QHT-lərə Dövlət Dəstəyi
Şurası müsabiqəyə ciddi dəyişiklik etməyib
Təşkilatlar bunu birmənalı qarşılamır
QHT-lərə
Dövlət Dəstəyi Şurası builki müsabiqəyə
ciddi dəyişikliklər etməyib. Bəzi fərqlər
var ki, bunların da ictimai təşkilatları qane edib-etməməsi
ilə maraqlandıq.
Ötən il sənədlərin qəbulu,
qiymətləndirilməsi, maliyyə vəsaitinin
ayrılmasının aşkarlıq şəraitində
keçdiyinə deyən Qarabağ Azadlıq Təşkilatının
(QAT) sədri Akif Nağı bildirdi ki, hansısa
narazılıqları olmayıb. Onun sözlərinə
görə, 2009-cu ilin müsabiqəsində isə
Qarabağla bağlı istiqamətdə müəyyən fərqlər
var. Ötən il Qarabağla bağlı
yalnız bir istiqamət müəyyənləşmişdi,
indi isə 3. Gənclərin vətənpərvərlik tərbiyəsi,
qaçqın və köçkünlərin problemləri və
Qarabağ həqiqətlərinin beynəlxalq ictimaiyyətə
çatdırılması istiqamətləri var. Bu istiqamətlərin
hər birinə 90 min manat vəsait ayrılıb: "Eyni
zamanda həmin istiqamətlərin fərqləndirilməsi
müsbət haldır. Bunların hamısı
bütövlükdə Qarabağ həqiqətləri istiqamətidir".
Hər bir layihə üçün maksimal məbləğin
yenə də 20 min manat olmasından təssüflənən
QAT sədri həmin rəqəmin artırılmasını
arzuladı: "QHT-ləərə Dövlət Dəstəyyi
Şurası məbləğin artırılmasını
müzakirə edib. Şura dövlətdən 5 milyon manat istəsə
də, 2,7 milyon manat vəsait
ayrıldı. Ola bilsin, bu səbəbdən hər
layihə üçün nəzərdə tutulan məbləğ
artırılmadı. Məncə, bu
istiqamətdə maliyyə dəstəyi genişləndirilməlidir".
Ötənilki müsabiqənin müddətinin çox
az olduğunu bildirən "Həsrət
yolu" Əsir və Girovlara Kömək İctimai Birliyinin
sədri Esmira Orucova dedi ki, layihələr yalnız 3 aylıq
müddətə qəbul olunurdu. Ancaq bu il
vaxt limiti qoyulmayıb. Bu il isə layihələri
qəbul olunan QHT-lərə maliyyə vəsaiti aprelin 1-dən
veriləcək. Layihə 9 ay müddətinə həyata
keçirilə bilər: "Vaxtla bağlı məsələlər
bizi qane edir. Ötənilki layihəyə çox az məbləğ verdilər. Az
məbləğə az iş görmək olur. Ötən il əsir və girovların
hüquqlarının beynəlxalq aləmdə qorunması
üçün istiqamət var idi. Bu il nədənsə
həmin istiqaməti çıxarıblar. Ona
görə də məcburam ki, layihəmi Dağlıq
Qarabağla bağlı olan bölməyə verim".
2009-cu il QHT-lərlə bağlı
elan edilən müsabiqənin ötənilkiylə fərqinin
işin xeyrinə olduğunu diqqətə çatdıran
Media və Mülki Cəmiyyət İctimai Birliyinin sədri
Xanoğlan Əhmədov söylədi ki, bunlar layihələrin
daha səmərəli həyata keçirilməsi
üçün yardımçı olan məqamlardır:
"Həyata keçirdiyimiz layihə artıq yekunlaşmaq
üzrədir. Növbəti müsabiqədə
bunun davamı olaraq iştirak edəcəyik. Cənubda mətbuatın inkişafı ilə
bağlı Lənkəranda Cənub Media və Resurs Mərkəzi
təsis etmişik".
"Builki
müsabiqədə ciddi dəyişikliklər ona görə
yoxdur ki, Azərbaycan prezidentinin QHT-lərə dövlət dəstəyi
konsepsiyasında nəzərdə tutulmuş 15 istiqamətin
hamısı saxlanılıb" deyən Vətəndaşların
Əmək Hüquqlarını Müdafiə Liqasının
rəhbəri Sahib Məmmədov bildirdi ki, bunların dəyişməsi
məqsədəuyğun deyil. O həmçinin əlavə etdi
ki, bu vəsait dövlətindir, istiqaməti də dövlət
özü müəyyənləşdirib: "Amma müsabiqənin
şərtləri əvvəlkindən fərqli olaraq bir qədər
detallaşdırılıb. İstiqamətlər
konkret göstərilmir. Amma ümumi şəkildə
əks olunur. Məsələn,
"İnsan hüquqları və demokratiya"
yarımqruplara bölünüb. Bu cür
dəyişikliklər, bəzi adlarda dəqiqləşmələr
var. Bundan başqa, ərizə və büdcə formasında
qismən korrektələr edilib. Ölkədə
elə QHT yoxdur ki, onun ixtisaslaşdığı sahəyə
aid olmayan məsələ qalsın. Xarici
donorlarda vətənpərvərlik, Qarabağ, azərbaycançılığın
təbliği ilə bağlı mövzular yox idi. Ölkədə bütün sahələri əhatə
edən QHT-lərə imkan yaradılıb ki, layihələrin
təqdim edə bilsinlər. Məbləğ ötənilkinə
nisbətən bir az çoxdur, bir də
ehtiyat pul saxlanılacaq. 400 min manat il ərzində
vacib sayılan layihələrin maliyyələşməsinə
sərf olunacaq".
Əli Zülfüqaroğlu
Həftə içi.- 2009.- 30 yanvar.- S. 4.