Qaz kəmərləri köhnəlib

 

Əlixan Məlikov: “İstehlakçılara paylanan qazın həcmi artdıqca itkilər də çoxalır”

 

"Azəriqaz" SC ötən il büdcəyə 45 milyon, Sosial Müdafiə Fonduna 12,5 milyon, təmir və tikinti işlərinə isə 45 milyon manat ödəyib.

Qurumun sədri Əlixan Məlikov ötən gün keçirdiyi mətbuat konfransında bildirib ki, 2008-ci ildə SC Dövlət Neft Şirkətindən 11 milyard 205 milyon kubmetr qaz qəbul edib. Bunun 2 milyard 27 milyon cubmetri "Azəri - Çıraq - Günəşli"nin, 2 nilyard 332 milyon kubmetri isə "Şahdəniz" yatağının payına düşür.

Ə.Məlikovun sözlərinə görə, alınan qazın 4 milyard 953 milyon kubmetri "Azərenerji" SC-yə nəql edilib. Həmçinin Gürcüstana 441 milyon kubmetr qaz verilib. "Azəriqaz"ın satış qazı isə 4 milyard 518 milyon kubmetr olub ki, bunun da dəyəri 258 milyon manatdır. Bunun əvəzində ödəniş cəmi 168 milyon manat təşkil edib: "Ötən il təbii qazdan istifadə haqlarının ümumi yığım həcmi 64, əhali qrupundan isə 60 faiz olub. Kənd yerlərində və Bakıətrafı ərazilərdə yığım faizi daha aşağıdır. Bunun əsas səbəbi qeyri-standart cihazlardan istifadə olunmasıdır. Şəhərdə yaşayan abonent ayda 10 manatlıq qaz işlədirsə, kənd yerlərində bu hədd 25-30 manatadək artır. Bu isə ödənişlərin vaxtında ödənilməsindən müəyyən problemlər yaradır.”Azəriqaz” borcların  vaxtlı-vaxtında ödənilməsi məqsədilə müvafiq tədbirlər həyata keçirir. Belə abunəçilərə xəbərdarlıq olunur, borcu ödəmədiyi halda qaz təminatı dayandırılır. Cəmiyyət sədri qeyd etdi ki, ötən il yeraltı qaz anbarlarına 1 milyard 400 milyon kubmetr qaz vurulub. Artıq həmin ehtiyatın 470 milyon kubmetri istifadə olunub. Hazırda bu anbarlarda 930 milyon kubmetr qaz ehtiyatı var. İndi yeraltı anbarlardan sutka ərzində 10 milyon kubmetrədək "mavi yanacaq" götürülərək istehlaka yönəldilir. Qazlaşdırma işlərinə gəlincə isə Ə.Məlikov bildirdi ki, ümumilikdə ötən il 35 - 40 min abunəçinin yaşadığı 147 yaşayış məntəqəsinə təbii qaz verilib. Cəmiyyət sədri qazlaşdırma prosesinin sürətləndirilməsi məqsədi ilə qaz təsərrüfatı idarələrində "bir pəncərə" sisteminin tətbiq olunduğunu qeyd etdi. Xatırladaq ki, hazırda "Azəriqaz"ın ölkə üzrə ümumilikdə 1,2 milyon abonenti var.

 

Tədbirlər planı hazırlanıb

 

SC sədri qaz kəmərlərindəki nasazlıqlardan da söz açdı. O, texniki problemlər üzündən itkiyə gedən qazın həcminin azaldılması məsələsinə belə münasibət bildirdi: "Uzun müddət istismarda olan magistral qaz kəmərlərində əsaslı təmir işləri aparılsa, itkilərin cəmi azalar. Bəziləri hesab edir ki, itkiyə gedən təbii qazla respublikanın hansısa bölgəsini, yaxud da Naxçıvanı yanacaqla təmin etmək olar. Ancaq itkiyə gedən qazın həcmi o qədər də çox deyil. Bunu faiz etibarilə götürsək, əvvəllər itki 11-12 faiz idisə, indi 5-6 faizdir. İstehlakçılara paylanan təbii qazın həcmi artdıqca, itkilər də çoxalır. "Azəri-qaz" 2000-ci ildə cəmi 4,5 milyard kubmetr qaz alırdı. İndı bu göstərici 12 milyard kubmetrədək artıb. Bu səbəbdən texniki itkilərə gedən təbii qazın həcminin artması təbiidir. Qaz artdıqca isə onun tərkibində olan itkinin də həcmi yüksəlir”.

Ə.Məlikov bu itkilərin azaldılması içün lazımi tədbirlər görüldüyünü bildirdi. Onun sözlərinə görə, hazırda magistral qaz kəmərləri 40 ilə yaxındır istismardadır. Bu isə o deməkdir qaz xətlərinin yararlılıq müddəti başa çatıb. SC çalışır uzun müddət istismarda olan magistral kəmərlərdə əsaslı təmir işləri aparsın.

Ə.Məlikov qaz oğurluğu hallarına da toxundu. Qeyd etdi ki, bundan sonra qaz çətlərinə qanunsuz qoşulan və qaz cihazlarının yerini dəyişdirən istehlakçılar cinayət məsuliyyətinə cəlb olunacaq. Respublika Prokurorluğu tərəfındən "Azəriqaz"a göndərilmiş təqdimatla bağlı bir neçə dəfə müzakirələr aparılıb. Həmin müzakirələrdən sonra qazdan zəhərlənmə halları və partlayışların qarşısını almaq üçün müvafiq qurumlarla birgə xüsusi tədbirlər planı hazırlanıb. Burada qazdan istifadə qaydalarını pozan abunəçilərə qarşı ciddi tədbirləri görülməsi də əksini tapıb. "Azəriqaz" özünün hazırladığı təklifləri Nazirlər Kabinetinə təqdim edib.

 

"Göydələn" araşdırılacaq

 

Ə.Məlikov "Azəriqaz"ın elan etdiyi"təhlükəsizlik ayı" çərçivəsində yerlərdə aparılan yoxlamalardan danışarkən isə bildirdi ki, Nazirlər Kabinetinin qərarına uyğun olaraq yerli icra hakimiyyəti orqanlarının nəzdində xüsusi rargahlar da yaradılıb. "Azəriqaz"ın işçiləri reydlər zamanı hər hansı çətinliklərlə qarşılaşarsa, həmin qərargahlara müraciət ediləcək. SC sədri də ölkədə qaz sızması nəticəsində partlayış və zəhərlənmə faktlarının sayının artmasının günahını istehlakçılarda görür: "Hazırda "Azəriqaz" Respublika Prokurorluğunun təqdimatına uyğun olaraq yerlərdə bu cür faktların qarşısının alınması, eləcə də qabaqlayıcı tədbirlərin görülməsi istiqamətində iş aparır. Apardığımız araşdırmalar göstərir ki, vətəndaşlar qazla çox ehtiyatsız davranırlar".

Ə.Məlikov "Azəriqaz" tərəfindən yeni tikilmiş çoxmərtəbəli binalarda quraşdırılan "kombi" sistemləri ilə bağlı araşdırmalara da başlanılacağını vurğuladı: "Kombi"lər texniki şərtlərə uyğun olaraq açıq eyvanda qurulmalıdır. Təəssüf ki, sonradan bu eyvanlar bağlanılır, bu təhlükəlidir. Belə faktlar aşkarlanan binaların qaz təchizatı dayandırılacaq".

 

 

Sevil.

 

Həftə içi.- 2009.- 24-26 yanvar.- S.5.