Bakıda VI Beynəlxalq
Humanitar Forumu işə başlayıb
Oktyabrın
25-də Heydər Əliyev Mərkəzində VI Bakı Beynəlxalq
Humanitar Forumu işə başlayıb.
Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım
Mehriban Əliyeva və Heydər Əliyev Fondunun vitse-prezidenti
Leyla Əliyeva Forumun rəsmi açılış mərasimində
iştirak ediblər.
“Yeni
dünya və yeni insan formalaşdıraq:
yaradıcılıq və insan inkişafı” mövzusunda
keçirilən VI Bakı Beynəlxalq Humanitar Forumunun
açılışında dövlətimizin
başçısı nitq söylədi.
Prezident
İlham Əliyevin nitqi
- Hörmətli
xanımlar və cənablar.
Hörmətli
qonaqlar.
Bu gün
VI Bakı Beynəlxalq Humanitar Forumu öz işinə
başlayır. Forumun bütün
iştirakçılarını səmimiyyətlə
salamlayıram, xaricdən gələn qonaqlara “Xoş gəlmisiniz!”
deyirəm.
Builki
forumda 90-dan artıq ölkədən 400-dən çox xarici
qonaq iştirak edir. Bu, özlüyündə bir göstəricidir,
onu göstərir ki, dünyada Foruma çox böyük maraq
var. Bakı Beynəlxalq Humanitar Forumu qısa müddət ərzində
dünyada çox önəmli beynəlxalq tədbirə
çevrilmişdir. Əminəm ki, Forumda müzakirə ediləcək
məsələlər gələcək humanitar əməkdaşlıq
üçün çox önəmli olacaq, xaricdən gələn
qonaqlar Forumun işinə çox böyük töhfə verəcəklər.
Humanitar məsələlərin
müzakirəsi çox önəmlidir. Çünki biz
müasir dünyada bu sahədə həm nailiyyətləri,
həm də problemləri görürük. Azərbaycan bu
sahəyə çox böyük önəm verən ölkələrdən
biridir. Ölkəmizdə humanitar əməkdaşlığa
dair bir çox mötəbər beynəlxalq tədbirlər
keçirilmişdir. Onların arasında BMT-nin Sivilizasiyalar
Alyansının Qlobal Forumunu xüsusilə qeyd etmək istərdim.
Bu, çox önəmli beynəlxalq tədbirdir. Eyni zamanda,
Bakıda dünya dinləri liderlərinin Zirvə
görüşü keçirilmişdir. Dörd dəfə
Mədəniyyətlərarası Dialoq Forumu
keçirilmişdir. Altıncı dəfə Bakı Beynəlxalq
Humanitar Forumunun keçirilməsi onu göstərir ki,
doğrudan da Azərbaycan beynəlxalq humanitar əməkdaşlığın
dərinləşməsi üçün çox önəmli
ölkəyə çevrilmişdir.
Bu il biz
“Bakı Prosesi”nin 10 illiyini qeyd edirik. “Bakı Prosesi” beynəlxalq
təşkilatlar tərəfindən yüksək qiymətləndirilir,
o cümlədən BMT bu prosesə çox yüksək qiymət
verir. Bizim təşəbbüsümüzlə 10 il bundan əvvəl
Avropa Şurasına üzv ölkələrin mədəniyyət
nazirlərinin Bakıda keçirilən toplantısına biz
İslam Əməkdaşlıq Təşkilatına üzv
ölkələrin mədəniyyət nazirlərini də dəvət
etdik. Beləliklə, ilk dəfə olaraq 100-dən çox
ölkənin nümayəndələri - müsəlman aləmini
və Avropanı təmsil edən vəzifəli şəxslər
bir araya gələrək humanitar məsələləri, mədəniyyət
əlaqələrini, dinlərarası münasibətləri
müzakirə etmişlər. Ondan bir il sonra bu format təkrarlandı,
Bakıda İslam Əməkdaşlıq Təşkilatının
xətti ilə keçirilmiş tədbirə biz Avropa
nümayəndələrini dəvət etdik.
Azərbaycan
həm İslam Əməkdaşlıq Təşkilatına,
həm Avropa Şurasına üzv dövlətdir. Əlbəttə
ki, biz bu imkanlardan istifadə edib çalışırdıq
və çalışırıq ki, sivilizasiyalararası
dialoqa öz töhfəmizi verək. Qeyd etdiyim kimi, “Bakı
Prosesi” artıq beynəlxalq müstəvidə çox önəmli
bir təşəbbüs kimi qiymətləndirilir. Bu təşəbbüs
nəticəsində müxtəlif görüşlər, tədbirlər
keçirilmişdir ki, bütün bunların bir məqsədi
var - sivilizasiyalararası, dinlərarası dialoq dərinləşsin,
güclənsin, dünyada risklər azalsın,
ayrı-seçkilik, ksenofobiya hallarına düzgün qiymət
verilsin və bu təhlükəli meyillərin
qarşısı alınsın. Eyni zamanda, Azərbaycanda
keçirilmiş mötəbər idman yarışları da
idman yarışları olsalar da, eyni zamanda, humanitar əməkdaşlığın
dərinləşməsinə xidmət göstərir. Mən
xüsusilə birinci Avropa Oyunlarını və İslam Həmrəylik
Oyunlarını qeyd etmək istərdim. Hesab edirəm, o da
çox rəmzi məna daşıyır ki, ilk Avropa
Oyunları bizim təşəbbüsümüzlə Azərbaycanda
keçirilmişdir. Hesab edirəm, bu, çox əlamətdar
hadisə, əlamətdar qərardır ki, ilk Avropanın
Oyunları müsəlman ölkəsində
keçirilmişdir. Ondan iki il sonra - 2017-ci ildə Bakıda
dördüncü İslam Həmrəyliyi Oyunları
keçirilmişdir. Yenə də qeyd etmək istəyirəm,
bunlar idman yarışlarıdır və bu iki oyunda on minə
yaxın idmançı iştirak edib. Amma, eyni zamanda, biz bu
oyunlara humanitar əməkdaşlıq prizmasından
yanaşırıq, baxırıq və doğrudan da oyunlar
zamanı Bakıda və digər bölgələrdə
yaşanan gözəl ab-hava, gözəl həmrəylik iqlimi
hesab edirəm ki, ümumi işimizə növbəti töhfə
olmuşdur. Biz bu sahədə öz fəaliyyətimizi davam
etdirəcəyik. Xüsusilə indiki şəraitdə ki,
yenə də qeyd etmək istəyirəm, həm müsəlman
aləmində, həm Avropada multikulturalizmlə, İslam həmrəyliyi
ilə bağlı gedən proseslər müəyyən mənada
narahatlıq doğurur. Ona görə Bakı Beynəlxalq
Humanitar Forumunun ənənəvi olaraq keçirilməsi və
bu Foruma dünya birliyi tərəfindən yüksək qiymət
verilməsi və diqqət yetirilməsi göstərir ki, belə
tədbirlərə dünyada çox böyük ehtiyac var.
Əsrlər
boyu müxtəlif dinlərin, xalqların nümayəndələri
Azərbaycanda bir ailə kimi sülh, əmin-amanlıq,
mehribanlıq şəraitində yaşamışlar və bu
siyasət bu gün də davam etdirilir. Azərbaycanda bu istiqamətdə
dövlət siyasəti çox səmərəlidir və
gözəl nəticələrə gətirib
çıxarır. Bizim tarixi keçmişimiz, mədəniyyətimiz
onu göstərir ki, müxtəlif dinlərin nümayəndələri
Azərbaycanda həmişə çox rahat yaşayıblar,
bir ailə kimi yaşayıblar. Bizim tarixi, dini abidələrimiz
həm qədim tariximizi göstərir, eyni zamanda, göstərir
ki, Azərbaycan müxtəlif dinlərin nümayəndələri
üçün doğma diyar, doğma məkan olmuşdur.
Biz fəxr edirik ki, müsəlman aləminin ən qədim məscidlərindən
biri olan, 743-cü ildə tikilmiş və bizim Şamaxı
şəhərində yerləşən məscid milli sərvətimizdir.
Eyni zamanda, digər qədim şəhərimizin - Şəki
şəhərinin yaxınlığında Qafqazın ən
qədim kilsələrindən biri - Qafqaz Albaniyası kilsəsi
yerləşir. Hər iki məbəd əsaslı şəkildə
təmir və bərpa edilib, dövlət tərəfindən
qorunur. Bakıda qədim atəşpərəstlik məbədi
Atəşgah yerləşir. Bu da onu göstərir ki, Azərbaycanda
Zərdüştlük dininin ənənələri
vardır.
Ənənəvi
dinlərin məbədlərinin - katolik, pravoslav kilsələrinin,
sinaqoqların bərpası və tikintisi Azərbaycanda
reallıqdır. Bu reallıq ölkəmizdə çox
gözəl ictimai iqlim yaradır. Azərbaycanda multikulturalizm
dövlət siyasətidir. Biz öz milli, dini ənənələrimizə
çox bağlıyıq, sadiqik və milli dəyərlər
gələcək inkişafımız üçün
xüsusi rol oynayır. Deyə bilərəm ki, müasir Azərbaycan
dövləti çox dərin milli dəyərlər, milli-mənəvi
dəyərlər üzərində qurulubdur. Eyni zamanda, biz
dünyaya açığıq. Qeyd etdiyim kimi, Azərbaycan
dünyada multikulturalizmin ünvanlarından birinə
çevrilibdir və bu şərəfli status artıq
dünya birliyi tərəfindən tanınır. Təsadüfi
deyil ki, biz mənim Sərəncamımla 2016-cı ili Azərbaycanda
“Multikulturalizm İli” elan etdik. Hesab edirəm ki, dünyada ilk
dəfə olaraq belə bir təşəbbüs irəli
sürülmüşdür. Bu, bizim niyyətimizi göstərmişdir,
2016-cı ilə multikulturalizm adını verməklə, ilk
növbədə, biz dünyada Azərbaycanı olduğu kimi
təqdim etmək istədik. Göstərmək istədik ki,
multikulturalizm Azərbaycanda həm dövlət siyasətidir,
həm həyat tərzidir, eyni zamanda, biz dünya birliyinin diqqətini
bu məsələyə cəlb etməyə
çalışdıq. Çünki siz də yaxşı
bilirsiniz ki, bu gün həm siyasətçilər, ictimai
xadimlər, həm də media tərəfindən
multikulturalizmlə bağlı çox ziddiyyətli fikirlər
səsləndirilir. Ona görə hesab edirəm ki, bu məsələ
ilə bağlı vahid yanaşma olmalıdır və burada
heç bir ziddiyyətli fikrə yer ola bilməz. Hesab edirəm
ki, Azərbaycanın bu sahədəki təcrübəsi həm
təqdirəlayiqdir, həm də gözəl nümunə
ola bilər. Biz multikulturalizmin bəhrəsini gündəlik həyatda
görürük. Bu gün Azərbaycanda yaşanan sabitlik, vətəndaş
həmrəyliyi, milli həmrəylik, o cümlədən bu dəyərlərə
əsaslanır. Biz çalışdıq ki, 2016-cı ildə
diqqəti bu önəmli məsələyə cəlb edək.
Xüsusilə nəzərə alsaq ki, bu gün, bir daha qeyd
etmək istəyirəm, multikulturalizmlə bağlı
müxtəlif fikirlər səsləndirilir. Hesab edirəm ki,
Forumda bu məsələ çox geniş müzakirə
olunacaqdır.
2017-ci ili
isə biz “İslam Həmrəyliyi İli” elan etdik. Yenə də
ona görə ki, Azərbaycanda İslam həmrəyliyi tam bərqərar
olub. Onu da bildirməliyəm ki, Azərbaycan müsəlmanları
vəhdət namazı qılırlar. Hesab edirəm ki, Azərbaycan
bu sahədə müsəlman aləmində çox önəmli
rol oynayır. Eyni zamanda, biz müsəlman aləminin diqqətini
də bu sahəyə cəlb etməyə
çalışdıq. Çünki əfsuslar olsun ki, biz
müsəlman aləmində həmrəyliklə
bağlı istədiyimizə nail ola bilməmişik.
Qarşıdurmalar, müharibələr, anlaşılmazlıq,
toqquşmalar və digər təhlükəli meyillər
ölkələr üçün böyük problemə,
faciəyə çevrilir, milyonlarla insan həlak olur,
evsiz-eşiksiz qalır, qaçqın, köçkün vəziyyətinə
düşür. Əlbəttə, biz
çalışmalıyıq ki, bu sahədə də öz
təkliflərimizi verək, öz nümunəmizi göstərək
ki, əgər İslam həmrəyliyi və multikulturalizm
anlayışları vəhdət təşkil edərsə və
dövlət siyasəti düzgün aparılarsa, bu, xalq tərəfindən
də qəbul edilərsə, onda ölkələrdə
problem olmayacaq. Müasir Azərbaycan bunun əyani, bariz
sübutudur. Təsadüfi deyil ki, biz humanitar əməkdaşlıqla,
multikulturalizmlə bağlı bir çox tədbirlərə
ev sahibliyi edirik.
Qeyd
etdiyim kimi, biz humanitar əməkdaşlığa çox
böyük əhəmiyyət veririk. Bu məsələlər
dost ölkələrlə həm ikitərəfli formatda, eyni
zamanda, beynəlxalq təşkilatlar çərçivəsində
daim gündəlikdədir. Ancaq biz özümüz
böyük humanitar fəlakətlə üzləşmişik.
Bir həftə bundan əvvəl – oktyabrın 18-də biz Azərbaycanın
dövlət müstəqilliyinin bərpasının 27-ci
ildönümünü qeyd etmişik. Cəmi 27 ildir ki, Azərbaycan
müstəqil dövlət kimi yaşayır və müstəqilliyimizin
ilk günləri, ilk illəri çox ağır və faciəvi
idi. Həm siyasi böhran, daxili çəkişmələr,
vətəndaş müharibəsi, iqtisadi tənəzzül,
kütləvi itaətsizlik, eyni zamanda, Ermənistanın Azərbaycana
qarşı apardığı işğalçılıq
siyasəti böyük fəlakətə, bəlalara gətirib
çıxardı. Ermənistanın
işğalçılıq siyasəti nəticəsində
torpaqlarımızın 20 faizi işğal altındadır,
xalqımıza qarşı Ermənistan tərəfindən
etnik təmizləmə siyasəti aparılmışdır,
1 milyondan çox azərbaycanlı öz doğma
torpağında köçkün vəziyyətinə
düşmüşdür. Bütün aparıcı beynəlxalq
təşkilatlar bu münaqişə ilə bağlı qərar
və qətnamələr qəbul etmişlər, o cümlədən
BMT Təhlükəsizlik Şurası dörd qətnamə qəbul
etmişdir. Bu qətnamələrdə açıq-aydın
göstərilir ki, erməni silahlı qüvvələri
işğal edilmiş torpaqlardan dərhal və qeyd-şərtsiz
çıxarılmalıdır. Bu qətnamələrin qəbul
olunmasından 25 il keçir. Ermənistan bu qətnamələri
icra etmir və əfsuslar olsun, hələ də beynəlxalq
mexanizm işlənilməyib ki, təcavüzkarı beynəlxalq
aparıcı qurum tərəfindən qəbul edilmiş qətnamələrin
icrasına məcbur etsin. BMT-nin Baş Assambleyası oxşar
qətnamə qəbul edib, digər beynəlxalq təşkilatlar,
o cümlədən Qoşulmama Hərəkatı, İslam
Əməkdaşlıq Təşkilatı, Avropa
Şurası Parlament Assambleyası, Avropa Parlamenti və digər
təşkilatların qəbul etdikləri qərar və qətnamələrdə
Azərbaycanın ərazi bütövlüyünə dəstək
göstərilir və münaqişənin Azərbaycanın ərazi
bütövlüyü çərçivəsində həll
edilməsi tələb olunur. Münaqişənin həlli
üçün yeganə yol məhz budur, ölkəmizin beynəlxalq
birlik tərəfindən tanınan ərazi
bütövlüyü bərpa edilməlidir,
işğalçı qüvvələr
torpaqlarımızdan dərhal, qeyd-şərtsiz
çıxarılmalıdır, - necə ki, BMT Təhlükəsizlik
Şurasının qətnamələrində göstərilir,
- və Azərbaycan vətəndaşları öz doğma,
tarixi, əzəli torpaqlarına qayıtmalıdırlar.
Dağlıq
Qarabağ bizim tarixi, əzəli torpağımızdır,
Azərbaycanın ayrılmaz hissəsidir. Əsrlər boyu Azərbaycan
xalqı bu torpaqlarda yaşayıb, yaradıb, qurub. Bizim tarixi
abidələrimiz, şəhərlərin, kəndlərin
toponimləri bu torpaqların Azərbaycan xalqına məxsus
olduğunu sübut edir. Əfsuslar olsun ki, təcavüzkar
dövlət işğal edilmiş torpaqlarda bizim tarixi, dini
abidələrimizi də dağıdıb, məhv edib.
İşğal edilmiş torpaqlarımıza iki dəfə
ezam olunmuş ATƏT-in faktaraşdırıcı və
müşahidə missiyası öz məruzələrində
bu barədə məlumat verib. Bizim məscidlərimiz, qəbirlərimiz
dağıdılıb, muzeylərimiz talan edilib və
işğal olunmuş torpaqlarda mədəni
soyqırımı törədilib. 1992-ci ildə isə ermənilər
Xocalı soyqırımını törədiblər. Bu dəhşətli
hərbi cinayət nəticəsində 600-dən çox
günahsız dinc insan, onların arasında 60-dan çox
uşaq vəhşicəsinə qətlə yetirilib.
Xocalı faciəsi dünyanın 10-dan çox ölkəsi
tərəfindən rəsmi olaraq soyqırımı kimi
tanınıb. Bu soyqırımı zamanı mindən
çox insan itkin düşüb və onların taleyi
haqqında heç bir məlumat yoxdur.
Ermənistan-Azərbaycan
Dağlıq Qarabağ münaqişəsi beynəlxalq
hüququn norma və prinsipləri əsasında öz həllini
tapmalıdır. Azərbaycan heç vaxt işğalla
barışmayacaq, ölkəmizin ərazi
bütövlüyü bərpa edilməlidir. Bunu tarixi ədalət
və beynəlxalq hüquq tələb edir.
Bu
humanitar fəlakətə baxmayaraq, hesab edirəm ki, müstəqillik
dövründə Azərbaycan çox uğurlu inkişafa
nail ola bilibdir. Ölkəmizdə sabitlik, təhlükəsizlik
hökm sürür. Sabitliyin mənbəyi Azərbaycan
xalqının iradəsidir. Bu gün Azərbaycanda yaşanan
vətəndaş həmrəyliyi ölkəmizin uğurlu
inkişafı üçün əsas şərtdir. Ölkəmiz
beynəlxalq müstəvidə böyük hörmət
qazanıb və bizimlə əməkdaşlıq edən
ölkələrin sayı gündən-günə artır.
Düz 7 il bundan əvvəl - 2011-ci il oktyabrın
sonlarında Azərbaycan ilk dəfə olaraq BMT Təhlükəsizlik
Şurasının qeyri-daimi üzvü seçilmişdir.
Bu, bizim böyük siyasi və diplomatik uğurumuzdur, qələbəmizdir.
Ən önəmlisi odur ki, 155 ölkə Azərbaycanın
namizədliyini dəstəkləmişdir. Yəni, bu, onu
göstərir ki, dünya birliyinin mütləq əksəriyyəti
Azərbaycanı dəstəkləyir, Azərbaycanda
görülən işlərə yüksək qiymət
verir, Azərbaycanı etibarlı tərəfdaş və dost
ölkə kimi tanıyır.
Hesab edirəm
ki, xarici siyasətlə bağlı apardığımız
işlər gözəl nəticələrə gətirib
çıxarır. İlk növbədə, biz qonşu
ölkələrlə çox səmimi, mehriban qonşuluq,
dostluq münasibətləri qura bilmişik. Hər bir ölkə
üçün onun qonşuları ilə münasibətlər
xüsusi əhəmiyyət kəsb edir. Məmnunluq hissi ilə
qeyd etmək istəyirəm ki, qonşu dövlətlərlə,
- təbii ki, Ermənistan istisna olmaqla, - bizim münasibətlərimiz
çox yüksək səviyyədədir, həm siyasi,
iqtisadi, bütün başqa sahələrdə, o cümlədən
humanitar əməkdaşlıq sahəsində.
Azərbaycanda
bütün fundamental azadlıqlar təmin edilibdir, o cümlədən
söz azadlığı, sərbəst toplaşma
azadlığı, mətbuat azadlığı, vicdan
azadlığı. Azərbaycan əhalisinin 80 faizdən
çoxu internet istifadəçisidir və ölkəmizdə
azad internet fəaliyyət göstərir. Beləliklə,
siyasi islahatların dərinləşməsi ölkəmizdə
iqtisadi islahatlara daha da böyük təkan verir.
Çünki sabitliyin mövcud olması ölkəmizə
böyük həcmdə xarici sərmayənin gətirilməsinə
də gözəl şərait yaradıb. Adambaşına
düşən sərmayələrin həcminə görə
Azərbaycan dünya miqyasında aparıcı yerlərdədir.
Qeyd etməliyəm ki, ölkə iqtisadiyyatına 250 milyard
dollardan çox sərmayə qoyulubdur ki, bu sərmayənin
yarısı xaricdən gələn vəsaitdir.
Azərbaycan
son 15 il ərzində iqtisadi sahədə ən sürətli
inkişaf templərini nümayiş etdirib. Mən hesab edirəm
ki, bu, rekord göstəricidir. Çünki son 15 il ərzində
ümumi daxili məhsul 3,2 dəfə artıb və beləliklə,
Azərbaycan çox böyük inkişaf yolunu keçib.
Biz iqtisadi sahədə tam müstəqillik əldə
etmişik. İqtisadi müstəqillik, əlbəttə ki,
siyasi müstəqilliyimizi möhkəmləndirir. Azərbaycan
iqtisadiyyatı özünü təmin edən
iqtisadiyyatdır, xarici kreditlərdən asılı
iqtisadiyyat deyil. Biz nəinki kreditlərin alınmasını
demək olar ki, dayandırmışıq, özümüz bəzi
ölkələrə kreditlərin verilməsinə
başlamışıq.
Makroiqtisadi
sabitlik Azərbaycanda çox yüksək səviyyədədir.
Deməliyəm ki, bizim xarici borcumuz ümumi daxili məhsulun cəmi
20 faizini təşkil edir. Bununla belə, bizim maliyyə
ehtiyatlarımız xarici borcumuzdan 4-5 dəfə çoxdur. Yəni,
istədiyimiz halda biz xarici borcumuzu bir neçə ay ərzində
sıfır səviyyəsinə endirə bilərik. Ona
görə iqtisadi sahədə aparılan köklü
islahatlar, əlbəttə ki, sosial sahəyə də
müsbət təsir göstərib. Əgər biz sosial sahənin
önəmli istiqamətlərinə nəzər yetirsək
görərik ki, Azərbaycanda yoxsulluq şəraitində
yaşayan insanların sayı son 15 il ərzində 49 faizdən
5,4 faizə düşübdür. İşsizlik bir sosial
problem kimi demək olar ki, aradan götürülür,
işsizlik 5 faiz səviyyəsindədir. Nəzərə
almalıyıq ki, bu illər ərzində ölkə əhalisi
də artır və əhali hər il ən azı 100 min nəfər
artır. Ona görə bizim iqtisadi inkişafımız və
o cümlədən sosial infrastrukturun yaradılması daimi
proses olmalıdır. Biz bu sahədə də çox
böyük işlər görmüşük.
Forumda
müzakirə olunacaq məsələlərdən biri də
təhsillə bağlıdır. Deyə bilərəm ki, təhsilin
inkişafı və təhsildə müasir metodların tətbiq
edilməsi prioritet məsələlərdən biridir. Təhsil
sisteminin maddi-texniki bazası möhkəmlənir. Son 15 il ərzində
3000-dən çox məktəb tikilib və təmir edilib.
Deməliyəm ki, Azərbaycanda cəmi 4500-dən bir qədər
çox məktəb var, onların əksər hissəsi ən
yüksək standartlar səviyyəsində qurulub. Eyni zamanda,
müəllim peşəsinə maraq da çox böyük dərəcədə
artır. Aparılan islahatlar, o cümlədən
maaşların əhəmiyyətli dərəcədə
artırılması, məktəblərin təmiri və digər
stimullaşdırıcı addımlar nəticəsində
müəllim olmaq istəyənlərin sayı dəfələrlə
artıb və bu il biz bunu əyani şəkildə
görmüşük. Test imtahanlarında yüksək ballar
toplayan abituriyentlər arasında müəllim olmaq istəyənlərin
sayı bir neçə dəfə artıbdır. Yəni,
bu, onu göstərir ki, humanitar sahənin əsas hissələrindən
biri olan təhsil sahəsinə çox böyük diqqət
göstərilir və gözəl nəticələr
vardır.
Ölkəmizin
hər bir yerində müasir tibb mərkəzləri
yaradılıbdır. Son 15 il ərzində 650-dən
çox tibb müəssisəsi yenidən qurulub, əsaslı
təmir edilib və tikilib. Hər il 5 milyondan çox insan
dövlət hesabına pulsuz tibbi müayinədən
keçir. Yəni, bunlar humanitar sahənin çox önəmli
hissələridir və bundan sonra da bu istiqamətlər
üzrə ardıcıl siyasət aparılacaq.
Mən
idman yarışlarını qeyd etdim. Amma onu da bildirməliyəm
ki, idman sahəsində də böyük uğurlar əldə
edilib. İdmanın maddi-texniki bazası qurulub. Təkcə
Bakıda deyil, Azərbaycanın digər şəhərlərində
45 müasir Olimpiya İdman Mərkəzi yaradılıb. Son
Olimpiya Oyunlarında - Rio-de-Janeyroda keçirilmiş Olimpiadada
medalların sayına görə Azərbaycan dünya
miqyasında 14-cü yerə layiq görülüb.
Biz
ardıcıl siyasət aparmaqla həm iqtisadi islahatları dərinləşdiririk,
həm də sosial sahədə lazım olan addımları
atırıq. Ölkəmizdə yüksək texnologiyalara
çox böyük diqqət göstərilir, bu yaxınlarda
üçüncü peykimiz orbitə buraxıldı. Azərbaycan
artıq neçə ildir ki, dünyanın məhdud sayda olan
kosmik klubunun üzvüdür və 3 peykimiz var. Əlbəttə
ki, bu, həm texnoloji inkişafdır, həm təhsildir, həm
də biznes imkanlarını yaradır. Biz bu gün peyk xidmətlərini
ixrac etməklə ölkəmizdə ixracı da şaxələndiririk.
“ASAN xidmət”
mərkəzlərinin yaradılması sosial və humanitar sahədə
çox önəmli təşəbbüsdür. Əgər
qonaqlarda imkan olarsa, onlar Bakı şəhərində fəaliyyət
göstərən beş mərkəzdən birinə baş
çəkə bilərlər. Görə bilərlər ki,
doğrudan da Azərbaycan texnologiyaları əsasında,
sırf Azərbaycanın intellektual məhsulu olan “ASAN xidmət”
necə fəaliyyət göstərir. Bu il bu mərkəzlərin
sayı 15-ə çatdırılacaq, 5-i Bakıda, 10-u
bölgələrdə. Bu mərkəzlərdə bir binada
300-dən çox xidmət göstərilir və vətəndaşların
“ASAN xidmət”i bəyənmə əmsalı 100 faizə
yaxındır. Bu, ictimai xidmətlər sahəsində bir
inqilab olmuşdur. İctimai xidmətlər sahəsinə xas
olan bürokratiya, süründürməçilik, korrupsiya,
rüşvətxorluq hallarına tamamilə son qoyulubdur. Bir
neçə il ərzində “ASAN xidmət” mərkəzlərinə
24 milyondan çox müraciət olmuşdur və onların
mütləq əksəriyyəti təmin edilmişdir.
Mən Azərbaycan
haqqında çox danışa bilərəm, -
çünki qonaqların bir hissəsi ilk dəfədir ki,
ölkəmizə gəlib, - sadəcə olaraq,
çıxışımın yekununda bir məsələni
də diqqətinizə çatdırmaq istəyirəm. Bu məsələ
həm humanitar əməkdaşlığı dərinləşdirir,
həm də qarşılıqlı maraqları təmin edir.
Hesab edirəm ki, humanitar əməkdaşlıq deyəndə
biz mütləq bunun gözəl nəticələrini
görməliyik və bilməliyik ki, bu, nəyə gətirib
çıxaracaqdır.
Sonuncu
mövzu nəqliyyat siyasətimizlə bağlıdır. Azərbaycanın
coğrafi vəziyyəti əlverişlidir, ancaq müasir
infrastruktur olmadan bu coğrafi vəziyyətin heç bir əhəmiyyəti
yoxdur. Digər tərəfdən, Azərbaycanın
açıq dənizlərə, okeanlara
çıxışı yoxdur. Ona görə bizim
bütün nəqliyyat, enerji, kommunikasiya xətlərimiz
başqa ölkələrin ərazisindən keçməlidir.
Əlbəttə, qeyd etdiyim kimi, buna nail olmaq
üçün mütləq, ilk növbədə, qonşu
dövlətlərlə və daha böyük
coğrafiyanı əhatə edən ölkələrlə
çox sıx dostluq münasibətləri olmalıdır və
bunlar da var. Biz bir neçə il bundan əvvəl nəqliyyat
sahəsində qarşıya vəzifə qoymuşduq ki, Azərbaycan
nəinki bu bölgədə, dünya miqyasında güclü
nəqliyyat mərkəzinə çevrilsin. Bu məqsədə
doğru ardıcıl olaraq getməyə
başlanmışdır və bu gün tam əminliklə
deyə bilərəm ki, biz buna nail ola bilmişik. Ölkəmizdə
çox müasir nəqliyyat infrastrukturu yaradılıb, 6
beynəlxalq hava limanı, Azərbaycanı bütün qonşu
ölkələrlə bağlayan və ölkəmizin əsas
hissəsini əhatə edən dəmir yolları, son 15 ildə
salınmış 15 min kilometrdən çox avtomobil
yolları, Xəzər hövzəsində 200–dən çox
gəmisi olan ən böyük ticarət donanması. Yəni,
bütün bunlar böyük vəsait tələb edən layihələrdir
və onlar həll olunub. Nəhayət, Xəzər dənizinin
önəmli, yeni ticarət limanının bu il istifadəyə
verilməsi bu işləri tamamlayıb. Bu gün Şərq-Qərb,
Şimal-Cənub nəqliyyat dəhlizləri Azərbaycan ərazisindən
keçir. Şimal-Cənub nəqliyyat dəhlizinin fəaliyyəti
daha da genişlənib. Keçən illə müqayisədə
bu il bu dəhliz vasitəsilə 100 dəfədən çox
həcmdə yük daşınıbdır. Bu, hələ
başlanğıcdır. Bu gün bu önəmli iki istiqamətə
digər istiqamətlərdən qoşulma halları
müşahidə olunur. Biz bu gün artıq Cənub-Qərb
nəqliyyat dəhlizini təmin edirik və Şərq-Qərb
nəqliyyat dəhlizi də Azərbaycan ərazisindən
keçir. Bütün bu nəqliyyat, infrastruktur layihələrində
iştirak edən yeganə ölkə Azərbaycandır. Bu nəqliyyat
bağlılığı, eyni zamanda, mehriban qonşuluğa
da gözəl şərait yaradır. Heç bir ölkə,
əgər qonşularla yaxşı münasibətləri
yoxdursa, heç vaxt etibarlı tranzit məntəqəsinə
çevrilə bilməz. Ona görə, bizim enerji, nəqliyyat,
infrastruktur layihələrimiz ölkələr
arasındakı əməkdaşlığı
stimullaşdırır. Ölkələr arasındakı əməkdaşlığı
dərinləşdirmək üçün xüsusilə
qonşu ölkələrlə, ənənəvi dost ölkələrlə
münasibətlərdə mütləq humanitar sahəyə
böyük önəm verilməlidir. Bu olmasa, bütün
başqa sahələrdə də problemlər yaşana bilər.
Ona
görə, mən bir daha qeyd etmək istəyirəm ki, biz
humanitar əməkdaşlığa çox böyük diqqət
göstəririk, bir çox təşəbbüslər irəli
sürmüşük. Onlardan biri Bakı Beynəlxalq Humanitar
Forumudur ki, bu gün öz işinə başlayır. Əminəm
ki, aparılacaq diskussiyalar, müzakirələr bizim ümumi
işimizə gözəl töhfə verəcəkdir.
Forumun
iştirakçılarını bir daha salamlayır və
Foruma uğurlar arzulayıram. Sağ olun.
X X X
Rusiya
Federasiyası Baş nazirinin müavini xanım Olqa QOLODETS
Prezident Vladimir Putinin Forum iştirakçılarına təbrik
məktubunu oxudu və çıxış etdi:
-Hörmətli
cənab Prezident, hörmətli Mehriban xanım.
İcazə
verin, Rusiya Federasiyasının Prezidenti Vladimir Vladimiroviç
Putinin Foruma təbrik məktubunu oxuyum.
“VI
Bakı Beynəlxalq Humanitar Forumunun
iştirakçılarına və qonaqlarına
Hörmətli
xanımlar və cənablar.
Bakı
Beynəlxalq Humanitar Forumunun açılışı
münasibətilə sizi səmimi qəlbdən
salamlayıram. Artıq altıncı dəfədir ki, Azərbaycan
paytaxtı onlarla ölkədən dövlət
qurumlarının və qeyri-hökumət təşkilatlarının
nümayəndələrinin, parlamentarilərin və alimlərin,
mədəniyyət xadimlərinin, jurnalistlərin və
publisistlərin iştirak etdiyi bu nüfuzlu Forumu qəbul edir.
Bu il sizin
görüşünüz müasir cəmiyyət
üçün çox əhəmiyyətli olan “Yeni
dünya və yeni insan formalaşdıraq:
yaradıcılıq və insan inkişafı” mövzusuna həsr
edilib. Mövcud təhsil və maarif sistemlərinin təkmilləşdirilməsinə,
mədəniyyətin və incəsənətin dəstəklənməsinə,
informasiya təhlükəsizliyinin təminatına, intellektual
mülkiyyətin müdafiəsinə və digər aktual məsələlərə
dair ətraflı diskussiyalar nəzərdə tutulub. Əminəm
ki, siz qiymətli peşəkar təcrübənizi və
mütərəqqi praktiki yeniliklərinizi mübadilə edəcək,
həmçinin qarşılıqlı faydalı beynəlxalq
əməkdaşlığın yeni perspektivli forma və
istiqamətlərini müəyyənləşdirə biləcəksiniz.
Forumun iştirakçılarına səmimi qəlbdən
uğurlar diləyir və ən xoş arzularımı
çatdırıram.
Rusiya
Federasiyasının Prezidenti Vladimir Putin”.
X X X
Çıxışına
davam edən O.Qolodets dedi:
-Hörmətli
qonaqlar, mən öz adımdan da bir neçə söz demək
istəyirəm. Mən Bakı Beynəlxalq Humanitar Forumunda ilk
dəfə deyil ki, iştirak edirəm və bu gün Humanitar
Forumun necə sürətlə inkişaf etməsi məni
heyrətləndirir. Bir neçə il bundan əvvəl bu
Forumun belə sanballı olacağını güman etmək
olmazdı. Bu gün Forumda 90-dan çox ölkənin
nümayəndələrinin toplaşması və onun
sivilizasiya, mədəniyyətlərarası, millətlərarası
və dinlərarası münasibətlərin
inkişafına dair dünya miqyasında dialoqun tərəqqisi
üçün ən əhəmiyyətli məkanlardan birinə
çevrilməsi, əlbəttə, ölkə rəhbərliyinin
xidmətidir. Forumu dəstəkləmək, onu bu səviyyədə
inkişaf etdirmək üçün gündəlik iş
aparmaq və cənab Prezidentin indicə dediyi dəyərlərə
sadiq olmaq lazımdır.
Biz Azərbaycanla
sıx əməkdaşlıq edirik və prezidentlərimiz
humanitar inkişaf məqsədlərinə ürəkdən
sadiqdirlər. Bu, çox böyük zəhmət deməkdir.
Bir sadə misal çəkim. Keçən dəfə buraya
gələndə mən adi bir ümumtəhsil məktəbində
oldum. Sizə deməliyəm ki, uşaqlara üç dildə
dərs keçilən məktəblər dünyada azdır.
Uşaqlar və onun valideynləri təhsil dilini seçmək
üçün tam imkana malikdirlər və bu halda uşaqlar
başqa mədəniyyətlərlə, başqa dillərlə
tanış olur, onların bu və ya digər milliyyətə
bağlılığı çox güclü inkişaf
amilinə çevrilir. Müxtəlif millətlərin, mədəniyyətlərin
və dinlərin qonşu olmasını güclü quruculuq
prosesinə çevirmək çox böyük səy tələb
edən ciddi prosesdir. Bu, dünya birliyinin bütün mütərəqqi
qüvvələrinin birləşməsini tələb edir.
Biz ümid edirik ki, məhz bu Forum humanitar əməkdaşlığımızı
irəli aparacaq.
Rusiyada
müxtəlif mədəniyyətlərin, sivilizasiyaların
qarşılıqlı fəaliyyəti məsələsi bir
nömrəli mövzudur. Bizdə də uşaqlar məktəbə
gedəndə Rusiyada yaşayan xalqların 119 dilində dərsliklər
yaradılır. Xalqların qarşılıqlı fəaliyyətini
quruculuğa çevirmək də çox böyük səy
və çox böyük zəhmət tələb edir. Yəqin
ki, Bakının faktiki olaraq dünyada humanitar dialoqun həyata
keçirildiyi paytaxta çevrilməsi təsadüfi deyil.
Biz bu şəhərin hər bir cizgisində ənənələrə
böyük hörmət nişanələri
görürük. Biz burada muzeylər, tarixi mərkəz və
eyni zamanda, bütün yeniliklərə və kreativliklərə
açıqlıq görürük. Bu gün bu qədər
çoxsaylı müasir memarlıq şedevrləri olan yerlər
azdır. Bu, ölkə rəhbərliyinin böyük xidmətidir
və eyni zamanda, burada yaşayan və hər gün humanitar
inkişaf istiqamətində irəliləyən bütün
xalqın xidmətidir.
Humanitar
Forumun təşkilinə görə təşəkkürümü
bildirmək istəyirəm. Mən bu Forumun bütün
iştirakçılarına uğurlar diləmək və həqiqətən
dünya səviyyəli bu əlamətdar hadisə münasibətilə
cənab Prezidenti və Mehriban xanımı şəxsən təbrik
etmək istəyirəm.
Sağ
olun.
X X X
BMT baş
katibinin müavini Rəşid XALİKOV çıxış
edərək dedi:
-Azərbaycan
Respublikasının Prezidenti Zati-aliləri cənab İlham
Əliyev.
Xanımlar
və cənablar.
İcazə
verin, çıxışıma BMT-ni bu tədbirə dəvət
etdiyinə görə Azərbaycan Respublikasının
Hökumətinə təşəkkürümü bildirməklə
başlayım. Mən, həmçinin bu gün burada təmsil
etdiyim Birləşmiş Millətlər Təşkilatının
baş katibi cənab Antonio Quterreşin səmimi
salamlarını çatdırmaq istərdim. Cənab
Quterreş çox təəssüflənir ki, proqramında
olan digər görüşlər səbəbindən bu
mühüm Forumda iştirak edə bilmir.
Ötən
ilin iyul ayında BMT-nin baş katibinin söylədiyi fikirləri
sitat gətirmək istəyirəm: “Fikrimcə, etiraf etmək
vacibdir ki, paradoksal vəziyyət yaranıb. Çünki
problemlər get-gedə daha qlobal xarakter alır,
çağırışlar get-gedə daha qlobal xarakter
alır və onların hər hansı ölkə tərəfindən
təkbaşına həll edilməsi mümkün deyil. Beləliklə,
biz qlobal cavablar axtarırıq. Bizə çoxtərəfli
idarəçilik formaları lazımdır. Biz etimadın
çatışmazlığı kimi məsələlərin
öhdəsindən gəlməyi bacarmalıyıq”. BMT-nin
baş katibi, əslində, bu sözləri söyləyərkən
çağırışların vacibliyini qeyd edib və
bildirib ki, heç kəs diqqətdən kənarda qalmalı
deyil.
Biz VI Beynəlxalq
Bakı Humanitar Forumuna olduqca mühüm məsələləri
müzakirə etmək üçün toplaşmışıq.
Hesab edirəm ki, BMT-nin baş katibi bu missiyanı öz üzərinə
götürərək bunun tam yekun nəticəyə qədər
aparılmasının təmin edilməsinə
çalışacaq. Mən, həmçinin həmin məsələlərin
əksər hissəsini əhatə edən bu mühüm
Forumu təşkil etdiyinə görə Azərbaycan
Respublikasının səylərini alqışlamaq istərdim.
Humanitar yardım vacib olaraq qalsa da, bizə zəif məqamların,
qalan yoxsulluğun və böyük sayda işsizliyin aradan
qaldırılmasında daha dayanıqlı, güclü və
orta perspektivli yanaşma lazımdır. Şadam ki, həmin məsələlərdən
bəziləri bu Humanitar Forumda müzakirə olunacaq.
Zati-aliləri,
xanımlar və cənablar, hörmətli həmkarlar, icazə
verin, qısaca olaraq hazırkı humanitar vəziyyətə
toxunum. 2018-ci ildə 134 milyon insan qlobal səviyyədə
humanitar yardıma ehtiyac duyur. BMT-nin və onun tərəfdaşları
böhrana məruz qalmış insanların təxirəsalınmaz
həyati tələblərini dəstəkləmək
üçün 25,3 milyard ABŞ dolları
ayrılmasını xahiş ediblər. Münaqişə
humanitar ehtiyacların ən böyük səbəbi olaraq
qalır. Əlavə olaraq, qaçqınların sayı
artır və onlar daha uzun müddətdə öz doğma
ölkələrindən uzaqda qalırlar. Livan, Türkiyə
və İordaniya öz əhalisinin sayına nisbətdə
böyük sayda qaçqınları qəbul ediblər.
Kamerun, Çad, Sudan və Uqanda kimi ən az inkişaf
etmiş ölkələrdə 4,9 milyon qaçqın var. Yəni,
bu, qlobal qaçqın sayının 28 faizini təşkil
edir.
Əfqanıstan,
Cənubi Sudan, Somali və başqa ölkələrə gəldikdə,
uşaqlar öz həyatları boyu münaqişədən
başqa bir şey görməyib. Hər insanın təhlükəsizliyə
və müdafiəyə haqqı var. Biz bu hüququn təmin
edilməsi üçün əlimizdən gələni etməliyik.
BMT-nin baş katibi hamını beynəlxalq humanitar hüquqa,
insan hüquqlarına, mülki əhalinin qorunmasına səsləyir.
Həmçinin humanitar yardım işçiləri
üçün təhlükəsizlik şəraitlərinin
yaradılması da vacibdir. Eyni zamanda, baş katib beynəlxalq
ictimaiyyəti məcburi köçkünlüyün
qarşısının alınmasına, qaçqın həyatı
yaşayan hər kəs üçün dayanıqlı həll
variantlarını təmin edərək həm öz ölkəsində,
həm də kənarda zorakılıq səbəbindən
öz yerlərini tərk etmiş insanların hüquqlarının
təmin olunmasına çağırır. Münaqişə
ilə üzləşmiş milyonlarla insana, qida, su və təhlükəsiz
sığınacaq üçün çarpışan
insanlara, qayıtmaq ümidi olmayan, öz evlərini tərk
etməyə məcbur olan, məktəbləri
bombalanmış insanlara, həyatları xilas etmək
üçün tibbi yardım göstərən insanlara diqqətlə
yanaşmalıyıq. Biz bütün bunlara göz yuma bilmərik.
Azərbaycanda
məcburi köçkünlər üçün
dayanıqlı həll yolunun tapılmasında, o cümlədən
onların öz evlərinə, doğma yurdlarına
qayıtmasında üzləşdiyimiz əsas maneələrdən
biri Dağlıq Qarabağ bölgəsində və ətrafında
həll olunmamış silahlı münaqişənin siyasi həllinin
olmamasıdır. BMT-nin baş katibi bu yaxınlarda ATƏT-in
Minsk qrupunun həmsədrlərinin göstərdiyi
mühüm vasitəçi səylərinə tam dəstəyini
bir daha vurğuladı və tərəfləri etimadı
artırmaq üçün addım atmağa, Dağlıq
Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə
nail olmaq üçün lazımi siyasi iradəni gücləndirməyə
səslədi.
Nəinki
münaqişələr, eləcə də təbii fəlakətlər
insan əziyyətlərini artırır. Bir neçə həftə
əvvəl İndoneziya növbəti zəlzələ və
sunami ilə üz-üzə qaldı. Nəticədə 2
milyondan çox insan əziyyət çəkdi və onlardan
60 mindən çoxu məcburi köçkünə
çevrildi. Əfqanıstanda hazırkı münaqişədən
əlavə bu il quraqlıq baş verib və ölkənin
üçdə iki hissəsində yaşayan 2 milyon insan
qidalanma problemi ilə üzləşir. Haitidə yüzlərlə
insan zəlzələnin fəsadları ilə üz-üzə
qalıb.
Zati-aliləri,
xanımlar və cənablar, bu regionda təbii fəlakətlər
də baş verir və o, buna həssasdır. Ona görə
də vacibdir ki, hazırlıq səviyyəsini təşviq
etmək üçün informasiya və təcrübə
mübadiləsi aparılsın. Biz BMT olaraq bu regionun ölkələri
arasında informasiya mübadiləsinə və imkanların
genişləndirilməsinə yardım etməyə
hazırıq.
Yekun
olaraq, Azərbaycan Respublikasının qlobal səviyyədə
humanitar yardım göstərən nəzakətli
addımlarını alqışlayıram. Azərbaycan BMT-nin
müxtəlif qurumları vasitəsilə qlobal səviyyədə
humanitar yardımı milyonlarla dollar səviyyəsində
artırıb.
Bununla mən
sözümü bitirirəm, sizin hamınıza uğurlar
arzulayıram.
X X X
ISESCO-nun
baş direktoru Əbdüləziz bin Osman əl-TUVEYCRİ
çıxış edərək dedi:
-Zati-aliləri
Azərbaycan Respublikasının Prezidenti cənab İlham
Əliyev.
Zati-aliləri
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban
xanım Əliyeva.
Zati-aliləri,
xanımlar və cənablar.
Belə
bir mötəbər Forumda çıxış etməkdən
olduqca məmnunam. Bu tədbirdə bizə dost olan bir çox
insanların əyləşdiyini görürəm. Mən Azərbaycan
Respublikasının Prezidentinə təşəkkürümü
bildirirəm. O, ölkəyə uzaqgörənliklə,
müdrikliklə rəhbərlik edir, sülh və təhlükəsizliyi
bütün dünyada təşviq edir.
Forumun
uğurlu olması onu göstərir ki, bu ölkə problemlərə,
ərazi bütövlüyü ilə bağlı çətinliklərə
baxmayaraq, - mən Dağlıq Qarabağ məsələsini
nəzərdə tuturam, - irəliyə doğru gedir,
inkişaf edir və bütün dünyaya örnək
göstərir.
Dünya ədalətli,
düzgün olmalıdır ki, bu məsələlərin
aradan qaldırılmasına nail olunsun. Bu, həlledici məsələdir,
bu məsələlərə səmimi
yanaşılmalıdır. Ümumiyyətlə, bir insan digər
insanın ərazisini işğal etdiyi halda siz dünyada
sülhə, təhlükəsizliyə nail ola bilməzsiniz.
Bu, beynəlxalq hüquqa ziddir, bu, ümumiyyətlə, dinlərə
qarşı olan bir addımdır, bütün etikadan və mənəviyyatdan
uzaq olan bir addımdır. Bu problemlərin həlli bizdən nəyi
tələb edir? Biz beynəlxalq hüququn ruhuna, prinsiplərinə
riayət etməliyik. Çünki bu gün dünyada bir
çox problemlər və çağırışlar var. Fələstin,
Dağlıq Qarabağ, Cəmmu və Kəşmir, Myanma və
dünyanın bir çox yerlərində insanlar əzab-əziyyətlə
üz-üzədir. Onlar yoxsulluqdan əziyyət çəkirlər,
çətinliklərdən keçirlər. Biz bunun
şahidiyik və görürük ki, sadəcə, gözəl
sözlər söyləmək kifayət deyil, biz
dünyanı təhlükəsiz etmək üçün təbii
ki, ədaləti təmin etməsək bu, mümkün deyil.
Bu, bizim üçün mühüm bir şərtdir. Bunu
etiraf etməliyik və bu istiqamətdə işləməliyik.
Forum bu nailiyyətin əldə olunması istiqamətində
irəliyə doğru atılan bir addımdır.
Düşünürəm ki, məhz
iştirakçıların ayırdığı diqqət və
onların verəcəyi töhfə əsasında Forumun
uğuruna nail ola biləcəyik. Müəyyən işlər
görə bilərik ki, dünyanın diqqətini bu məsələlərə
yönəldək. Çünki insanlıq olmadan gələcək
ola bilməz, sülh ola bilməz, ədalət zəfər
çala bilməz və əməkdaşlıq baş tuta
bilməz. Bu problemlər həll olunmasa, qarşımızda
dayanan məqsədlərə çatmaq mümkün olmaz.
Buna görə dünyaya üz tutaraq deməliyik ki, biz
qardaş və bacılarıq. Mövcud olan problemləri məhz
bu yolla həll etməliyik. Çünki milyonlarla insan əziyyət
çəkir. Biz buna dözümlülük göstərməli
deyilik. Dünya öz səylərini birləşdirməlidir,
bu məqsəd üçün hamı səfərbər
olunmalıdır ki, dünya daha təhlükəsiz şəkildə
inkişaf etsin, ədalət zəfər çalsın və
bərabərlilik təmin edilsin. Bütün bu prinsiplər
humanitar bir ruhda tətbiq edilməlidir. Sadəcə,
bunları söyləmək kifayət deyil, buna görə də
biz iş görməliyik.
Biz ISESCO
olaraq öz tərəfdaşlarımızla sıx işləyirik,
Avropa Şurası ilə birgə
çalışırıq. Bir sıra digər beynəlxalq
təsisatlarla iş aparırıq, o cümlədən
İslam və ərəb dünyasının təşkilatları
ilə birgə işləyirik. Biz çox diqqətliyik və
fikirlərimizin nədən ibarət olduğunu səmimi
şəkildə bildiririk. Biz bəşəriyyətə
xidmət edən idealları təşviq edirik. Bizim
hamımız dinə etiqad edən insanlarıq. Biz
bütöv bir ailə olmalıyıq. BMT-nin Nizamnaməsində
də, Ümumdünya İnsan Hüquqları Bəyannaməsində
də bildirilir ki, insanlar bərabərdir. Quranda da, İncildə
də, Tövratda da bildirilir ki, insanlar bərabərdir. Yəni,
bizim hamımız bu səma altında eyni və bərabərik.
Bizim insan hüquqlarımız da vahiddir. Yəni, biz burada
müxtəlif ölçülərdən istifadə edə
bilmərik: bu dünya belə olmalıdır, burada ədalət
olmalıdır, başqa yerdə isə yox. Ədalət bir
olur və bu, bütün hallara tətbiq edilməlidir. Mən
burada çıxış etmək üçün mətn
hazırlamışdım. Lakin onu oxumuram, sizə səmimi qəlbdən
gələn sözlərimi söyləyirəm. Mən
bunları öz təcrübəm əsasında deyirəm.
Mən
çox yerlərdə olmuşam, çox yerləri gəzmişəm,
Afrikada, Asiyada, Latın Amerikasında, həmçinin Avropada
milyonlarla insanı səfalət içində
görmüşəm. Dünya özü də tam kamil deyil,
onun da öz problemləri var. Bizi birləşdirən ruh
qardaşlıq ruhu olmalıdır, hamımızın ürəyində
insani hisslər var. Biz öz ölkələrimizin gələcəyi
üçün çalışmalıyıq. Müəyyən
bir yerdə insanların əzab-əziyyət çəkməsinə
və öz gələcəklərindən məhrum
olmalarına göz yummalı deyilik. Təbii ki, yerlərdə
davamlı iş aparılmadan, problemləri həll etmədən
sülhü təmin edə bilmərik. Şimalda, Qərbdə,
Cənubda milyonlarla insan - müsəlmanlar, xristianlar, bütpərəstlər
əzab-əziyyətlə üzləşirlər. Bu Forum
bilirsiniz ki, dini forum deyil. Baxmayaraq ki, İslam sivilizasiyası,
Avropa sivilizasiyası, hindu sivilizasiyası var, burada söhbət
beynəlxalq sivilizasiyadan gedir və Forumun məqsədi bizim
hamımızı bir araya gətirməkdən ibarətdir.
Cənab
Prezident, mən buna görə Sizə səmimi qəlbdən
təşəkkürümü bildirirəm ki, bütün
dünyaya aydın şəkildə nümunə göstərirsiniz.
Bununla bağlı öz biliklərinizi bütün dünya
ilə paylaşırsınız. Ziyalıları, media təmsilçilərini,
hökumət rəsmilərini, dünyanın 90 ölkəsindən
olan nümayəndələri burada bir araya gətirirsiniz.
Bakı mədəniyyətlərarası,
sivilizasiyalararası, dinlərarası dialoqun mərkəzinə
çevrilib.
Zati-aliləri,
diqqətinizə görə çox sağ olun.
X X X
UNESCO-nun
baş direktorunun müavini Çu SİN
çıxış edərək dedi:
-Zati-aliləri,
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev.
Zati-aliləri,
Rusiya Federasiyası baş nazirinin müavini xanım Olqa
Qolodets.
ISESCO-nun
baş direktoru cənab Əbdüləziz bin Osman əl-Tuveycri.
BMT
baş katibinin Yaxın Şərq və Mərkəzi Asiya ilə
humanitar tərəfdaşlıq üzrə müavini cənab
Rəşid Xalikov.
Zati-aliləri,
xanımlar və cənablar.
Əvvəla,
icazənizlə UNESCO-nun baş direktoru xanım Odre Azulenin
adından və öz adımdan VI Bakı Beynəlxalq
Humanitar Forumun keçirilməsi münasibətilə sizə
ən xoş təbriklərimi çatdırım.
Hamımızın
çox minnətdar olduğu Zati-aliləri Prezident İlham
Əliyevin təşəbbüsü ilə başlanan
“Bakı Prosesi”nin 10 illik yubileyini qeyd etmək
üçün burada olmaq məndə məmnunluq hissi
oyadır. Bu proses dünyada olan
çağırışlarla üzləşən mədəniyyətlərarası
dialoqu dərinləşdirib, o cümlədən daha
güclü iqtisadiyyatların və ya daha mütəhərrik
təhsil sistemlərinin necə yaradılması və
informasiyanın yayılmasını özündə necə
birləşdirilməsini ehtiva edən məsələlərə
ünvanlanıb. Bu çağırışların
hamısı “Yeni dünya və yeni insan formalaşdıraq:
kreativlik və insan inkişafı” adlandırılan bu Forumun
mövzusunda əhatə olunub.
Yaradıcılıq
həqiqi bəşəriyyətlə təkrar əlaqə
yaratmağımız üçün güclü vasitədir.
Rəssamlar müştərək
paylaşdığımız bəşəriyyətin
müxtəlif görüntülərini təqdim edir,
insanların seçimlərini genişləndirir və
onların təxəyyülündə alternativ gələcəklə
bağlı qığılcım yaradır.
Yaradıcılıq, eyni zamanda, əsas iqtisadi qüvvədir.
Bu gün mədəni və yaradıcı sənayelər
böyük iqtisadi faydalar gətirir, 30 milyon insanı işlə
təmin edir və bəzi ölkələrdə ÜDM-in 10
faizini təşkil edir. UNESCO mədəni ifadələrin
müxtəlifliyini, incəsənət
azadlığını və rəssamların sərbəst
hərəkətini təbliğ etmək üçün
hökumətlərə dəstək göstərir. Qlobal
populyasiya daha çox qloballaşdığına görə
şəhərlər yaradıcılığın əsas
hablarına çevrilir. Məhz buna görə UNESCO-nun
yaradıcı şəhərlər şəbəkəsi
yaradıcılığı və mədəni sənayeləri
yerli səviyyədə inkişaf planlarının mərkəzində
yerləşdirir. Hazırda dünyanın 180 şəhəri
innovasiya, dizayn, film, qastronomiya, ədəbiyyat, musiqi və
media incəsənətini irəli aparır. Azərbaycanın
şimal-qərbində yerləşən Şəki şəhəri
sənət işləri və incəsənət üzrə
UNESCO-nun yaradıcı şəhərinin parlaq nümunəsidir.
Bu şəhər gözəl memarlıq, ipəkçilik və
ənənəvi sənət işlərinə görə məşhurdur.
O, bir vaxtlar Asiya İpək Yolunun bir hissəsi idi. Bu gün həmin
şəhər çoxlu etnik mənsubiyyəti və
yaradıcılığın özəyi kimi mədəniyyətlərarası
dialoq ənənəsini davam etdirir.
Mədəniyyət
və yaradıcılığın gücü
özünü rəqəmsal sahədə də büruzə
verir. Hazırda bizi yeni informasiya və mədəni ifadələrdən
yalnız bir neçə il ayırır. İnternet
özündə qlobal dili təcəssüm etdirən rəqs,
teatr, ədəbiyyat, musiqi, filmlər və sairə ilə
yeni müzakirələrə yol aça bilər və UNESCO
da rəqəmsal dövrdə mədəni müxtəliflik
üzrə işlərə rəhbərlik etməklə
insanlar arasında maneələri aradan qaldırır. Lakin
yaradıcılığın yalnız mədəniyyət
sahəsi ilə məhdudlaşdığını
düşünmək səhv olardı. Yaradıcı
düşüncə və innovasiya bütün insan fəaliyyətlərinin
başlanğıcını qoyur. Bir çox böyük
çağırışların öhdəsindən gəlmək
üçün bizə elm, texnologiya, mühəndislik və
riyaziyyat da lazımdır. SUN layihəsinin direktorunun da qeyd
etdiyi kimi, elm və incəsənət bir-birinin əksi deyil,
hər ikisi bəşəriyyətin kreativliyinin ən
yüksək nöqtələrini təmsil edir. İqlim dəyişikliyi
dövrümüzün əsas dəyişikliklərinə səbəb
olur. Süni intellektin kəşfi dünyanı dəyişdirir
və bir sıra işlərə ehtiyacı aradan
qaldırır, lakin yeni imkanlar, o cümlədən iqtisadi
imkanlar yaradır. Biz yeni dünyaya, sadəcə, adaptasiya
olmamalı, həm də fəal şəkildə iştirak
etmək üçün bütün imkanlarımızı səfərbər
etməliyik. Bu səbəbdən də XXI əsrin kadr
inkişafı istiqamətində tələblərinə hələ
də tam cavab verməyən təhsil sistemlərimizdə
ciddi dəyişikliklər etməliyik. Mövcud tədris
prosesindəki problemləri təcili olaraq həll etməliyik.
Dünyada 670 milyon uşaq və gənc qiraət və
riyaziyyat üzrə minimal bacarıq tələblərinə
cavab vermir. Qadınların və qızların, xüsusilə
elm sahəsində bərabər imkanlara malik olmasını təmin
etməliyik. Tənqidi düşünmə, problem həlli,
komandada işləmə bacarıqlarını inkişaf
etdirməliyik.
Təhsil,
eyni zamanda, qlobal vətəndaşlığın öndə
olan dəyərlərindən biridir. Davamlı inkişaf,
insan hüquqları və qarşılıqlı anlaşma,
mürəkkəb dünyanı anlamaq, dünyanın kompleks
informasiya və kommunikasiya sahəsində hərəkət
etmək üçün vacib komponentlərdir. Böyük
bir təhlükə var - internet tolerant olmayan gənclər
arasında yanlış informasiyanın yayılması
üçün bir vasitə ola bilər. Digər təhlükə
isə həddən çox tədbirlərdən istifadə
edərək cəmiyyətlərin effektiv fəaliyyəti
üçün vacib olan azadlığın və
imkanların məhdudlaşdırılmasıdır. Bunun əvəzinə,
ötən il UNESCO-nun nəzarəti altında işçi
qrupun hazırladığı hesabata uyğun olaraq, diqqəti
rəqəmsal savadlılıq və vətəndaşlığın
təbliğ edilməsinə yönəltməliyik. Media və
informasiya savadlılığı vətəndaşların
informasiyanın nə olması və kim tərəfindən
yayılmasına daha tənqidi yanaşmasını təmin
etmək üçün çox əhəmiyyətlidir.
UNESCO bu məsələ üzrə aparıcı təşkilatlardan
biridir və təhsil kurrikulumunu işə salıb, üzv
ölkələr bu istiqamətdə dərslər
hazırlayıb onlayn kurslar, layihələr və
araşdırmalar təşkil edirlər. UNESCO və BMT-nin
sivilizasiyalar ittifaqı illik qlobal media və informasiya
savadlılığı həftəsi oktyabrın 24-də
başladı. Proqram çərçivəsində dünya
üzrə bir sıra tədbirlər təşkil olunacaq.
Xanımlar
və cənablar, İkinci Dünya müharibəsindən
sonra Eynşteyn bir çıxışında belə
demişdi: “Düşünmə modelindən başqa hər
şeyi dəyişdik”. Bu gün düşünmə
modelimizi daha kreativ, insan inkişafına daha yönümlü
bir istiqamətdə dəyişmək üçün real
imkanımız var. Bütün üzv ölkələrin
üzərində işlədiyi BMT-nin davamlı inkişaf
proqramı daha dərin, daha geniş mədəniyyətlərarası
dialoqa əsaslanan kollektiv həllər tapmağa istiqamətlənib.
UNESCO da üzv ölkələri mədəniyyət, təhsil,
elm və kommunikasiya sahəsində dəstəkləməkdə
davam edir. Bu nəslin daha təhlükəsiz, daha sülh dolu,
daha firavan və daha davamlı yeni bir dünya yaratmaq imkanı
var. Ümid edirəm ki, “Bakı Prosesi”nin yeni ilində
müzakirələr bu mövzu ətrafında da olacaq.
Sağ
olun.
X X X
Parlamentlərarası
İttifaqın prezidenti xanım Qabriela BARON
çıxış edərək dedi:
-
Çox sağ olun, cənab Prezident İlham Əliyev.
Hörmətli
tədbir iştirakçıları, milli parlamentlərin
ümumdünya təşkilatı olan Parlamentlərarası
İttifaqın sədri və meksikalı parlamentari kimi VI
Bakı Beynəlxalq Humanitar Forumunda çıxış etməkdən
çox şadam. Biz bu gün buraya beynəlxalq aləmin, eləcə
də bəşəriyyətin bir sıra qlobal
çağırışlarla üzləşdiyi vaxtda
toplaşmışıq. Oslo Sülh Tədqiqatları Mərkəzinin
rəyinə görə, 2017-ci il soyuq müharibə bitdikdən
sonra ən zorakı illərdən biri olub. Həmin ildə
dövlətlər arasında 49 həll olunmamış
münaqişə və 82 fəal mərhələdə olan
qeyri-dövlət münaqişəsi qeydə alınıb. Həmin
münaqişələrin, o cümlədən bütün
dünyada artan ekoloji böhranın nəticəsi olaraq
dünya miqyasında məcburi köçkünlərin
sayı 2017-ci ilin sonuna 68,5 milyon insana çatıb. Bununla
yanaşı, qlobal iqtisadiyyatın mövcud vəziyyəti
qlobal istehsal və istehsal proseslər ilə birgə artıq
dözülməz vəziyyət yaradıb və hazırda il
ərzində istifadə olunan təbii resursların həcminə
cavab vermək üçün artıq bizə indikindən
1,7 dəfə böyük Yer kürəsi lazımdır.
Bundan əlavə,
texnogen fəaliyyətin ətraf mühitə təsiri
planetimiz üçün ağır təbii fəsadlar
törədir və hazırda BMT gələcək illərdə
qlobal istiləşmənin 1,5 selsi dərəcəsində
saxlanılması üçün beynəlxalq öhdəliklərin
olmasına çalışır. Biz, həmçinin
texnoloji tərəqqinin daim dəyişən mahiyyətinin
yaratdığı çağırışlarla üzləşirik
və nəticədə avtomatlaşdırılmanın
artması iqtisadi əməkdaşlıq və inkişaf təşkilatına
üzv ölkələrində iş yerlərinin ən
azı 14 faizini sual altında qoyur. Bu cür dəyişkən
zamanda bəşəriyyət yol ayrıcında qalır və
əgər biz planetimizin getdiyi istiqaməti dəyişmək
istəyiriksə, orada innovasiya, əməkdaşlıq,
yaradıcı yanaşma və çoxtərəflilik
fundamental əhəmiyyət daşımalıdır. Məhz
həmin mürəkkəb çağırışlar səbəbindən
mən Azərbaycanın və bu tədbir təşkilatçılarının
göstərdiyi səyləri alqışlayıram. Beynəlxalq
humanitar forumun müzakirələri yaradıcı yanaşma və
insan inkişafına əsaslanan yeni dünyanın
formalaşdırılması mövzusuna həsr olunub.
Aydındır ki, əgər biz dünyamızın tələb
etdiyi təcili dəyişikliklərə nail olmaq istəyiriksə,
bu elementlər olduqca dəyərlidir. Hamımızın
bildiyi kimi, geniş ilhamverici və olduqca zəruri olan
Dayanıqlı İnkişaf Məqsədlərinə və
2030-cu ilədək olan gündəliyə nail olmaq
üçün dünyanın cəmi 12 ili qalır. Parlament
üzvü və təşkilat sədri kimi, biz milli
reallıqlar arasında körpü salmağa
çalışırıq və bir çox hallarda bu
addım uzaq məsafəli çoxtərəflilik kimi qələmə
verilir. Bununla belə qeyd etməliyəm ki, hazırda dünya
heç vaxt görünmədiyi qədər güclü,
çoxtərəfli əməkdaşlığa və tərəfdaşlığa
ehtiyac duyur. Bizim üzləşdiyimiz
çağırışlara gəlincə, həll
variantlarını tapmaq üçün
qarşılıqlı əlaqələri və fəaliyyəti
müəyyənləşdirməliyik.
Məmnunluqla
qeyd edirəm ki, Forumdakı müzakirələr zamanı
çoxtərəfli müttəfiqlik və tərəfdaşlığa
zərurət artıq etiraf edilir. Bir çox hallarda qeyd olunur
ki, 2030-cu il üçün gündəliyin ən mürəkkəb
məsələlərindən biri 17-ci Dayanıqlı
İnkişaf Məqsədinə nail olmaqdır. Çoxtərəfli
əməkdaşlığa gəldikdə spektiv
yanaşmanı açıq şəkildə sərgiləyən
bir sıra ölkələrin proteksionizmə və populist
ritorikaya sığındığı zaman bu tərəfdaşlığın
qurulması, əslində, çətin proses olar. Bununla belə,
beynəlxalq təşəbbüslərə tərəddüd
və tənqidlə yanaşıldığı dövrdə
biz çoxtərəfliliyi müdafiə etməli və dəstəkləməliyik,
çünki birgə fəaliyyət dünyamızın
problemlərinin həllinə aparan yeganə yoldur. Olduqca
vacibdir ki, tərəfdaşlıq nəinki parlament çərçivəsində,
o cümlədən milli hökumətlər arasında
olmalıdır və biz bu prosesə özəl sektoru və
vətəndaş cəmiyyətini də
qoşmalıyıq. Buna nail olmaq üçün
üçtərəfli əməkdaşlıq
fundamentaldır və bütün təbəqələr
arasında etimadın qurulmasında xüsusi əhəmiyyət
kəsb edir. Biz hamımız bu məqsədi
qarşımıza qoyub bərabərliyə,
düzgünlüyə, əməkdaşlığa nail
olmalıyıq. Gələcək illərdə bizim
qarşımızda duran məqsəd, mən Dayanıqlı
İnkişaf Məqsədlərini də nəzərdə
tuturam, öz resurslarımızı yerli səviyyədə səfərbər
edərək imkanlarımızı genişləndirməkdir.
Bunun nəticəsində əldə olunacaq 5-7 trilyon dollar
Dayanıqlı İnkişaf Məqsədlərinə nail
olunmasına sərf edilməlidir. Bu baxımdan milli parlamentlərin
və bizim Parlamentlərarası İttifaqın
oynadığı rol çox mühümdür. Bizim bununla
bağlı qarşımızda qoyduğumuz məram
müvafiq dövlət siyasətinin
formalaşdırılmasına yönəldilməli, 2030-cu ilə
nəzərdə tutulan gündəlik həyata keçirilməlidir.
Biz parlament olaraq bu məsuliyyəti öz üzərimizə
götürürük və effektiv olaraq milli resursların cəmlənməsinə
çalışmalıyıq.
Təbii
ki, dünyada mədəniyyətlərarası dialoqun da
inkişaf etdirilməsi çox vacibdir. Çünki
Dayanıqlı İnkişaf Məqsədlərinə nail
olmaq üçün trilyonlarla dollar lazım gəlir və
bu, maliyyə boşluğunun aradan qaldırılması
bütün ölkələrə, cəmiyyətin
bütün təbəqələrinə aiddir və bu,
hamımızı narahat etməlidir. Buna görə də biz
çoxtərəfliliyi qorumalıyıq.
Hörmətli
həmkarlar, bu gün bəşəriyyətin çox
çətin zamanda üzləşdiyi
çağırışlar mürəkkəbdir və bizim
dünya həm iqtisadi və sosial baxımından diqqətlə
davranmalıdır, əməkdaşlığımız
güclü və geniş olmalıdır. Biz bir-birimizlə
rəqabət aparmalı deyilik. Hər hansı bir həll
variantının olmaması, yaradıcı yanaşmanın tətbiq
edilməməsi heç nəyə gətirib çıxara
bilməz. Hesab edirəm ki, məhz yaradıcı yanaşma və
innovasiya bizə nəinki bu mərhələni keçməyə,
həmçinin əlimizdə olan enerjini daha da
artırmağa imkan yaradacaq. Çoxtərəflilik bu gün
informasiyanın çatışmazlığı səbəbindən
əziyyət çəkir. Populizmin və milli maraqların
xüsusi olaraq nümayiş etdirildiyi bir vaxtda, ümidvaram ki,
bu Forumun bütün iştirakçıları açıq
şəkildə yeni imkanları müzakirə edəcəklər,
çoxtərəfliliyi yenidən canlandıracaqlar, innovativ həll
yollarını irəli sürəcəklər, tərəfdaşlıq
quracaqlar. Təbii ki, biz bütün bunları beynəlxalq
hüququn prinsiplərinə uyğun etməliyik. Çoxtərəflilik,
əslində, dünyamızın dəyişilməsi
üçün özündə bir çox
davranışı və fəaliyyəti ehtiva edir. Biz yeni
yollar araşdırmalıyıq ki, bunun vasitəsilə
çoxtərəfliliyin təsirini ölçə bilək,
onu anlayaq və bunu milli və yerli səviyyədə həyata
keçirək. Əgər biz bu təsirin ölçülməsinə
nail olarıqsa, əminəm ki, dünyamızı dəyişə
biləcəyik. Dünyamızın dəyişilməsi
üçün biz öz icmamızdan başlamalıyıq və
bu, yeganə yoldur.
Mən
hamınıza müraciət edərək demək istəyirəm
ki, Forumun əsas məqsədlərindən biri məhz
çoxtərəfliliyə nail olmaqdır. Biz humanist prinsiplərə
əsaslanan icmanı qurmalıyıq, o, insan həyatlarını
xilas edə bilər, insanların əzab-əziyyətlərini
aradan qaldıra bilər, insan ləyaqətini saxlaya bilər və
dəyişən dünyanın insana təsirini azalda bilər.
Biz belə bir dəyişkən bir vaxtda bəşəriyyəti
daha da təkmilləşdirmək üçün nə etməliyik?
İnanıram ki, Forum bu və bir çox digər suallara yeni
cavablar tapacaq. Sağ olun.
X X X
Bununla da
VI Bakı Beynəlxalq Humanitar Forumunun rəsmi
açılış mərasimi başa çatdı.
Açılış
çıxışlarından sonra Forum işini plenar və
işçi sessiyalarla davam etdirib.
Qeyd edək ki, 2010-cu ildən təşkil
olunan Forumun təşəbbüsçüləri Azərbaycan
və Rusiya prezidentləridir. Beynəlxalq Humanitar Forum qlobal
xarakterli məsələlərə dair geniş spektrli
dialoqlar, fikir mübadilələri və müzakirələr
aparmaq məqsədilə müxtəlif ölkələrdən
tanınmış dövlət xadimlərini, elmin fərqli
sahələri üzrə Nobel mükafatı
laureatlarını və nüfuzlu beynəlxalq təşkilatların
rəhbərlərini, o cümlədən dünyanın
siyasi, elmi və mədəni elitasının nümayəndələrini
bir araya toplayan mötəbər tədbirdir. VI Bakı Beynəlxalq
Humanitar Forumu gələcək dünyamızı
formalaşdıracaq kreativ ideyalar və onların həyata
keçirilməsi yollarının axtarılmasını diqqətdə
saxlayacaq. Dünyanı vahid məkan və bütün bəşəriyyəti
bir cəmiyyət kimi görmək istəyi yeni münasibətlər
qurmağa, daha mütərəqqi və aktual müzakirələr
aparmağa imkan verəcək və bəşəriyyətin
inkişafına ənənəvi yanaşmalarda dəyişikliklərin
yaranmasına vəsilə olacaq.
Hərbi And.- 2018.-26 oktyabr.- S.8.