Cəmiyyəti milli ideya  ətrafında birləşdirən lider

 

Ötən əsrin axırlarından başlayaraq planetin bütün irili-xırdalı dövlətləri son nəticədə qloballaşmaya aparan nəhəng inteqrasiya magistralına qoşulmuşlar. Transmilli səciyyə daşıyan qloballaşma prosesləri kontekstində etnik-milli mövcudluğun siyasi, iqtisadi, mədəni, mənəvi suverenliyi ilə bağlı milli konsepsiya və konseptual ideyalar isə heç də yekcins deyildir. Bu prosesi sosial-siyasi, mədəni-mənəvi, iqtisadi, elmi-intellektual müstəvilərdə vahid qlobal harmoniya hesab edənlər də, kainatın daha çox vahid mərkəzdən idarə olunan bürokratik-texnoloji ərazi vahidinə çevrilmə prosesi olduğunu iddia edənlər də var.

Ən müxtəlif mövqe və münasibətlərdən asılı olmayaraq qloballaşmaya doğru istiqamətlənmiş nəhəng inteqrasiya magistralı bütün planeti öz ardınca aparır. Mümkün olan ən optimal variant bu prosesə hər bir etnosun milli-mənəvi "Mən"ini dərk edərək qoşulmasından ibarət ola bilər. Bəlkə də bu zərurətin dərkindən doğan həqiqətin nəticəsidir ki, indi qloballaşma ayrı-ayrı xalqların etnik-mənəvi köklərinə yenidən dönüşü ilə xarakterizə olunur. Cəmiyyətin tarixi inkişaf qanunauyğunluğunun özünüqoruma instinktindən doğan müqavimət hissinin qabarıq şəkildə üzə çıxması isə milli lider amili ilə şərtlənir. Hər bir xalqın qərinələr boyu formalaşmış yüksək milli-mənəvi dəyərlərini, milli məfkurəsini pak və sağlam niyyətlərlə qoruyaraq bütövlükdə cəmiyyətin pozitiv ruhda inkişafına təsir göstərmək, onun genetik yaddaşını, milli irs və özünəməxsusluğunu gələcək nəsillərə ötürmək kimi çətin missiya, ilk növbədə, fenomenal şəxsiyyətlərin üzərinə düşür. Azərbaycanda bu məsuliyyətli missiyanı məhz ulu öndər Heydər Əliyev öz çiyinlərinə götürərək hakimiyyətdə olduğu bütün dövrlərdə milli-mənəvi dəyərlərin, milli məfkurənin böyük himayədarı qismində çıxış etmişdir.

 

Dirçəliş və tərəqqi yolunun başlanğıcı

 

Tarixi təcrübə göstərir ki, hər bir xalqın hansısa əlverişli situasiyada milli-etnik soy-kökününə qayıdışı, əsrlər boyu əxz etdiyi milli-mənəvi dəyərlər və düşüncə sisteminə söykənərək özünüməxsusluğunu qorumaq şansı əldə etməsi əksərən lider fenomeninin fövqəladə missiyası ilə şərtlənir. XX əsrdə Azərbaycan xalqının yetirdiyi nadir şəxsiyyət olan Neydər Əliyev də Azərbaycan Xalq Cümhuriyyətinin süqutundan sonra siyasi reallıqdan çıxıb ideya formasında, azərbaycanlıların istiqlal duyğularında qığılcım kimi közərən milli dövlətçilik düşüncəsini - ötən əsrin 70-ci illərinin əvvəllərindən başlamaqla əsrin sonlarına doğru - müstəqil Azərbaycan dövləti kimi əzəmətli reallığa qovuşdurmuş, böyük fədakarlıqlar hesabına qurub-yaratdığı dövlətin sarsılmazlığını, demokratik yüksəlişini, Azərbaycanın müstəqilliyinin əbədiliyini, daimiliyini, dönməzliyini təmin etmişdir. Əgər ulu öndər Heydər Əliyevin hələ respublikamıza birinci pəhbərliyi dövründə Azərbaycanın sosial-iqtisadi, mədəni yüksəlişi üçün həyata keçirilən tədbirlər, milli şüurun oyanışı istiqamətində istər açıq, istərsə də gizli şəraitdə görülən işlər olmasaydı, bu gün Azərbaycanın müstəqil xəttə malik, heç bir dövlətdən asılı olmayan təsisat kimi mövcudluğundan danışmaq yersiz görünərdi.

1969-cu il iyulun 14-də Azərbaycanda siyasi hakimiyyətə gələn ümummilli lider Heydər Əliyev ilk gündən hər cür ideoloji-siyasi baryerlərə sinə gərərək Azərbaycan xalqının milli özünüdərki üçün bütün zəruri tədbirləri həyata keçirməyə başlamış, ictimai şüurdakı qorxunu, ehtiyatlılığı aradan qaldırmağı, cəmiyyəti bütün sahələr üzrə gələcək mənəvi yüksəlişlərə ruhlandırmağı bacarmışdır. Ulu öndər xalqda milli heysiyyəti gücləndirmək, onu öz şanlı keçmişinə, soy-kökünə qaytarmaq, habelə zəngin bədii irsini, mədəniyyətini, incəsənətini, adət-ənənələrini yaşatmaq, ana dilini inkişaf etdirmək üçün bir sıra aşkar-gizli tədbirlər həyata keçirmişdir. Azərbaycan KP MK-nın 1970-ci il 20 mart tarixli plenumunda çıxış edən Heydər Əliyev kütləvi informasiya vasitələrinin bu sahədəki fəaliyyətindən narazılığını ifadə edərək demişdir: "Bəzən mətbuat, radio və televiziya işçiləri iqtisadiyyatın, mədəniyyətin və məişətin inkişafına, xalqın mənəvi həyatına aid mühüm məsələləri lazımi səviyyədə işıqlandırmağı bacarmırlar".

Ulu öndərin bu tarixi çıxışından sonra mətbuatda, televiziya və radioda xalqın milli-mənəvi dəyərlərini, adət-ənənələrini, folklorunu, ədəbiyyatını təbliğ edən materiallar çoxalmış, milli ədəbi irsi tərənnüm edən "Klassik irsimizdən", "Bulaq" kimi verilişlər ortaya çıxmış, ana dilinin təbliği istiqamətində real addımlar atılmışdır. Böyük strateq Heydər Əliyev milli ruhun yüksəlişinə xidmət edən bu və digər addımlarla sərt ideoloji istehkamların mövcud olduğu bir dövrdə Azərbaycanın müstəqilliyi üçün iqtisadi-siyasi zəmin formalaşdırmağa çalışmışdır. Bugünün zirvəsindən baxdıqda aşkar görünür ki, ulu öndər heç bir riskdən çəkinməyərək əzmkar fəaliyyəti ilə xalqda tarixi keçmişi, milli kimliyi, dili, mədəniyyəti, milli adət-ənənələri və düşüncə sistemi barədə dolğun təsəvvürlər formalaşdıra bilmişdir. Həmin illərdə, eyni zamanda, xalqın qərinələr boyu yaşatdığı mənəvi dəyərlərə nihilist baxış tədricən aradan götürülməyə başlamış, klassik ənənə ilə müasir ədəbi irs arasında yaranan ünsiyyət milli düşüncənin düzgün məcrada inkişafına səbəb olmuşdur.

Böyük strateq Heydər Əliyevin bütün fəlsəfi konstruksiyası məhz xalqın milli dirçəlişi, milli qürur hisslərinin oyanması ideyasına əsaslanırdı. Qalan hər şey, o cümlədən də iqtisadi inkişafın sürətli strategiyasının həyata keçirilməsi milli şüurun yüksəlməsinə təkan verməli, milli dirçəlişin əsas təməlinə çevrilməli idi. Ümummilli lider hələ ötən əsrin 70-ci illərində Azərbaycan xalqının görkəmli şəxsiyyətlərinin - klassik yazıçı və şairlərinin xatirəsini əbədiləşdirməklə, onların əsərlərinin nəşrini təmin etməklə, bir sözlə, milli ədəbi düşüncənin inkişafına təkan verməklə, azərbaycanlıların necə böyük tarixə, şanlı soy-kökə malik olduğunu nümayiş etdirmişdir. Heydər Əliyev kifayət qədər mürəkkəb bir dövrdə azərbaycançılıq məfkurəsinin rejimin ideoloji repressiya maşını ilə boğulmasına nəinki imkan verməmiş, eyni zamanda milli düşüncə sahibi olan ziyalıları qorumuş, nəticədə respublikada dissident yazarlar olmamışdır.

70-ci illərdə bir sıra Azərbaycan ziyalılarının imperiyanın təqiblərindən qurtulması, milli dövlətçilik hissinin güclənməsinə xidmət edən əsərlər yazıb-yaratması da Heydər Əliyevin xalqına qəlbən bağlı şəxsiyyət olduğunu əyani surətdə təcəssüm etdirir. Milli təfəkkür sahibi olduqlarına görə təqib edilən Azərbaycan yazıçı və şairlərini - Bəxtiyar Vahabzadəni, Xəlil Rza Ulutürkü, Əkrəm Əylislini, həmçinin məşhur tarixçi alim Ziya Bünyadovu və digər ziyalıları çətin məqamlarda müdafiə edən Heydər Əliyevin qanı, canı, bütöv ruhu ilə milli kökə bağlı şəxsiyyət olduğu qabarıq görünür. Həmin dövrdə bədnam qonşularımız görkəmli tarixçi alim Ziya Bünyadovun "Atabəylər dövləti" kitabını dövlət mükafatına layiq görən Heydər Əliyevi millətçi kimi təqdim edirdilər. Lakin ulu öndər bu cəfəng iddialara məhəl qoymayaraq prinsipial və qətiyyətli addımlarını davam etdirirdi. Xatırlatmaq lazımdır ki, "Gülüstan" poemasını yazdığına görə DTK-nın təqiblərinə məruz qalmış şair Bəxtiyar Vahabzadə də məhz Heydər Əliyevin qətiyyəti, prinsipiallığı sayəsində həbs olunmaqdan qurtulmuşdur.

Ümumiyyətlə, həmin illərdə Azərbaycan tarixçiləri şanlı keçmişimizin mümkün qədər obyektiv tədqiqi və qələmə alınması istiqamətində ilk addımlarını atmağa başlamışlar. Azərbaycan yazıçılarının 1976-cı ilin may ayında keçirilmiş qurultayında iştirak etmiş Heydər Əliyev geniş nitq söyləyərək xalqımızın ədəbiyyatının, onun inkişaf istiqamətlərinin, problemlərinin həlli yollarının dərin bilicisi olduğunu göstərmişdir. Böyük rəhbər xalqının qədim tarixi, soy-kökü ilə bağlı olan yazılı abidələrin dərindən öyrənilməsini tövsiyə etmiş, azərbaycanlıların dünya ədəbiyyatı ilə yaxından tanış olmaları üçün tərcümə işinin qaydaya salınmasının vacibliyini bildirmişdir: "Azərbaycan ədəbiyyatı çoxəsrlik tarixi "Kitabi-Dədə Qoqud" kimi ədəbi abidələrlə, Nizaminin nəhəng yaradıcılığı ilə, Xaqaninin və Nəsiminin, Füzulinin və Vaqifin, söz sənəti bahadırlarının dahiyani əsərləri ilə, aşıq poeziyasının həmişə canlı nümunələri ilə zəngindir".

Azərbaycan xalqının türk mənşəyi daha çox qədim yazılı abidə olan "Kitabi-Dədə Qorqud"da əksini tapdığından, sovet ideologiyası ötən əsrin 20-50-ci illərində dastanın öyrənilməsini qadağan etmiş, uzun illər bu abidənin unutdurulmasına çalışmışdı. Ulu öndər bu qadağanı da aradan götürərək dastanın araşdırılması və tədqiqinə normal şərait yaratmışdır.

"Kitabi-Dədə Qorqud"la bağlı tarixi və ədəbi araşdırmaların sayı çoxalmış, bu mövzuda bədii film çəkilmişdir.

Ümumilikdə, xalqın milli düşüncə sisteminin bədii-poetik modeli olan Azərbaycan folklorunun inkişafı istiqamətində həyata keçirdiyi addımlar da ulu öndər Heydər Əliyevin milli-mənəvi dəyərlərə həssas münasibətindən irəli gəlməklə ictimai şüurun oyanışına xidmət etmişdir. Heydər Əliyev xalqın düşüncələrini, azadlıq ideyalarını özündə yaşadan aşıq musiqisinin dirçəldilməsinə o illərdə xüsusi diqqət yetirmişdir. 1972-ci ildə Azərbaycan aşıq sənətinin görkəmli nümayəndələrindən olan Aşıq Ələsgərin 150 illik yubileyi həm aşığın doğulduğu doğma məkanı Göyçə mahalında, həm Bakıda, həm də Moskvada ən yüksək səviyyədə keçirilmişdir. Belə bir yubileyin keçirilməsində məqsəd el sənətkarını xalqa qaytarmaqla yanaşı, həm də tarixən Azərbaycanın real sərhədlərinin necə olduğu, ulu ata-babalarımızın bu yerlərdə əzəldən yaşadıqları fikrini yeni nəslə çatdırmaq idi.

 

Milli özünüdərkə uzanan yol

 

Ulu öndər Heydər Əliyev kosmopolizm ideyalarının zehinlərə zorla yeridildiyi bir dövrdə milli məfkurənin qorunub saxlanılması, habelə azərbaycançılığın ən mühüm komponenti olan ana dilinin inkişaf etdirilməsi sahəsində də bir sıra mühüm addımlar həyata keçirmişdir. Heydər Əliyev üçün ana dili azərbaycançılığın başlanğıc məqamı, təməl pirinsipi olmuşdur. Müdrik rəhbər yaxşı başa düşürdü ki, xalqa milli-mənəvi dəyərlərini aşılamaq üçün ona ilk növbədə öz dilini qaytarmaq və sevdirmək lazımdır.

Rus dilinin dövlət dili olmasına rəğmən, ulu öndər həmin dövrdə bütün rəsmi nitqlərini Azərbaycan dilində edir, bunu bütün rəhbər vəzifəlilərdən də qətiyyətlə istəyirdi. Xatirələrdə qeyd olunur ki, ötən əsrin 70-ci illərinin ortalarında şairlərdən biri Heydər Əliyevə müraciətlə "Yoldaş Əliyev, Siz Azərbaycan dilində çox gözəl danışırsınız" deyəndə, dahi rəhbər ona belə cavab vermişdi: "Sən niyə mənim rusca gözəl danışmağıma deyil, Azərbaycan dilində danışmağıma təəccüb edirsən? Bu dil mənim ana dilimdir, mən bu dili bilməliyəm. Eləcə də hamımız!"

Hələ 1978-ci ildə Azərbaycan SSR-in konstitusiya layihəsi qəbul edilərkən ulu öndərin Azərbaycan dilinin bu ali sənəddə ana dili kimi təsbitlənməsi və qorunub saxlanılması sahəsində nümayiş etdirdiyi qətiyyəti də xüsusi xatırlatmaq lazımdır. Bununla bağlı Kreml emissarlarının dəfələrlə Bakıya səfər edərək Heydər Əliyevi fikrindən daşındırmağa səy göstərdiyini, lakin buna nail olmadığını da mühüm fakt kimi vurğulamaq lazımdır. Eyni zamanda, ümummilli lider Heydər Əliyevin 70-ci illərdə nəşr olunmuş 3 cildlik "Müasir Azərbaycan dili" dərsliyinə dövlət mükafatı verməsi də xalqın milli şüurunun formalaşmasına mühüm töhfə olmuşdur.

Faktlar göstərir ki, əgər sovet hakimiyyətinin ilk illərindən etibarən Azərbaycanda rus dilində təhsil alanların sayı dinamik surətdə artırdısa, bu zərərli tendensiyaya məhz ötən əsrin 70-ci illərinin əvvəllərindən etibarən son qoyulmuşdur. Bu dinamika Azərbaycan dilində təhsil alanların say artımı hesabına kəskin şəkildə azalmış, ana dilində elmi nəşrlərin çapı artmış, elmi tədqiqatların və araşdırmaların məhz bu dildə aparılması dəstəklənmişdir. "Millətin milliliyini saxlayan onun dilidir. Şübhəsiz ki, musiqi də, ədəbiyyat da, ayrı-ayrı tarixi abidələr də millətin milliliyini təsdiq edir. Amma millətin milliliyini ən birinci təsdiq edən onun dilidir. Əgər Azərbaycan dili olmasa, Azərbaycan dilində mahnılar olmaz, musiqi olmaz. Bunların hamısı biri-birinə bağlıdır. Azərbaycan dilinin dövlət dili kimi yaşaması, möhkəmlənməsi, inkişaf etməsi də bizim ən böyük nailiyyətlərimizdən biridir. Bu, təkcə dil məsələsi deyil, həm də azərbaycançılıq məsələsidir" - deyə Heydər Əliyev çox sonralar Azərbaycan dilinin inkişafı üçün gördüyü tədbirləri belə izah edirdi...

70-ci illərdə Bakıda türkçülüyü tədqiq edən sanballı "Türkologiya" jurnalının nəşrə başlaması da böyük əzmin, fədakarlığın, türk dönməzliyinin nəticəsi olmuşdur. "Türkologiya" jurnalının nəşrinə Kreml bir neçə dəfə etiraz etsə də, imperiya səlahiyyətliləri Heydər Əliyevin fədakarlığı qarşısında geri çəkilərək türk dünyasının birliyinə xidmət edən bu nəşrin dayandırılmasına müyəssər ola bilməmişdilər. 1926-cı ildə keçirilən Birinci Beynəlxalq Türkoloji Qurultaydan xeyli sonra belə bir jurnalın nəşrə başlaması öləziyən türkçülüyə yeni nəfəsin, təkanın verilməsi məqsədi daşımışdır. Türkoloji qurultayın bütün nümayəndələrinin 37-ci ilin rerressiya maşınında məhv edildiyini, volyuntarizm dövründə Bəkir Çobanzadə, Nənəfi Zeynallı, Ruhulla Axundov kimi millətrərəst insanların bəraət aldığını, ancaq yenə də mərkəzin Azərbaycana milli məsələlərdə aman vermədiyini gözəl bilən Neydər Əliyev SSRİ rəhbərliyindəki şəxsi nüfuzundan istifadə edərək, milli oyanışın qığılcımlarını ədəbi nümunələrdə, tarixi salnamələrdə yaşatmışdır.

Ulu öndərin türk kimliyinə bu dərəcədə bağlılığı təsadüfi olmayıb təbii başlanğıca istinad etmiş, Heydər Əliyevin dünya ilə ilk tanışlığı türk düşüncə tərzinin hələ üstün mövqeyə malik olduğu, "türk" sözünün hələ tam yasaq edilmədiyi ötən əsrin 30-cu illərinin əvvəllərindən başlanmışdır. O zaman türkçülük ideyaları, əsasən, yeganə müstəqil türk dövləti olan Türkiyəyə, bu coğrafiyada yaradılan mədəniyyət nümunələrinə böyük maraq üzərində müəyyənləşirdi. Ulu öndərin o dövr haqqında xatirələrində oxuyuruq: "Cocuq ikən, gənc yaşlarımda Türkiyəyə böyük hörmətim, məhəbbətim var idi. İndi ola bilər ki, elə böyük sirr deyil açım, o vaxtlar mən türk dili lüğətini, türk dili dərsliyini götürmüşdüm, türk dilini öyrənirdim. Bunu da açıq deyə bilərəm ki, müəllimim də var idi, bir müddət - iki-üç il mənə türk dili öyrətdi. Türkiyənin tarixini öyrənirdim, şairlərini öyrənirdim. Gənc ikən indi mənim yaşımda olan adamlar ola bilər ki, bunu xatırlasın, məsələn, Rəşad Nuri Güntəkinin "Çalıquşu" romanı bizim hamımızı heyran edən bir əsər idi... Mənsə "Çalıquşu"nu 13-14 yaşımda oxumuşdum. O məni heyran etmişdi".

Azərbaycan xalqının mənəvi həyatında ən əlamətdar hadisələrdən sayılan on cildlik Azərbaycan Sovet Ensiklopediyasının ərsəyə gəlməsi də bilavasitə ümummilli liderin adı ilə bağlıdır. O zaman ölkədə milli oyanışın əsas mərkəzlərindən biri də Azərbaycan Ensiklopediyası olmuşdur. Ensiklopediyanın Baş Redaksiyası, redaksiya ətrafında toplanmış alimlərin böyük əksəriyyəti çox cəsarətli çıxışlar edirdilər. Xalqın təşəkkülündə türk etnoslarının həlledici rol oynaması, Şimali Azərbaycanın Rusiya tərəfindən işğalı, Azərbaycan Xalq Cümhuriyyəti xadimlərinin tariximizdə mütərəqqi rol oynaması, 1920-ci ilin aprel işğalı kimi bir çox məsələləri o zaman məhz ensiklopediyaçılar qaldırırdılar. O dövrdə sapı özümüzdən olan baltalar bütün bu məsələləri Moskvaya çatdırırdılar. Azərbaycan ziyalılarına "millətçi", "burjua məfkurəçiləri", "sovet hökumətinin və Rusiyanın düşmənləri" damğasını vurmaqdan ötrü 1918-ci ilin martında Azərbaycan xalqına qarşı dəhşətli qırğınlar törətmiş Stepan Şaumyanın oğlu L.S.Şaumyanı Bakıya gətirdilər. O zaman "Böyük Sovet Ensiklopediyası" baş redaktorunun birinci müavini, həm də sovet ideologiyasının başında dayananlardan olan Şaumyan əlinə düşmüş fürsətdən yararlanaraq Azərbaycan ziyalılarını məhv etməkdən ötrü çox çalışsa da, Heydər Əliyevin prinsipiallığı sayəsində mənfur məqsədinə çata bilməmişdi. Məhz Heydər Əliyevin müdrikliyi və cəsarəti sayəsində o zaman həm ensiklopediyaçılar, həm də ziyalıların böyük bir dəstəsi nəinki KQB-nin təqiblərindən kənarda qalmış, hətta partiya cəzasından da yaxa qurtara bilmişlər.

Ümummilli lider Heydər Əliyev Azərbaycan xalqında milli məfkurənin güclənməsi, milli dövlətçilik şüurunun formalaşması üçün eyni zamanda hər bir vətəndaşın yüksək təhsil almasını, elmi yenilikləri əxz etməsini son dərəcə vacib sayaraq bu sahədə də praktik addımlar atmışdır. Ulu öndərin rəhbərliyi altında respublikada milli maarifçilik hərəkatına start verilmiş, təhsilin milliləşdirilməsi, ictimai elmlərin milli xarakterinin qorunması üçün ardıcıl tədbirlər həyata keçirilmişdir. Böyük strateqin ötən əsrin 70-80-ci illərində minlərlə gəncin respublikamızın hüdudlarından kənarda yüksək təhsil almasına, ixtisaslı kadr kimi yetişməsinə hər cür kömək göstərməsi də onun xeyirxahlığının və vətənpərvərliyinin əyani təcəssümüdür. Ümummilli lider çox sonralar - 1998-ci ilin 31 avqustunda 1970-1987-ci illərdə Azərbaycandan kənarda təhsil almış mütəxəssislərin ümumrespublika toplantısındakı nitqində həmin dövrü xarakterizə edən bir çox məqamlara toxunaraq demişdi: "Mən 1969-cu il iyulun 14-də Azərbaycana rəhbər seçiləndən sonra dərhal birinci növbədə təhsil məsələləri ilə məşğul olmağa başladım. Bilirsiniz ki, mən o vaxta qədər də dövlət işində işləmişdim. Azərbaycanda təhsilin, xüsusilə ali təhsilin vəziyyəti məni daim maraqlandırmışdı və mən bu barədə xeyli məlumatlara malik idim... Araşdırmalar apararkən mənə aydın oldu ki, Azərbaycandan kənarda respublikamızın özündə hazırlana bilməyən ixtisaslar üzrə ali təhsil almaq üçün respublikaya 50 nəfərlik limit verilibdir... Mən dərhal maraqlandım ki, bəs siz kimləri seçmisiniz, kimləri oxumağa göndərirsiniz? Siyahını aldım, çox təəssüfləndim. Onların əksəriyyəti azərbaycanlı deyildi. Sonrakı illərdə də bu məsələ bir az çətin idi. Bilirsiniz ki, Azərbaycanda bir çox millətlərin nümayəndələri vardır. O vaxt mən iki-üç ildən sonra hər il respublikadan kənarda oxumağa göndərilənlərin 97-98 faizinin azərbaycanlılardan ibarət olmasına nail oldum".

 

Azərbaycançılıq məfkurəsini milli ideologiyaya çevirən rəhbər

 

Tarix sübut edir ki, hər bir xalqın vahid məqsədlər uğrunda toparlanması üçün zəruri olan milli ideologiya da böyük siyasi liderlərin dövlətçilik konsepsiyasında real əsaslarını tapır. Şübhəsiz, milli ideologiya milli düşüncə sisteminin əsas potensiyasının real siyasi məqsədlər naminə səfərbər edilməsidir. Milli ideologiyanın tələbləri sırasında dövlətçiliyin, milli mənafenin müdafiə edilməsi, milliyətindən asılı olmayaraq hər bir vətəndaşın haqlarının ümumbəşəri tələblər səviyyəsində qorunması, milli azlıqların və etnik qurumların dilinin, mədəniyyətinin, adət-ənənələrinin inkişafına şərait yaradılması, dövlət idarəedici orqanlarında onların düzgün təmsil olunması və s. amillər mühüm yer tutur. Mövcudluq tarixində böyük liderlər, rəhbərlər yetişdirə bilməyən xalqların milli ideologiyasından da danışmaq mümkün deyildir.

Ulu öndər Heydər Əliyev müstəqil Azərbaycana rəhbərlik etdiyi dövrdə də tarixi ənənə və təməl üzərində milli ideologiyanın formalaşması və inkişafı naminə misilsiz xidmətlər göstərmiş, milli düşüncənin düzgün məcrada inkişafına nail olmuş, xalqa məxsus ənənə və dəyərlər sisteminin qloballaşmanın sərt təsirlərindən qorumağı bacarmışdır. Çağdaş tariximizə öz möhürünü vurmuş Heydər Əliyev dühası azərbaycançılığı milli ideologiyaya çevirməklə, cəmiyyətin həmrəylik və bütövlüyünə, mənəvi birliyinə nail olmuşdur. Milli irs və düşüncə sistemindən qaynaqlanan bu ideya dərin məzmun yükü ilə cəmiyyətin təkamül prosesində, tərəqqisində və monolitliyində aparıcı amilə çevrilməkdən savayı, həm də ümummilli liderə xalqı öz ətrafında birləşdirmək, milli ideallar ətrafında səfərbər etmək imkanı yaratmışdır.

Müstəqillik illərində Azərbaycanın milli ideologiyası ilk dəfə Yeni Azərbaycan Partiyasının nizamnaməsində əksini tapmışdır. 1998-ci il noyabrın 21-də Yeni Azərbaycan Partiyasının 6-cı ildönümünə həsr olunmuş təntənəli yığıncaqda ümummilli lider Heydər Əliyev milli ideologiyanın şərhinə geniş yer verərək demişdir ki, dövlətçilik, milli-mənəvi və bəşəri dəyərlər azərbaycançılıq ideologiyasının əsasını təşkil edir. Dünya Azərbaycanlılarının 2001-ci ilin 9-10 noyabrında keçirilmiş I qurultayında isə ümummilli lider Heydər Əliyev demişdir: "Bizim hamımızı birləşdirən, həmrəy edən azərbaycançılıq ideyasıdır, azərbaycançılıqdır. Azərbaycan dövlət müstəqilliyini əldə edəndən sonra azərbaycançılıq aparıcı ideya kimi həm Azərbaycanda, həm də bütün dünyada yaşayan azərbaycanlılar üçün əsas ideya olubdur. Biz həmişə bu ideya ətrafında birləşməliyik. Azərbaycançılıq öz milli mənsubiyyətini qoruyub saxlamaq, eyni zamanda onların ümumbəşəri dəyərlərlə sintezindən, inteqrasiyasından bəhrələnmək və hər bir insanın inkişafının təmin olunması deməkdir".

Ulu öndər Heydər Əliyevin azərbaycançılıq ideologiyasında vahid polietnik millətin Azərbaycan dövlətçiliyinin yaradılmasına dair maraqlarının ümumiliyi, demokratiyanın, sərbəst iqtisadiyyatın, sosial həyat şəraitinin inkişafı uğrunda mübarizəsinin məqsədləri öz əksini tapmışdır. İdeologiya kimi azərbaycançılıq müstəqil Azərbaycanın fəlsəfi-sosial doktrinasının sosiomədəni və etnik-geosiyasi cəhətlərini özündə birləşdirmişdir. Azərbaycançılıq ideologiyası dünya azərbaycanlılarının vahid ideya ətrafında birləşməsini şərtləndirən tarixi-siyasi amillərin təsnifatını, xaricdə yaşayan soydaşlarımızın hüquq və azadlıqlarının qorunması sahəsində Azərbaycan dövlətinin qarşısında duran vəzifələri, onların Azərbaycan Respublikasına münasibətdə üzərinə düşən mənəvi öhdəlikləri, azərbaycanlı anlayışının sosial-fəlsəfi məzmununu müəyyənləşdirən konsepsiya kimi nəzərdə tutulur. O, milli inkişafın mədəni-tarixi təbəqəsi olmaqla, strateji inkişafın əsas yollarını və istiqamətlərini müəyyənləşdirir, milli dilimizin sarsılmazlığında, milli mədəniyyətin üstün rolunda və milli dəyərlərin sanbalında öz əksini tapır. Ölkəmizin əksər ictimai-siyasi qüvvələrinin qəbul etdiyi azərbaycançılıq ideologiyasının diaspor quruculuğunda üstün cəhəti ilk növbədə onun milli maraqlarımızın tam palitrasını əhatə etməsidir. Milli-mənəvi, islami-əxlaqi, dünyəvi-humanitar dəyərləri, Şərq və Qərb mədəniyyətlərinin dialoqunu, türkçülük və avropaçılıq meyillərini, tarixi təkamüldə varislik və tərəqqiçiliyi ahəngdar şəkildə ehtiva edən azərbaycançılıq ideologiyası məhz buna görə də çox müxtəlif coğrafi regionlarda, sosial-siyasi sistemlərdə, mədəni mühitlərdə formalaşmış diasporumuz üçün də cəlbedicidir.

Xalqlararası və mədəniyyətlərarası dialoqu müasir qloballaşma dövründə daha da inkişaf etdirmək, ona dəstək vermək, bütün insanların gələcəyi naminə mədəniyyətlərin və dinlərin qarşılıqlı dialoquna nail olmaq bu gün də dövlət siyasətinin mühüm tərkib hissəsidir. Ulu öndərin siyasi ideallarına tapınan dövlət başçısı İlham Əliyev milli-mənəvi dəyərlər sisteminə xüsusi qayğı göstərməklə yanaşı, haqlı olaraq vurğulayır ki, demokratik prinsiplərlə yaşamaq, bu yönümdə inkişaf etmək arzusunda olan hər bir dövlət ölkəsində cəmiyyətdaxili tolerantlığın bərqərar olmasını təmin etməlidir.

Dövlət başçısı xalqın vahid məqsədlər naminə səfərbər olmasında, milli diaspor hərəkatının formalaşması və inkişafında azərbaycançılıq ideologiyasının müstəsna rolunu daim xüsusi diqqətə çəkir. Cənab İlham Əliyev xüsusi vurğulayır ki, azərbaycançılıq məfkurəsində etnik mənsubiyyətindən asılı olmayaraq xarici ölkələrə köçmüş bütün vətəndaşlara hüquqi və mənəvi baxımdan bərabər münasibət var. Milli dövlətçilik ideyası, dövlət müstəqilliyimizin əbədiliyi və dönməzliyi fikri, Azərbaycan Respublikasının bütün azərbaycanlıların milli sərvəti, bütün soydaşlarımızın vətəni hesab edilməsi azərbaycançılığın mühüm meyarlarındandır. Bu konseptual ideya özlüyündə əhəmiyyətli olmaqla bərabər, xaricdə yaşayan soydaşlarımızın ölkəmizlə iqtisadi əlaqələrinin inkişafı, onların müxtəlif maraqlarının hüquqi təminatı üçün də ciddi əsaslar yaradır.

 

 

İradə HÜSEYNOVA,

tarix elmləri doktoru, professor

 

Hərbi And.- 2018.- 21 sentyabr.- S.9.