsi ilə birlikdə evdə olduğunu deyən S.Şanaanın əri müalicə olunmaqçün başqa
ölkədə olduğundan
o, müharibənin dəhşətlərini
uşaqları ilə
tək yaşayıb.
S.Şanaanın sözlərinə
görə, Qəzzada
radikal HƏMAS hərəkatının
hakimiyyətə gəlişindən
sonra onların banklardakı hesabları da dondurulub: "Bu səbəbdən də nə maaş, nə ərzaq, nə də başqa zəruri şeyləri ala bilirik".
S.Şanaa
bildirib ki, Qəzza zolağında hələ də Azərbaycan
vətəndaşları qalmaqdadır: "Onlardan bəzilərini
tanıyıram, məsələn, Səadət adlı bir
xanım bir neçə uşaq anasıdır, həmçinin
hazırda hamilədir. O, ərinin Azərbaycan vətəndaşı
olmadığını əsas gətirərək Qəzzadan
çıxmaq istəmədi. Qadınlarımız ərlərini
orada qoyub gəlmək istəmirlər".
S.Şanaa
son müharibəni belə xatırlayır: "Nə qaz, nə
işıq, nə də su var. Hər gün bombardmandan
qorunmaq üçün birinci mərtəbədə gizlənməli
olurduq.
Gördüklərimiz
mənim və övladlarımın gözlərinin
önündən çəkilmir. Əməliyyatların
birinci günü İsrail təyyarələri
övladlarımın da təhsil aldığı məktəbi
bombaladılar. Nəticədə qızım
dağıntılar altında qalmışdı. O, xilas
edildiyi vaxt qan içində qışqıran insanlar,
başsız, qolsuz, ayaqsız cəsədlər görüb.
Nəticədə ürəyi gedən qızımı xəstəxanaya
aparıblar". S.Şanaa artıq həmin xəstəxananın
da olmadığını söyləyib. "Məktəb
evimizin yaxınlığında olsa da, bombardman gedib
uşaqlarımı evə gətirməyə imkan
vermirdi", - deyə hadisələrin şahidi olmuş azərbaycanlı
bildirir.
Qeyd edək
ki, S.Şanaa Qəzzanı Rusiya və Ukrayna Fövqəladə
Hallar Nazirliyinin əməkdaşlarının köməkliyi
ilə tərk edib: "Bu işdə mənə əvəzsiz
köməklik göstərmiş Rusiyanın konsulu Yevgeni
Nikolayeviçə, Azərbaycanın Misirdəki səfirliyinə,
xüsusilə konsul Vüqar Yusifova təşəkkürümü
bildirirəm. Misirdən Azərbaycana məhz onun köməkliyi
ilə gəlmişik".
S.Şanaa
Bakıda heç kiminin olmadığı üçün əvvəlcə
qardaşı və bacısının yaşadığı
Həştərxana getmək istədiyini, lakin Azərbaycan vətəndaşı
olduğu üçün Bakıya göndərildiyini
bildirib: "Bakıda başqasının mənzilində
qalmaq məcburiyyətindəyəm. Sonrasının necə
olacağını isə bilmirəm. Əsas odur ki Qəzzadan
sağ-salamat çıxa bildik".
S.Şanaa daha Qəzzaya
qayıtmaq fikrində deyil.
Cahangir.
Həftə içi.- 2009.- 23 yanvar.- S. 1-3.