Türk dövləti qurmaq istəyən rəssamın acınacaqlı həyatı, faciəvi ölümü

 

Qərbi  Sibirdə yaşayan Altay türklərinin qəhrəman oğlu, Sibir mənzərələrini kətana köçürmüş, xalqının azadlığı uğrunda mübarizədə həlak olmuş Qriqori Çoros – Qurkinin ömür yolu əsl fədakarlıq dastanıdır.

Çar Rusiyası Sibiri ələ keçirdikdən sonra oraya missionerlərini göndərərək yerli xalqları yarı zor, yarı xoş xristianlaşdırmağa çalışırdı. Gələcəyin böyük rəssamı və mübariz vətənpərvəri Qriqori Çoros-Qurkinin atası xaç suyuna salınaraq xristianlaşdırılmış və kilisədə ona İvan adı verilmişdi. Bölgənin məşhur Çoros nəslindən olduqlarına görə Qriqori rəssam kimi məşhurlaşanda özünə nəslinin adını ləqəb götürür.

12 yanvar 1870-ci ildə Dağlıq Altayın Biyski qəzasının Ulala kəndində xiristianlaşdırılmış türk ailəsində doğulan Qriqorini səkkiz yaşında missionerlərin kilsələr üçün ikona hazırlayan məktəbinə şagird verirlər. O, burada yalnız ikona hazırlamağı deyil, ağacları növünə və yaşına görə necə qurutmağı, ağac parçasının və taxtanın illər keçəndən sonra da rəngini qoruyub saxlaması üçün nələr etmək lazım gəldiyini, bir sözlə ikona sənətinin sirlərini və təsviri sənəti öyrənir.

Yaşıdlarından əl qabiliyyəti və baçarığına görə seçildiyi üçün onu sənətin sirrlərini öyrəndiyi məktəbdə usta – müəllim saxlayırlar. Az bir vaxtda Qurkin bölgədə həvəskar rəssam, ikona ustası kimi tanınır. Batı Sibirin mərkəzlərindən sayılan Tomsk şəhərinə tez-tez gedən rəssam, oradakı ədəbi-mədəni mühitlə yaxından tanış olur.

Tale onu 1896-cı ildə bölgəyə ekspedissiyaya gəlmiş etnoqraf, bəstəkar və şair A.B.Anoxin, coğrafiyaçı və səyyah, Sibir xalqlarının folklorunu toplamış Q.N.Potanin, geodeziyaçı pofessor, sonralar Rus ədəbiyyatına “Uqrum çay” kimi dəyərli roman bəxş etmiş B.Y.Şişkovla görüşdürür. Onlar Qiriqori Qurkinin əl işlərinə heyran qalırlar.

Fitri istedad sahibinə Avropa rəssamlıq məktəbi barədə bilgi verirlər və məsləhət görürlər ki, Sankt-Peterburqa gedib oradakı rəssamlıq akademiyasında təhsil alsın.

Araşdırmaçı Əli Şamil moderator.az-a açıqlamasında rəssamın bundan sonrakı həyatı barəsində çox maraqlı məqamları danışır:

“Paytaxta gələn və 1897-ci ilin oktyabrında Peterburq Rəssamlıq Akademiyasına imtahan verən Qriqori Qurkini qəbul etmirlər. Necə deyərlər,  ixtisas imtahanından ümumi biliyinin zəif olması və rəssamlıq hazırlığı yetərincə olmadığına görə kəsilir. Məşhur mənzərə ustası İvan Şişkin isə fitri istedadını görərək Qriqorini emalatxanasında işə götürür. O, burada üç il çalışdıqdan sonra 1899-cu ilin martında akademiyanın mənzərə sinfinə daxil olmağı bacarır. Oncə İvan Şişkin o öldükdən sonra isə A.A.Kiselovun sinifində oxuyur və rəngkarlığın sirlərinə dərindən yiyələnir.

Akademiyanı bitirdikdən sonra, yəni 1903-cü ildə vətənə dönən rəssam bir rus qadını ilə evlənir və Anos kəndində, Katun çayının sahilində, gözəl bir guşədə özünə ev tikərək Sibir mənzərələrini kətana köçürməyə başlayır. Əsərləri Sibirin ən nüfuzlü insanlarının otaqlarını bəzəyir. 1907-ci ilin dekabrın 23-də Tomskdə açılmış fərdi sərgisi ona böyük uğur qazandırır. Peterburqlu sənət tənqidçiləri Qriqori Çoros-Qurkinin mənzərə janrında çəkdiyi tablolar haqqında yüksək fikir söyləyirlər.

Qriqori Qurkinin Omskdə, Barnaulda, Krasnoyarskidə, Novonikolayevskidə açılan sərgiləri də uğurlu olur. Rəssamın əsərləri satılır, ona yeni sifarişlər verilir”.

Amma Qriqori Qurkini bunlar qane etmir. O, istəsə idi, çox gözəl mənzərəsi olan yerdə sakitcə yaşaya və həyatını istədiyi kimi təmin edə bilərdi. Lakin xalqına mənsub olan insanların ağır həyatı, aclıq, səfalət onu hadisələrə laqeyd yanaşmağa imkan vermir. Əli Şamil bu barədə danışır:

“Qriqori Çoros-Qurkinin “Katunda bahar”, “Laje gölü” və “Õàn Àltay”, “Yadıqem çayı”, “Karakol”, “Àltay. Dağ vadisi”, “Êàtun çayının qolları”, “Dağ gölünün ruhu” və başqa əsərləri böyük maraqla qarşılanır. O, mövzu axtararkən Batı Sibiri qarış-qarış gəzməli olur. Zəngin təbii sərvəti və əvəzsiz gözəlliyi olan bölgənin sürgün yerinə çevrilməsi, soydaşlarının doğma yurdlarında ikinci dərəcəli insan sayılması və ac-yalavac yaşaması onu çox narahat edir.

Açıq-aydın görür ki, yarı zor, yarı xoş soydaşlarının xristianlığı qəbul etməsi milli ayrıseçkilyi aradan qaldırmayıb. Nəinki çar məmurları, hətta hökumətdən narazı olduqlarına görə Batı Sibirə sürgün edilən rus ziyalılarının böyük əksəriyyəti də onun xalqına yuxarıdan aşağı baxır.

Odur ki, soydaşlarını öz haqları uğrunda mübarizəyə, hüquqlarını qorumağa, maariflənməyə həvəsləndirir. Rus dilində təhsil almasına, özünü xristian saymasına baxmayaraq rəsm əsərlərini ana dilində adlanırır, babalarının inanclarına sayqı ilə yanaşır və onu içində yaşadır.

1917-ci ilin fevralında çar İkinci Nikolayın hakimiyyətdən uzaqlaşdırılması, Romanovlar sülaləsinin 300 illik hakimiyyətinə son qoyulması Qriqori Qurkində ruh yüksəkliyi yaradır. O, düşünürdü ki, Rusiya demokratik bir ölkəyə çevriləcək və soydaşları da əsarətdən qurtulacaq. Lakin bolşeviklərin hakimiyyəti zorla ələ almaları vəziyyəyi daha da ağırlaşdırır. Ölkəni vətəndaş Savaşı bürüyür. Xalqını azad görmək istəyən rəssam milli ayrıseçkiliyə son qoyulmasını tələb etdiyinə görə separatizmdə, Rusiyanı parçalamağa cəhddə suçlanır”.

Bundan sonra isə Qurkinin həyatının ən acınacaqlı illəri başlayır:

“1919-cu ilin aprelində Kolçakın qurduğu oyuncaq hökumət Qriqori Çoros-Qurkinin həbs edilməsinə göstəriş verir. Dostlarının və bölgənin nüfuzlu insanlarının təsiri ilə zamınə buraxilsa da vəziyyətin getdikcə gərginləşdiyini görərək Monqolustana qaçmaq məcburuiyyətində qalır.

Bolşeviklər Sibiri yenidən tutduqdan sonra da Qriqori Çoros-Qurkin vətənə dönmür. O zaman müstəqil respublika olan Tuvaya gedir.

Beş ilə yaxın Tuvada yaşayan və yaradıcılıqla məşğul olan rəssamı Sovet emissarları dilə tutaraq vətənə qaytara bilirlər. İlk günlər ona sayqı ilə yanaşır, Batı Sibirin inzibati mərkəzinə çevrilmiş Novosibirsk şəhərində və Moskvada fərdi sərgisini açırlar.

1926-cı ildə Moskvada açılmış fərdi sərgisinə hökumətin ən məşhur simalarından olan, mədəniyyət incəsənət işlərinə rəhbərlik edən xalq komissarı Lunaçarski gəlir. Lunaçarski Qriqori Qurkinin əsərləri haqqında mərkəzi mətbuatda yüksək fikirlər söyləyir.

Təriflər, sərgilər rəssamın həqiqəti görməsinə əngəl törədə bilmir. O, cəmiyyətdəki nöqsanlara dözə bilmədiyindən rəsmi toplantılarda da bolşeviklərin Sibirdə yaşayan türk xalqları ilə çar məmurları kimi davrandıqlarını söyləyir. Rəhbər vəzifədə olan soydaşları ilə açıq müzakirələrə girişir, razılığa gəlirlər ki, mərkəzi hökümət qarşısında Batı Sibir Türk Respublikası yaradılması məsələsini qaldırsınlar. Məsələni bölgənin rəsmi toplantılarında gündəmə gətirirlər. Xakasların, Şorların, Oyrat-altayların çoxluq təşkil etdiyi bölgədə Batı Sibir Türk Respublikası yaratmaq ideyası xalq kutlələri tərəfindən rəğbətlə qarşılanır”.

Mərkəzi hökumət bölgədə yerini lazımınca möhkəmlətmədiyindən bu məsələyə sərt münasibət göstərmir, əsas ağırlığı silahlı müxalifəti məhv etməyə yönəldir. İstəyinə nail olduqdan sonra Sibirə sürgün edilmiş başqa mllətin nümayəndələrinin əliylə yerli xalqların öncüllərini cəzalandırmağa başlayır.

İdarəetmədə yerli xalqların nümayəndələrinin olmadığını, inzibati-ərazi bölgəsinin düzgün qurulmadığını, milli hüquqların tapdalandığını söyləyən insanlar millətçilikdə, antisovet təbliğat aparmaqda, xarici ölkələrin xüsusu xidmət orqanları ilə əməkdaşlıqda suçlandırılırlar.

1934-cü ilin aprelində Qriqori Çoros-Qurkin daxil olmaqla 37 nəfər həbs olunur. Onların arasında 1926-cı ildə Bakıda keçirilən Birinci Türkoloji Qurultayın iştirakçısı Nikolay Qriqoryeviç Katanov da olur.

Dörd aylıq istintaqdan sonra Batı Sibir Türk Respublikası ideyasının tərəfdarlarının məhkəməsi başlayır. Lakin bu məhkəmə o qədər sərt keçmir.Yaponyanın dəstəyi ilə Sibir türklərinin birliyinə nail olmaqda, Batı Sibir Türk Respublikası qurmaqdasuçlananların bir qisminə içbari verilir, bəziləri cinayəti sübut edilmədiyindən azadlığa buraxılır. Lakin bunlar ötəri keçici bir proses idi, qarşıdan daha ağır günlər gəlirdi.

Əli Şamil Qurkinin ömrünün faciəvi sonluğu barəsində çox təsirli faktlara toxunur:

“1937-ci ildə Qriqori Çoros-Qurkin yenidən həbs edilir ağır işgəncələri başlayır. Krasnoyarsk şəhərində fəaliyyət göstərən Ali Məhkəmənin Hərbi Kollegiyası Qriqori Çoros-Qurkin məsləkdaşlarına ölüm hökmü oxuyur. Taleyin qəribəliyi orasında idi ki, 1937-ci ildə Qriqori Qurkinə qarşı əks cəbhədə olanlar, Moskanın tapşırıqlarını yerinə yetirənlər həbs edilir. Dağlıq Altayın görkəmli siyasi dövlət xadimi, Sovetlərin bölgədəki ən güclü ideoloqu Nikitı Fyodroviç Medjum-İvanov da 1937-ci il oktyabrın 11-də Qriqori Çoros-Qurkinlə birlikdə güllələnir”.

İllər keçir. Qriqori Çoros-Qurkin onun kimi minlərlə insana 1956-ci ildən sonra bəraət verilir. Adının əbədiləşdirilməsi, əsərlərinin təbliği sahəsində bəzi işlər görülür. Lakin hələ Qriqori Çoros-Qurkinin arzuları reallaşmayıb.

 

 

E.Nuri

 

Hərbi  And .- 2018.- 15 iyun.- S.13.