"Nabucco" antirusiya layihəsi
deyil"
"Şahdəniz"də olan
qazla "Nabucco"nu 40 il tam təmin etmək
mümkündür"
Dünən Azərbaycan, Gürcüstan və Rusiya ekspertlərinin birgə iştirakı ilə "Nabucco" layihəsinin reallaşdırılması istiqamətində telekörpü keçirildi.
Rusiyalı ekspert, dünya enerji bazarlarının öyrənilməsi mərkəzinin direktoru Tatyana Mitrova vurğuladı ki, son 6 ildə
bu layihənin reallaşdırılması, Azərbaycan və Türkmənistan qazının Avropaya çatdırılması istiqamətində müzakirələr aparılır. Bu müddətdə "Nabucco"nun
real qiyməti və mənbə rolunda Azərbaycan, İran və
ya Türkmənistanın çıxış edəcəyi
hələ də müəyyənləşməyib:
"Lakin Ukrayna və Rusiya arasında yaşanan son enerji
böhranı "Nabucco"nun reallaşdırılması
imkanlarını artırıb. Son olaylardan sonra Avropa dövlətlərinin
bu layihəyə daha artıq maraq göstərməsi
başadüşüləndir".
Energetika və Maliyyə
İnstitutunun direktoru Leonid Qriqoryev isə bildirdi ki,
"Nabucco" bəxti gətirməyən layihədir. Bu
kəmər vasitəsilə Avropaya 31 milyard kubmetr qaz nəqli
nəzərdə tutulur ki, bu da AB-nin "mavi yanacağ"a
olan tələbatının 5 faizi deməkdir:
"Ukraynadakı kəmərlərlə tranzit
dayandırıldıqdan sonra isə kəsilən qazın həcmi
110 - 120 milyard kubmetr idi". L.Qriqoryev ümumilikdə
bütün kəmərlərin xeyirli olduğunu vurğulasa
da, burada əsas iqtisadi amillərin önə çəkilməsinin
vacibliyini dedi. Onun sözlərinə görə, bu layihə
üçün əsas mənbə rolunu oynaya biləcək
yeganə dövlət İrandır. Lakin bu ölkənin
enerji siyasəti həmişə bir qədər fərqli
olub. İran böyük qaz ixracatçısına çevrilmək
niyyətində deyil. Digər tərəfdən istənilən
kəmərin xərci həmişə ixracatçı
ölkələr tərəfindən çəkilir. Lakin
"Nabucco" üçün yaradılan konsorsiumda
ixracatçı ölkələrdən heç birinin
böyük şirkəti yoxdur: "Əgər bu, iqtisadi
layihədirsə, onda qaz və pul hanı?".
Millət vəkili Asim
Mollazadə isə rusiyalı ekspertlərin "Nabucco"nu
antirusiya layihəsi adlandırmasını düzgün
saymadı. Onun sözlərinə görə, bu fikirlər
yalnız Rusiyada mövcuddur: "Azərbaycanda isə
çoxdan belə düşüncə yoxdur. Azərbaycan bu
gün öz qazını Gürcüstanla birgə Türkiyəyə
və Cənubi Avropa dövlətlərinə satır. Bununla
da Azərbaycan qazının Avropa bazarlarına
çıxışı məsələsi həllini
tapıb". Millət vəkili onu da dedi ki, rəsmi Bakı
özünü neft layihələrində də etibarlı tərəfdaş
kimi göstərib. Neftdən fərqli olaraq qaz nəqlində
isə sabitlik və davamlılıq lazımdır.
"Nabucco" layihəsi deyildikdə isə əsas söhbət
Cənubi Avropa dövlətlərindən gedir. A.Mollazadə
onu da bildirdi ki, bu istiqamətdə aprarılan
danışıqlarda əsas məqam "Transxəzər"
qaz kəməri layihəsidir: "Əgər Avropa ölkələri
Orta Asiyadan qazın Azərbaycan üzərindən tranzitində
maraqlıdırlarsa, onda maliyyə də olacaq. Azərbaycan
ciddi tərəfdaşlıq siyasəti aparır".
Ekspert İlham Şaban isə
dedi ki, "Nabucco"nun gələcəyi çox
dumanlıdır. Qazın haradan alınacağı və
alıcının kim olacağı hələ də məlum
deyil. Layihənin rəsmi saytında əsas 8 mənbə
göstərilir. Alıcılar arasında isə Türkiyədən
başqa heç bir ölkə böyük qaz
alıcısı deyil: "Bolqarıstan və Macarıstan isə
daha çox "Cənubi axın"ı dəstəkləyirlər.
"Şahdəniz" yatağında bu gün 1 - 2 trilyon
kubmetr qaz aşkarlanıb. Bu ehtiyatla "Nabucco"nu 40 il tam
təmin etmək mümkündür. Belə olan təqdirdə
nə üçün Avropa dövlətləri Azərbaycanla
birbaşa danışıqlar aparmırlar?". Onun sözlərinə
görə, Avropa istəsə də, istəməsə də
Rusiya bu bazardan çıxmayacaq. Bu layihənin həyata
keçirilib-keçirilməməsi də Azərbaycan
üçün heç bir təhlükə yaratmır.
Gürcü ekspert Liana
Cenprişvadze isə vurğuladı ki, əgər konsorsiumda
Türkmənistanda, İranda çalışan böyük
şirkətlər, SOKAR və digərləri təmsil
olunmasalar, "Nabucco" reallaşmayacaq. Çünki
Orta Asiya ölkələrinin hər birinin alternativ
marşrutları var. Cenprişvadze onu da bildirdi ki, bu məsələdə
ABŞ-ın yeni hökumətinin mövqeyi də əsas rol
oynayır. Ekspertlər tranzit ölkələrin də
mövqelərinin çox önəmli olmasının əhəmiyyətini
vurğuladılar. Türkiyə və Ukraynanın
timsalında bir daha bunun təsdiqini tapdığını
söylədilər.
Azad Əliyev.
Həftə içi.- 2009.- 28 yanvar.- S. 4.