Ulu Öndərin
ömür yolu Vətənə və xalqa xidmət nümunəsidir
Azərbaycan cəmiyyətinin ölkənin müstəqilliyinin və ərazi bütövlüyünün müdafiəsi kimi vahid məqsəd ətrafında birləşdirilməsi, onun mübariz ruhunun təşkilatlandırılması və istiqamətləndirilməsi, mənəvi potensialının üzə çıxarılması üçün ulu öndər Heydər Əliyevin istinad etdiyi ən qiymətli meyar və nümunələrdən biri xalqın hərbi və qəhrəmanlıq tarixi idi. Bu tarixi o, keçmişimizdən miras qalmış zəngin və ibrətamiz bir sərvət kimi qiymətləndirir və ölkənin müdafiəsinin təşkilinin müxtəlif məsələləri ətrafında etdiyi çıxışlarında hər bir vətəndaşı da bu tarixə tapınmağa çağırırdı. Ölkə rəhbərinin fikrincə, bu tarix Azərbaycan xalqının Vətənə, torpağa bağlılıq, Vətənə sevgi tarixi idi və bu tarixə sədaqət əldə edilmiş müstəqilliyin həmişəyaşarlığına real zəmin yarada bilərdi. Məsələn, Azərbaycan xalqının ümummilli lideri bildirirdi: "Azərbaycan Respublikasının öz torpaqlarını müdafiə etmək üçün böyük potensialı var. Ən böyük potensial bizim insanların Vətənə, torpağa bağlılığı, Vətəni, torpağı sevməsi və onu qorumaq hissidir. Bu, xalqımızın tarixi ənənələrindən irəli gələn hissidir. Güman edirəm ki, xalqımızın tarixi ənənələrimizi, keçmişimizi yada salaraq Azərbaycanın bu ağır vəziyyətdən çıxması üçün bundan sonra səmərəli tədbirlər görəcəkdir". Başqa bir çıxışında ulu öndər Heydər Əliyev "Azərbaycan xalqının tarix boyu nümayiş etdirdiyi qəhrəmanlıq, cəsurluq ənənələri bu gün müstəqil Azərbaycan dövlətində yenidən yüksəlmişdir və daha da canlanacaqdır", - deyirdi. Onun belə bir fikri də vardır: "Azərbaycan xalqı tarix boyu, əsrlər boyu həmişə mərdlik, cəsarət, qəhrəmanlıq göstərmişdir, öz yurdunu, öz torpağını müdafiə etmişdir, öz mənliyini qoruyub saxlamışdır".
Hərbi irsin öyrənilməsinin metodoloji, elmi-praktiki, mənəvi-tərbiyəvi əhəmiyyəti vardır. Bu məqamların hər biri özlüyündə vacib məsələlərdir və ölkənin müdafiəsinin təşkilində onlar öz aktuallığını itirməmişlər. İlk baxışdan güman etmək olar ki, elmin, texnikanın yüksək inkişaf səviyyəsi ilə səciyyələnən müasir həyatda hərbi irsin, tarixi ənənələrin öyrənilməsinin ciddi bir səmərəsi ola bilməz. Lakin elə elmi və praktiki qənaətlər vardır ki, həmin qənaətlər hər zaman öz aktuallığını qoruyub saxlamaqdadır. Çünki onlar hərb işinin əsasını təşkil edir və onlar mahiyyət etibarı ilə dəyişməzdir. Dəyişən yalnız onları hərəkətə gətirən qüvvələrdir. Məsələn, xalq ilə ordu arasındakı münasibətlər, müharibənin aparılmasına xalqın münasibəti və onun müharibəyə necə səfərbər olunması, ölkənin müdafiəsinin təşkilində xarici siyasətin nəzərə alınması, ölkənin müdafiəsinin təşkilinin maddi və mənəvi amillərdən asılılığı, ölkənin müdafiəsinin təmin edilməsi üçün dövlətin apardığı siyasətin xarakteri və s. Bu məqamların sayı çoxdur və Azərbaycan xalqının qəhrəmanlıq tarixi də bütün bu məqamların yüksək məharətlə icrasının ifadəsidir. Ulu öndər Heydər Əliyev də məhz Azərbaycan xalqının belə qəhrəmanlıq tarixini bugünkü mübarizə üçün örnək sayırdı.
Azərbaycanın müstəqilliyinə sədaqət nümayiş etdirən, mənəviyyatca saf olan zabit kadrlarının hazırlanması üçün ulu öndər Heydər Əliyev hərbi təhsil sisteminin yaradılmasına və möhkəmləndirilməsinə xüsusi əhəmiyyət verirdi. Məlumdur ki, hələ sovet dövründə Heydər Əliyev bu mühüm sahədə dəyərli işlər görmüşdü və milli hərbi kadrlar hazırlığı üçün qiymətli bir baza yaratmışdı. Ona görə də müstəqillik illərində hərbi təhsil bazasının daha da inkişaf etdirilməsi və möhkəmləndirilməsi üçün əlverişli imkan mövcud idi. Ulu öndər Heydər Əliyev iştirak etdiyi tədbirlərdən birində Azərbaycanda Ali Hərbi Məktəbin, Ali Hərbi Təyyarəçilik Məktəbinin, Ali Hərbi Dənizçilik Məktəbinin, Hərbi Akademiyanın, müxtəlif təkmilləşdirmə kurslarının mövcudluğunu və onların milli hərbi kadrlar hazırlığı istiqamətindəki fəaliyyətini məmnunluqla qeyd edirdi. Onun sözlərinə görə, artıq formalaşmış olan hərbi təhsil sistemi Azərbaycan Respublikası Silahlı Qüvvələri üçün yeni zabitlər, müxtəlif ixtisaslar üzrə mütəxəssislər hazırlayacaqdır ki, bu da Azərbaycan Ordusunun müasir tələblərə uyğun inkişafına kömək edəcəkdir.
Ulu öndər Heydər Əliyev tərəfindən Azərbaycanda hərbi təhsil sisteminin inkişafına və möhkəmləndirilməsinə xüsusi diqqət yetirməsinin nəticəsi idi ki, atəşkəs dövründə mövcud olan hərbi təhsil sisteminin kifayət qədər təkmilləşdirilməsi üçün ciddi işlər görüldü. Ulu öndər Heydər Əliyevin şəxsi təşəbbüsü və qətiyyəti nəticəsində 1971-ci ildə əsası qoyulmuş Cəmşid Naxçıvanski adına xüsusi internat məktəbi 1997-ci ildə ulu öndər Heydər Əliyevin sərəncamı ilə C.Naxçıvanski adına Hərbi Lisey adlandırılmışdır. Atəşkəs dövründə ulu öndər Heydər Əliyev dəfələrlə liseydə olmuş, orada hərbi təhsilin gedişi ilə maraqlanmışdı. 2003-cü ilin aprelində ulu öndər Heydər Əliyev liseyin təşkilinin 30 illiyinə həsr edilmiş təntənəli mərasimdə də iştirak etdi. Bu tipli tədris ocağının milli kadrların hazırlanması sahəsindəki əhəmiyyəti nəzərə alındığı üçün Azərbaycan Respublikası Prezidentinin 13 mart 1998-ci il tarixli sərəncamı ilə C.Naxçıvanski adına Hərbi Liseyin Naxçıvan filialı təşkil edildi. 2004-cü ildə isə bu liseyin bazasında Heydər Əliyev adına Hərbi Lisey yaradıldı.
Sovet dövründən mövcud olan ali hərbi məktəblərin fəaliyyəti isə atəşkəs dövründə daha da təkmilləşdirildi. Hələ sovet dövründə zabit kadrların hazırlığının tanınmış məktəblərindən olan Bakı Ali Ümumqoşun Komandirləri Məktəbi Azərbaycanın müstəqilliyinin qazanılmasından sonra Bakı Ali Birləşmiş Komandanlıq Məktəbi adlandırıldı. Azərbaycan Respublikası Prezidenti Heydər Əliyevin 20 avqust 2001-ci il tarixli sərəncamı ilə bu məktəb Azərbaycan Ali Hərbi Məktəbi adlandırıldı. Azərbaycan Respublikası Prezidentinin 10 mart 2004-cü il tarixli fərmanı ilə məktəb indi Heydər Əliyevin adını daşıyır.
Ulu öndər Heydər Əliyevin ordu quruculuğunda irəli sürdüyü tələblərə onun bu istiqamətdəki təşkilatçılıq qabiliyyəti və işgüzarlığı nümunə idi. Məsələn, təkcə 1993-1998-ci illər ərzində ulu öndər Heydər Əliyev tərəfindən ordu quruculuğu məsələləri ilə bağlı 109 müşavirə, iclas və görüş keçirilmişdi. Həmin tədbirlərdə Azərbaycanın suverenliyinin və ərazi bütövlüyünün qarantı olacaq möhkəm ordu formalaşdırılmasının ən müxtəlif məsələləri və vəzifələri müzakirə edilmiş, əldə olunmuş qərarlar Müdafiə Nazirliyinin və digər müvafiq dövlət strukturlarının fəaliyyətinin əsasını təşkil etmişdi. Ordu quruculuğu məsələlərinə dövlət rəhbərliyinin qayğı və tələbkarlığının artırılması, bu istiqamətdə görülən işlərin sistemləşdirilməsi və təkmilləşdirilməsi Silahlı Qüvvələrin formalaşmasına da müsbət təsir göstərirdi.
Ulu öndər Heydər Əliyevin qətiyyətinin və böyük sərkərdəlik məharətinin nəticəsi idi ki, Azərbaycanın hərb tarixinə qızıl hərflərlə yazılan Horadiz əməliyyatı baş tutdu və 21 min hektar ərazi işğaldan azad edildi. Bütün bunlar sübut edir ki, bu gün Azərbaycanın qüdrətli və nizami orduya malik olması məhz ümummilli lider Heydər Əliyevin gərgin zəhmətinin bəhrəsidir.
Müasir ordu quruculuğunu xarakterizə edən, milli ordumuzun möhkəmlənməsinə geniş imkanlar yaradan əsas amil dinamik iqtisadi inkişaf və ölkəmizin iqtisadi qüdrətinin artmasıdır. İqtisadi inkişaf ordumuzun bütün istiqamətlər üzrə potensialının yüksək səviyyəyə çatdırılmasına və Azərbaycanda hərbi sənaye potensialının gücləndirilməsinə geniş imkanlar yaradır.
Ulu öndər Heydər Əliyevin zəngin dövlətçilik ənənələrinin layiqli davamçısı olduğunu əməli fəaliyyəti ilə sübuta yetirən Prezident İlham Əliyev regionda cərəyan edən proseslərin istiqamətini müəyyənləşdirən, ona təsir göstərən ciddi fenomenə çevrilmişdir. Bu gün Prezident İlham Əliyevi, eyni zamanda Azərbaycanın milli-mənəvi dəyərlərinin ən qüdrətli mühafizəçisi kimi görürük.
2004-cü ildən fəaliyyətə başlamış Heydər Əliyev Fondu təhsil, səhiyyə, mədəniyyət, idman, elm, texnologiya, ekologiya, sosial və digər sahələrdə müxtəlif layihələr həyata keçirərək yeni cəmiyyət quruculuğunda fəal iştirak edir, ölkənin sosial-iqtisadi inkişafına öz töhfəsini verir. Azərbaycanın mədəniyyət inciləri olan muğamın, aşıq musiqisinin, xalçaların YUNESKO-nun mədəni irs siyahısına daxil edilməsində Heydər Əliyev Fondunun xidmətləri danılmazdır. Bundan əlavə, nadir təbiət nümunələrinin, arxeoloji qazıntılar nəticəsində tapılan maddi mədəniyyət nümunələrinin dövlət tərəfindən mühafizə edilməsi, muzeylərin yaradılması və təmir-bərpa işlərinin aparılması Azərbaycan milli-mədəni irsinin qorunmasında dövlətin gördüyü işlər sırasındadır.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin qeyd etdiyi kimi: "Heydər Əliyev bütün zamanlarda, bütün dövrlərdə Azərbaycan xalqına ləyaqətlə xidmət etmişdir. Azərbaycanın müstəqilliyinin əbədi, dönməz olmasında, iqtisadi potensialının möhkəmlənməsində, bölgədə və dünyada nüfuzunun artmasında onun müstəsna xidmətləri var. Hazırda bu siyasət davam etdirilir. Bu gün ulu öndər Heydər Əliyev bizimlə deyil, ancaq onun siyasəti yaşayır, onun qurduğu müstəqil Azərbaycan yaşayacaqdır".
Bu siyasət möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi ilə qarşıya qoyulan bütün hədəflərin gerçəkləşməsinə, müstəqil Azərbaycanın gələcək tərəqqisinə, daha qüdrətli dövlətə çevrilməsinə, xalqımızın daha firavan həyata qovuşmasına mütləq əminlik yaradır.
Telman ŞAHBAZOV, Silahlı Qüvvələrin Hərbi
Akademiyası
Hərbi And.- 2018.- 28 dekabr.- S.9.