Elçin Əhmədov: 31 mart soyqırımı
XX əsrdə azərbaycanlılara qarşı törədilmiş
kütləvi qətliamların ən qanlı mərhələsidir
Azərbaycanlılar
son iki yüz il ərzində erməni millətçilərinin
davamlı olaraq etnik təmizləmə, soyqırımı və
təcavüzkar siyasətinə məruz qalaraq öz tarixi
torpaqlarından didərgin salınıb, qaçqın və
məcburi köçkünə çevriliblər. Azərbaycan xalqının başına gətirilən
ən dəhşətli faciələrdən biri də 1918-ci
ilin mart-aprel aylarında erməni-daşnak silahlı dəstələri
tərəfindən xüsusi qəddarlıqla törədilmiş
kütləvi qırğınlardır.
AZƏRTAC
Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət
İdarəçilik Akademiyasının professoru, siyasi elmlər
doktoru, “Azərbaycan Respublikası Dağlıq Qarabağ
bölgəsinin Azərbaycanlı İcması” İctimai
Birliyinin sədr müavini Elçin Əhmədovun “31 mart
soyqırımı XX əsrdə azərbaycanlılara
qarşı kütləvi soyqırımı cinayətlərinin
ən qanlı mərhələsidir” adlı məqaləsini
təqdim edir.
Tarixi faktlar göstərir ki, strateji baxımdan
mühüm əhəmiyyətə malik olan Azərbaycanın
Qarabağ bölgəsinin dağlıq hissəsinə
İrandan və Türkiyədən çoxlu sayda erməni əhalisinin
köçürülməsinə XIX əsrin əvvəllərində
başlanılıb. Azərbaycanın bölüşdürülməsi
haqqında Rusiya ilə İran arasında bağlanmış
Türkmənçay sülh müqaviləsinin şahidi, ermənilərin
İrandan Qafqaza, o cümlədən Azərbaycan
torpaqlarına köçürülməsinin
iştirakçısı, o vaxt Rusiyanın İrandakı səfiri
olmuş rus yazıçısı A.Qriboyedov yazır ki,
köçürülmüş ermənilərin əksəriyyəti
müsəlman (azərbaycanlılar nəzərdə tutulur –
E.Ə.) mülkədarlarının torpaqlarında yerləşdirilib.
Bu faktları N.N.Şavrov belə təsvir edir: “1828-1830-cu illər
müharibəsi qurtardıqdan sonra biz 40 mindən çox
İran və 84 min Türkiyə ermənisini
köçürüb onları, demək olar ki, ermənilər
yaşamayan Yelizavetpol və İrəvan quberniyalarında,
Tiflis, Borçalı, Axalsix, Axalkələk qəzalarının
ən yaxşı dövlət torpaqlarında yerləşdirdik.
Həmin ermənilər Yelizavetpol
quberniyasının dağlıq hissəsi (Qarabağın
dağlıq hissəsi nəzərdə tutulur) və
Göyçə gölünün sahillərində məskunlaşdırıldılar.
Bunu da nəzərə almaq lazımdır ki, rəsmi olaraq
köçürülən 124 min ermənidən başqa,
buraya qeyri-rəsmi köçənlərlə birlikdə
onların sayı 200 min nəfərdən çoxdur”.
XIX əsrin sonu-XX əsrin əvvəllərində Cənubi
Qafqaza ermənilərin köçürülməsi davam etdirildi. Təkcə
1896-cı ildən 1908-ci ilədək - 13 ildə Zaqafqaziyaya
400 min erməni köçürülmüşdü.
Bu barədə N.N.Şavrov yazır: “1896-cı ildə
general-adyutant Şeremetyev Zaqafqaziyada yaşayan ermənilər
haqqında məlumatında onların sayının 900 min nəfər
olduğunu göstərmişdir. 1908-ci ildə isə
onların sayı 1 milyon 300 min nəfərə
çatmışdır, yəni bu müddət ərzində
ermənilər 400 min nəfərdən artıq
çoxalmışlar. Hazırda Zaqafqaziyada yaşayan 1 milyon
300 min ermənidən 1 milyon nəfəri diyarın
köklü sakinləri deyil və onlar buraya bizim tərəfimizdən
köçürülmüşlər”.
Qeyd etmək
lazımdır ki, ermənilərin kütləvi şəkildə
Qarabağa köçürülməsi nəticəsində
burada yeni erməni kəndləri – Marağalı, Canyataq,
Yuxarı Çaylı, Aşağı Çaylı və
s. kəndlər salınmışdı. Cənubi Azərbaycanın
Marağa şəhərindən Qarabağın dağlıq
hissəsinə köçürülərək orada məskunlaşan
ermənilər 1828-ci ildən 150 il sonra, yəni, 1978-ci ildə
sovet dövründə, Ağdərə rayonunda həmin
köçürülmənin şərəfinə abidə
ucaltmış (abidənin üzərində ermənicə
“Marağa-150” sözləri yazılmışdı), lakin XX əsrin
80-ci illərinin sonunda, yəni, Azərbaycana qarşı ərazi
iddiaları qaldırdıqları zaman həmin abidəni
özləri məqsədyönlü şəkildə
dağıtmışlar.
Beləliklə,
ermənilərin köçürülmə prosesi
bütün XIX əsr boyunca davam etdirilmiş və nəticədə
regionda demoqrafik vəziyyətə təsir göstərmiş,
nəticədə onların Cənubi Qafqazda süni surətdə
çoxaldılması XX əsrin əvvəllərindən
başlayaraq azərbaycanlılara qarşı etnik təmizləmə,
soyqırımı və təcavüzkar siyasətinin baş
qaldırmasına səbəb olmuşdur. Erməni millətçiləri
tərəfindən 1890-cı ildə Tiflisdə
yaradılmış “Daşnaksütyun” partiyasının
proqramında irəli sürülən “böyük Ermənistan”
ideyasını reallaşdırmaq istiqamətində fəaliyyətini
genişləndirərək öz tarixi torpaqlarında
yaşayan azərbaycanlıları planlı surətdə
doğma yurdlarından qovmaqla etnik təmizləmə və
soyqırımı siyasətini həyata keçirməyə
başladılar. Belə ki, 1905-1906-cı illərdə
ermənilər Bakıda, Şuşada, Gəncədə,
İrəvanda, Naxçıvanda, Ordubadda, Şərur-Dərələyəzdə,
Tiflisdə, Zəngəzurda, Qazaxda və başqa yerlərdə
dinc azərbaycanlılara qarşı qırğınlar
törətmiş, əhali amansızlıqla qətlə
yetirilmiş, şəhər və kəndlər
yandırılmış və
dağıdılmışdır.
1917-ci ildə Rusiyada baş verən fevral və oktyabr
hadisələrindən sonra “Daşnaksütyun” partiyası və
Erməni Milli Konqresi daha geniş fəaliyyətə
başladılar. Eyni zamanda, V.Lenin tərəfindən
1917-ci ilin dekabrında Qafqaz işləri üzrə müvəqqəti
fövqəladə komissar təyin edilən S.Şaumyan azərbaycanlıların
kütləvi qırğınının təşkilatçısı
və rəhbərinə çevrildi. 1918-ci
ilin əvvəllərində Leninin himayəsi altında
Şaumyan Bakı Kommunasının rəhbəri oldu. Həmin
il martın 30-da erməni-bolşevik birləşmələri
Bakı şəhərini gəmilərdən yaylım atəşinə
tutdular. Bunun ardınca isə silahlı
daşnaklar azərbaycanlıların evlərinə hücum
edərək amansız qətllər törətdilər.
Martın 31-də və aprelin ilk günlərində
qırğınlar kütləvi xarakter aldı. Minlərlə dinc azərbaycanlı yalnız milli mənsubiyyətinə
görə məhv edildi. Həmin günlərdə
erməni-bolşevik birləşmələri Bakıda 12 min
dinc azərbaycanlını qətlə yetirdilər. Bu qanlı hadisələr zamanı insanlar evlərində
diri-diri yandırılmış, eləcə də xüsusi
işgəncələrlə və amansızlıqla
öldürülmüşdür.
Ermənilərin
silahlı hücumu nəticəsində 1918-ci ilin ilk beş
ayı ərzində Quba qəzasında 16 mindən çox
insan xüsusi qəddarlıqla qətlə yetirilmiş, 167 kənd
dağıdılmışdır ki, onlardan 35-i hazırda
mövcud deyil. Erməni-daşnak dəstələrinin
Quba qəzasında azərbaycanlıları kütləvi
şəkildə qətlə yetirmələrinə dair
aşkar edilmiş faktlar son vaxtlar bir daha sübuta yetirilmişdir.
Belə ki, 2007-ci ildə Quba şəhərində
kütləvi məzarlıqların aşkar edilməsi erməni
vandalizmini təsdiqləyən faktlardır. Onu da qeyd etmək lazımdır ki, Amazaspın rəhbərliyi
ilə erməni hərbi birləşmələri Qubada
türk-müsəlman əhalisi ilə yanaşı, yəhudilərə
qarşı da qırğınlar törətmişlər.
Aparılan tədqiqatlar nəticəsində məlum
olmuşdur ki, 1918-1919-cu illərdə Qubada ermənilər tərəfindən
3 min nəfərə qədər yəhudi qətlə
yetirilmişdir.
Erməni daşnakları tərəfindən 1918-ci ilin
mart-aprel aylarında Bakıda və digər Azərbaycan ərazilərində
50 minə yaxın insan xüsusi işgəncələrlə
qətlə yetirilmişdir. Zəngəzur qəzasında
10 mindən çox, Şamaxı qəzasında 10 min 270 nəfər
azərbaycanlı amansızlıqla
öldürülmüşdür.
1918-1920-ci
illərdə indiki Ermənistan Respublikasının ərazisində
yaşamış 575 min azərbaycanlının 565 min nəfəri
öldürülmüş və yaxud doğma
torpağından didərgin düşmüşdür. Bu rəqəmi
Z.Korkodyan özünün “Sovet Ermənistanının əhalisi
1831-1931” kitabında təsdiq edərək yazır: “1920-ci ildə
sovet hökumətinə daşnaklardan cəmi 10 min nəfərdən
bir qədər artıq türk (azərbaycanlı) əhali
qalmışdır. 1922-ci ildə 60 min qaçqın geri
qayıtdıqdan sonra azərbaycanlılar burada 72 min 596 nəfər,
1931-ci ildə isə 105 min 838 nəfər olmuşdur”.
Bundan əlavə,
ermənilər tərəfindən Azərbaycanın yüzlərlə
yaşayış məntəqəsi, o cümlədən
Qarabağda 157 kənd dağıdılmış və
yandırılmış, eləcə də Şuşada azərbaycanlılara
qarşı amansız qırğınlar törədilmişdir.
Bu dövrdə Quba qəzasında 167, Şamaxı qəzasında
110, Zəngəzur qəzasında 115, İrəvan quberniyasında
211, Qars vilayətində 92 yaşayış məntəqəsi
yandırılmış, dağıdılmış və
talan edilmişdir. 1919-cu ilin son iki ayında İrəvan
quberniyasının Eçmiədzin və Sürməli qəzalarında
96 kənd, İrəvan qəzasının isə
bütün kəndləri məhv edilmiş, İrəvan
quberniyasında 132 min azərbaycanlı qətlə
yetirilmişdir.
Ümumilikdə,
1918-1920-ci illərdə ermənilər tərəfindən
törədilmiş kütləvi qırğınların
Bakı, Quba, Şamaxı, Kürdəmir, Lənkəranla
yanaşı, Şuşada, İrəvan quberniyası ərazisində,
Zəngəzurda, Naxçıvanda, Şərurda, Ordubadda,
Qarsda və başqa bölgələrdə amansız şəkildə
davam etdirilməsi nəticəsində on minlərlə azərbaycanlı
ən qəddar üsullarla qətlə yetirilmişdir. Tarixi Azərbaycan torpaqlarında ermənilər tərəfindən
bu vəhşiliklər törədilərkən məktəblər,
məscidlər yandırılmış, maddi-mədəniyyət
nümunələri məhv edilmişdir.
1918-ci il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyəti
qurulduqdan sonra Fövqəladə Təhqiqat Komissiyası
yaradılmış və ermənilərin törətdikləri
cinayətlər araşdırılmağa
başlanmışdır. Hökumətin qərarı ilə
hər il (1919-cu və 1920-ci il martın
31-də Ümummilli Matəm Günü kimi qeyd edilmişdir)
mart ayının 31-nin Matəm Günü kimi qeyd edilməsi
qərara alınmışdı. Lakin Azərbaycan
Xalq Cümhuriyyətinin süqutu bu işi başa
çatdırmağa imkan vermədi.
Yalnız
ümummilli lider Heydər Əliyev 1993-cü ildə siyasi
hakimiyyətə yenidən qayıtdıqdan sonra ermənilərin
azərbaycanlılara qarşı zaman-zaman törətdikləri
soyqırımı ilə əlaqədar 1998-ci il
martın 26-da imzaladığı Fərmanla 31 mart Azərbaycanlıların
Soyqırımı Günü elan edilmişdir. Bununla
yanaşı, Heydər Əliyevin “1948-1953-cü illərdə
azərbaycanlıların Ermənistan SSR ərazisindəki
tarixi-etnik torpaqlarından kütləvi surətdə
deportasiyası haqqında” 1997-ci il 18 dekabr tarixli Fərmanı
da Ermənistan SSR ərazisindən azərbaycanlıların
deportasiyasının hərtərəfli tədqiq edilməsi,
bu cinayətə hüquqi-siyasi qiymət verilməsi və
onun beynəlxalq ictimaiyyətə çatdırılması
baxımından mühüm əhəmiyyət kəsb edir. Bu fərmanlar təkcə tariximizin qanlı səhifələrinin
öyrənilməsi və yaddaşlarda həkk olunması
deyil, eləcə də erməni şovinizmi və terrorizminin
ifşa olunması baxımından da əhəmiyyətlidir.
Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyevin 1918-ci il azərbaycanlıların
soyqırımının 100 illiyi haqqında
imzaladığı Sərəncamda deyilir: “Azərbaycan
xalqının başına gətirilən ən dəhşətli
faciələrdən biri də 100 il bundan əvvəl - 1918-ci
ilin mart-aprel aylarında Bakı Sovetinin mandatı altında fəaliyyət
göstərən daşnak-bolşevik silahlı dəstələri
tərəfindən xüsusi qəddarlıqla törədilmiş
kütləvi qırğınlardır”.
Ermənistanın
bu cinayətkar siyasətinin davamlılığını
sübut edən faktlardan biri də budur ki, təkcə XX əsrdə
azərbaycanlılar 4 dəfə - 1905-1906-cı, 1918-1920-ci,
1948-1953-cü və nəhayət, 1988-1993-cü illərdə
erməni millətçiləri tərəfindən törədilən
soyqırımı və etnik təmizləmələrə məruz
qalmışdır.
Çox təəssüf ki, Ermənistanın
yürütdüyü etnik təmizləmə və
soyqırımı siyasəti uzun illərdir dünya ictimaiyyətinin
gözü qarşısında baş verir. Halbuki
soyqırımı ən ağır beynəlxalq cinayət
olmaqla yanaşı, beynəlxalq hüquqa görə sülh
və təhlükəsizliyə qarşı yönələn
cinayətlər qrupuna aid edilir. Beynəlxalq
hüquqa görə soyqırımı sülh və
insanlıq əleyhinə yönələn əməldir və
ən ağır cinayət hesab edilir. Bu barədə
BMT Baş Məclisinin 1948-ci il 9 dekabr
tarixli 260 (III) saylı qətnaməsi qəbul edilmiş və
1951-ci il yanvarın 12-dən qüvvəyə minən
“Soyqırımı cinayətinin qarşısının
alınması və cəzalandırılması”
Konvensiyasında soyqırımı cinayətinin hüquqi əsası
təsbit olunmuşdur. Azərbaycan Respublikası 31 may
1996-cı ildə adı çəkilən Konvensiyaya
qoşulmuşdur.
XX əsrin sonunda Ermənistanın Azərbaycana
qarşı təcavüzü zamanı həmin Konvensiyada təsbit
edilmiş soyqırımı cinayətini təşkil edən
bütün əməllər azərbaycanlılara
qarşı tətbiq olunmuşdur. 1992-ci il
fevralın 26-da bütün dünyanın gözü
qarşısında baş verən, qəddarlığı və
amansızlığı ilə seçilən Xocalı
soyqırımı isə, bu təcavüzkar siyasətin ən
qanlı və yaddaşlardan silinməyən səhifəsi
olmuşdur. Bununla yanaşı, monoetnik dövlət
yaratmağa nail olan Ermənistanın hərbi təcavüzü
nəticəsində Azərbaycanın Dağlıq Qarabağ
bölgəsi və onun hüdudlarından kənarda yerləşən
7 rayonu (Laçın, Kəlbəcər, Ağdam, Füzuli,
Cəbrayıl, Qubadlı və Zəngilan) işğal
edilmişdir. Bütün bu ərazilər
ermənilər tərəfindən etnik təmizləməyə
məruz qalmışdır. Ermənistanın bu hərbi
təcavüzü nəticəsində Azərbaycanın
işğal olunmuş ərazilərindən 1 milyondan
çox əhali öz doğma torpağından məcburən
köçkün düşmüş və hazırda Azərbaycan
ərazisinin 20 faizdən çox hissəsi Ermənistan
silahlı qüvvələrinin işğalı
altındadır. Bütün dövrlərdə
olduğu kimi, ermənilərin həyata keçirdiyi bu
işğalçılıq siyasəti kütləvi
qırğınlarla müşayiət olunmuşdur. Belə ki, 1988-1993-cü illərdə Ermənistanın
hərbi təcavüzü nəticəsində 20 000 nəfər
azərbaycanlı həlak olmuş, 50 000 nəfər isə
müxtəlif dərəcəli xəsarət alaraq əlil
olmuşdur.
Ermənistanın
Azərbaycana qarşı təcavüzünün genişlənməsi
ilə əlaqədar 26 il əvvəl - 1993-cü ildə BMT
Təhlükəsizlik Şura-sının qəbul etdiyi 822,
853, 874 və 884 saylı qətnamələrində Azərbaycanın
ərazi bütövlüyü, suverenliyi və sərhədlərinin
toxunulmazlığının zəruriliyi bildirilir. BMT Təhlükəsizlik Şurasının sənədlərində
işğalçı qüvvələrin işğal etdikləri
Azərbaycan ərazilərindən dərhal və qeyd-şərtsiz
çıxması qeyd olunsa da, Ermənistan
Respublikasının açıq-aşkar işğalçılıq
mövqeyi tutması nəticəsində bu qətnamələr
indiyədək yerinə yetirilməmişdir. Ona görə də Cənubi Qafqazda sülhün təmin
edilməsi üçün böyük dövlətlər
müasir beynəlxalq münasibətlər üçün təhlükəli
olan Ermənistana təzyiqləri artırmalı,
işğalçılıq siyasətinə son qoyulması
üçün qəti praktik addımlar atmalı və təcavüzkarı
beynəlxalq birliyin iradəsinə tabe etdirməlidirlər.
Hərbi And.-
2019.- 6 aprel.- S.5.