İlham Əliyev
"Nabucco"ya dəstək Verdi
Metyu Brayza:
"Bakı etibarlı
tərəfdaş olduğunu
təsdiqləyib"
Dünən Macarıstanda
"Nabucco" sammitinə
start verilib. Sammitin Budapeştdə ölkə
parlamentinin binasında
keçirilən birinci
hissəsində ayrı-ayrı
dövlət və hökumət başçılarının
nitqləri dinlənilib.
Azərbaycan prezidenti İlham Əliyevlə yanaşı, ABŞ dövlət
katibi müavininin köməkçisi Metyu Brayza, Avropa Yenidənqurma və İnkişaf Bankının
prezidenti Tomas Mirov, Macarıstan, Bolqarıstan
və Çexiyanın
baş nazirləri, həmçinin Türkiyənin
enerji və təbii ehtiyatlar naziri Hilmi Gülər,
Gürcüstanın iqtisadiyyat
naziri Nika Gilauri tədbirin açılışında çıxış
ediblər. Onların hamısı "Nabucco" layihəsini dəstəklədiklərini bəyan
edib.
Əliyev də "Nabucco"nun Azərbaycana özünün
iqtisadi maraqlarını
təmin etmək imkanı yaradacağını
söyləyib. Azərbaycanın
enerji sahəsində siyasətinin həm ölkə, həm də bütünlükdə
bölgə üçün
son dərəcə vacib
olduğunu deyən prezident fikrini belə davam etdirib: "Bölgədə
qlobal enerji layihələri reallaşdırılıb,
yeni kəmərlər
çəkilib. Bu kəmərlər Xəzərdə
hasil olunan neft və qazın
bəzi ölkələrə
ötürülməsinə imkan yaradır. Bu, ilk növbədə, sadə istehlakçılar
üçün çox
vacibdir. Çünki baş verən münaqişələrdə əziyyət
çəkən ilk tərəf,
sözsüz ki, onlardır".
İ.Əliyev hesab edir ki,
neft hasil edən ölkələr üçün enerji mənbələrinin diversifikasiyası
vacibdir. Azərbaycanın zəngin qaz
yataqlarının olduğunu,
hazırda təbii qaz ehtiyatlarının təqribən 2 - 3 trilyon kubmetrə çatdığını
söyləyən dövlət
başçısı bunun
uzun illər ərzində ölkənin
"mavi yanacağ"a
tələbatını ödəyəcəyini
bildirib. Bununla yanaşı,
prezident müxtəlif
proqramlar üzərində
işlənməsini və
bu işlərin bazardakı şəraitin
nəzərə alınması
ilə həyata keçirilməsinin vacibliyini
vurğulayıb. "Bunun üçün tranzit və istehlakçı ölkələrlə
əlaqə yaratmaq lazımdır", - deyə
İ.Əliyev qeyd edib: "Nə qədər çox qaz sata bilsək,
bu bizim mənafelərimizə uyğundur.
Lakin bu işdə digər ölkələr
də mənfəət
qazana bilər".
Ayrıca olaraq "Nabucco" layihəsinə gəlincə,
İ.Əliyev Azərbaycanın
bu layihəni hər zaman dəstəklədiyini söyləyib. "Biz gələcəkdə
də bu layihəni dəstəkləmək
niyyətindəyik" deyən
prezident hələ Bakıda məsələ
ilə əlaqədar
keçirilmiş toplantıda
Azərbaycanın bu mövqeyi ortaya qoyduğunu xatırladıb:
"Hesab edirəm bir araya gəlməyimizi
nəzərə alaraq
ümumi maraqlarımızı
tapmağın vaxtı
çatıb. Biz eyni
zamanda bir neçə məqsədi
reallaşdırmalıyıq. Həm etibarlı təchizatçı,
həm də hasilatçı olmalıyıq.
Çünki hər hansı
ölkəyə qazın
nə üçün
gedib çatmaması
sadə istehlakçıları
maraqlandırmır".
İ.Əliyev "Nabucco" layihəsinin iştirakçılarının bütün faktorları nəzərə almalı
olduqlarını düşünür. O bu layihə ilə bağlı ideyanın ortaya atıldığı
zaman Azərbaycanın
qaz ixrac edən ölkələr sırasında olmadığını
xatırladıb. "Lakin
bu gün vəziyyət dəyişib
və Azərbaycanı
yalnız tranzit ölkə kimi yox, həm də
potensial qaz yataqlarına malik ölkə kimi dəyərləndirmək düzgün
olardı", - deyə
prezident bildirib.
Dövlət başçısı
işbirliyinin daha da yaxşılaşdırılması
üçün tərəfdaş
ölkələri bütün
səyləri ortaya qoymağa çağırıb:
"Nabucco" ilə
əlaqələrə gəlincə,
biz bu əməkdaşlıqda
iştirak etmək istərdik. Əminik ki, Avropa Birliyi ilə enerji sahəsində birgə layihələr bizim tərəfdaşlıq
əlaqələrimizi daha
da möhkəmləndirəcək.
Biz bu sahədə
əməkdaşlıq etməliyik.
Çünki belə layihələr
həm də ölkələrin yaxınlaşması
üçün vasitədir".
Prezident enerji məsələlərindən
siyasi alət və ya şantaj
vasitəsi kimi istifadənin yolverilməz
olduğunu da bildirib. "Bizim ölkənin təcrübəsi göstərir
ki, tərəfdaşlığa
yönəlmiş siyasət
tez bir zamanda
gəlir əldə etməkdən daha yaxşı nəticələr
verir. Sonda bir daha təkrar
edirəm: biz bu layihənin tərəfdarıyıq
və bu sahədə Avropa Birliyi ilə Transatlantik strukturlarla daha sıx əməkdaşlıq
etməyə hazırıq.
Biz bu layihənin
irəli getməsini istəyirik", - deyə
İ.Əliyev qeyd edib.
Sammitdə çıxış edən
M.Brayza isə ölkəsinin "Nabucco"
qaz kəməri layihəsi üzrə beynəlxalq koordinasiya orqanının yaradılması
ideyasını dəstəklədiyini
bildirib. O bildirib ki, makroiqtisadi şərtlərin gələcəkdə
həlledici rol oynayacağı təqdirdə
"Nabucco"nu uğur
gözləyir. "Bu boru kəməri İraq və Misirdən 40 - 50 faiz ucuz qaz nəql
etmək imkanı yaradacaq. Azərbaycan isə "Nabucco"nun
ehtiyat bazasını təmin etməyə qadirdir. Bakı etibarlı tərəfdaş
olduğunu artıq nümayiş etdirib",
- deyə M.Brayza bildirib.
Günün sonunda sammit iştirakçıları birgə
bəyannamə imzalayıblar.
Cahangir Həsənli