Xalqın layiqli xidmət məramı

 

Ümummilli lider hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğu məsələsini də daim diqqət mərkəzində saxlayaraq bu istiqamətdə mühüm islahatlar həyata keçirmişdir. Heydər Əliyev böyük siyasət ustadı olaraq hər bir fərdin maraq və mənafelərini təmin etmədən, ədalət meyarını qorumadan güclü dövlət yaratmağın mümkünsüzlüyünü nitqlərində hər zaman vurğulamış, vətəndaşlara göstərilən hüquqi yardımın səviyyəsinin müntəzəm surətdə artırılmasının əsas təşəbbüskarı kimi çıxış etmişdir. Ulu öndərin rəhbərliyi altında hazırlanaraq 1995-ci ilin 12 noyabrında ümumxalq səsverməsi yolu ilə qəbul edilmiş müstəqil Azərbaycan Respublikasının Konstitusiyası dövlətimizin tarixində hakimiyyət bölgüsü prinsipinin, demokratik-hüquqi və dünyəvi dövlət quruculuğunun hüquqi əsaslarının, insan hüquq və azadlıqlarının qeyd-şərtsiz təmin olunmasının bünövrəsini qoymuşdur. Azərbaycan demokratik, hüquqi, dünyəvi dövlət kimi ilk dəfə olaraq insan hüquqlarının prioritetliyini və hakimiyyət bölgüsünü özünün gələcək inkişaf yolu kimi seçmişdir. Demokratik tələblərə tamamilə cavab verən bu ali sənəd müstəqil Azərbaycanın ilk Konstitusiyası kimi tarixilik qazanmışdır.

Heydər Əliyev dövlətçilik irsinin əsas istiqamətlərindən biri də dövlətin milli təhlükəsizliyinin və ərazi bütövlüyünün təmin olunması sahəsində kompleks tədbirlərin görülməsidir. Ölkənin hərbi qüvvələrinin yaradılması dövlətçiliyin əsas atributu və qarantı hesab olunsa da, təəssüf ki, SSRİ dağıldıqdan sonra Azərbaycanda hakimiyyəti ələ keçirməyə müvəffəq olmuş qüvvələrin səbatsız siyasəti nəticəsində bu amil dövlətçilik üçün təminata deyil, təhlükəyə çevrilmişdi. Ordu quruculuğunda və ölkənin milli təhlükəsizlik sisteminin formalaşdırılmasında yol verilən kobud səhvlər son nəticədə ölkədə qanunsuz hərbi birləşmələrin timsalında vətəndaş müharibəsinin subyektlərinin meydana çıxmasına səbəb olmuşdu. Ordunun siyasiləşməsi, dövlətçilik prinsiplərinə əsasən deyil, şəxsi siyasi maraqlara nəzərən formalaşdırılması sonda Azərbaycanın müstəqilliyi üçün ciddi təhlükə mənbəyi idi. Ulu öndər Heydər Əliyev xalqın təkidli tələbi ilə hakimiyyətə gəldikdən sonra bu tendensiyaya qarşı ciddi mübarizə aparmış, dövlətin milli təhlükəsizliyinin və ərazi bütövlüyünün təminatçısı funksiyasını yerinə yetirən sabit və güclü silahlı qüvvələrin yaradılmasına nail olmuşdur.

Ümummilli lider hakimiyyətdə olduğu müddətdə Azərbaycan cəmiyyətinin vahidliyini, bütövlüyünün təmin olunmasını özünün strateji vəzifəsi saymışdır. Ulu öndər cəmiyyətin vahidliyini təmin edərək, onun müxtəlif istiqamətlər - sosial bərabərsizlik, regional faktor, dini və milli mənsubiyyət amili baxımından parçalanmasına imkan verməmişdir. Bu, Azərbaycan dövlətçiliyinin yaşaması, inkişaf etməsi baxımından ən düzgün seçim idi və ötən illərin reallıqları da bunu təsdiqləmişdir. Heydər Əliyev şəxsiyyəti bütün sistem və ölçülərin, ictimailəşmiş qəliblərin fövqündə dayansa da, bu ucalıq onun böyük dövlət xadimi, görkəmli ictimai-siyasi xadim və bunlardan da əvvəl - Böyük Azərbaycanlı olması faktını qətiyyən istisna etmir.  "Hər bir insan üçün milli mənsubiyyəti onun qürur mənbəyidir. Həmişə fəxr etmişəm və bu gun də fəxr edirəm ki, mən azərbaycanlıyam " - deyən böyük strateq azərbaycanlılara xas gözəl nə varsa, onların hamısını öz parlaq simasında bir araya gətirmişdir. Şəxsiyyətinin böyüklüyü və miqyası kimi daha iri ölkələrə rəhbərlik etmək imkanında olan Heydər Əliyev Azərbaycan adlı qədim diyarı az qala, qarış-qarış gəzərək, rəhbər kimi onun hər bölgəsinə silinməz izlər salmış, sağlığında xalq üçün gördüyü nəhəng işlərlə özü-özünü əbədiləşdirmişdir.

Ümummilli lider Heydər Əliyev hələ 70-80-ci illərdə respublikada formalaşdırmış zəngin elmi-intellektual potensiala istinad edərək özünün təkmil təhsil konsepsiyasını irəli sürmüş, milli tərəqqi baxımından strateji əhəmiyyət daşıyan bu sahənin problemlərini xüsusi diqqət mərkəzində saxlamışdır. Bu böyük şəxsiyyətin Azərbaycan xalqı və dövləti qarşısındakı misilsiz xidmətləri eyni zamanda, ciddi təmələ əsaslanmaqla həyata keçirdiyi fəal maarifçilik siyasətində parlaq surətdə təcəssümünü tapır. Ulu öndər Heydər Əliyev Azərbaycan təhsilinin milli əsaslar üzərində çağdaş dünya təhsil sisteminə inteqrasiyasını başlıca vəzifə kimi aktuallaşdırmış, elm-təhsil sahəsində mütərəqqi islahatları ardıcıllıqla həyata keçirmişdir. Böyük strateq milli təhsil sistemində islahatların təkamül yolu ilə aparılması tərəfdarı kimi çıxış etmiş, bu mövzuda ictimai müzakirələrin açılmasına nail olmuşdur.  "Təhsil sistemi elə bir sistemdir ki, burada heç bir inqilabi dəyişiklik ola bilməz. Ümumiyyətlə, bizim həyatımızın bütün sahələrində dəyişikliklər təkamül xarakteri, tədrici dəyişikliklər xarakteri daşıyır... Təhsil Qanunu elə bir qanundur ki, təhsil islahatları elə islahatlardır ki, iqtisadiyyatdan, maliyyədən, başqa sahələrdən fərqli olaraq, bunda bütün cəmiyyətin iştirakı lazımdır " - deyən ulu öndər Heydər Əliyev bu məsələyə böyük həssaslıqla yanaşdığını göstərmişdir.

Ölkəmizdə elmə, təhsilə, yüksək ixtisaslı kadrların hazırlanması məsələlərinə daim ciddiliklə yanaşmış ulu öndər Heydər Əliyev müstəqil Azərbaycana rəhbərliyi dövründə də bu mütərəqqi ənənəyə sadiqlik nümayiş etdirmişdir. Ümummilli lider vaxtilə məzunu olduğu Bakı Dövlət Universitetini də unutmamış, ilk gündən bu ali təhsil müəssisəsinin üzləşdiyi problemlərin həllini diqqətdə saxlamışdır. Ulu öndərin dəfələrlə universitetə gəlişi bu böyük təhsil müəssisəsinə sanki yeni həyat vermiş, çətinliklərə rəğmən onu yeni dövrün tələbləri səviyyəsində kadr hazırlığına sövq etmişdir. Heydər Əliyev BDU-ya olan rəğbətini büruzə verməklə yanaşı, bu ali təhsil ocağının qarşısında bir sıra məsul vəzifələr müəyyənləşdirmişdir. BDU daim dünya şöhrətli məzununun xüsusi qayğısını hiss etmiş, onun qarşıya qoyduğu ali ideyalar universitetin tələbə və professor-müəllim heyətinin əsas fəaliyyət stimulvericisinə çevrilmişdir. Bakı Dövlət Universitetinin ən zəngin, məzmunlu tarixinin şərəfli səhifələri məhz Heydər Əliyevin böyük diqqət və qayğısı sayəsində yazılmışdır. Ən azı o səbəbdən ki, universitet təhsildə də, elmin inkişafında da, maddi bazanın möhkəmləndirilməsi, yeni ixtisasların açılması sahəsində də ən möhtəşəm nailiyyətlərini məhz Heydər Əliyevin Azərbaycana rəhbərliyi dövründə qazanmışdır.

Ümummilli liderin müəyyən etdiyi inkişaf strategiyasını son illərdə uğurla reallaşdıran Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ölkəyə rəhbərlik fəaliyyətini diqqətlə nəzərdən keçirdikdə, onun xalqına, dövlətinə necə bağlı lider olduğu bir daha təsdiqini tapır. Dövlət başçısı zaman etibarilə qısa, mahiyyətcə böyük 5 illik dövr ərzində yeni əsrin lideri kimi sübuta yetirdi ki, xalq öz taleyini ona etibar etməkdə qətiyyən yanılmamışdır. Dövlət başçısının idarəçilik keyfiyyətlərindən ən mühümü, şübhəsiz, uzun illər boyu zərrə-zərrə formalaşaraq sabitləşmiş milli dövlətçilik ənənələrinə sadiqlikdir. Cənab İlham Əliyevin həyata keçirdiyi məqsədyönlü siyasət nəticəsində son illər əldə etdiyimiz uğurlar da elə bu amilə əsaslanır.

Siyasi illüziyalardan, populizmdən uzaq olması, problemlərə rasional mövqedən və real situasiyadan yanaşması, gerçəkliyi təhrif etməməsi, praqmatizmi cənab İlham Əliyevin yetkin və peşəkar siyasətçi portretini formalaşdırır. Bütün bu keyfiyyətləri dövlət başçısının malik olduğu yüksək qətiyyət, intellekt, enerji, potensial, işgüzarlıq, novatorluq və birləşdiricilik məziyyətləri tamamlayır. Milli maraqları və mənəvi dəyərləri ümumbəşəri ideallarla ahəngdar şəkildə uzlaşdırmaq bacarığı, intellektual səviyyə, universal bilik və akademik təhsil, dəmir məntiq və möhkəm iradə - bütün bunlar cənab İlham Əliyevin yetkin siyasi obrazını şərtləndirir.

Azərbaycanda ictimai-siyasi sabitliyin, vətəndaş sülhü və həmrəyliyinin qorunub saxlanılması naminə ilk gündən nümayiş etdirdiyi yüksək prinsipiallıq, qətiyyət və əzmkarlıq da dövlət başçısının istənilən ekstremal situasiyada çevik və optimal qərar qəbul edən qətiyyətli lider olduğunu göstərmişdir. 2003-cü ilin postseçki mərhələsi nihilist, radikal və ziddiyyətli siyasiləşmə ilə müşayiət olunsa da, cənab İlham Əliyev siyasi iradə göstərərək bu neqativ meyillərin qarşısını əzmkarlıqla almış, ölkənin yenidən xaos və anarxiya mühitinə yuvarlanmasına yol verməmişdir. Seçki ərəfəsində və sonra respublikada ictimai-siyasi sabitlik, dövlətçilik əleyhinə yönəlmiş xarici və daxili təzahürlərin qətiyyətlə aradan qaldırılması dövlət başçısının xalqın dəstəyinə arxalanan, dövlətçiliyin müdafiəsi üçün zəruri keyfiyyətlərə malik lider olduğunu sübuta yetirmişdir.

Əsl liderlik, şübhəsiz, xalq kütlələrini milli məram və məqsədlər ətrafında birləşdirmək bacarığında ifadə olunur. Bu nöqteyi-nəzərdən Azərbaycan Prezidenti İlham Əliyevin liderlik xüsusiyyətləri onun ideyalarının inteqrativ-birləşdirici mahiyyətindən, ilk növbədə, hər bir vətəndaşın maraqlarına hesablanmasından irəli gəlir. Dövlət başçısının milli birlik və həmrəylik konsepsiyası dərin məzmun yükü ilə cəmiyyətin mənəvi bütövlüyündə və monolitliyində aparıcı amilə çevrilməkdən savayı, həm də ona xalqı öz ətrafında birləşdirmək, milli ideallar ətrafında səfərbər etmək imkanı vermişdir. Cənab İlham Əliyev səlahiyyətlərinin icrasına başladığı ilk gündən cəmiyyətin bütün siyasi qüvvələrinin, sosial qruplarının, dini-etnik konfessiyalarının birliyini təmin etmək istiqamətində ardıcıl siyasət yürüdür.

Dövlət başçısı İlham Əliyev daxildə möhkəm ictimai-siyasi sabitliyə, qanunçuluğa, effektiv sosial-iqtisadi islahatlara nail olmadan, hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğu yolunda kompleks addımlar atmadan xarici siyasət sahəsində hansısa uğurlu nəticələr əldə etməyin qeyri-mümkünlüyünü aksiom kimi önə çəkir. Ölkə Prezidentinin yeritdiyi uğurlu diplomatiya sayəsində dünya siyasətinə təsir imkanları getdikcə artan Azərbaycanın bütövlükdə Avratlantik coğrafi arealında sülh, tərəqqi və əməkdaşlıq paytaxtına, beynəlxalq miqyaslı enerji-kommunikasiya layihələrinin lokomotivinə çevrildiyi getdikcə daha qabarıq sezilir. Azərbaycan sülh və əməkdaşlıq paytaxtı kimi tanınmağa başlayır və belə bir müsbət imicin formalaşmasında cənab İlham Əliyevin təşəbbüsü ilə respublikamızda keçirilən beynəlxalq toplantıların əhəmiyyətini xüsusi vurğulamaq lazımdır.

Azərbaycan Prezidenti İlham Əliyev dövlətçilik konsepsiyasını məhz ulu öndər Heydər Əliyevin müəllifi olduğu strateji kurs üzərində formalaşdırır və onu yeni dövrün tələblərinə uyğun zənginləşdirməyə çalışır. Xalqı Heydər Əliyev ideyaları ətrafında birləşdirir, özünü azərbaycanlı sayan, bu mənsubiyyətdən qürur duyan hər kəsi ulu öndərin yarımçıq qalmış arzularının, ideyalarının həyata keçirilməsi istiqamətində səfərbər edir.

Dövlət başçısı İlham Əliyev son beş ildə ölkə həyatının bir çox strateji əhəmiyyətli sahələri kimi, təhsilə, elmə də xüsusi qayğı ilə yanaşmış, bu istiqamətlərdə yeni dövrün tələbləri ilə səsləşən islahatların həyata keçirilməsini təmin etmişdir. Azərbaycan Prezidentinin 4 may 2009-cu il tarixli  "Azərbaycan Respublikasında 2009-2015-ci illərdə elmin inkişafı üzrə Milli Strategiya "nın və  "Azərbaycan Respublikasında 2009-2015-ci illərdə elmin inkişafı üzrə Milli Strategiyanın həyata keçirilməsi ilə bağlı Dövlət Proqramı "nın təsdiq edilməsi haqqında sərəncamı Azərbaycan elminin inkişafı və problemlərinin həlli baxımından fundamental əhəmiyyətli sənəddir.

Cənab İlham Əliyev elmlə yanaşı, ali təhsil sistemində islahatların aparılmasını, bu sistemin Bolonya prosesinə uyğunlaşdırılmasını, ümumiyyətlə, həmin sahədə qarşıda duran problemlərin həlli baxımından son illərdə bir sıra mühüm fərman və sərəncamlar imzalamışdır. Azərbaycan Prezidentinin  "2009-2013-cü illərdə Azərbaycan Respublikasının ali təhsil sistemində islahatlar üzrə Dövlət Proqramı "nın təsdiq edilməsi barədə " 22 may 2009-cu il tarixli sərəncamı ali təhsil sistemində islahatların keyfiyyətcə yeni mərhələdə uğurla davam etdirilməsini təmin edəcəkdir.

Xüsusi vurğulamaq lazımdır ki, Azərbaycan Prezidenti İlham Əliyev ulu öndər Heydər Əliyevin ideyalarına sadiq qalaraq daim Bakı Dövlət Universitetinin davamlı inkişafına xüsusi diqqət və qayğı ilə yanaşır. Dövlət başçısının 24 aprel 2009-cu il tarixdə BDU-nun 90 illiyk yubileyinin keçirilməsi ilə bağlı sərəncam imzalaması da məhz bunun bariz təcəssümüdür. Həmin sərəncam müsəlman Şərqində ilk Avropa tipli ali təhsil ocağı olan BDU-nun milli kadr hazırlığındakı müstəsna yeri və roluna verilən yüksək qiymətdir. Dövlət başçısının sərəncamında da vurğulandığı kimi, Azərbaycanın simasını müəyyən edən dövlət, elm və mədəniyyət xadimlərinin böyük bir qismi məhz Bakı Dövlət Universitetinin yetirmələridir. Xalqın milli sərvətinə çevrilən universitet bu gün dövlət idarəçiliyi, iqtisadiyyat, elm, təhsil və mədəniyyətin müxtəlif sahələrində uğurla çalışan çoxsaylı məzunları ilə müstəqil Azərbaycanın inkişafına töhfələrini əsirgəmir.

Azərbaycan tarixinin ən yaddaqalan siması olan Heydər Əliyevin qeyri-adi irsi isə olduqca zəngin və əhatəlidir. İllər keçdikcə artıq bəşəri sərvətə çevrilən bu irsin əhəmiyyətini daha çox dərk edir, sehrinə daha çox düşür, vətəni necə sevmək, xalqa necə xidmət etmək nümunəsi olan şəxsi həyatını və fəaliyyətini örnək kimi qəbul edirsən. Bakı Dövlət Universitetinin professor-müəllim heyəti və tələbələri ulu öndər Heydər Əliyevin bu ali təhsil ocağının layiqli yetirməsi, məzunu olması ilə daim qürur duyur, hər addımda onun dəyərli ideyalarına istinad edir, eyni zamanda, Heydər Əliyev siyasi kursunu inamla davam etdirən cənab İlham Əliyevin rəhbərliyi altında Azərbaycanın daha böyük uğurlar qazanacağına, daha qüdrətli ölkəyə çevriləcəyinə ürəkdən inanır.

 

Abel MƏHƏRRƏMOV,

Bakı Dövlət Universitetinin rektoru, akademik,

Milli Məclisin deputatı

“Azərbaycan” qəzeti, 11 iyun 2009-cu il.

 

Hərbi And.- 2018.- 2 noyabr.- S.9.