QAFQAZ İSLAM
ORDUSU
Bakının qurtuluşu
Filologiya elmləri doktoru Minəxanım Nuriyeva (Təkləli) və tarix elmləri doktoru Mehman Süleymanovla söhbətləşdik.
– Fuad Babayev: Qafqaz İslam Ordusu haqqında adi insanlar nəyi bilməlidirlər? Bu haqda bizim lazımı səviyyədə məlumatımız varmı?
– Mehman Süleymanov: Qafqaz İslam Ordusu 1918-ci ildə Azərbaycan hökumətinin xahişi ilə Türkiyədən Azərbaycana gəlmiş Osmanlı hərbi qüvvələri ilə Azərbaycan hərbi qüvvələrinin birgə təşkil etdiyi strukturdur. Azərbaycan hökumətinin xahişi ilə Azərbaycana hərbi yardıma gəlmiş Türkiyə hərbi qüvvələrinin komandanı təyin edilmiş Nuru Paşa Azərbaycan hökumətinin razılığı ilə Qafqaz İslam Ordusunun baş komandanı təyin edildi. O zaman Müsəlman korpusunun komandanı olan Əliağa Şıxlinski onun müavini oldu. Qafqaz İslam Ordusu hərəkatı Azərbaycanın ərazi bütövlüyünün qorunmasında, Azərbaycan xalqının erməni-daşnak qırğınlarından xilas edilməsi işində Azərbaycan və Türkiyə hərbi qardaşlığının zirvəsidir, ən parlaq nümunəsidir. Əgər Qafqaz İslam Ordusu yaradılmasaydı, Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) ərazi bütövlüyünü qorumaq mümkün olmazdı və bütünlükdə Azərbaycan xalqının erməni və bolşevik-daşnaklarından xilas etmək mümkün olmazdı. Amma, istərdim ki, burada qarşılıqlı əlaqənin nisbətini düzgün qiymətləndirək. Əgər türk hərbi qüvvələri Azərbaycana gəlməsəydi, Azərbaycanı real qırğından qurtarmaq mümkün olmayacaqdı. Hətta, bütün Azərbaycanı qırsaydılar arxamızda dayanacaq bir kəs belə yox idi. Amma, onu da nəzərə alaq ki, Türkiyə hərbi qüvvələri də Azərbaycan hökumətinin, xalqının və hərbi qüvvələrinin köməyi olmadan təkbaşına bu vəzifəni yerinə yetirə bilməzdi. Onun üçün bir daha qeyd edirəm ki, Qafqaz İslam Ordusu hərəkatı AXC-nin müstəqilliyinin, ərazi bütövlüyünün qorunmasında və bu dövrdə Azərbaycan xalqının real qırğınlardan xilas edilməsində Azərbaycan və Türkiyə siyasi, hərbi qardaşlığının yüksək zirvəsidir.
– Minəxanım Nuriyeva (Təkləli): Mehman müəllimin bir tarixçi və hərbçi kimi rəyi mənim üçün də çox önəmlidir. Onun bir neçə kitabını nəşrə hazırlayan redaktor mən olmuşam. Mən türkoloqam. Bildiyiniz kimi türkologiya tarix, ana dili, hətta türk coğrafiyasını birləşdirən ixtisasdır. Mənim 1992-ci ilin mart-aprel aylarında “Azərbaycan” qəzetində Azərbaycan Xalq Cümhuriyyətinə həsr edilmiş 3 yazım çıxdı. Rüştü bəy Türkərin “Böyük hərbdə Bakı yollarında” kitabını Azərbaycancaya çevirib nəşrə hazırladıq. O gündən elmi araşdırmalarımda mən bu mövzunu unutmadım. Qafqaz İslam Ordusunun yardımı olmasaydı, Azərbaycan Xalq Cümhuriyyəti 1918-ci il mayın 28-də mümkün olmayacaqdı. Mayın 25-də türk ordusunun öncül dəstəsi Mosuldan Təbrizə, Təbrizdən Naxçıvana, Naxçıvandan Qarabağa, Qarabağdan Yevlaxa və Gəncəyə yetişdi. 25 mayda xalq bunu istiqbal etdi (red. – qabağına çıxmaq, qarşılamaq, gələni qəbul etmək). Azərbaycanın erməni daşnaklarının, bolşeviklərin əlində olmayan bütün bölgələrin nümayəndələri Yevlax stansiyasında Qafqaz İslam Ordusunu qarşıladı. Həmin dövrdə həm Azərbaycanın, həm də Osmanlı dövlətinin vəziyyəti çox ağır idi. Müharibəyə Osmanlı dövləti istəmədən qoşulmuşdu. Rusiya çarı II Nikolay oktyabr ayında (red. – 1914-cü il) gözlənilmədən Osmanlıya müharibə elan etdi və bununla da Qafqaz cəbhəsi açıldı. II Nikolay şəxsən bu cəbhəyə gəldi. Qafqaz cəbhəsi Azərbaycana da çox yaxın olduğu üçün burada qarışıqlıqlar və anarxiya başladı, gizli qüvvələr, gizli düşmənliklər üzə çıxdı. Belə bir vaxtda Azərbaycanın öz istiqlalını qazanması çox çətin ola bilərdi. Çünki ilk olaraq ermənilərin Bakıda törətdiyi türk qətliamı (red. – 1918-ci il mart soyqırımı) sonradan Qubaya, Şamaxıya və Muğana keçdi. Azərbaycanı bürüyən bu qırğından biz təkbaşına necə çıxa bilərdik. Azərbaycanın vətən üçün canından keçməyə hazır olan 400 nəfərlik korpusu vardı. Azərbaycana bu yardım vaxtında yetişməsəydi, bizim korpusumuz da köməksiz qalacaqdı. Çünki, Bakıda onun qarşısında təpədən dırnağa qədər silahlanmış və zabit heyəti ermənilərdən ibarət olan 12 minlik Şaumyan ordusu var idi.
– Fuad Babayev: Qafqaz İslam Ordusunun təchizatı (mən bildiyim qədər 10 minə yaxın əsgəri olub), hərbi hazırlığı, sərəncamında olan hərbi texnika necə idi? Orada hansı texnologiya tətbiq olunub?
– Mehman Süleymanov: Nuru Paşa Azərbaycana gələndə 28-29 yaşı var idi. Nuru Paşa Azərbaycana gəlmək ərəfəsində yenicə yarbay (red. – polkovnik-leytenant) rütbəsi almışdı. Amma, Azərbaycanda böyük bir hərəkata rəhbərlik edəcəyinə görə ona fəxri general rütbəsi verdilər. Onu da qeyd edim ki, Nuru Paşanın paşalığı da fəxri paşalıq idi. Azərbaycandan geri qayıdandan sonra Paşalığı, generallığı təhvil verdi.
– Minəxanım Nuriyeva (Təkləli): Eləcə də o biri zabitlərin Azərbaycanda aldıqları “Şərəf” ordenləri təhvil verildi.
– Mehman Süleymanov: Amma, Nura Paşa Azərbaycandakı xidmətlərinə görə hər iki ölkədə indiyə qədər Paşa kimi tanınır. Yəni xidmətinə görə o fəxri adı qoruyub saxlayıb. Bütün elmi-tədqiqat əsərlərində onu Paşa kimi təqdim edirlər. Azərbaycana ilkin olaraq 5-ci Qafqaz diviziyası gəlmişdi. 5-ci Qafqaz diviziyasının 5-6 min arası şəxsi heyəti var idi. Yalnız Bakı şəhərinin alınması ərəfəsində 15-ci Qafqaz diviziyası da Azərbaycana gəlir. Hər iki diviziyanın əsgərlərinin sayı birlikdə 10 mindən çox idi. Amma, bütövlükdə bu hərəkatda iştirak edən Azərbaycan korpusu və Bakıətrafı kəndlərdən toplanmış könüllü dəstələr var idi. Nuru Paşa gəncliyinə və ola bilsin ki, siyasi səriştəsinin azlığına baxmayaraq hərbi sahədə çox incə duyumu var idi. Bu incə duyumun nəticəsi əməliyyatların, döyüşlərin planlaşdırmasına özünü göstərirdi. Qafqaz İslam Ordusu ilə bolşevik-daşnak qüvvələrinin ilk ciddi qarşılaşması Qaraməryəm ətrafında baş verdi. Özü də 16-18 iyunda bolşevik-daşnak qüvvələri tərəfindən başlanan bu döyşdə Qafqaz İslam Ordusu qüvvələri, o cümlədən azərbaycanlı könüllülər 100 nəfərdən çox şəhid verdi. Bu xəbəri alan kimi Nuru Paşa Əliağa Şıxlinski ilə birlikdə Göyçay ətrafına gəldi. Dəmiryolu ilə Müsüslüyə, Müsüslüdən faytonla Göyçaya yollandılar. Növbəti döyüşün planlaşdırılmasında Nuru Paşa bütün detalları – təbii şəraitə uyğunlaşma, qüvvələrin bölüşdürülməsini və s. nəzərə aldı. Məhz Qaraməryəm ətrafındakı döyüşdə gələcək qələbələrin əsası qoyuldu. Bu döyüşdə bolşevik-daşnak qüvvələrinə elə bir zərbə vuruldu ki, onların Ağsudakı müqavimət cəhdi də baş tutmadı. Bu qələbə Nuru Paşanın incə hərbi hduyumu nəticəsində baş verdi.
– Fuad Babayev: Nuru Paşaya belə bir tapşırıq verilməzdən əvvəl onun karyerasında yadda qalan nə olub?
– Mehman Süleymanov: Nuru Paşa Afrika cəbhəsində olub. Nuru Paşa Afrika cəbhəsinə getməzdən əvvəl qardaşı hərbi nazir, özü isə V Mehmed Rəşadın yavəri idi. Yəni qardaşının və özünün kifayət qədər nüfuzu və isti yeri var idi, cəbhəyə getməyə ehtiyac yox idi. Amma, özü Afrika cəbhəsinə getmək üçün sultanın qarşısında məsələ qaldırır və qardaşından xahiş edir. Nuru Paşa indiki Liviya ərazisindəki döyüşlərdə kifayət qədər uğurla iştirak edir və qazandığı uğurlara görə ona yarbay rütbəsi verilir.
Nuru Paşa (sağda), atası Hacı Əhməd Paşa (ortada) və qardaşı Ənvər Paşa ilə. Mənbə: M.Süleymanov . Nuru paşa. Bakı, 1999
Amma, onun Qafqaz İslam Ordusunun komandanı təyin edilməsi isə Azərbaycan tərəfinin xahişi ilə olub. Azərbaycanın Milli Mücadilə liderlərinin qərarı ilə istiqlal hərəkatının fəal üzvü Nağı bəy Şeyxzamanlı sultanla, Baş nazir Tələt Paşa, hərbi nazir Ənvər Paşa ilə görüşmək və rəsmi şəkildə kömək istəmək üçün İstanbula göndərilmişdi. Ənvər Paşa Qafqaz İslam Ordusunun Azərbaycandakı qüvvələrinə başqa bir şəxsi komandan təyin etməyi düşünürdü. Nağı bəy Şeyxzamanlı öz xatirələrində yazır ki, Ənvər Paşa restoranda olan zaman mən özüm ona yaxınlaşıb qardaşının Qafqaz İslam Ordusunun komandanı təyin etməsini xahiş etdim.
– Minəxanım Nuriyeva (Təkləli): Ənvər Paşa sultanın kürəkəni idi. Ənvər Paşa özü də böyük Turan sevdalısı olub. Çox istəyirdi ki, Azərbaycan azad olsun. Buradan da Türküstana yol açılacaqdı.
– Fuad Babayev: Sovet dövründə Qafqaz İslam Ordusu ilə bağlı tədqiqatın olmaması təbiidir. Bəs sonrakı mərhələdə bu sahədə hansı tədqiqatlar aparılıb?
– Minəxanım Nuriyeva (Təkləli): “Qafqaz İslam Ordusu və Azərbaycan Cümhuriyyəti – 90” adlı 700 səhifəlik kitabı 2008-ci ildə nəşr etdik. Azərbaycanlı və türkiyəli alimlərin tədqiqatlarını ilk dəfə o nəşrdə topladıq. Mehman müəllimin də orada böyük yazısı var. Bu kitab sonradan türk dilinə çevrilərək Türkiyədə də nəşr olunub. Onu qeyd etmək istəyirəm ki, Azərbaycanda olduğu kimi Türkiyənin özündə də bu məsələ yetərincə araşdırılmayıb.
– Fuad Babayev: Təbii ki, bu sahədə tədqiqatlar aparılıb. Bəs hansı istiqamətlərdə boşluqlar var? Gələcəkdə hansı işlər görülməlidir?
– Minəxanım Nuriyeva (Təkləli): Bayaq adı çəkilən Qaraməryəm döyüşü Göyçay ərazisində Veysəlliyə qədər uzanan geniş meydanda baş verib. Bu qanlı döyüşdə bizim 220-ə yaxın itkimiz, bir o qədər də yaralımız olub. Orada gələcək üçün bir abidə, nişangah qoyulmalıdır. Biz təkcə Nuru Paşanı tanıyırıq. Amma, Şuşada, Əsgəran keçidində böyük fədakarlıq göstərən Cəmil Cahid bəyi də, Mürsəl Bakı Paşanı da, Bakıdan sonra Dərbəndi qəhrəmancasına alan Süleyman İzzət Paşanı da tanımalıyıq. Bunlar Azərbaycan üçün can fəda edən insanlar olublar. Bakıda sayca ən çox qurbanlar verən 56-cı və 109-cu alaylar haqqında məlumatımız olmalıdır. Yaxud da Göyçay-İsmayıllı zonasını qırğından qurtaran 10-cu Türk alayı olub. Bu alayların adına xatirə lövhəsi və ya nişangah olmalıdır. Qafqaz İslam Ordusu sülh şərtlərinə uyğun olaraq Azərbaycanı tərk edəndə Süleyman İzzət Paşa Gəncədə böyük ziyafətdə çıxışı zamanı deyir ki: “…Biz burada qan tökə-tökə, şəhid verə-verə getdik bu yolu, indi dönüb gedirik. Amma, bizim şəhidlərin meyitləri hələ çöllərdədir. Onları adlarına, şərəflərinə uyğun dəfn edin, adlarını üzərinə yazın, onların şəxsi vərəqində adlarını asanlıqla tapmaq olur”. Əvvəlcə bizim unutqanlığımız, sonra isə Sovet hökuməti şəhidlik məzarlarının qurulmasına mane oldu. Möcüzə nəticəsində tək-tük qəbirlər qalıb. Məsələn, Hacı Zeynalabdin Tağıyevin bağçılıq məktəbində həmin dövrdə Qafqaz İslam Ordusunun yaralı əsgərlərinin hospitalı yerləşib. Ona görə də hospitalda vəfat edənlər o bağçada dəfn olunub. 1942-ci ildə Sovet qoşunları İrana görə hərbi təyyarə düşərgəsi saldıqlarına görə o məzarlıq məhv edilib. O bağçılıq məktəbinin üzərinə Qafqaz İslam Ordusunun burada yerləşməsi ilə bağlı xatirə lövhəsi vurmaq olar. Göyçayda Nuru Paşa Həzrət bəy qardaşlarının evində qalıb, döyüşündən əvvəl o binadan xalqa müraciət edib. Həmin evə xatirə lövhəsi vurmaq olar, o binanı muzey etmək olar
– Fuad Babayev: Bunlar çox vacib məsələlərdir. Bəs, bu dövrü tədqiq etmək istəyən gənc tarixçilərə hansı mövzuları tövsiyə edərdiniz?
– Mehman Süleymanov: Azərbaycan Xalq Cümhuriyyəti ordusunun tarixini 2 dövrə bölürük. Birincisi, Qafqaz İslam Ordusu dövrü, ikincisi isə Azərbaycan hökumətinin rəhbərliyi altında başlanan dövrdür. Mehmandarovun rəhbərliyi ilə AXC-nin hərbi nazirliyi bərpa olunan tarixdən, yəni 1 noyabr 1918-ci ildən 28 aprelə (red. – 1920-ci il) qədər hərbi nazirin bütün əmrləri bizim arxivlərdə var. Amma, 28 maydan 1 noyabra qədər (red. – 1918-ci il) olan dövr haqqında Azərbaycanda demək olar ki, heç bir sənəd yoxdur. Olanlar da fraqmentar şəkildədir.
– Fuad Babayev: Haradadır o sənədlər?
– Mehman Süleymanov: Qafqaz İslam Ordusunun öz arxivi var. Mən Ankarada Qafqaz İslam Ordusunun arxivində 1 ay işləmişəm. Təbii ki, bu müddət ərzində bütün sənədlərlə tanış olmaq mümkün deyil. 1918-ci il may ayının 28-dən noyabrın 1-nə kimi Azərbaycanda ordu quruculuğunun tam mənzərəsini yaratmaq üçün əlimizdə lazımı sənədlər yoxdur.
– Fuad Babayev: Mehman müəllim, Nuru Paşanın və onun silahdaşlarının sonrakı taleyi necə oldu?
– Mehman Süleymanov: Qafqaz İslam Ordusunun komandanı Nuru Paşa idi. Onun qərargah rəisi Nazim bəy olub. Azərbaycana birinci gələn 5-ci Qafqaz diviziyası ilə gələn Mürsəl Paşa Türkiyəyə albay rütbəsi ilə qayıdıb. Atatürkün rəhbərliyi altında istiqlal mübarizəsinə qoşulub və general-leytenant rütbəsinə qədər yüksəlib. Özü də Mürsəl Paşa Bakı şəhərinin azad edilməsində göstərdiyi xidmətlərə görə özünə Bakı soyadını götürmüşdü. Və onun qəbri üzərində də Mürsəl Bakı Paşa yazılıb. O dövrün yadda qalan hərbçilərindən biri də 9-cu Qafqaz alayının komandiri Cəmil Cahid bəy olub. Sonradan Qafqaz İslam Ordusunun tərkibində Azərbaycan və türk hərbi qüvvələrinə rəhbərlik etməklə Qarabağı erməni daşnak qüvvələrindən azad edib. 1918-1920-ci illərdə Qarabağın azad edilməsi üçün 2 döyüş aparılıb. Biri Mehmandarovun rəhbərliyi altında, ondan əvvəl isə Qafqaz İslam Ordusu burada olanda Cəmil Cahid bəyin rəhbərliyi ilə Qarabağı azad ediblər, Şuşada bayrağımızı qaldırıblar. Cəmil Cahid bəy sonra da çox şərəfli bir həyat yolu keçib və Türkiyənin hərbi naziri vəzifəsinə qədər yüksəlib.
– Fuad
Babayev: Bəs Nuru Paşanın taleyi necə oldu?
– Mehman
Süleymanov: 1918-ci ildə ingilis qoşunları Azərbaycana
daxil olanda türk hərbi qüvvələrinin burada
qalmasını qadağan etdilər. Burada tək-tük
qalanlar da icazəsiz qalmışdı. Nuru
Paşa Türkiyə ərazisinə qayıtdıqdan sonra onu
ingilislər, müttəfiq qüvvələri həbs edib
Batuma gətirirlər. 1919-cu ilin avqust
ayında Azərbaycan milli qüvvələri Batumda həbsxanaya
hücum edərək Nuru Paşanı azad edirlər. Hətta, bu hücum zamanı azərbaycanlılar
arasında şəhid düşənlər də olub.
Həbsdən azad ediləndən sonra Nuru
Paşa yenidən Türkiyəyə qayıdır. Burada istiqlal mübarizəsinə qoşulanlar, şəxsən
Kazım Qarabəkir Paşa və digər qüvvələr
Nuru Paşadan Azərbaycana qayıdıb bolşeviklərlə
əlaqə saxlamağı xahiş edirlər. Onlarda belə bir təsəvvür var idi ki,
bolşeviklər Türkiyə ərazisinə yeriməklə
Türkiyəni parçalanmaqdan qoruyacaqlar. Bolşeviklər Mustafa Kamal Paşaya belə bir
söz vermişdilər. Beləliklə,
Nuru Paşa yenidən 1919-cu ilin dekabr ayında Azərbaycana
qayıdır. Türk tarixçilərinin
yazdıqlarına görə Nuru Paşa yanvar ayında burada
bolşeviklərlə əlaqə saxlayıb guya bolşevik
qoşunlarının Türkiyəyə qayıtmasına
yardım etmək istəyirmiş. Amma, bir
müddətdən sonra Nuru Paşa Dagıstana gedərək
bolşevik qüvvələri ilə bütün əlaqələri
kəsir. O başa düşür ki, Azərbaycanı
bir dəfə xilas edib, yenidən bura rus
qoşunlarının girməsinə yardım göstərmək
onun şəxsiyyətinə, əqidəsinə sığan
bir iş deyil. Ona görə də
Dağıstan ərazisində bolşeviklərə
qarşı mübarizə aparmağa başlayır. XI Qırmızı Ordu sərhədə
yaxınlaşanda Nuru Paşa Dağıstandan Azərbaycana
qayıdır. Əvvəlcə Gəncəyə,
sonra isə Qarabağa gedir. Azərbaycanda
bolşevik hakimiyyəti qurulandan sonra 1920-ci ilin iyununda Nuru
Paşa və azərbaycanlı polkovnik Zeynalovun rəhbərliyi
ilə Qarabağda, Tərtərdə, Cavanşir qəzasında
antisovet üsyanı qalxır. İyul
ayının 3-də onlar ətrafına topladığı
qüvvələrlə Şuşaya girirlər və
oradakı sovet qüvvələrini qaçmağa məcbur
edirlər. Nuru Paşa 2 həftə ərzində
Şuşanı öz nəzarəti altında saxlayır.
Amma, sonradan sovetlər bütün
gücünü toplayaraq yenidən həmin əraziləri ələ
keçirir. Nuru Paşa antisovet
üsyanında iştirak etmiş milli hərbi qüvvələrlə
birlikdə Türkiyəyə geri çəkilir. Bu milli hərbi qüvvələr Türkiyədə
İstiqlal mübarizəsinə qoşulurlar və onların
içərisindən 2 nəfər Türkiyədə general
rütbəsinə qədər yüksəlir. Onlardan biri Səməd Rəfibəyov, digəri isə
Cahangir Novruzovdur (Berger). Nuru Paşa isə
Türkiyəyə qayıdandan sonra çox ağır həyat
keçirib. Yeni gələn qüvvələr
onu qəbul etmək istəmirdilər. Bir müddət
Almaniyada yaşadıqdan sonra yenidən Türkiyəyə
qayıdır və çox çətinliklə iş qura
bilir. İstanbulda Südlücə adlı məntəqədə
onun silah fabriki olub. 1949-cu ilin fevral
ayında Nuru Paşa özü də fabrikdə olanda məlum
olmayan səbəb üzündən çox güclü
partlayış baş verir və partlayış o dərəcədə
güclü olur ki, Nuru Paşanın cəsədindən
heç nə tapmaq mümkün olmur.
– Fuad
Babayev: Erməni tarixşünaslığı
üçün şərəfli tariximizi gözdən salmaq
cəhdləri həmişə olub. Erməni
tarixçiləri Qafqaz İslam Ordusu haqqında nə
yazırlar?
– Mehman
Süleymanov: Çox ciddi şəkildə təhrif edirlər.
– Fuad
Babayev: Bəs türk tarixşünaslığında bu məsələyə
münasibət necədir?
– Minəxanım
Nuriyeva (Təkləli): Mütamadi olaraq bir neçə ildi
ki, Qafqaz İslam Ordusunun yaranışını, fəaliyyətini,
Azərbaycanı xilas etməsini və s. tarixi hadisələri
xronoloji ardıcıllıqla mediada, sosial şəbəkədə
paylaşırıq. Türkiyədəki
dostlarımız bizə təşəkkür bildirməklə
yanaşı bu hadisələrdən xəbərsiz
olduqlarını yazırlar. Çünki,
o zaman yeni quruluş bunlara Osmanlı təşəbbüsü
kimi baxıb. Ənvər Paşanın özünə
Türkiyədə nifrət edənlər var, Nuru
Paşanı heç tanımayanlar var. Amma, bu hadisələrdən
təxminən 30-40 il keçəndən sonra Nuru
Paşanın silahdaşları öz xatirələrini
yazdı. Nuru Paşanın silah fabrikasında
köməkçilərindən biri öz xatirələrində
yazır ki, “…Nuru Paşa maaşımızı
artırmır, para yox deyir, hər zaman cibində
saxladığı əzik 25 lirəni göstərib deyir ki,
olan param budur. Amma, axşama qədər Azərbaycandan,
Qafqazdan gələn mühacirlərə həp para verir”. Nuru Paşanın
silahdaşların xatirələrini nəşr etmək gələcək
planlarımıza daxildir.
– Mehman
Süleymanov: Türkiyədə hətta qondarma erməni
soyqırımı haqqında da ciddi araşdırmalar yetərincə
deyil. Sovet İttifaqı dağılandan sonra
orada bu istiqamətdə işlər görməyə
başlayıblar. Son illər müəyyən
işlər görülür. Nuru Paşa ilə bağlı Türkiyədə
2 kitab nəşr olunub. Nildet Qaraköse, Atilla Ateşin
kitablarını buna misal göstərmək olar.
– Fuad
Babayev: Bəs rus tarixçilərinin bu məsələyə
aid tədqiqatları varmı?
– Mehman
Süleymanov: Mən ciddi bir tədqiqata rast gəlməmişəm.
– Minəxanım
Nuriyeva (Təkləli): Bu hadisələr I Dünya müharibəsi
illərinə təsadüf edir. Rusların
Qafqaz cəbhəsinə aid çox zəngin videoarxivi var.
Qafqaz İslam Ordusu haqqında bu arxivlərdən də
material əldə etmək olar. Şərqi
Anadolu, Xoy, Səlmas və Bakı türklərinin
soyqırımında iştirak edən Anostas Mikoyanın, erməni
hərbçilərinin, rus generallarının da xatirələrini
araşdırmağa ehtiyac var.
– Təmkin
Məmmədli: Qafqaz İslam Ordusu hüquqi cəhətdən
kimə tabe idi. Azərbaycan Xalq Cumhuriyyətinə, yoxsa
Osmanlı imperiyasına? İkinci sual isə belədir.
Qafqaz İslam Ordusunun tərkibində vuruşan
azərbaycanlıların göstərdiyi qəhərəmanlıq
arasdırılıb?
– Mehman
Süleymanov: Mən birinci sualınıza hərbçi kimi
cavab verirəm. Hərbidə rəhbərliyin mərkəzləşdirilməsi
prinsipi var. Bu ordu quruculuğunun çox mühüm prinsiplərindən
biridir. Qafqaz İslam Ordusunun
yaranmasının nümanəsində isə rəhbərliyin
mərkəzləşdirilməsi prinsipi pozulmuşdu. Bu da həmin dövrün tarixi şəraitindən
irəli gəlirdi. Azərbaycan hökuməti
bunun üçün xüsusi razılıq vermişdi.
Azərbaycan hökumətinin qərarı
vardı ki, Azərbaycanda ordu quruculuğuna rəhbərlik
Nuru Paşaya həvalə olunsun. Amma, digər
tərəfdən bu qərarlar Azərbaycan hökumətinin
razılığı ilə qəbul olunurdu. Yəni ikili tabeçilik var idi. İkinci
sualla bağlı onu deyim ki, Qafqaz İslam Orsusunun tərkibinə
Müsəlman korpusu da qatılmışdı. Müsəlman korpusu ilə 9-cu diviziya birləşərək
Qafqaz İslam Ordusunu yaratmışdı. Müsəlman
korpusunun tərkibində Qafqazda yaşayan müsəlmanların
xidmət etməsinə icazə verilmişdi. Orada məhdud sayda dağıstanlıların da
iştirak etməsi mümkün idi. Qafqaz
İslam Ordusunda vuruşmuş azərbaycanlıların qəhrəmanlıqları
haqqında tarixi ədəbiyyatda kifayət qədər məlumat
var. I dünya müharibəsində
çox fəal iştirak edən Osmanbəy Gülməmmədov
“Müqəddəs Georgi” xaçı ilə təltif olunub.
Həbibbəy Səlimov Qafqaz İslam Ordusunda
Azərbaycan hərbi qüvvələrinə rəhbərlik
etmiş şəxsdir. Qafqaz İslam
Ordusunun bir hissəsi Şamaxı yolu ilə, bir hissəsi isə
dəmir yolu xətti ilə gəlirdi. Dəmir
yolu boyunca gələn qüvvələrə Həbibbəy Səlimov
rəhbərlik edib. Səlimov AXC
dövründə Baş Qərargah rəisi olub,
Qarabağın və Lənkəran bölgəsinin azad edilməsinə
birbaşa rəhbərliyi həyata keçirib. Bakı şəhəri alınana qədər Cavadbəy
Şıxlinxki kimi bir çox soydaşlarımız Nuru
Paşanın təqdimatı ilə Məcidiyyə ordeni ilə
təltif olunub. Amma, Bakı şəhəri alınandan
sonra ayrıca siyahı tərtib edilrək təltifə
göndərilib, təəssüf ki, o siyahı bizdə
yoxdur
– Təmkin
Məmmədli: Qafqaz İslam Ordusu nə qədər şəhid
verib?
– Mehman
İsmayılov: Qafqaz İslam Ordusunun nə qədər şəhid
verdiyini heç kim deyə bilməz. Onun heç yerdə statistikası aparılmayıb.
Yalnız Rüştü bəy (red. – 5-ci Qafqaz piyada diviziyası qərargah rəisi) 1200
nəfərin adını çəkir. O
da Bakı ətrafında olan şəhidlərdir.
– Təmkin Məmmədli: Mətbuatda
tez-tez hallanan mövzulardan biri Nuru Paşanın Bakı
qoçularına münasibəti, digəri isə onun
uğursuz ailə həyatına Tağıyevin səbəb
olmasıdır. Bu barədə Sizin
fikrinizi bilmək istərdik.
– Mehman
İsmayılov: Bakıda ailə üzvləri ermənilər
tərəfindən öldürülmüş
çoxsaylı insanlar var idi. Qafqaz İslam
Ordusu Bakını alandan sonra şəhərdə müəyyən
qarışıqlıq yarandı. Bu
baxımdam qoçular da fərqlənirdi. Qoçular haqqında söylənilənlərin əksəriyyəti
şayiədir, sənədlərdə öz əksini
tapmır. Nuru Paşa vəziyyətin
sabitləşdirilməsi üçün Bakının bir
neçə yerində dar ağacları qoydurmuşdu. O
sabitliyi bərqərar etmək üçün qətiyyətli,
bəlkə də müəyyən müddət ərzində
ifrat addımlar atmağa məcbur olub.
– Minəxanım
Nuriyeva (Təkləli): Nuru Paşa fəaliyyətə
başlayan kimi hərbi çağırış elan edir. Mən
hərbi çağırışdan yayınanların edam olunması haqqında əmrə rast gəlmişəm.
O dövrdə belə bir qərar lazım idi.
– Mehman
Süleymanov: Nuru Paşanın Tağıyevin qızı
Saranı istəməsi ilə bağlı mən ciddi bir mənbə
görməmişəm.
– Minəxanım
Nuriyeva (Təkləli): Mən də rast gəlməmişəm.
Amma, tədqiqatlarıma əsasən deyə bilərəm
ki, Nuru Paşa özündən çox razı, cəngəvər
və kübar bir şəxs olub. Onun
şərəfli soyadlara da xüsusi meyli olub. Mən onun sonrakı elçilikləri haqqında da
oxumuşam. Heç kimi bəyənməyib,
ancaq şərəfli nəslin nümayəndəsini
axtarıb. Maraqlandığı
bütün qadınlar yüksək cəmiyyətdən olub.
Ona görə də Nuru Paşanın
Tağıyevin qızı ilə maraqlanması mənə
inandırıcı gəlir. Hərçənd
bu barədə fakt yoxdur.
– Fuad
Babayev: Bu mövzunu araşdıran jurnalistlərə peşəkar
alim kimi tövsiyələriniz nədən ibarətdir? Onlar hansı mənbələrə müraciət
etsinlər?
– Minəxanım
Nuriyeva (Təkləli): Əlimizdə kifayət qədər mənbələr
vardır. Qafqaz İslam Ordusunun keçdiyi bütün yollar,
qərargaha verilən gizli şifrəli əmrlər və s.
mühüm məlumatlar bu kitabda (Red.-“Qafqaz İslam ordusunun
xronologiyası”, Bakı, Nurlar,2008) xronoloji
ardıcıllıqla verilib. Qafqaz İslam Ordusu
haqqında fikir pərakəndəliyinə son qoymaq
lazımdır.
– Mehman
Süleymanov: Təəssüf ki, yalnız jurnalistlər
arasında deyil, özünü alim adlandıranlar arasında
da diletantlıq baş alıb gedir. Bəzən
elə qondarma məlumatlarla rastlaşırsan ki, insan təəccübünü
gizlədə bilmir. Onu da qeyd edim ki, Qafqaz
İslam Ordusu hərəkatı haqqında lazımı təsəvvür
yaratmaq üçün əlçatan kifayət qədər
ədəbiyyat və mənbə var. Qafqaz İslam Ordusunun elə
bir şərəfli tarixi var ki, onun qondarma heç nəyə
ehtiyac yoxdur.
Hazırladı: Təmkin Məmmədli,
1905.az
Hərbi
And.- 2018.- 18 sentyabr.- S.6-7.