Daxili qoşunların
tarixi: Jandarm dövrü (1867-1917)
Azərbaycan Respublikası Daxili İşlər
Nazirliyinin mühüm strukturlarından biri olan Daxili
Qoşunlar müstəqil respublikamızın daxili sabitliyinin
və əmin-amanlığının keşiyində
ayıq-sayıq dayanaraq hüquq-mühafizə orqanları ilə
birgə fəaliyyətini uğurla yerinə yetirir.
Lakin müasir dövrdə “Daxili Qoşunlar”
adlandırdığımız bu mühüm dövlət
qurumu, bəşər tarixinin müxtəlif dönəmlərində
mövcud olmuş ictimai-siyasi quruluşlardan asılı
olaraq, müəyyən adlar altında bir sıra vəzifələri
yerinə yetirib.
Azərbaycan ərazisində mövcud olmuş dövlətlərin
yaranma tarixindən və ictimai-siyasi quruluşlarından
asılı olaraq, qoşunların funksiyasını yerinə
yetirən, müxtəlif adlar altında mövcud olmuş
qurumların yaranma və inkişaf tarixini ayrı-ayrı mərhələlər
şəklində öyrənmək daha məqsədəuyğundur. Bu baxımdan
bəhs edəcəyimiz mövzuda qoşunların XIX əsrin
sonu – XX əsrin əvvəllərindəki təyinatına
uyğun fəaliyyətinə aydınlıq gətirəcəyik.
Qoşunların fəaliyyət göstərdiyi bu tarixi
mərhələni daşıdığı ada uyğun
olaraq, “Jandarm dövrü” adlandırmaq daha doğru olardı. Mövzuya
keçid almazdan öncə “Jandarm” sözünün mahiyyətinə
aydınlıq gətirək.
Jandarmeriya (fr. gendarmerie) – hərbi təşkilatı
olan və ölkə daxilində, orduda mühafizə
funksiyalarını həyata keçirən polis idarəsi. İlk dəfə
1791-ci ildə Fransada yaradılib. Hazırda Fransa,
Böyük Britaniya, İspaniya, Argentina, Türkiyə,
İran və s. ölkələrdə mövcuddur. İtaliyada isə həmin qurum Karabinerlər
adlandırılıb.
Çar Rusiyasında 1792-ci ildə təşkil
edilmiş, 1796-cı ilə qədər hərbi polis idarəsi
kimi mövcud olmub. 1871-ci il mayın 19-da çar II
Aleksandr “Jandarm Korpusu məmurlarının cinayətlərin təhqiqatlarını
aparmaları qaydaları haqqında” Qanunu təsdiq edib. 1880-ci ildən etibarən Jandarm Korpusu Rusiya Daxili
İşlər Nazirliyinin tabeliyinə keçirilib. 1917-ci ilin fevralında Rusiyada baş verən
burjua-demokratik inqilabından sonra ləğv edilib. Azərbaycan ərazisində ilk dəfə 1867-ci ildə
Bakı Quberniya Jandarm İdarəsi kimi yaradılıb, 1870-ci
ildə isə polis-jandarm sistemi qəti təşəkkül
tapıb. Beləliklə,
Jandarm hansı zərurətdən yarandı?
Azərbaycan ərazisində Jandarmın hansı zərurətdən
yaranması səbəblərinə aydınlıq gətirmək
üçün, bəhs olunan dövrdəki mövcud
ictimai-siyasi və iqtisadi vəziyyətə qısa nəzər
yetirək.
Rusiya XIX əsrin əvvəllərində iqtisadi və
hərbi-strateji cəhətdən böyük əhəmiyyət
kəsb edən Qafqazı, o cümlədən Azərbaycanın
şimal xanlıqlarını ələ keçirdikdən
sonra çarizmin əsas planlarından biri burada möhkəmlənmək
olub.
Çarizm Azərbaycan xanlıqlarının
işğalını davam etdirərkən, Rusiya hakimiyyətini
qəbul etmiş xanlıqların ərazisində baş verən
müstəmləkəçilik əleyhinə olan kütləvi
etiraz və çıxışları silah gücünə
yatırmalı olurdu. O, bu çıxışların
yatırılmasında işğalçı ordudan istifadə
edirdi.
Azərbaycanın müstəmləkəyə
çevrilməsi, həmçinin feodal istismarı,
ağır vergilər xalqın narazılığına səbəb
olur, üsyanlara, silahlı iğtişaşlara gətirib
çıxarırdı. Hələ 1826-cı
ildə Gəncədə müstəmləkə
zülmünə qarşı üsyan olmuş, lakin çar
hökumət dairələri onu amansızcasına
yatırmışlar. 1830-cu ildə
müstəmləkə əsarəti ilə barışmaq
istəməyən Car-Balakən camaatı da üsyan
etmişdi. Üsyançılarla müstəmləkə
qoşunları arasında dəfələrlə şiddətli
toqquşmalar olsa da, bu üsyan da çar qoşunları tərəfindən
qan içində boğulmuşdu. Həmin
ildə Zaqatala qalasının tikilməsinin də əsas səbəbi
bu ərazilərdə çarizmin mövqelərini möhkəmlətmək
və baş verən bir sıra iğtişaşların
qarşısının alınmasında dayaq məntəqəsi
kimi istifadə etmək olub. Bu məqsədlə
də qalada toplarla təchiz edilmiş güclü qarnizon
saxlanılırdı.
XIX əsrin 30-cu illərində Qubada, Şəkidə,
Lənkəranda və Azərbaycanın başqa yerlərində
də müstəmləkə və feodal zülmünə
qarşı silahlı çıxışlar olub, lakin
amansızlıqla yatırılıb.
Çar Rusiyasının XIX əsrin 40-cı və 70-ci
illərində həyata keçirdiyi sosial və digər
islahatlar da heç bir nəticə vermədi, əksinə
olaraq, sinfi ziddiyyətləri daha da kəskinləşdirdi. Kəndlilərin
bu sinfi mübarizəsi silahlı toqquşmalara da gətirib
çıxarırdı.
XIX əsrin ikinci yarısında sinfi mübarizənin ən
çox yayılmış forması qaçaq hərəkatı
idi. Mövcud
üsul-idarədən, feodalların
özbaşınalığından, hərc-mərclikdən cana doymuş kəndlilər öz
feodallarını, çar məmurunu öldürəndən
sonra ələ keçməmək üçün
dağlara qaçır, ətrafına özü kimi
narazı kəndlilər toplayaraq silahlı dəstələr
düzəldirdilər. Əhali
qaçaqları müdafiə etdiyindən, onları tutub
mühakimə etmək çətinlik törədirdi. Bu cür silahlı üsyanlar çarizmin müstəmləkələrdəki
dayaqlarını ciddi şəkildə sarsıdırdı.
Belə bir vəziyyətdə daxili sabitliyi qoruyub saxlaya
biləcək dövlət orqanının yaradılması
son dərəcə zəruri idi.
Çarizmin Qafqazda həyata keçirdiyi islahatlar
yalnız bir məqsəd güdürdü – yerlərdə
müstəmləkə hakimiyyətini möhkəmləndirmək. Belə
islahatlardan biri də daxildə sabitliyin və əmin-amanlığın
keşiyində dura biləcək hüquq-mühafizə
orqanının – Jandarmın yaradılması olub.
Beləliklə, 1867-ci ildə Bakı Quberniya Jandarm
İdarəsinin yaradılması ilə Azərbaycanda
jandarmın əsası qoyuldu.
Bəhs olunan dövrdə Azərbaycan ərazisi
quberniyalara (Bakı, İrəvan və Yelizavetpol), onlar da,
öz növbəsində, qəzalara
bölünmüşdü. Quberniyaları
bütün mülki və hərbi hakimiyyəti əllərində
cəmləşdirmiş qubernatorlar idarə edirdilər.
Qəzalara isə qəza rəisləri
başçılıq edirdilər. Quberniya
mərkəzlərində jandarm, qəza mərkəzlərinin
hamısında isə polis idarələri
yaradılmışdı. Polis idarələrinin
ştat tərkibi əsasən “pristav” adlanan rəisdən və
“qorodovoy” adlanan onlarla silahlı polis nəfərindən ibarət
idi.
“İnqilabın
amansız düşməni...”
Azərbaycan tarixi ədəbiyyatlarının son
dövr nəşrlərində XIX əsrin sonu – XX əsrin əvvəllərində
mövcud olmuş jandarm idarələri və onların fəaliyyəti
haqqında nəinki məlumat verilmir, ümumiyyətlə
adları belə çəkilmir.
Jandarmın fəaliyyəti haqqında məlumatlara əsas
etibarilə Sovet tarixi ədəbiyyatlarında rast gəlinir. Sovet tarixçiləri
isə sözsüz ki, bolşevik ideologiyasının təsiri
altında, birmənalı olaraq, jandarmı “inqilabın
amansız düşməni” adlandırdıqlarından, bu
hüquq-mühafizə orqanının fəaliyyətinə
obyektiv qiymət vermək olduqca çətindir. Lakin bu bir həqiqətdir ki, bolşeviklər
çar hökumət dairələrinin demək olar ki bir
çoxuna, o cümlədən orduya nüfuz etsələr də,
jandarm korpusunu ələ almaq onlara müyəssəz
olmayıb. Daha dəqiq desək,
bolşevizm öz utopik ideologiyası olan kommunizmi jandarmlara
“sırıya” bilməmişdi. Sovet tarixçilərinin
jandarmlar haqqında öz əsərlərində söylədikləri
birmənalı aqressiv fikirlər bunu bir daha sübut edir.
Lakin buna baxmayaraq, qeyd edə bilərik ki, mövcud
olduğu əlliillik zaman kəsiyində jandarm dövlət tərəfindən
qarşısına qoyulmuş tapşırıqları məsuliyyət
və vicdanla yerinə yetirən öz dövrünün əsl
hüquq-mühafizə orqanı idi.
Məhz belə də olmalı idi. Ona görə
ki, çar hökuməti tərəfindən
yarandığı ilk vaxtlardan jandarmın qarşısına
baş verə biləcək hər hansı bir inqilabın və
çıxışların qarşısını
“vaxtında almaq” tapşırığı qoyulmuşdu.
Bəhs olunan dövrdə jandarmın Azərbaycandakı
fəaliyyətinə nəzər yetirsək, bunun bir daha
şahidi olarıq.
XIX əsrin 70-ci illərində Azərbaycanda
jandarmın fəaliyyətinin daha da genişləndirilməsi
istiqamətində bir sıra mühüm işlər
görülüb. Belə ki, 1874-cü ildə Bakı şəhərində
Vladiqafqaz (Şimali Osetiya) Dəmir Yolları Jandarm İdarəsinin
Xəzər bölməsi yaradılıb. Həmçinin, burada Bakı Quberniya Jandarm İdarəsinin
rəis köməkçisinin dəftərxanası fəaliyyətə
başlayıb. Onun üzərinə
Bakı quberniyasının hüdudlarında siyasi işlər
üzrə tədqiqat aparmaq vəzifəsi qoyulub.
Bundan əlavə, həmin ildə Yelizavetpol (Gəncə)
şəhərində Tiflis Quberniya Jandarm İdarəsi rəisinin
Yelizavetpol quberniyası üzrə köməkçisinin dəftərxanası
yaradılıb. Onun üzərinə Yelizavetpol
quberniyasında inqilabi çıxışlarla mübarizə
aparmaq vəzifəsi qoyulub. 1879-cu ildə
isə Yelizavetpol Quberniya Jandarm İdarəsi fəaliyyətə
başlayıb.
Jandarmın mühüm bir dövlət təşkilatı
kimi fəaliyyətinin artırılması və möhkəmləndirilməsi
çar hakimiyyətinin marağında olan əsas məsələlərdən
biri idi. Jandarmın bu dövrdə fəaliyyəti təkcə
iğtişaşların və üsyanların
qarşısının alınması ilə məhdudlaşmırdı.
Jandarm, həmçinin, mühafizə xidmətini
də yerinə yetirirdi. Xarici səfərlər
zamanı çarın və onun ailə üzvlərinin
mühafizəsini də məhz bu təşkilat həyata
keçirirdi. Yazıçı Manaf
Süleymanov məşhur “Eşitdiklərim, oxuduqlarım,
gördüklərim” adlı kitabında bu barədə
maraqlı bir məlumat verir; “1888-ci ilin oktyabr ayında
imperator III Aleksandr ailəsilə - arvadı, iki oğlu, bir də
böyük məiyyəti ilə Bakıya gəlir. Üçgünlük səfərin əsas məqsədi
Bakıda möhtəşəm “Qızıllı”
(“Aleksandro-Nevski”) kilsəsinin bünövrəsinin təməlqoyma
mərasimində iştirak etmək idi. III
Aleksandr şəhərdən keçərkən onun
karetasını arxa hissədən atlı kazaklar, yanlardan
jandarmlar müşayiət edirdilər”. 1896-cı il mayın 2-də Rusiyanın daxili işlər
nazirinə Jandarm Korpusuna vahid rəhbərliyi, onun idarə
olunmasını daha da səməriləşdirmək məqsədilə
böyük səlahiyyətlərin verilməsi məhz
çarın jandarmlara böyük etimad bəsləməsinin
nəticəsi idi.
XIX əsrin 70-ci illərində artıq Azərbaycanda
ictimai-siyasi vəziyyətin, o cümlədən sinfi ziddiyyətlərin
getdikcə gərginləşməsi jandarmın üzərinə
daha məsuliyyətli vəzifələrin qoyulmasını tələb
edirdi. XIX yüzilliyin ikinci yarısında Azərbaycanda
kapitalist sənayesinin inkişafı yeni sinifli cəmiyyətin
- burjuaziya və fəhlə sinfinin təşəkkül
tapmasına şərait yaratdı.
Azərbaycan
burjuaziyası neft sənayeçilərindən, fabrik-zavod və
manufaktura səviyyəsində olan sənətkar
emalatxanalarının sahiblərindən, tacirlərdən, ev sahiblərindən, qolçomaqlardan, təsərrüfatlarını
muzdlu əmək üzərində quraraq kapitalistə
çevrilmiş bəylərdən və s. ibarət idi.
Azərbaycanda kapitalizmin inkişafı burjuaziya ilə
eyni vaxtda fəhlə sinfinin də təşəkkül
tapmasına səbəb oldu. Bakıda və Azərbaycanın digər
qəzalarında sənaye ocaqları yarandıqca, var-yoxdan
çıxmış kəndlilər iş dalınca bu şəhərlərə
axışırdılar. Bu dövrdə
çar Rusiyasında, o cümlədən onun müstəmləkələrində
fəhlə sinfinin vəziyyəti olduqca ağır idi.
Həyat şəraitinin ağır olması isə
tez-tez tətillərə və çar hakimiyyətinə
qarşı etiraz nümayişlərinin baş verməsinə
gətirib çıxarırdı. Bu
cür vəziyyətin davam etməsi XX əsrin əvvəllərindən
etibarən fəhlələrin siyasi cəhətdən
oyanmasına və inqilabi hərəkatın
başlanmasına zəmin yaradırdı. Onu da qeyd edək ki, Azərbaycanın, xüsusən
Bakının sənaye müəssisələrində
Rusiyadan gəlmiş on minlərlə fəhlə
çalışırdı. Onların arasında
peşəkar inqilabçılar da az
deyildi. Bakıda tətil hərəkatının
təşkilatçıları və
iştirakçılarının böyük bir hissəsini
belələri təşkil edirdi.
Çar hökumət dairələri fəhlələrin
ağır sosial həyat şəraitini
yaxşılaşdırmaq istiqamətində ciddi tədbirlər
görmək əvəzinə, belə tətil və
çıxışların qarşısının
alınmasında başlıca çıxış yolu kimi
güc tətbiq olunmasını düşünürdü. Çarizm bu
məqsədlə də polis və jandarmdan geniş istifadə
edirdi. Bu səbəbdən də tətillər
və nümayişlər zamanı fəhlələrin polis və
jandarmlarla tez-tez toqquşmaları baş verirdi.
XIX əsrin sonlarında fəhlələr əsasən
iqtisadi tələblərlə çıxış edirdilərsə,
XX əsrin əvvəllərindən başlayaraq artıq
siyasi tələblər də səsləndirirdilər. Belə ki, 1902-ci ilin aprelində
Bakının mərkəzində 5 minə yaxın fəhlənin
iştirakı ilə ilk dəfə olaraq açıq
nümayiş keçirilib və “rədd olsun mütləqiyyət”
şüarı səslənib. 1903-cü il
martın 2-də üç saata qədər davam edən
nümayiş zamanı isə fəhlələrin polis və
jandarmlarla qanlı toqquşması baş verib. Nəticədə
kütləvi həbslər başlayıb, nümayişin fəal
üzvlərindən bir çoxu həbs edilib.
XX əsrin əvvəllərindən başlayaraq
Rusiyada, o cümlədən Bakıda sosial-demokratların
(bolşeviklərin) təhriki ilə bir sıra fəhlə təşkilatları
yaranmağa başladı. Bu təşkilatlar gizli fəaliyyət
göstərərək, fəhlələr arasında siyasi
iş aparır və onları çar hakimiyyətinə
qarşı çıxışlar etməyə sövq
edirdilər. Belə təşkilatlar bəzən
gizli mətbəələrə də malik olur, qəzet və
müxtəlif vərəqələr də nəşr edirdilər.
Sözsüz ki, onların fəaliyyəti
jandarmların diqqətindən yayınmırdı.
Məsələn, 1906-cı ilin mart ayında Bakıda
erməni dilində gizli bolşevik-daşnak mətbu orqanı
olan “Banvori dzayn” (“Fəhlə səsi”) qəzetinin çap
olunduğu gizli mətbəə Bakı Jandarm İdarəsi tərəfindən
aşkar edilərək orada axtarış aparılıb və
qəzetin bir neçə əməkdaşı həbs
olunub. Jandarmın inqilabi ünsürlərə
qarşı Azərbaycanda, o cümlədən Bakıda həyata
keçirdiyi bu cür tədbirlər olduqca çoxdur. Sovet tarixçilərindən M.Qaziyevin 1966-cı ildə
nəşr olunmuş “Məşədi Əzizbəyov” və
A.Kareninin 1963-cü ildə nəşr olunmuş “Sultan Məcid
Əfəndiyev” adlı inqilabçıların həyat və
fəaliyyətlərindən bəhs edən əsərlərində
bu barədə geniş məlumat verilib. Görkəmli
yazıçımız Əbdürrəhim bəy
Haqverdiyevin novella üslubunda yazdığı “Bomba” hekayəsi
də məhz XX əsrin əvvəllərində polisin və
jandarmın bu istiqamətdə fəaliyyətlərini
genişləndirmələrindən xəbər verir. Jandarmlar tərəfindən
inqilabçıların təqib olunması və onların mənzillərində
axtarışların aparılması çarizm devrilənədək
davam edib.
12 dekabr
1906-cı il - Jandarm agentlərinin məlumatı
əsasında Tiflis şəhəri altıncı dairə
polis idarəsi tərəfindən“Qeyrət” mətbəəsində
axtarış keçirilib. Bu axtarış
zamanı 2500 nüsxə qadağan olunmuş inqilabi ədəbiyyat
müsadirə olunub və xüsusi baxılmaq
üçün jandarm idarəsinə göndərilib.
14 fevral
1907-ci il - Bakının vağzalyanı
meydanında keçirilən izdihamlı mitinq zamanı
sosial-demokrat Sultan Məcid Əfəndiyev kütlələri
açıqca hakimiyyətə qarşı silahlı
üsyana çağıran nitq söylədiyinə görə
Bakı Quberniya Jandarm İdarəsinin sərəncamı ilə
həbs olunub, Bayıl həbsxanasına salınıb.
10 iyun
1907-ci il - Jandarmlar tərəfindən bir
çox hümmətçinin (“Hümmət”-bolşevikyönümlü
bu təşkilat 1904-cü ilin axırlarında Bakıda
yaradılıb), o çümlədən M.Əzizbəyov,
M.Hacıqasımov, S.M.Əfəndiyev və
başqalarının mənzilində axtarış
aparılıb.
Sentyabr
1907-ci il - Jandarmlar “Hümmət” qrupunun fəal
üzvü olan bolşevik Məmmədbağır Axundovun mənzilində
axtarış aparıb, burada silah anbarı və çoxlu
qeyri-leqal ədəbiyyat aşkar ediblər.
1908 ci il - Bakı Jandarm İdarəsi tərəfindən
Neft sənayesi fəhlələrinin həmkarlar
ittifaqının idarə heyətinin binasında
axtarış aparılıb. Axtarış aparılarkən
jandarmlar Bakı bolşeviklərinin Balaxanı rayon komitəsinin
1907-ci il noyabr və dekabr aylarının
hesabatlarını, həmçinin “Hümmət” təşkilatının
Azərbaycan dilində 4 kitabını götürüb
aparıblar.
Aprel
1909-cu il - Bakı Şəhər Jandarm
İdarəsinin rəisi mövcud olan xüsusi təşəbbüs,
şəxsi maarif cəmiyyətlərinin (Bu dövrdə
bolşeviklər maarif cəmiyyətləri adı altında
müxtəlif birliklər yaradır və çar hakimiyyətinə
qarşı fəhlə və kəndlilər arasında
siyasi iş aparırdılar) və bu cəmiyyətlərin rəhbərlərinin
adları göstərilən siyahını polis departamentinə
təqdim edib və s.
Jandarmın fəaliyyətindən bəhs edərkən
xüsusilə onu da qeyd etməliyik ki, bu təşkilat, həmçinin,
xəfiyyə işi ilə də geniş məşğul
olurdu. Belə ki, müasir dövrümüzdəki
xüsusi xidmət orqanlarının həyata keçirdiyi bir
sıra tədbirlər o zamankı jandarm idarələrinin fəaliyyətinin
bir hissəsi idi. Bu barədə
yazıçı Qılman İlkinin (Musayev) “Qalada üsyan”
adlı romanında da məlumat verilib. Romanda
1905-1907-ci illərdə Rusiyada baş vermiş inqilab
zamanı üsyan qaldıran və həbs olunaraq Zaqatala
qalasında saxlanılan matroslar arasında baş verən
inqilabi əhval-ruhiyyədən və bunun qətiyyətlə
qarşısının alınmasına çalışan
polis və jandarmın fəaliyyətindən bəhs olunur.
1905-ci ildə “Potyomkin” zirehli gəmisinin və 1907-ci ilin əvvəllərində
“Svyatoy Panteleymon” gəmisində xidmət edən, bolşeviklərin
təhriki ilə üsyan qaldıran və həbs olunaraq
Xarkov həbsxanasında saxlanılan 400-dək
“inqilabçı” matroslar 1907-ci ilin baharında Zaqatala
qalasına sürgün edilmişdi. İnqilabi əhval-ruhiyyəli
əsgərlər gizli olaraq yerli sosial-demokratlarla, o cümlədən
bolşeviklərin Bakı və Tiflis komitələri ilə əlaqə
yarada bilmişlər. Romanda qeyd olunan və
Zaqatala qalasında yerləşən batalyonun komandiri
podpolkovnik Dobrovolski ilə Zaqatala şəhər pristavı
Kukiyev arasında olan dialoq bu baxımdan olduqca
maraqlıdır. Pristavın zəif fəaliyyətindən
narazı olan podpolkovnik Dobrovolski ona deyib: “... Tiflis
Quberniya Jandarm İdarəsinə raport göndərmişəm.
Qoy sizə əlli-qollu bir köməkçi
göndərsinlər. Belə getsə,
şəhər tezliklə inqilab ocağına çevriləcək”.
Müəllif daha sonra yazır: “Bu məqsədlə Tiflis
Quberniya Jandarm İdarəsi kapitan İqnati İqnatiç
Taytsı Zaqatalaya göndərir. Tiflisdən
göndərilən məlumatda qeyd olunurdu ki, Batumda və
Suxumidə gizli fəaliyyət göstərən fəhlə
təşkilatlarının aşkara
çıxarılmasında jandarm kapitanı Taytsın
böyük xidmətləri olub”.
Onu da qeyd
edək ki, Azərbaycanda mövcud olduğu əlli illik zaman kəsiyində(1867-1917) jandarm idarələrinin
rəhbər vəzifələrinə soyadlarından da
göründüyü kimi, ancaq qeyri-azərbaycanlılar təyin
olunublar. Məsələn, 18 dekabr 1904-cü il
tarixdən Bakı Quberniya Jandarm İdarəsinin rəisi vəzifəsində
polkovnik Karpov, 22 avqust 1905-ci il tarixdən polkovnik Qloba, 30 noyabr
1912-ci il tarixdən isə bu vəzifədə Minkeviç və
s. işləyiblər.
Tarixdən
də məlum olduğu kimi, 1917-ci il
fevralın 27-də Rusiyada burjua-demokratik inqilabı baş
verib və Romanovlar sülaləsinin çar mütləqiyyəti
devrilib. Martın 2-də isə Rusiyada iki hakimiyyətlilik: rəsmən
Müvəqqəti burjua hökuməti və Sovetlərin
inqilabi hakimiyyəti yaranıb. Beləliklə, 1917-ci il martın 6-da Müvəqqəti hökumətin
qərarı ilə çar inzibati idarələri, o cümlədən
Jandarm Korpusu ləğv edilib.
1917-ci il aprelin 1-dən Bakı Şəhər
Müvəqqəti Hərbi Milisi yaradılıb. Onun rəhbəri
isə podpolkovnik Flamin, müavini isə
praporşik Podşibyakin idi.
Anar Əhmədov