Həmsədrlər birgə bəyanat yaydılar
"Danışıqlar Azərbaycanın ərazi
bütövlüyü prinsipləri
çərçivəsində aparılır"
Minsk Qrupu
həmsədrləri Metyu
Brayza, Bernar Fasye və Yuri Merzlyakov Azərbaycan və Ermənistan prezidentlərinin Sürix görüşünün nəticələrinə
dair birgə bəyanatla çıxış
ediblər. Bəyanatda əsasən,
Qarabağ münaqişəsinin nizamlanması ilə
bağlı atılan son addımların xronikası
sadalanıb. Bildirilir ki, həmsədrlər yanvarın 19-da
Bakıda prezident İlham Əliyev və xarici işlər
naziri Elmar Məmmədyarovla, yanvarın 20-də isə İrəvanda
Serj Sarkisyan və Edvard Nalbandyanla görüşüblər.
Yanvarın 27-də isə həmsədrlər yenidən xarici
işlər nazirləri ilə görüşərək bir
gün sonra prezidentlərin görüşünü təşkil
ediblər:
"Görüşdə həmsədrlər prezidentlərin Dağlıq Qarabağ münaqişəsinin 2007-ci ilin noyabrında ATƏT-in Madrid sammitində irəli sürülmüş prinsiplər əsasında sülh yolu ilə nizamlanmasına dair mövqelərini aydınlaşdırıblar. Həmsədrlər hər iki ölkənin xarici işlər nazirləri ilə baza prinsipləri ətrafında fikir ayrılıqlarını aradan qaldıracaq daha detallı təkliflər hazırlamaq işini davam etdirməyə razılıq veriblər". Həmsədrlər ümid edirlər ki, münaqişənin yaxın gələcəkdə sülh yolu ilə nizamlanmasına nail olmaq üçün tərəflər fikir ayrılığı olan məsələlərdə ortaq məxrəcə gələ biləcəklər. Münaqişənin nizamlanması tərəflər üçün indiki "status-kvo" vəziyyətindən daha sərfəlidir. Həmsədrlərin məqsədi isə Qarabağ münaqişəsinin Helsinki "Yekun aktı"nda nəzərdə tutulan ərazi bütövlüyü, öz müqəddəratını təyinetmə və güc tətbiqinin yolverilməzliyi prinsipləri əsasında ədalətli və balanslaşdırılmış həll yolunu tapmaqdır.
"Münaqişənin həlli ilə bağlı danışıqlar Azərbaycanın ərazi bütövlüyü prinsipləri çərçivəsində aparılır" - bu fikirləri isə xarici işlər naziri Elmar Məmmədyarov səsləndirib. Onun sözlərinə görə, prezidentlərin görüşündə hazırda hazırlanan və bundan əvvəl mövcud olan prinsiplər ətrafında müzakirələr aparılıb: "Baza prinsiplərində bəzi razılaşdırılmayan məqamlar var. Hər bir prezident qarşılıqlı anlayış şəklində öz fikrini bildirdi. Təbii ki, bu, çətin prosesdir. Ancaq irəliyə doğru addım atmaq lazımdır. Bundan başqa yol yoxdur".
Ermənistanın xarici işlər naziri Edvard Nalbandyan isə vurğulayıb ki, danışıqlar baza sənədləri əsasında aparılır. Hər iki prezident danışıqların müntəzəm xarakter daşıması baxımından münaqişənin həlli istiqamətində müəyyən dinamikliyin olduğunu vurğulayıb. Görüşdən-görüşə tərəflər bir-birlərini daha yaxşı başa düşür və çətinlikləri, maneələri həll etməyə çalışırlar: "İndi söhbət münaqişənin nizama salınmasının prinsiplərinin işlənilib-hazırlanmasından gedir. Əsas prinsiplər qarşılıqlı razılaşdırıldıqdan sonra tərəflər baza sənədləri üzərində işləməyə başlayacaqlar".
Azad Əliyev
Həftə içi.- 2009.- 30 yanvar.- S. 1-2.