Qəhrəmanlar ölmür
SSRİ kimi böyük
imperiyanın dağılmasından,
xalqımızın azadlıq
uğrunda mücadiləsindən,
20 Yanvar hadisələrindən,
müharibənin törətdiyi
çətinliklərdən bizi 30 ilə yaxın zaman ayırır. Bu illər ərzində
çox şey dəyişdi. Ölkəmiz,
eləcə də onun ayrılmaz parçası olan Naxçıvan Muxtar Respublikası müstəqilliyin
işığında böyük
bir inkişaf yolu keçdi. İndi müstəqil, azad bir ölkənin
xoşbəxt vətəndaşlarıyıq.
Həyatımızın axarı,
yaşam tərzimiz, dünyaya baxışımız
da dəyişib. Uşaqlarımız
güllə səsindən
və hər bir çətinlikdən uzaq, şən, firavan böyüyür. Gündüzlər insanlar işə
tələsir, gecələr
bağları, parkları
istirahətə gələnlərin
gülüşləri bəzəyir.
Çıraq işığında
səhəri açdığımız
gecələri indi şəhərin dörd bir yanında gur işıqlar əvəzləyir. Bütün
çətinliklər arxada
qalıb. Hər şey dəyişib. Dəyişməyən gerçəklər
də var: biz o gerçəkləri
yaşadıq, göz
yaddaşımıza, hafizəmizə
yazıldı. 1990-cı illərdə
yaşanan ağır
hadisələrin və
insanların vətənpərvərliyinin
şahidləri olduq. O vətənpərvərlik idi ki, silahın,
texnikanın çatışmadığı
bir dövrdə Naxçıvanı erməni
işğalından qorudu,
o vətənpərvərlik hissi idi ki,
insanları yumruq tək öz ətrafında birləşdirdi,
o əqidə idi ki, düşmənə əsir düşməsin
deyə, sonuncu gülləsini özünə sıxan oğullar adını tarixin qəhrəmanlıq
səhifəsinə yazdırdı.
Vahid komandanlığa
tabe olan ordunun yoxluğundan istifadə edən ermənilər Naxçıvana
bir neçə istiqamətdən aramsız
hücumlar edirdilər.
Sədərək, Havuş, Günnüt
kəndləri 1990-cı il
yanvarın 19-da səhər,
təxminən, saat
11-dən etibarən daha
intensiv hücumlara məruz qalmışdı.
Həmin vaxt ermənilər əsas qüvvələrini Sədərək
istiqamətinə yönəldərək
Kərki kəndini işğal etdilər.
İnsanlar belə
bir məqamda Vətənin dar günündə Naxçıvana
gələn Ümummilli
Liderin ətrafında
sıx birləşərək
bu qədim Azərbaycan diyarını
mərdliklə qorudular.
Keçmiş SSRİ-nin
müxtəlif şəhərlərində
məskunlaşmış həmyerlilərimizdən
də geri qayıdanlar oldu. Onlardan biri də
Murmanskdan Şərura
üz tutan Asəf Bayram oğlu Rəhimov idi.
Asəf Bayram oğlu
Rəhimov 1960-cı il
yanvarın 24-də Şərur
rayon Düdəngə
kəndində anadan olub. 1967-ci ildə Düdəngə kənd orta məktəbinə gedib. 1977-ci ildə məktəbi bitirən Asəf Rəhimov Bakıda 2 saylı peşə məktəbinə daxil olur. 1981-ci ildə hərbi xidmətini başa vurub doğma yurduna qayıdan Asəf Rəhimov təhsilini davam etdirmək üçün
1982-ci ildə Murmanska
yollanır. 1983-86-cı illərdə
Murmansk şəhərində
yeməklərin hazırlanması
üzrə texnoloq fakültəsində oxuyub
təhsilini başa çatdırır və
həmin şəhərdə
əmək fəaliyyətinə
başlayır. Vətənin
dar günündə Asəf Rəhimov doğma elinə qayıdır və
1990-cı ildə Şərur
rayon Polis şöbəsində işə
düzəlir. Polis nəfəri kimi döyüşlərdə iştirak
edən Asəf Rəhimov şücaətlər
göstərir, Əlibaba
ləqəbi ilə tanınır.
Həmin dövrdə
təkcə Düdəngə
kəndindən 32 polis
nəfəri ön cəbhədə düşmənlə
üz-üzə dayanmışdı.
Onlardan biri də Asəf Rəhimov idi. Sədərək döyüşlərinin
iştirakçısı olan
Asəfin müdafiəsində
iştirak etdiyi ərazilər Günnüt
kəndi və onun ətrafı oldu. Günnütün alınması düşmən
üçün böyük
önəm daşıyırdı.
Bu istiqamətdən ermənilərin məskunlaşdıqları
Çanaxçı və
Cəfərli kəndləri,
həmçinin Xankəndinə
gedən yol əl içi kimi görünürdü.
Bu ərazilər
1992-ci ilə qədər ordumuzun nəzarəti altında olub. Öz müdafiə mövqelərini möhkəmlətmək
baxımından Günnüt
ermənilər üçün
mühüm strateji əhəmiyyətə malik
idi.
Həmin dönəmdə Günnütün Əlibaba
ləqəbi ilə tanınan Asəf Rəhimov kimi müdafiəçiləri vardı.
Qarşı tərəfdən
fərqli olaraq müasir texnikaları, silahları olmasa da, güclü iradələri, Vətən
eşqi, sarsılmayan
əzmləri vardı.
Xarici görünüşünə
və rus dilində mükəmməl
danışdığına görə azərbaycanlı
olduğunu təyin edə bilməyən ermənilərə Asəf
dəfələrlə psixoloji
zərbə vurmuşdu.
Kəşfiyyat xarakterli
məlumatları toplayaraq
geri qayıdan Asəf arxasınca bir iz buraxardı.
Ermənilərə Alibaba
bıl zdes, (Əlibaba burada olub) mesajını ötürən Asəf, sözün əsl mənasında, düşmənə
od qoyurdu. Mərmi kimi partlayan sözlərin yazıldığı kağız
parçasını tapanda
isə artıq Asəf ərazidən çox uzaqlarda idi. O dövrdə belə bir ideyayla
döyüşürdülər: Asəf Rəhimov düşmənin layiqli cavabını verən igidlərdən idi.
Sonuncu güllə
1992-cı ildə Sədərəkdə qızğın
döyüşlər gedərkən
düşmən müdafiə
qüvvələrimizi parçalamaq
məqsədilə Günnüt
kəndini də atəşə tuturdu. Günnütü asanlıqla
ala bilməyəcəyini
görən düşmən
qüvvəsini bura yönəldir. İlk vaxtlarda böyük itki verən ermənilər Günnüt
kəndini vertolyotla hava hücumuna məruz qoyub yerlə-yeksan edirlər. Qeyri-bərabər döyüşdə
Mərdan Abbasov adlı döyüşçü
ağır yaralanır,
polis işçilərini
atəş xəttindən
çıxaran digər
döyüşçü isə mühasirəyə
alınır. Bu "Əlibaba" ləqəbi
ilə düşmənin
canına vəlvələ
salan Asəf Rəhimov idi. Düşmən üçün
Əlibaba uğurlu hədəf idi. Məqsəd onu diri tutmaq, qalib
ədasıyla güc
nümayiş etdirmək
və Əlibabadan qisas almaq idi.
Lakin Əlibaba erməni quldurlarına yenilmədi. Düşmənin
məqsədinin qurbanı
olmadı. Əlibaba
elini, obasını sevən bir qəhrəman idi. O Vətən naminə etdiyi fədakarlığına
görə ad qazanmışdı. Ölüm
qorxusumu güc gələcəkdi? Heç
bir qüvvə onun qürurunu, Vətənlə qoşa döyünən ürəyini,
sarsılmaz ruhunu əsir edə bilməzdi. Son ana qədər erməni quldurları ilə təkbaşına
döyüşən Əlibaba
17 nəfər silahdaşını
xilas etdi, düşmən tərəfini
itkiyə məruz qoydu. Ayağından güllə yarası alan Asəf artıq çıxış
yolu olmadığını
anlayır. Dörd bir tərəfdən mühasirədə qalan qəhrəman sonuncu gülləni özünə
sıxır. Bundan qəzəblənən ermənilər Asəfin ölüsünü belə
rahat buraxmırlar. Ermənilərin dəfələrlə
dərsini verən Asəf onlar üçün ölüm
kabusu idi. Erməni vəhşiləri
öldüyünə əmin
olmaq üçün
meyiti tanınmaz hala salırlar, bununla da ürəkləri
soyumur. Özləri ilə meyiti də götürüb gedirlər.
Günnütün ilk şəhidi
Əlibaba elə
bir ad-san qazanmışdı ki, onun ölümünə inanmaq çətin idi. Şücaəti ilə qəlblərdə
ölümsüzlük heykəli
ucaltmışdı. Ölümündən
sonra Asəfin axtarışı bir neçə gün davam edir. Ulu
öndər Heydər
Əliyevin səyi ilə Asəf Rəhimovun meyiti geri qaytarılır. Asəf Günnütün
ilk şəhidi və müdafiəçisi
kimi adını tarixə qızıl hərflərlə
yazdırır. Həmin
ildə Asəfin şücaəti ilə bağlı silsilə yazılar qəzet səhifələrində yer
alır, qəhrəmanlığı
örnək göstərilir.
Azərbaycan Respublikası
Prezidentinin 30 iyun
2002-ci il tarixli sərəncamı ilə
Asəf Bayram oğlu Rəhimov ölümündən sonra
"Azərbaycan Bayrağı"
ordeni ilə təltif olunur. Məzunu olduğu Düdəngə kənd orta məktəbinə adı verilir və məktəbin həyətində büstü
ucaldılır. Oğlu
Əfqan Rəhimov bu gün atasının
yolunu davam etdirərək Kəngərli
rayon Polis şöbəsində öz
xidməti vəzifəsini
ləyaqətlə yerinə
yetirir.
Rahat uyu
şəhidim, Günnütdən
düşmən ayağı
kəsilib
Düz 26 il sonra
2018-ci ilin mayında Naxçıvan Əlahiddə
Ümumqoşun Ordunun
keçirdiyi uğurlu
hərbi əməliyyat
nəticəsində Şərur
rayonunun Günnüt kəndi və ətrafındakı 11 min
hektar ərazi düşməndən azad
edilir. 26 kilometr məsafəni əhatə
edən əməliyyat
nəticəsində 7 kilometrədək dərinlikdə
əlverişli yüksəkliklər
ələ keçirilir.
Həm də itkisiz. Günnüt əməliyyatı son illərdə həyata keçirilən ən uğurlu hərbi əməliyyat kimi tarixdə öz yerini aldı.
Qısa müddətdə dağlıq şəraitdə xidmətin
təşkili üçün
lazımi şərait
yaradıldı. Mühəndis-istehkam
tədbirləri görüldü,
postlar arasında dayanıqlı rabitə əlaqəsi yaradıldı,
yeni səngərlər
qazıldı. Ön xətdəki mövqelərlə
yanaşı, dayaq məntəqələrində də etibarlı müdafiə sistemi qurulub. Eyni zamanda
ərazidə yeni yollar çəkilib, postlar arasında rahat əlaqə təmin edilib.
Asəfin uğrunda
canını fəda etdiyi, bu gün
işğaldan azad olunan Günnütdə indi üçrəngli bayrağımız dalğalanır.
Rahat uyu, şəhidim, Günnütdən
düşmən ayağı
kəsilib. Müzəffər
ordumuz o murdar ayaqları Laçınımızdan,
Şuşamızdan, Xankəndimizdən,
Kəlbəcərimizdən... də kəsəcək.
Ruhiyyə RƏSULOVA, Naxçıvan
televiziyasının baş
redaktoru
Hərbi and.- 2018.- 7 sentyabr.- S.10