Ulu
öndər Heydər Əliyev və Azərbaycan Xalq
Cümhuriyyəti generalları
Azərbaycan Respublikasının
Prezidenti İlham Əliyevin Sərəncamı ilə 2018-ci
ilin “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan edilməsi
xalqımızın qədim və zəngin dövlətçilik
tarixinə böyük ehtiramın göstəricisidir. Şərqdə
ilk demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyəti
xalqımızın dövlətçilik tarixində
özünəməxsus dəyərlər miras qoyub. Ulu
öndərimiz Heydər Əliyev bunu həmişə
yüksək dəyərləndirirdi.
Prezident İlham Əliyevin imzaladığı
Sərəncamda deyilir: “...Azərbaycan Xalq Cümhuriyyəti zəngin
dövlət quruculuğu təcrübəsi ilə milli
dövlətçilik tarixində silinməz izlər qoyub,
xalqın qəlbində azadlıq və istiqlal
duyğularını gücləndirməklə
respublikanın gələcək müstəqilliyi
üçün etibarlı zəmin hazırlayıb”. Bu zəmin 1991-ci ildə gerçəkləşdi,
Azərbaycanın dövlət müstəqilliyi bərpa
olundu.
“Azərbaycan Xalq Cümhuriyyəti İli”
– 2018-ci il həm də Azərbaycan
Ordusunun 100 illik yubiley ilidir.
AZƏRTAC bu münasibətlə tarix elmləri
doktoru, ehtiyatda olan polkovnik Mehman Süleymanovun məqaləsini
təqdim edir.
1993-cü ilin iyununda xalqın təkidli tələbi
ilə hakimiyyətə qayıdan ulu öndər Heydər
Əliyevin diqqət mərkəzində olan ən əsas məsələlərdən
biri də ölkə ordusunun yenidən qurulması, ordunun,
xalqın və bütün cəmiyyətin Azərbaycanın
ərazi bütövlüyünün təmin edilməsinə
səfərbər edilməsi idi. Azərbaycan
cəmiyyətinin ölkənin müstəqilliyinin və ərazi
bütövlüyünün müdafiəsi kimi vahid məqsəd
ətrafında birləşdirilməsi, onun mübariz ruhunun təşkilatlandırılması
və istiqamətləndirilməsi, mənəvi
potensialının üzə çıxarılması
üçün Heydər Əliyevin istinad etdiyi ən qiymətli
meyarlardan biri xalqın hərbi və qəhrəmanlıq
tarixi idi. Bu tarixi o, Azərbaycan xalqından miras
qalmış zəngin və ibrətamiz bir sərvət kimi
qiymətləndirir, ölkənin müdafiəsinin təşkilinin
müxtəlif məsələləri ilə bağlı
çıxışlarında hər bir vətəndaşı
bu tarixə tapınmağa çağırırdı. Ulu
Öndərin fikrincə, bu tarix Azərbaycan
xalqının Vətənə, torpağa bağlılıq,
sevgi tarixi idi və bu tarixə sədaqət müstəqilliyin
yaşarılığına real zəmin yarada bilərdi. Azərbaycan
xalqının Ümummilli Lideri bildirirdi: “Azərbaycan
Respublikasının öz torpaqlarını müdafiə etmək
üçün böyük potensialı var. Ən
böyük potensial bizim insanların Vətənə,
torpağa bağlılığı, Vətəni,
torpağı sevməsi və onu qorumaq hissidir. Bu,
xalqımızın tarixi ənənələrindən irəli
gələn hissidir. Güman edirəm ki, xalqımız tarixi ənənələrimizi,
keçmişimizi yada salaraq Azərbaycanın bu ağır vəziyyətdən
çıxması üçün bundan sonra səmərəli
tədbirlər görəcəkdir”. Başqa bir
çıxışında Heydər Əliyev deyirdi: “Azərbaycan xalqının tarix boyu nümayiş
etdirdiyi qəhrəmanlıq, cəsurluq ənənələri
bu gün müstəqil Azərbaycan dövlətində yenidən
yüksəlmişdir və daha da canlanacaqdır”, “Azərbaycan
xalqı tarix boyu, əsrlər boyu həmişə mərdlik,
cəsarət, qəhrəmanlıq göstərmişdir,
öz yurdunu, öz torpağını müdafiə
etmişdir, öz mənliyini qoruyub saxlamışdır”.
Ümummilli Lider
xalqımızın qəhrəmanlıq tarixini yüksək qiymətləndirirdi və
şübhə etmirdi ki, Azərbaycan xalqı
bu tarixi
ənənələri yaşadacaq, əcdadlarının yolunu
davam etdirərək ölkənin müstəqilliyinin müdafiəsinə qalxacaq.
Heydər Əliyev bildirirdi ki, Azərbaycanın
gənc nəslinin, onun ordusunun şəxsi heyətinin hərbi
vətənpərvərlik tərbiyəsinin gücləndirilməsi,
onlarda qələbəyə dərin inam, Vətənə və
torpağa sarsılmaz sədaqət hisslərinin
aşılanması da xalqın qəhrəmanlıq tarixinin
öyrənilməsi ilə daha təsirli və səmərəli
ola bilər. Bu günün və sabahın ən
yaxşı qəhrəmanlarının, vətənpərvərlərinin,
xalqın tarixi qəhrəmanlarının timsalında
yetişdirilməsi daha realdır. Hələ
ötən əsrin əvvəllərində Azərbaycan Xalq
Cümhuriyyətinin ilk peşəkar hərbi naziri, tam
artilleriya generalı Səməd bəy Mehmandarov Azərbaycanın
hərb tarixinin öyrənilməsinin qoşunların mənəvi-psixoloji
əhval-ruhiyyəsinin sağlamlaşdırılması
istiqamətindəki rolu barədə deyirdi:
“Bolşevizmlə mübarizə tədbirlərindən biri
xalqda sağlam milli hisslərin oyadılmasıdır. Bu, Azərbaycan
Respublikasının yaranmaqda olan gənc ordusu
üçün xüsusilə zəruridir. Bizim
yalnız tatarlarla (azərbaycanlılarla - M.S.) komplektləşdirilən
hərbi qüvvələrimiz öz xalqının dünya
tarixinin səhifələrində çoxlu igidliklər
yazmış, bütün Avropa xalqları tərəfindən
xatırlanan və danışılan, ancaq
özümüzün daha az bələd olduğumuz şərəfli
hərbi keçmişini bilməlidirlər. Yüz
ildən artıq davam edən Rusiya səltənətindən
xilas olan türk (Azərbaycan - M.S.) xalqına
xatırladılmalıdır ki, biz heç də həmişə
əsarət altında olmamışıq, həm də
öz iradəmizi Avropa və Asiyaya diktə etmişik. Güman edirəm ki, türk (Azərbaycan - M.S.)
tarixinin bilicilərindən kiməsə xalqımızın
bu günə qədərki mühüm hadisələrini
özündə əks etdirən tarixi barədə kütləvi
kitabçaları hazırlamağı və çap etdirməyi
tapşırmaq çox faydalı olardı... Bizim
ziyalılarımızın əsas vəzifələrindən
biri orduya onun tarixi keçmişini tanıtmaqdır”.
Heydər
Əliyev də məhz belə bir qəhrəmanlıq tarixini
və qəhrəmanlıq ənənələrini xalq
üçün nümunə göstərirdi. Qəhrəmanlıq
tariximizin öyrənilməsi həm də Azərbaycanın
hər bir əsgərinin və zabitinin
dünyagörüşünü, onun hərbi təfəkkürünü
genişləndirərdi ki, bu da Vətən
qarşısındakı xidməti vəzifəyə
şüurlu münasibətin zəruri tərəfi idi.
Ulu Öndər
çıxışlarında Azərbaycan xalqının hərb
tarixinə qızıl hərflərlə yazılmış
sərkərdələrin adlarını qürurla çəkir
və onların qəhrəmanlıqlarını müasirlərə
nümunə göstərirdi. Dahi
şəxsiyyətin istinad etdiyi belə sərkərdələr
arasında Cümhuriyyət generalları olan Səməd bəy
Mehmandarovla Əlağa Şıxlinskinin adları xüsusi
yer tutur. Azərbaycan Respublikasının Prezidenti, Ali Baş
Komandan İlham Əliyevin Sərəncamı ilə general
Əlağa Şıxlinskinin 150, general Səməd bəy
Mehmandarovun 160 illik yubileyləri bütün respublika
miqyasında qeyd edilib.
Səməd
bəy Sadıq bəy oğlu Mehmandarov hələ çar
Rusiyası ordusu tərkibində xidmət edərkən
artilleriya üzrə tam general (general-polkovnik) rütbəsinə
qədər yüksəlmişdi. S.Mehmandarov Azərbaycanın
hərb tarixində Hüseyn xan Naxçıvanskidən sonra
bu yüksək hərbi rütbəyə layiq
görülmüş ikinci azərbaycanlı idi. Əlağa
Şıxlinski isə bu rütbəyə S.Mehmandarovun təqdimatı
əsasında Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin
qərarı ilə layiq görülmüşdü.
Ümummilli lider Heydər Əliyev bu
generalları həm Birinci Dünya müharibəsinin, həm
də Azərbaycan Xalq Cümhuriyyətinin
iştirakçısı kimi yüksək qiymətləndirirdi. Heydər Əliyev hər iki generalın
Port-Artur müharibəsinin iştirakçısı
olmasını vurğulayaraq deyirdi: “Rus ordusunda böyük
hörmət qazanmış Səməd bəy Mehmandarov,
Əlağa Şıxlinski tariximizdə adlarını
çəkdiyim generallara nisbətən daha da
tanışdırlar. Onlar Rusiya-Yaponiya müharibəsində
iştirak etmişlər, qəhrəmanlıq nümunələri
göstərmişlər, sonra isə 1918-ci ildən
başlayaraq Azərbaycanda Silahlı Qüvvələrin
yaranmasında böyük xidmətləri olmuşdur”.
Səməd bəy Mehmandarovla Əlağa
Şıxlinskinin digər hərbçilərə nisbətən
daha çox məşhur olmasını Heydər Əliyev də
qeyd edirdi. Onlar bu
şöhrəti Port-Artur cəbhələrində,
xüsusilə də Birinci Dünya müharibəsi cəbhələrində
qazanmışdılar. Səməd bəy
Mehmandarov Port-Artur cəbhəsində ikən general-mayor
rütbəsinə layiq görülmüşdü. Rus ordusunun
Port-Arturda məğlub olmasına baxmayaraq, Səməd bəyin
general rütbəsinə layiq görülməsi də onun
bir hərbçi kimi malik olduğu potensialdan xəbər
verirdi.
İstər
S.Mehmandarovun, istərsə də Ə.Şıxlinskinin xidməti,
həyatının daha mühüm səhifələrindən
biri olan Birinci Dünya müharibəsi ilə
bağlıdır. Əslində, bu müharibə Azərbaycanın
hərbçilər nəslinin yetişməsinin sınaq
meydanı oldu.
Müharibənin başlanğıcında
Ə.Şıxlinski Petroqradın topçu rəisi idi.
Sonrakı illərdə o, bir neçə məsul vəzifələrə
təyin edildi və 1917-ci ilin aprelində general-leytenant
rütbəsinə layiq görüldü. Səməd bəy
Mehmandarov isə Birinci Dünya müharibəsi başlayanda
piyada diviziyasının komandiri idi. O, 1915-ci ildə isə
2-ci Qafqaz korpusuna rəhbərlik edirdi. Elə həmin
ildə də tam artilleriya generalı rütbəsinə layiq
görüldü. Birinci Dünya müharibəsinin
gedişində S.Mehmandarovla Ə.Şıxlinski istedadlı və
təcrübəli generallar kimi tanındılar və
tapşırılan sahələrdə hərbi
uğurları təmin etdilər. Birinci
Dünya müharibəsinin sonlarında Rusiyada baş verən
çevrilişlərdən sonra ordunun siyasiləşməsi,
siyasi iddialar fonunda hərbi savadın, təcrübənin,
istedadın arxa plana keçməsi bu generalların hər
ikisinin istefaya çıxması ilə nəticələndi
və bununla da onların sonrakı taleyi Azərbaycanla
bağlandı.
Bu
generalların daha böyük uğurları Azərbaycan Xalq
Cümhuriyyətinin müstəqil milli ordusunun
formalaşdırılması sahəsindəki xidmətləri
ilə bağlıdır. Ümummilli lider Heydər Əliyev
bu dövrdə S.Mehmandarovun, Ə.Şıxlinskinin və digərlərinin
tarixi xidmətlərinə aşağıdakı kimi qiymət verirdi: “1918-ci ildə Xalq Cümhuriyyəti, Azərbaycanın
ilk demokratik hökuməti dövlət quruculuğu işini
çox mürəkkəb və çətin bir dövrdə
apardığı zaman Silahlı Qüvvələrin
yaranmasına və ordu quruculuğuna xüsusi əhəmiyyət
vermiş, qayğı göstərmişdir”.
Ümummilli lider Heydər Əliyev
2003-cü ilin iyununda Silahlı Qüvvələr günü
münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətinə
göndərdiyi təbrikində Cümhuriyyət
dövründə aparılan ordu quruculuğuna və bu prosesdə
Səməd bəy Mehmandarovla Əlağa Şıxlinskinin
xidmətlərinə belə qiymət verirdi: “Azərbaycanda
ordu quruculuğu prosesi çox çətin, mürəkkəb
və ziddiyyətli mərhələlərdən
keçmişdir. Xalq Cümhuriyyətinin
mövcud olduğu 1918-1920-ci illərdə Səməd bəy
Mehmandarov, Əlağa Şıxlinski və digər peşəkar
hərbçilərin rəhbərliyi altında yüksək
intizama və hərbi hazırlığa malik,
döyüş qabiliyyətli milli ordu hissələri
formalaşdırılmışdı. Azərbaycanın yeni yaradılmış ordusu Ermənistanın
təcavüzünün qarşısının
alınması, Qarabağda və digər ərazilərdə
separatçı hərəkatların yatırılması və
ölkə sərhədlərinin qorunmasında mühüm
rol oynamış, öz hərbi qabiliyyətini nümayiş
etdirə bilmişdi”.
Cümhuriyyətin ordu quruculuğu Heydər
Əliyev tərəfindən çox yüksək qiymətləndirilib. Ulu Öndər vurğulayırdı ki,
çətin şəraitdə olmasına baxmayaraq,
Cümhuriyyət ordusunun rəhbərləri yüksək
intizama və hazırlığa malik, döyüş qabiliyyətli
milli ordu hissələri formalaşdırdılar. “Bu qüvvələr
uğurlu işlər gördülər və Ermənistanın
Azərbaycana qarşı törətdiyi təxribatlara
qarşı mübarizə apardılar”.
Heydər Əliyevin bu fikirləri
Cümhuriyyət ordusunun formalaşma və fəaliyyət
tarixinə qısa bir baxışdır. Onun bu müxtəsər fikrinin
arxasında isə son dərəcə gərgin və yorulmaz
bir fəaliyyət dayanır. Cümhuriyyət
ordusunun təşkilati baxımdan formalaşdırılması,
ordu quruculuğunun hüquqi bazasının hazırlanması,
milli zabit kadrlarının hazırlığının təşkilatlandırılması,
hərbi işdən uzaq düşmüş olan əhali
arasında çağırış və səfərbərlik
işinin qurulması, ordu quruculuğunun milli
dəyərlər üzərində aparılması, ordu ilə
xalq arasında qırılmaz əlaqələrin
yaradılması, ordunun şəxsi heyətində Azərbaycanın
müstəqilliyinə dərin sədaqət hisslərinin tərbiyələndirilməsi,
bir-birinin ardınca piyada və süvari hissələrinin
yaradılması, Azərbaycanın hərbi
hava qüvvələrinin və hərbi dəniz qüvvələrinin
əsasının qoyulması və s. işlər Səməd
bəy Mehmandarovla Əlağa Şıxlinskinin rəhbərliyi
altında aparılan uğurlu işlərin müxtəsər
statistikasıdır. Bu sahələrdə
əldə edilən nəticələrin dəyəri isə
Azərbaycanın ərazi bütövlüyünün təmin
edilməsində özünü göstərdi. 1919-cu ilin
yazında və yayında Səməd bəy Mehmandarovun rəhbərliyi
altında Azərbaycanın şimalında və Abşeron
yarımadasında aparılan güclü müdafiə
işləri Denikin ordusunu Azərbaycana hücumdan çəkindirdi.
Elə həmin ilin yayında Lənkəran
bölgəsində baş vermiş separatçılıq hərəkatına
son qoyuldu. 1920-ci ilin yazında Qarabağda erməni təcavüzünə
qarşı aparılan uğurlu mübarizə S.Mehmandarovla
Ə.Şıxlinskinin rəhbərliyi altında yaradılan
ordunun qəhrəmanlıq tarixinə yazılmalı
olan şərəfli bir səhifədir.
Heydər Əliyev bu iki sərkərdənin
xidmətlərini yüksək qiymətləndirirdi: “Səməd
bəy Mehmandarov, Əlağa Şıxlinski uzun müddət
çar Rusiyasının ordusunda xidmət edəndən, Xalq
Cümhuriyyəti dövründə müstəqil Azərbaycan
Ordusunun yaranmasına rəhbərlik edəndən sonra Azərbaycan
Sovet Sosialist Respublikasında da ordu qurmaq, yaratmaq, azərbaycanlılara
hərbi təhsil, təlim vermək işləri ilə məşğul
olmuşlar. Bu,
çox maraqlıdır, səciyyəvidir, amma eyni zamanda təbiidir.
Çünki hərbi peşə, ixtisas birinci növbədə
hərbi təhsil, təcrübə, bilik, hərbi təlim-tərbiyə,
döyüş təcrübəsi tələb edir. Bunlar
olmayanda ordu qurmaq, Silahlı Qüvvələr yaratmaq
mümkün deyildir. Əgər bunlar, peşəkar hərbçilər
varsa, ordu quruculuğunda onlardan səmərəli istifadə
etmək olar. Səməd bəy Mehmandarov, Əlağa
Şıxlinski buna əyani sübutdur”.
Süleymanov
Mehman
Hərbi And.- 2018.- 15 iyun.- S.9.