Qafqaz İslam Ordusu və Azərbaycan
Bolşevik Rusiyası Birinci dünya müharibəsindən
çıxdıqdan sonra Qafqazda yeni bir şərait
yarandı. Geri çəkilən rus ordusu ilə birlikdə erməni
silahlı dəstələri də Cənubi Qafqaza gəldilər.
Bu zaman Cənubi Qafqazda üç hakimiyyət-
Müvəqqəti hökumətin orqanları, sovetlər və
milli şuralar fəaliyyət göstərirdilər. Regionda anarxiya hökm sürürdü. Rusiya
ordu hissələri silahlarını ermənilərə verdi. Onlar buna qədər
Anadoluda dinc türk, müsəlman əhaliyə qarşı
törətdikləri qırğınları bu dəfə
Borçalıda, İrəvan
quberniyasında, Cənubi Azərbaycan və indiki Azərbaycan
Respublikası ərazisində törətdilər.Azərbaycanlıların ordusu yox idi. Bu da səbəbsiz
deyildi. Çünki çarizm türk və
müsəlman olduqları üçün etibar etmədiyindən
azərbaycanlıları hərbi xidmətə
çağırmırdı. Onlar bununla həm
hərb sənətini öyrənmirdilər, həm də əsgərliyə
çağırılmadıqları üçün vergi də
ödəyirdilər.Yalnız könüllərdən ibarət
“Vəhşi diviziya” var idi.
Belə
bir şəraitdə Bakıda qurulan sovet hakimiyyəti dinc türk, müsəlman əhaliyə
zülm edirdi. Bolşeviklər və erməni-daşnak
dəstələri birlikdə qırğınları törədirdilər.
Qırğınların zirvə nöqtəsi
1918-ci ilin martında Bakı şəhərində oldu.
Qırğınlar digər yerlərdə də
davam etdirildi. Azərbaycanlı, gürcü və erməni
nümayəndələrindən ibarət olan, ziddiyyətlərin
kəskinləşdiyi Transqafqaz Komissarlığı və
Seymi bu qırğınların qarşısını ala bilmədi.
1918-ci il mayın 28-də Tiflisdə Orient
oteldə Azərbaycanın müstəqilliyi elan edildi. Azərbaycan Cümhuriyyəti quruldu. Azərbaycan dövlətinin qurulması
üçün lazım olan ilkin şərtlər-ərazi, əhali
mövcud idi. Hökumət də quruldu.
Azərbaycanın müvəqqəti paytaxtı
Gəncə elan edildi. Lakin ölkənin əsas şəhəri
olan Bakı
düşmən əlində idi.Azərbaycanın şəhəri
azad etmək üçün kifayətə qədər
qüvvəsi yox idi. Xarici yardıma ehtiyac duyulurdu.
Bu da qardaş Osmanlının yardımı
oldu. Osmanlı dövləti
iyunun 4-də Batumda imzaladığı müqavilə ilə Azərbaycana
yardım etməyi üzərinə götürdü.
Belə
bir şəraitdə Osmanlının hərb naziri Ənvər
Paşa ögey qardaşı Nuru Paşanı ordunun komandanı təyin etdi. Qafqaz hərəkatı başladı.Bakı azad
edildikdən sonra problemlər çıxmaması və yerli əhalidən
onun cərgələrini doldurmaq üçün ordu Qafqaz
İslam Ordusu adlandırıldı.
Türk
ordusunun Qafqaz hərəkatının hüquqi-siyasi təməllərini
Batum müqaviləsi təşkil edirdi. Müqavilənin
4-cü maddəsinə görə əgər Azərbaycan
daxili qayda-qanunu və təhlükəsizliyi təmin etmək
üçün müraciət edərdisə, Osmanlı
dövləti bu yardımı göstərməli idi. Azərbaycan tərəfi belə bir yardım
üçün müraciət etmişdi.
Türk ordusunun yürüşünün mənəvi əsasları
var idi. Osmanlı dövləti dünya
türklüyünün və islamın mərkəzi idi.
Dünya türkləri və müsəlmanları
Osmanlı dövlətinə nicat gözü olaraq
baxırdılar. Onunla dil, din, mədəniyyət
və mənəviyyat baxımından bir olan Cənubi
Qafqazın türk və müsəlman əhalisi erməni-daşnak
və bolşevik dəstələrinin soyqırımına
uğramışdılar. Özü nə
qədər ağır vəziyyətdə olsa da, onlara
yardım etmək Osmanlının borcu idi. Buna qədər çoxlu azərbaycanlı gənclər
Çanakkala savaşında türk qardaşlarına
yardım etmək üçün çarizm orqanlarından xəlvəti
olaraq getmişdilər.
Bu hərəkatın hərbi-strateji, iqtisadi səbəbləri
də var idi.Azərbaycan Cənubi Qafqazın açar ölkəsi
idi. Bakıya sahib olan ölkə təkcə Azərbaycana
və Cənubi Qafqaza deyil, Xəzərə nəzarət
qazanırdı. Xəzər üzərində nəzarət
isə Şimali Qafqaza nəzarət,Orta Asiyaya, oradan da
Hindistana gedən yola çıxmaq, Orta Asiyaya sahib olmaq isə
dünyanın ürəyi olan Avrasiyaya sahib olmaq demək
idi.Azərbaycan qızıl köprü idi. Dünyanın
ürəyinə gedən yol Bakıdan, Azərbaycandan
keçirdi.
Bakı zəngin neft mənbəyi idi. Dünya müharibəsinin
son mərhələsində Yaxın və Orta Şərqdə,
Qafqazda iki
neft mənbəyi uğrunda ağır döyüşlər
gedirdi. Bunlardan biri Mosul, digəri isə Bakı
nefti idi. Neft hansı ölkənin əlində
olacaqdısa, qələbə də onda olacaqdı.
Osmanlı dövlətinin bu strateji yola və neft mənbəyinə
yiyələnməsi üçün sosial, etnik baxımdan
problemləri yox idi. Bu zaman Cənubi Qafqazda yaşayan təqribən
6 milyon nəfər əhalinin 3 milyon nəfərindən
çoxu türk və müsəlman idi. Onlar
Osmanlının gəlişini gözləyirdilər.
Azərbaycan hökuməti
də Bakının azad edilməsi üçün diplomatik fəaliyyətini
artırdı. Bu zaman İstanbulda olan Məhəmmədəmin
Rəsulzadə türk dövlət xadimləri ilə
görüşərək Bakının azad edilməsinin əhəmiyyətini
izah etdi. O, xarici işlər naziri Məhəmmədhəsən
Hacınskiyə yazdığı 1918-ci il
7 avqust tarixli məktubunda vurğulayırdı ki, Bakıya
doğru hərəkat Azərbaycan naminə olmalıdır,
onu Azərbaycan hökuməti almalıdır. Əks halda
çətinliklər ola bilər.
Hücumların
qarşısında tab gətirə bilməyən
Bakıdakı sovet hakimiyyəti böhrana düşərək
iyulun 31-də istefaya getdi. Onun yerində qurulan
Sentrokaspi diktaturası general Denstervil başda olmaqla ingilis
qüvvələrini Bakıya dəvət etdi. Bolşevik Rusiyası da müəyyən addımlar
atdı. Qafqaz İslam Ordusunun Bakıya
yürüşünün qarşısını almaq
üçün Osmanlının müttəfiqi Almaniya
bolşevik Rusiyası ilə avqustun 27-də bir müqavilə
imzalayaraq Bakı neftindən pay alacağı
üçün Osmanlı qoşunlarının Kür
çayını keçməməsi üçün
öhdəlik götürdü. Bakı məsələsində
Almaniya Osmanlının müttəfi deyildi. Lakin bu da
Qafqaz İslam Ordusunu dayandıra bilmədi.Osmanlı rəhbərliyi
Bakının necə olursa-olsun azad edilməsi əmrini verdi. Ağır
döyüşlər nəticəsində işğal
altında olan şəhər, qəsəbə və kəndlər
azad edildi. Bakı şəhəri
mühasirəyə alındı. Ətraf
yerlərdən gələn ərzaq təchizatı
dayandığından şəhərdə ağır vəziyyət
yarandı. Bakıya gələrkən ermənilərə
arxalanan general Denstervil onların qorxaqlıqlarını
görüb şəhəri əldə saxlamağın
mümkün olmadığını anladı.
Türk topçuları şəhəri elə dəqiqliklə
atəşə tuturdular ki, tarixi-memarlıq binaları
dağıdılmadı. Şəhər zərər
görmədi.
İngilislər
və Sentrokaspi diktaturası türk hücumları qarşısında
şəhəri
qoyub qaçdılar. Bakı sentyabrın
15-də azad edildi. Azərbaycan hökuməti
sentyabrın 17-də Gəncədən Bakıya
köçdü. Sentyabrın 18-də Nuru Paşa
bütün soyuq və odlu silahları təhvil verilməsi
haqqında əmr verdi. Bakı şəhərinin
komenantı Cəmil Cahid isə beş maddədən
ibarət əmr verərək milliyyətindən asılı
olmayaraq bütün sakinlərin həyatının və əmlakının
türk komandalığı tərəfindən qorunduğunu
bildirdi. Şəhərdə qayda-qanun
yaradıldı. Dükan-bazar işləməyə
başladı.
Bakının azad edilməsinin böyük tarixi əhəmiyyəti
var idi. Azərbaycan və türk silah
qardaşlığının sayəsində Azərbaycan təbii,
tarixi paytaxtına, milli, mənəvi, elm və mədəniyyət
mərkəzinə qovuşdu. Bu, bir
qardaşlıq yardımı idi. Şəhərin
azad edilməsi ilə “başla bədən birləşdi”.
Bu hadisəazərbaycanlıların milli ruhunu
yüksəltdi. Onlar çarizm tərəfindən
işğal edildikdən sonrakı bütün dövrdə ilk dəfə olaraq Bakı küçələrində
başlarını dik tutaraq, özlərinə güvənərək
gəzməyə başladılar.
Osmanlı dövlətinin oktyabrın 31-dəMondros
barışığını imzalayıb müharibədən
çıxması Azərbaycanın da vəziyyətinə
ağır təsir etdi. Barışığın şərtlərinə
görə Bakıya ingilis qüvvələri gəlməli,
buna qədər türk ordusu şəhəri tərk etməli
idi. Noyabrın 10-da, bazar günü axşam Bakı
ictimai klubunda Azərbaycan hökuməti Nuru Paşanın və
türk zabitlərinin şərəfinə ziyafət verdi. Ziyafətdə 400 nəfər
azərbaycanlı ziyalı və zabit iştirak edirdi. Nazirlər Şurasının sədri Fətəli
xan Xoyski nitqində Nuru Paşanı hərarətlə
salamlayaraq bildirdi ki, indi Azərbaycan türkləri qan
qardaşlarının köməyi ilə haqlarını
almışlar. Cavab nitqində Azərbaycan
ordusu üçün edilən işlərdən,
türkçülükdən və
pantürkçülükdən danışan Nuru Paşa hərarətlə
alqışlandı. “Yaşasın Nuru Paşa”,
“Yaşasın Osmanlı və Azərbaycan orduları”
şüarları səsləndi. Saat 8-də
ziyafətə gələn Nuru Paşa saat 12-də oranı tərk
etdi. Ordunun keçdiyi yerlərdə xalq
onu hərarətlə yola salırdı. Gəncədə
də Nuru Paşanın şərəfinə ziyafət
verildi. Ordunun çıxarılmasına
baxmayaraq, türk hərbçilərinin bir qısmı Azərbaycan
ordusunda xidmət etməyə başladılar.
Osmanlı hökuməti onlara bir sıra güzəştlər
verdi.
Böyük
Britaniya Hərb Nazirliyi "təqsirli" türkləri
tutub cəzalandırmaq üçün İstanbul, Qahirə
və Bağdaddakı ingilis ordu komandanlıqlarına 1919-cu il yanvarın 15-dəməxfi teleqram göndərərək
doqquz nəfər türk hərbçisinin
yaxalanmasını tələb etdi. Onların
arasındaNuru Paşa da var idi. Qara siyahıda deyilirdi:
"Nuru Paşa: Qafqazda keçmiş İslam Ordusunun
komandanı. Azərbaycana əsgər yeritməkdə,
ermənilərə qarşı zorakılıq etməkdə
təqsirkardır”. Nuru Paşa həbs edilərək Batumda həbsxanaya
salındı.
Lakin Nuru Paşa idman edərkən avqustun 8-də
Batumdakı ingilis cəza evindən qaçırıldı. Qaçırılan gün
ingilis jurnalisti Skotland Liddel Nuru Paşa ilə
görüşdü.Onlar fransız dilində söhbət
etdilər.Jurnalist Nuru Paşanı beş
ay idi izləyirdi. Onun gah
Bakıda, gah Bakıdan 100 km aralıda bir kənddə
olduğu,gah da Dağıstanda orduya komandanlıq etdiyi
deyilir, digər şayiələr
görə isə Nuru Paşa Anadoluya, Moskvaya və
Əfqanılstan getmişdi. Lakin əslində o heç bir
zaman Qafqazı tərk etməmişdi.Skotland Liddel
yazırdı ki, Nuru Paşa Batumda həbsxananın həyətində
gəzərkən 20 nəfər
onu oğurladı.Aralarında
azərbaycanlı gənclərin də olduğu bu
qrup Nuru Paşanın
qaçırılması üçün bir neçə həftə idi əlverişli
məqam gözləyirdilər. Britaniya əsgərləri
Paşanı qaçıranlara atəş açdı.
Lakin cavab atəşi ilə ingilis əsgəri
öldürüldü. Britaniya hakim dairələri
Nurunun tutulması üçün 1 milyon rubl mükafat
ayırdı. Lakin Qafqaz geniş bir diyar
olduğu üçün onu tutmaq mümkün olmadı.
Burada gizlənmək çox asan idi.
İndiyədək heç kim təyin edilən məbləği almaq
üçün müraciət
etməmişdi.
Nuru Paşa Azərbaycana gəldi. Skotland Liddel
yazırdı ki, o, burada özünü evindəki kimi hiss
edir, tanınır və sevilirdi. Bütün
azərbaycanlı milliyyətçilərin gözündə
Nuru Paşa qəhrəman idi. Azərbaycanda
kimsə onu təslim etmək barədə
düşünmürdü. İngiltərə Xarici
İşlər Nazirliyinin əməkdaşı Edmonds
oktyabrın 31-də yazırdı: "Nuru Paşa
barışığın 11-ci maddəsinə uyğun olaraq
Azərbaycandan çəkilməyə qarşı
çıxdığı üçün
yaxalanmışdır. Əlimizin altında
tutulmasına dəyər. Amma azərbaycanlıların
onu təslim etmək şansı yoxdur". Hətta
polkovnik Stoks Azərbaycanın baş naziri Nəsibbəy Usubbəyli
ilə görüşdə bu məsələni
qaldırsa da, nəticəsi olmamışdı.
Skotland Liddelin yazdıqları Nuru Paşanın şəxsiyyəti haqqında çox şey deyir. Onun yazdığına görə ilk görüşdə Nuru Paşa özünü sadəcə Nuru kimi təqdim etmişdi. Onlar dostcasına bir-birini əllərini sıxmışdılar. Sktoland Liddel yazır: “Mən uzun müddət belə bir fikirdə idim ki, Nuru onun haqqında deyildiyi kimi, qara, pis adam deyildir. İlk görüşdə bu fikir təsdiq olundu. Mənim qarşımdakı heç şübhəsiz, cinayətkar deyildi. Mənim qarşımda yaraşıqlı, gənc bir adam dayanmışdı. O, orta uca boylu, yaxşı və səliqəli geyinmişdi. Tamamilə Avropa dəbində kostyumda. Qara cizgili şalvarda, dik boyunduruq, qara bağlanmış qalstukda. Nuru yaşından böyük görünürdü. Saçları alnından düz geri daranmışdı. Artıq çallaşırdı. Hər iki tərəfdən ağ çaçlar var idi. Şayiələrə görə, o, saqqal saxlamalı idi. Lakin o, üçünü çox təmiz qırxmışdı. Kiçik bığı istisna olmaqla. Onun sifəti çox yorğun görünürdü. Alnı çox qırışmışdı. Lakin gözəl ağız və möhkəm cənə adama qüvvət verirdi. Tutqun gözləri sıx qaşların altında canlı od kimi parlayırdı”.
Skotland Liddel ilk olaraq Bakının tutulması
haqqında sual verir. Nuru Paşa cavabında bildirir ki, mən Bakı haqqında
danışmaq istəməzdim, lakin siz bu mövzuya toxundunuz.
Nuru bildirir: “Yalnız onu deyə bilərəm ki, mən
borcumu yerinə yetirdim. Vicdanım
qarşısında özümü günahkar hesab etmirəm.
Biz Bakıya hücum edən gün, sentyabrın 14-də
türk ordusunun sayı çox az – 5 min nəfərə
qədər idi. Bakıda isə düşmənin 30 mindən
çox
silahlı qüvvəsi, 9 zireli maşını
var idi. Şəhəri sürətli hücum
ilə götürmək təhlükəli idi. Əgər
şəhərdə küçə döyüşləri
olsaydı, biz təkcə çoxlu türk əsgərini
itirməzdik, eyni zamanda
həmin vaxt tamamilə məğlub ola bilərdik.
Tüfəngələr lazım olmazdı.
Zirehli maşınlar işə düşərdi.
Axı biz Bakını almaq istəyirdik, əsirlər
almaq istəmirdik. Axşamüstü bizim
ordular təpələri tutdular. İngilislər
axşam şəhəri tərk etdilər. Onlar öz aeroplanlarını yandırdılar.
Mənim gözlədiklərimin əksinə
olaraq düşmən təslim olmadı, ermənilər ya qəhrəmanlıqlarından
ya da digər mülahizələrdən Bakı ətrafında
müdafiəyə keçdilər. Buna
görə də Salyan kazarması ətrafında
döyüş qızışdı. Mən
mövqeyə baxdım və onu gözəl tapdım. Düşmən burada qələbə qazana bilməzdi.
Mən öz qəragahıma qayıtdım.
Bir-iki saat ərzində atəş dayandı. Şəhər artıq təslim olmağa hazır
idi. Bizim orduların eskadronu şəhərdə
idi. Mən bir neçə saat ərzində
şəhərdə qayda-qanun yaratmaq barədə
düşündüm”.
İngilisi düşməni olan Nuru Paşa sonralar
bolşeviklərin Azərbaycan Xalq Cümhuriyyətinə
qarşı yürüşünü təşviq edənlərdən
biri oldu. Lakin qısa müddət
keçmişyanıldığını anlayaraq bolşevik
işğalına qarşı Azərbaycan istiqlal
savaşında iştirak etdi. İkinci
dünya müharibəsi illərində isə azərbaycanlı
əsirlərin faşizm zülmündən xilasında
mühüm rol oynadı.
Sonralar,
1920-ci ilin sentyabrında Bakıda keçirilən Şərq
xalqlarının qurultayında çıxışına icazə verilməyən
və bolşevik Ostrovskinin oxuduğu Ənvər
Paşanın nitiqndə deyilirdi: “Azərbaycana dair başqa
bir məqsədimiz yox idi və bu priinsipə sadiq idik: Azərbaycan
azərbaycanlılar üçündür. Əgər
səhv etmişiksə, bu, faciəmizin nəticəsi idi”.
Sovet
dövründə ağır şərtlər altında
yaşamasına, SSRİ-də türk düşmənçiliyinin,
30-cu illərin sonlarından-50-ci illərin ortalarınadək
sovet-türk münasibətlərində gərginliyin olmasına baxmayaraq,
Azərbaycan xalqı türk əsgərlərinin məzarlarını
qoruyub saxladı, dağılmağa qoymadı, ətraflarına
çiçəklər, ağaclar əkdi, onları ziyarətgaha
çevirdi.
Azərbaycanın dövlət müstəqilliyi
bərpa edildikdən sonra isə Qafqaz İslam Ordusu
haqqında çoxlu əsərlər yazıldı və
disseratsiya işləri müdafiə edildi. Nəhayət,
ulu öndər Heydər Əliyevin hakimiyyəti illərində
bu qardaşlıq abidəyə çevrildi. 1918-ci ilin
martında soyqırım qurbanlarının, 1990-ci il 20 yanvar,
Ermənistanın təcavüzünə qarşı ölkəmizin
ərazi bütövlüyü uğrunda aparılan müharibədə həlak
olan şəhidlərindəfn olunduğu və bir azərbaycanlı
üçün müqəddəs olan Şəhidlər
xiyabanında Qafqaz İslam Ordusuna möhtəşəm bir
abidə ucaldıldı. Bu, adamların təkcə ziyarət edərək
əklil qoyduqları bir abidə
deyil, qanı bir-birinə qarışmış Azərbaycan və
Türkiyə xalqlarının
qardaşlığının və əbədi birliyinin rəmzidir.
Musa Qasımlı,
millət vəkili, professor
Hərbi And.- 2018.- 18 sentyabr.- S.14.