Heydər Əliyev irsi
və ordu quruculuğu
Bu gün xalqların qarşısında duran ən müqəddəs vəzifə müstəqilliyə nail olmaq və onu qoruyub saxlamaqdır. Xalqımız illərlə azadlığımız, müstəqilliyimiz yolunda mübarizə aparıb və oğullarımız bu yolda canlarından keçməyi bacarıb. Azadlığı, müstəqilliyi əldə etmək nə qədər çətindirsə, onu qoruyub saxlamaq bir o qədər mürəkkəb və ağır məsələdir.
Bəşəriyyətin tarixi təkamül prosesi göstərir ki, hər hansı xalqın milli-mənəvi irsini, mental-əxlaqi dəyərlərini, genetik yaddaşını, tarixi kimliyini, özünəməxsusluğunu gələcək nəsillərə ötürmək, suverenliyinə qovuşdurmaq və ən vacibi bu müstəqilliyi qoruyub saxlamaq kimi çətin missiya onun taleyində müstəsna rol oynamış fenomenal şəxsiyyətlərin fəaliyyəti ilə bağlı olub.
Ötən əsrdə xalqımızın dünya siyasi arenasına bəxş etdiyi fenomenal nadir şəxsiyyət olan ümummilli lider Heydər Əliyevin sayəsində Azərbaycan Xalq Cümhuriyyətinin əsasını qoyduğu milli dövlətçilik düşüncəsi müstəqil Azərbaycan dövlətinin reallığına çevrilib. Ən vacibi Ümummilli Liderimizin böyük fədakarlıqları hesabına ata-babalarımızın qurub-yaratdığı dövlətin sarsılmazlığı, demokratik yüksəlişi, Azərbaycanın müstəqilliyinin əbədiliyi, daimiliyi, dönməzliyi təmin edilib. Ulu Öndərin Azərbaycanın sosial-iqtisadi, siyasi, hərbi və mədəni yüksəlişi üçün həyata keçirdiyi tədbirlər, milli şüurun oyanışı istiqamətində gördüyü böyük işlər olmasaydı, biz bu gün Azərbaycanın müstəqil xəttə malik suveren dövlət kimi mövcudluğundan danışa bilməzdik.
Bugünkü nəticə ondan ibarətdir ki, bütün ömrünü xalqa təmənnasız xidmətə həsr edərək, milli maraqları daim hər şeydən üstün tutan ulu öndər Heydər Əliyev Azərbaycan dövlətçiliyinin dönməzliyini və əbədiliyini təmin etdi. Bununla yanaşı, Azərbaycanın qarşılaşa biləcəyi çətinlikləri əvvəlcədən duyan Ümummilli Lider, zamanı qabaqlayaraq, ölkənin davamlı inkişafı, dövlət müstəqilliyinin daha da möhkəmləndirilməsi istiqamətində böyük işlər gördü, Azərbaycanın strateji maraqlarının təmin edilməsi üçün zəruri və qəti addımlar atdı.
Tarixdən məlumdur ki, ordu dövlətin suverenliyi və ərazi bütövlüyünü təmin etmək üçün əsas qüvvə olaraq dövlət quruculuğunun tərkib hissələrindən biridir. O da məlumdur ki, Azərbaycanın zəngin dövlətçilik tarixində güclü ordunun yaradılması hər zaman prioritet məsələlərdən olub. Müasir Azərbaycan dövlət müstəqilliyinin bərpasına 1991-ci ildə nail olsa da, vahid komandanlığa əsaslanan nizami və mütəşəkkil, ən əsası müstəqilliyimizə və dövlətçiliyimizə qarşı yarana biləcək hər hansı təhdidin qarşısını almağa qadir ordunun yaradılması ümummilli lider Heydər Əliyevin 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra mümkün oldu. Bu mənada fəxrlə deyə bilərik ki, Ümummilli Liderin rəhbərliyi ilə dövlətçilik ənənələrimizə söykənərək 1993-cü ildən ölkəmizdə həyata keçirilən dövlət quruculuğunun ən şərəfli və parlaq səhifələrindən biri bu gün artan və qüdrətlənən gücü ilə qürurlandığımız 100 yaşlı Azərbaycan Ordusudur.
Hakimiyyətdə olduğu illərdə ümummilli lider Heydər Əliyev Azərbaycan Ordusunu və onun formalaşması prosesini diqqət mərkəzində saxladı. Hələ sovet dönəmində Ulu Öndərin uzaqgörənliyi sayəsində Cəmşid Naxçıvanski adına hərbi məktəbin yaradılması ilə gələcəkdə müstəqil Azərbaycanın Milli Ordusunun formalaşması üçün kadr probleminin həlli yolunda mühüm addım atıldı.
Ümummilli lider Heydər Əliyevin ikinci dəfə hakimiyyətə qayıdışından sonra da apardığı məqsədyönlü və qətiyyətli siyasət nəticəsində Milli Ordu formalaşdırıldı, Azərbaycanın nizami Silahlı Qüvvələrinin yaradılması ilə bağlı təxirəsalınmaz tədbirlər görüldü, orduda kütləvi fərarilik hallarına son qoyuldu, hərbi intizam möhkəmləndirildi. Bu gün Azərbaycanın suverenliyini, müstəqilliyini, ərazi bütövlüyünü qorumağa tam qadir olan orduya malik olması Heydər Əliyevin Azərbaycan xalqı qarşısında göstərdiyi misilsiz xidmətlərdən biri sayıla bilər.
Ümumilikdə götürəndə, ordu faktoru hər bir dövlətin daxili və xarici siyasətinin güzgüsü sayılır. Dövlətin və cəmiyyətin orduya münasibəti həmin dövlətin öz nüfuzuna, bu gününə və sabahına olan münasibətidir. Ordu faktorunun rolu isə bilavasitə onun döyüş qabiliyyətindən asılıdır.
Dövlət quruculuğunun bütün sahələrində olduğu kimi, ordu quruculuğu sahəsində də müasir və modern Azərbaycan Ordusunun yaradıcısı ümummilli lider Heydər Əliyevin siyasi kursu uğurla davam etdirilir. Bu gün ordumuz döyüş və mənəvi-psixoloji hazırlıq sahələrində böyük uğurlar əldə edərək gündən-günə daha da güclənir və qüdrətlənir. Orduya dövlətin təhlükəsizliyinin, ərazi bütövlüyünün və müstəqilliyinin qarantı kimi baxan hər bir Azərbaycan vətəndaşı bu gün öz ordusu ilə, sözün əsl mənasında, fəxr edir.
Azərbaycan Ordusunun döyüş qabiliyyətinin yüksəldilməsi, peşəkarlığının artırılması fasiləsiz davam edən bir prosesdir. Döyüş hazırlığı məsələlərinə ciddi önəm verilməsinin nəticəsidir ki, Azərbaycan Ordusu hal-hazırda istər quruda, istər havada, istərsə də dənizdə hər hansı döyüş tapşırığını layiqincə yerinə yetirməyə qadirdir. Məlumdur ki, hər bir ordunun qüdrəti - onun döyüş qabiliyyəti ilə mənəvi gücünün vəhdətində reallaşır. Bu gün Azərbaycan cəmiyyətində, eləcə də orduda ümummilli lider Heydər Əliyev tərəfindən hazırlanmış və elmi-nəzəri prinsipləri zamanın sınağından çıxmış mükəmməl hərbi vətənpərvərlik konsepsiyası mövcuddur. İstər sülh, istərsə də müharibə dövründə hərbi qulluqçularda Vətənə, xalqa, dövlətçiliyimizə sədaqət və məhəbbət hisslərinin möhkəmləndirilməsi, onların ümumdövlət mənafeləri ətrafında səfərbər edilməsi bu istiqamətdə aparılan fəaliyyətin əsas məqsədləridir.
Bu gün Azərbaycanda ali hərbi məktəblər sisteminin təkmilləşdirilməsi, onun tədris prosesinin NATO-ya üzv olan ölkələrin hərbi təhsil sisteminin üstünlüklərinə uyğun olaraq qurulması öz nəticəsini verməkdədir. Hazırda Azərbaycan Ordusu ciddi, hazırlıqlı, vətənpərvər zabit kadrları ilə təchiz edilir, maddi-texniki bazası möhkəmləndirilir.
2018-ci ildə Azərbaycan Ordusunun yaradılmasının 100 illiyi ilə bağlı keçirilən hərbi parad bir sıra dövlətlərin Azərbaycan Ordusu haqqında təsəvvürlərinin yaxşı mənada formalaşmasına səbəb oldu. Eyni təəssürat Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun və qanunvericilikdə nəzərdə tutulmuş digər hərbi birləşmələrin iştirakı ilə keçirilən birgə əməliyyat-taktiki təlimlərindən də yarandı. Orduda xidmət bu gün hər bir Azərbaycan gənci üçün fəxr nümunəsinə çevrilib.
Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev hər zaman bəyan edir ki, ordu quruculuğu sahəsində qazanılan nailiyyətlərin bütün parametrlər üzrə daha da inkişaf etdirilməsi onun fəaliyyətində prioritet istiqamətlərdəndir. Ötən müddət ərzində Azərbaycan Ordusunun maddi-texniki bazasının möhkəmləndirilməsi, hərbi qulluqçuların sosial müdafiəsi sahələrində həyata keçirilən tədbirlər Ali Baş Komandanın Vətənin müdafiəçilərinin şərəfli xidmətinə necə yüksək qiymət verdiyini bir daha təsdiq edir.
Prezident, Ali Baş Komandan İlham Əliyevin, Müdafiə Nazirliyi rəhbərliyinin ordumuzun şəxsi heyətinə diqqət və qayğısı, ordumuza bəslədiyi yüksək inam və etimad bütün hərbçilərin qəlbini qürur və iftixar hissi ilə doldurur. Bu gün Azərbaycan Ordusunun hər bir zabiti və əsgəri Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin diqqət və qayğısı sayəsində Azərbaycan Respublikasının Konstitusiyasına, Hərbi anda və nizamnamələrinə sadiq qalaraq respublikamızın ərazi bütövlüyünün bərpasına, torpaqlarımızı işğalçılardan azad etməyə hazırdır.
Azərbaycan Ordusu bu gün dövlətin qüdrətinin nümunəsidir, xalqımızın iftixar yeridir və ölkəmizin ərazi bütövlüyünü təmin etmək iqtidarında olan yüksək hazırlıqlı təsisatdır. Beynəlxalq hərbi tədqiqat mərkəzlərinin verdiyi qiymətə görə, regionun ən hazırlıqlı və ən müasir ordusu Azərbaycan Ordusudur. Bütün bunlar Azərbaycan Ordusunun ən müasir tələblərə cavab verdiyini göstərir. Yuxarıda qeyd edilən bütün faktlar ümummilli lider Heydər Əliyevin Azərbaycan xalqı, dövləti, ordusu, ən nəhayət, müstəqilliyi naminə göstərdiyi fəaliyyətin nəticəsidir.
...Adətən, böyük şəxsiyyətlərə obyektiv qiymət verərkən onların yaşadıqları dövrün imkanları ilə müqayisədə nələri edə bildikləri əsas götürülür. Bu baxımdan Heydər Əliyevin həm Azərbaycana rəhbərlik etdiyi, həm də bu missiyadan kənarda olduğu dövrlərə qiymət verərkən birmənalı olaraq deyə bilərik ki, o, zamanın və şəraitin verdiyi imkanlardan öz xalqının maraqları və yüksəlişi naminə maksimum istifadə edib. Azərbaycanda Heydər Əliyev siyasəti, onun dövlətçilik xətti davam edəcək. Çünki bu siyasət Azərbaycanın gələcək tərəqqisinin təminatı baxımından lazımdır.
Ümummilli lider Heydər Əliyev öz ideyaları, hələ başa çatdıra bilmədiyi işlərlə, Azərbaycanın gələcəyini görən böyük planları, arzuları ilə daima bizimlə olacaq. O hər zaman zirvədə olacaq. Heydər Əliyevi bu zirvəyə xalq, onun etimadı və inamı yüksəldib. Onun fəth etdiyi ən böyük zirvə xalqın qəlbidir. Həmin zirvədən Azərbaycanın dünəni və bu günü ilə yanaşı, gələcəyi, rifahlı sabahı da aydın görünür.
Heydər Əliyev Mərkəzlərində, muzeylərdə, bu və ya digər kitabxanalarda ümummilli lider Heydər Əliyevin həyat yoluna həsr olunmuş stendlər, guşələr, müəyyən mənada, öyrətməyə xidmət edir. Ordumuzda xidmət edən hərbi qulluqçular, bu sıradan əsgərlər vaxtaşırı muzeylərdə, Heydər Əliyev Mərkəzində ekskursiyada olurlar. Hər ekskursiya onları Heydər Əliyev irsi ilə daha əhatəli tanış edir - əsgərlər həm də Heydər Əliyev irsini bu baxımdan öyrənirlər...
Ulu öndər Heydər Əliyevin müstəqilliyimizin möhkəmlənməsi, xalqımızın rifahının yüksəlməsi, ordumuzun, dövlətçiliyimizin inkişafı sahəsindəki xidmətləri əvəzsizdir. Ona görə də əbədiyyətə qovuşan ümummilli lider Heydər Əliyevin əziz xatirəsi Azərbaycan Ordusunun şəxsi heyətinin, ümumilikdə xalqımızın qəlbində daima yaşayacaq, heç vaxt yaddaşlardan silinməyəcək. Hər birimiz Azərbaycanın sabahları naminə, Ulu Öndərin irsini həyat yolumuza örnək bilərək həmin zirvənin işığında addımlayırıq...
Məhəmməd
ƏLİYEV, "Azərbaycan Ordusu"
Hərbi And.- 2018.- 21 dekabr.- S.3.