Əsl istedadlar Qarabağda doğulardı
Dünyanın musiqi biliciləri balaca bülbüllərin
ecazkar səslərinin açılmaz sirləri
qarşısında aciz qalardılar
Qarabağın Azərbaycanın
musiqi beşiyi olmasını deyənlər
yanılmayıblar. Azərbaycanın zəngin musiqi mədəniyyəti
Qarabağdan keçir.
Qarabağ bülbülləri
Azərbaycanı dünyaya tanıdıblar. Onların sayı
çoxdur, hansından danışaq... Bu dəfə
yolumu Xan Şuşinski adına
Ağdam Muğam Məktəbindən saldım. O muğam məktəbi
ki respublikamızın onlarca tanınmış sənətçiləri
oranın yetirmələri olub. Adıçəkilən musiqi
ocağı bu gün də istedadlar yetirməkdə davam edir.
Orada qocaman sənət adamlarından, xanəndələrdən
muğamın sirlərini öyrənirlər. Məktəbin
direktorunun kabinetində olarkən 1987-ci ildə Dövlət
Televiziyası tərəfindən lentə alınmış
bir konsert proqramına baxdım. Muğam məktəbinin o vaxtkı
şagirdləri - bu günün məşhur sənətçiləri
olan Səbuhi İbayev, Habil Hacıyev, Əhliman Hüseynov,
Xumar Məmmədova, Fəqani Əliyev "Şur"
muğamını ifa edirdilər. Tarda onları
tanınmış tarzən, əməkdar mədəniyyət
işçisi Rafiq Rüstəmov müşayiət edirdi.
Onlar oxumurdular, sanki fəryad qoparır, muğam üstündə
bugünkü dərdlərimizi ağlayırdılar. O
dövrün yeniyetmələri ilahi səsə malik idilər.
Çünki o dövrdə əsl istedadlar üzə
çıxar və musiqi məktəblərinə
götürülərdilər. Onlar da əsl sənətçilərdən
dərs alar, musiqi məktəblərində yetişər,
kamilləşərdilər. Bir sözlə, təhsil
ocaqlarına artıq ifaçı kimi qəbul olunardılar.
O dövrün uşaqları ilahi səsə malik idi. O
istedadlı yeniyetmələr ki özlərinin səsləri
ilə dünya xalqlarını heyran edərdilər. O cür
səslər Qarabağda yetişərdi. Səbuhi İbayev
kimiləri Ağdamda, Şuşada doğulardı. Özlərinin
bal səsləri ilə Qarabağı, bütövlükdə
Azərbaycanı dünyaya tanıtdırardılar.
Onu da qeyd edim ki, 1987 -
88-ci illərdə Nadir Axundov Azərbaycan Dövlət
Televizi-yasında musiqi proqramları redaksiyasının
redaktoru vəzifəsində çalışmaqla o cür
istedadlı yeniyetmələrin
çıxışlarının ekrana
çıxarılmasına rəy verərdi. Yuxarıda
adları çəkilən bülbüllərin məlahətli
səslərini dinlədikcə ürəyim şan-şan olurdu.
Ağdam, yurd həsrətli dərdlərimizi,
ağrılarımızı təzələyərdi.
Soğan suyu kimi içimizi göynədən o səslər
bizi düşündürürdü. Çox təəssüflər
olsun ki, o cür sənətkarların uşaqlıq
dövründə 1987 - 88-ci illərdə oxuduqları
muğam və təsniflərdən ibarət lent
yazılarını Milli Televiziyamızın arxivlərində
toz basır,
tamaşaçılara göstərilmir. Yaxşı
olardı televiziya ekranlarında o cür alternativ konsert
proqramları da göstəriləydi. Bu, indiki yeni-yetmələr
üçün də örnək olardı. Çünki
muğam sənətinə gələn yeniyetmələrimiz
onlardan ifaçılıq tərzini, səhnə mədəniyyətini
öyrənməklə özlərini bu sənətdə
axtarıb-ta-pardılar. Nə yaxşı ki Xan
Şuşinski adına Ağdam Muğam Məktəbi bu
gün də axtarışlarını davam etdirir. O cümlədən
şahidi olduğum Xocalı köçkünü Elşən
Babaşoğlu kimi istedadlı yeniyetmələri məktəbin
direktoru Rafıq Rüstəmov öz evində saxlamaqla və
rəhbərlik etdiyi muğam məktəbində hər
cür şərait yaratmaqla onlara musiqi təhsili verir və
vaxtaşırı müsabiqələrə qatılırlar.
R.Rüstəmovun amalı gənc istedadları yetirməklə
muğam sənətini gələcək nəsillərə
parlaq şəkildə çatdırmaqdır. Hazırda
R.Rüstəmov bir neçə dəfə xarici dövlətlərə
gedərək muğam sənətinin təbliği ilə də
məşğul olur.
Qələndər Xaçınçaylı.
Həftə içi.- 2009.- 28 yanvar.- S. 7.