Heydər Əliyev: iki formasiya- bir memar

 

 

"Heydər Əliyev Azərbaycana iki dəfə rəhbərlik etmişdir. Hər iki dəfə Azərbaycanı tənəzzüldən, böhrandan çıxarıb inkişaf yoluna qoymuşdur. Bu, onu göstərir ki, ictimai-siyasi quruluşdan asılı olmayaraq, Heydər Əliyev həmişə ən düzgün siyasət aparmış, Azərbaycan xalqının maraqlarını müdafiə və təmin etmişdir”.

 

İlham ƏLİYEV

 

 

Ümummilli lider Heydər Əliyev Azərbaycan dövlətinə son 50 ildə iki fərqli formasiyada uğurla öndərlik edən dahi lider olmuşdur. Azərbaycan dövlətinin son yarıməsrlik inkişaf tarixi və Heydər Əliyev şəxsiyyəti arasındakı münasibətlər "tarix şəxsiyyəti yaradır, yoxsa şəxsiyyət tarixi” dilemmasına verilən ən dolğun cavabdır.

 

 

Heydər Əliyev - tarixin memarı

 

 

Heydər Əliyev Azərbaycan tarixinin parlaq şəxsiyyətidir və müstəqil Azərbaycan Respublikası onun şah əsəridir. Heydər Əliyev gəncliyində Azərbaycan Sənaye İnstitutunun memarlıq fakültəsinə daxil olmuşdu, memar olmaq istəyirdi. İkinci Dünya müharibəsinin başlanması ona təhsilini başa çatdırmağa imkan verməsə də, Heydər Əliyev tarixin memarı oldu. Tarix yaradan şəxsiyyət kimi əvvəlcə sovet dövründə, sonradan isə müstəqillik illərində Azərbaycan dövlətinin memarı oldu.

Memarlıq - inşaat incəsənətidir. Heydər Əliyevin qurduğu Azərbaycan dövləti, dizayn verdiyi iqtisadi model və yön verdiyi mədəni inkişaf monumental memarlıq nümunəsidir.

Məşhur britaniyalı memar Zaha Hadidin Bakıda layihələndirdiyi Heydər Əliyev Mərkəzinin Britaniyada "Design Of The Year” müsabiqəsində əsas mükafata layiq görülməsi həm də tarixin bir dərsi idi. Heydər Əliyevin adını əbədiləşdirən bu monumental layihə həm də onun tarixi memar rolunu təcəssüm etdirən sənət əsəridir.

 

 

Heydər Əliyev və sovet dövrü

 

 

Ötən əsrin 60-cı illərində sənaye və kənd təsərrüfatının ümumi inkişaf səviyyəsinə, milli gəlirin həcminə və əmək məhsuldarlığının artım sürətinə, habelə əhalinin yaşayış səviyyəsinə görə Azərbaycan ittifaq səviyyəsindən geridə qalırdı. Heydər Əliyevin Azərbaycana rəhbərliyinin birinci dövrü məhz belə bir çətin vəziyyətdə başlamışdır. Respublikaya yeni nəfəs, modernləşmə və konseptual yanaşma tələb olunurdu. Heydər Əliyevin apardığı quruculuq işləri və onun şəxsiyyətinə ittifaq səviyyəsində olan hörmətin nəticəsində Azərbaycan aqrar ölkədən aqrar-sənaye ölkəsinə çevrildi. Bu illərdə elm tutumlu sənayenin, o cümlədən elektrik energetikasının, maşınqayırmanın, kimya və neft-kimyanın, həmçinin kənd təsərrüfatının sürətli inkişafı təmin olundu, Azərbaycan əksər iqtisadi göstəricilərinə görə orta ittifaq səviyyəsini ötdü. Azərbaycan istehsalı olan kondisioner, soyuducu və digər sənaye brendləri, nəinki ittifaq bazarlarında satılırdı, hətta xarici ölkələrə ixrac olunmağa başlamışdı.

1969-cu ilə nisbətən 1982-ci ildə faktiki qiymətlərlə respublikada ümumi ictimai məhsul 749,1 milyon manatdan 2292,7 milyon manata, milli gəlir 329,2 milyon manatdan 1045,8 milyon manata, sənaye məhsulunun ümumi həcmi 407 milyon manatdan 1207,7 milyon manata və kənd təsərrüfatının ümumi məhsulu 97,5 milyon manatdan 383,5 milyon manata çatmışdır. Heydər Əliyev iqtisadiyyatın əsas probleminin həllinə - məhsuldarlığın artırılmasına nail olmuşdur: 1969-1982-ci illərdə Azərbaycanda ictimai əmək məhsuldarlığı 1,8 dəfə və əhalinin hər nəfərinə düşən pul gəlirləri 2 dəfə artmışdır.

Heydər Əliyev 1976-cı ilin oktyabr ayında məruzəsində demişdi: "Mahiyyət etibarı ilə biz Azərbaycanın inkişafının sosial, iqtisadi, elmi-texniki dəyişikliklər səciyyəsinə görə həqiqətən tarixi əhəmiyyətə malik keyfiyyətcə yeni inkişaf mərhələsinə qədəm basırıq”.

Heydər Əliyevin rəhbərliyi ilə 13 il ərzində Azərbaycan ən geridə qalmış yerlərdən ən qabaqcıl yerlərə qədər yol keçmişdir və Sovet İttifaqında Rusiya və Azərbaycan özünü təmin edən və donor respublika idi.

Heydər Əliyevin Azərbaycan miqyasına sığmayan istedadı və təcrübəsi onun sovet rəhbərliyinə yüksəlməsi ilə nəticələndi. 1982-ci ilin dekabrında Siyasi Büronun üzvü seçilən Heydər Əliyev SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsinə təyin edildi. Bu vəzifədə işləyərkən Heydər Əliyev SSRİ-nin iqtisadi, sosial və mədəni həyatının ən mühüm sahələrinə rəhbərlik edib. Moskvada olmasına baxmayaraq Azərbaycanda mövcud vəziyyət, Azərbaycanın problemləri onu daim maraqlandırırdı və o çalışırdı ki, yeni imkanlardan istifadə edərək Azərbaycana kömək etsin. O vaxt Azərbaycanın sosial-iqtisadi inkişafı ilə bağlı önəmli qərarlar qəbul edilmişdir.

1987-ci ildə Heydər Əliyevin Sovet rəhbərliyindən istefasından sonra Azərbaycanın problemləri başladı. İki həftə keçmədən erməni separatçıları məsələ qaldırdılar ki, Dağlıq Qarabağ Azərbaycanın tərkibindən çıxarılıb Ermənistanın tərkibinə verilməlidir. Beləliklə, Dağlıq Qarabağ probleminin əsası qoyuldu və respublikada ictimai-siyasi və sosial-iqtisadi böhran getdikcə dərinləşməyə başladı.

 

 

Azərbaycanın iqtisadi inkişaf modelinin banisi

 

 

1993-cü ildə xalqın təkidi ilə hakimiyyətə qayıdan Heydər Əliyev Ermənistanın işğalının qarşısını almaqla bərabər, həm də dövləti içəridən sarsıdan vətəndaş qarşıdurmasını, siyasi böhranı, kənardan ruhlandırılan separatizmi və hərbi müxalifəti aradan qaldırdı. Beləliklə, vətəndaş müharibəsindən vətəndaş sülhünə, xaosdan sabitliyə, separatizmdən milli həmrəyliyə, ideoloji boşluqdan azərbaycançılıq ideologiyasına, siyasi böhrandan dövlətçiliyə, iqtisadi tənəzzüldən tərəqqiyə, səriştəsizlikdən dərin təcrübəyə və xarici siyasətdə milli maraqlara söykənən çoxvektorluluğa keçidi təmin etdi.

Ulu öndər milli dövlətçiliyin qurulmasında alqoritmi belə müəyyənləşdirmişdi: işğalın dayandırılması və Horadiz əməliyyatı ilə düşmənin geri oturdulması, ictimai-siyasi sabitliyin təmin olunması, neft müqavilələrinin imzalanması və sosial-iqtisadi islahatlara başlanılması. Bütün bunlar üçün ulu öndərin "böyük dayağı” Azərbaycan xalqı və millətin Heydər Əliyevə olan inamı idi.

Heydər Əliyev azərbaycançılıq ideologiyasını təqdim etdi və bu gün də azərbaycançılıq fəlsəfəsi bizim mühüm ideoloji əsasımızdır. 1995-ci ildə müstəqil Azərbaycanın Konstitusiyası qəbul edilmişdir. 1994-cü ildə "Əsrin müqaviləsi” imzalanmışdır. Bu gün də "Əsrin müqaviləsi”nın əhəmiyyətini hər bir Azərbaycan vətəndaşı gündəlik həyatında görür. Abadlaşan şəhərlər, gözəlləşən ölkəmiz, yaradılan infrastruktur və inkişafda olan Vətənimiz - bütün bunların əsas səbəbi o vaxt Azərbaycana böyük həcmdə xarici sərmayənin gətirilməsi idi.

Heydər Əliyevin apardığı siyasət nəticəsində 1993-1995-ci illərdə iqtisadi geriləmənin qarşısı alındı, ümumi daxili məhsul 1996-2002-ci illər ərzində 71 faiz artaraq 2002-ci ildə 6,1 milyard manata çatdı.

 

 

Siyasi sabitlik makroiqtisadi sabitlik üçün əsas oldu

 

 

1993-cü ildə Heydər Əliyev hakimiyyətə gələndə Azərbaycan iqtisadiyyatı dərin böhran içindəydi: iqtisadi geriləmə, büdcə və tədiyyə balansının kəsiri, işsizlik və yoxsulluğun yüksək həddi, hiperinflyasiya. Ən əsası köhnə iqtisadi sistem iflic vəziyyətdə olduğu halda, yenisi yaradılmamışdı. Lakin Heydər Əliyev ictimai-siyasi sabitliyi təmin edəndən və "Əsrin müqaviləsi” imzalanandan sonra yeni iqtisadi modelin əsası qoyuldu. 2002-ci ildə dövlət büdcəsinin bütün mənbələrdən daxil olan gəlirləri 1993-cü ilə nisbətən 85,1 dəfə artaraq 910,2 milyon manat, xərcləri isə 71,7 dəfə artaraq 931,8 milyon manat olmuşdur. Büdcə kəsirinin ümumi daxili məhsulda xüsusi çəkisi 1993-cü ildəki 7,3 faizdən 2002-ci ildə 0,4 faizə enmişdir.

1994-cü ildən başlayaraq Azərbaycana xarici sərmayələrin axını ildən-ilə artaraq, 2002-ci ildə 2,2 milyard ABŞ dollarına çatmışdır. Bu illər ərzində fəaliyyət göstərən müştərək və tam xarici investisiyalı müəssisələr tərəfindən Azərbaycanın iqtisadiyyatına 1,6 milyard ABŞ dolları məbləğində vəsait qoyulmuşdur. 2002-ci ildə ölkədə sahibkarlığın inkişafı istiqamətində aparılmış məqsədyönlü iqtisadi siyasət nəticəsində hüquqi şəxs kimi fəaliyyət göstərən müəssisə və təşkilatların sayı artaraq 59130-a çatmışdır.

Dövlət əmlakının özəlləşdirilməsi prosesi nəticəsində xüsusi mülkiyyət formalı müəssisələrin sayı xeyli artmışdır. 1996-cı ildə Statistik Vahidlərin Dövlət reyestrində 29629, 2002-ci ildə isə 40773 xüsusi mülkiyyət formalı müəssisə qeydiyyatdan keçmişdir. 1996-cı ildə ölkədə fəaliyyət göstərən 100 faiz xarici investisiyalı müəssisələrin, onların filial və nümayəndəliklərinin sayı 602, 2002-ci ildə isə 3,5 dəfə artaraq 2104 olmuşdur. Bu dövr ərzində xarici şirkət və ya fiziki şəxslərin iştirakı ilə yaradılmış birgə müəssisələrin sayı 2 dəfə artaraq 957-yə çatmışdır.

1996-cı ildən başlayaraq iqtisadi artım tempi bərpa edilmiş, hiperinflyasiya cilovlanmışdır.

 

 

Heydər Əliyev iqtisadi islahatları aqrar sahədən başladı

 

 

Heydər Əliyevin müstəqilliyimizin ilk illərində apardığı aqrar islahatlar bir neçə cəhətdən diqqəti çəkir. Birincisi, 1994-cü ilin sentyabr ayında keçirilən müşavirədə ulu öndər Heydər Əliyev aqrar islahatların əsas mahiyyətini müəyyənləşdirdi və bildirdi ki, kənd təsərrüfatı sahəsində gələcək inkişafımız yalnız və yalnız iqtisadi islahatların həyata keçirilməsi ilə bağlıdır. Heydər Əliyev iqtisadi islahatları məhz aqrar sahədən başladı.

İkincisi, o dövrdə kifayət qədər inqilabi sayılacaq torpaq islahatı aparıldı: kəndli torpağın sahibinə çevrildi. Vahid torpaq fondunun 57 faizi dövlət mülkiyyətində qalmaqla 20 faizi bələdiyyə mülkiyyətinə və 23 faizi, əsasən də münbit torpaqlar xüsusi mülkiyyətə verildi. Torpağın özəlləşdirilməsi sayəsində 857,6 min ailə öz payına sahib olmuşdur. Orta hesabla bir ailəyə 1,6 hektar, cəmi isə 1375,5 min hektar torpaq sahəsi əvəzsiz verilmişdir.

Üçüncüsü, kolxoz-sovxozların islahatı aqrar sahədə təşkilati, hüquqi və institutsional formanı dəyişdi - çoxukladlılığa keçid təmin edildi. Aqrar sahədə bazar prinsipləri tam bərqərar oldu.

Beləliklə, Heydər Əliyevin apardığı aqrar islahatlar nəticəsində iqtisadi təhlükəsizliyin əsas komponenti olan ərzaq təhlükəsizliyinin həlli və aqrar inkişafın trayektoriyası müəyyənləşdi. Bunun nəticəsində 1996-2002-ci illərdə kənd təsərrüfatında əlavə dəyər 40,3 faiz artdı. 2002-ci ildə 2,2 milyon ton taxıl, 694,9 min ton kartof, 974,6 min ton tərəvəz və 330,3 min ton bostan məhsulları istehsal edilməklə 1993-cü ilə nisbətən onların istehsal həcmi müvafiq olaraq 1,9; 4,6; 2 və 7 dəfə artmışdır.

 

 

Heydər Əliyevin neft strategiyası regionun gələcəyini müəyyənləşdirdi

 

 

Ulu öndər Azərbaycanın neft strategiyasının əsasını qoymaqla Xəzər hövzəsi, Qara dəniz hövzəsi, Yaxın Şərq və Avropanın enerji xəritəsini və qüvvələr balansını yenidən şəkilləndirdi. Avrasiyanın mərkəzində kiçik bir ölkə olaraq Azərbaycan neft-qaz layihələrində liderliyi ələ aldı və özündən miqyasca dəfələrlə böyük coğrafiyanın enerji təhlükəsizliyinə önəmli töhfələr verdi. Ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə 1994-cü il sentyabrın 20-də Azərbaycanın XX əsr tarixində siyasi, iqtisadi və strateji əhəmiyyətinə görə ən mühüm müqavilələrdən biri - Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən "Azəri”, "Çıraq” yataqlarının və "Günəşli” yatağının dərinlikdə yerləşən hissəsinin birgə işlənməsi və hasilatın pay bölgüsü haqqında Saziş imzalanıb. Bu, neft strategiyasının əsasını təşkil edən, ölkənin gələcəyi üçün yeni perspektivlər açan və sonrakı illərin təcrübəsində öz layiqli tarixi qiymətini alan "Əsrin müqaviləsi”dir.

Dünyanın 7 ölkəsini (Azərbaycan, ABŞ, Böyük Britaniya, Rusiya, Türkiyə, Norveç və Səudiyyə Ərəbistanı) təmsil edən 11 beynəlxalq neft şirkəti (Amoco, BP, McDermott, UNOCAL, ARDNŞ, Lukoil, Statoil, Türkiyə Petrolları, Pennzoil, Ramco, Delta) qapalı hövzə olan Xəzərə Azərbaycanın liderliyilə gəldilər. Heydər Əliyevin öndərliyilə 1997-ci il noyabrın 7-də "Çıraq” platformasından ilk neft hasil edildi, 1997-ci ildə neft Bakı-Novorossiysk və 1999-cu ildə Bakı-Supsa kəməri ilə Qara dənizə çıxarıldı, 2002-ci ildə isə əfsanəvi Bakı-Tbilisi-Ceyhanın təməli qoyuldu. 1997-2002-ci illərdə sənaye məhsulu istehsalı 23,6 faiz və ya orta hesabla hər il 3,6 faiz artmışdır. Hasilat sənayesi ilə yanaşı, qeyri-neft emal sənayesi də inkişaf etmişdir. 1999-2002-ci illər ərzində emal sənayesi sahələrində məhsul istehsalı 13,6 faiz artmışdır.

 

 

Heydər Əliyev Azərbaycanda sosial bazar modelinin müəllifidir

 

 

Azərbaycan dövlətçiliyinin təməlində dayanan humanizm prinsipinə uyğun olaraq Heydər Əliyev Azərbaycanda sosial bazar modelinin əsasını qoymuşdur. Sosial ədalət və milli həmrəylik bu modelin təməlində dayanır. Ulu öndər böyük ustalıqla iqtisadi azadlıq və sosial cavabdehliyi bir-birilə uzlaşdırmaqla ictimai harmoniyanı təmin etmişdir. Yenicə müstəqillik qazanmış ölkədə hərbi təcavüz, siyasi, iqtisadi və sosial kataklizmlərdən sonra cəmiyyəti tarazlıq halına gətirmək, yoxsulluqla mübarizə və sosial rifahı yaxşılaşdırmaq çətin bir vəzifə idi. Buna baxmayaraq Heydər Əliyevin apardığı islahatlar nəticəsində 1996-2002-ci illərdə əhalinin real gəlirləri 2,6 dəfə artmışdır. 1995-2002-ci illər ərzində orta aylıq əməkhaqqı 5 dəfədən çox artaraq 63,1 manat təşkil etmişdir. Dövlət büdcəsinin xərclərində sosial müdafiə və sosial təminat xərclərinin payı ildən-ilə artmışdır. 1993-cü ildə bu məqsədlərə 1,1 milyon manat xərclənmişdirsə, 2002-ci ildə bu xərclər 190,3 milyon manata çatmışdır.

1993-cü ildə 15 və yuxarı yaşlı əhalinin hər 1000 nəfərindən 703 nəfərinin ali və tam orta təhsili olduğu halda, 2002-ci ildə bu göstərici 753-ə çatmışdır. 2002-2003-cü dərs ilinin əvvəlinə 4533 dövlət və 9 qeyri-dövlət ümumtəhsil məktəblərində 1692 min nəfər və ya 1993-1994-cü dərs ilindəkindən 19 faiz çox şagird təhsil almışdır. 2002-2003-cü dərs ilinin əvvəlinə Azərbaycanın təhsil sistemində 41 ali və 58 orta ixtisas təhsil müəssisəsi fəaliyyət göstərmiş, onlarda müvafiq olaraq 120 min tələbə ali ixtisas və 51 min tələbə orta ixtisas təhsili almışdır. 1993-94-cü dərs ili ilə müqayisədə ali təhsil müəssisələrinin kontingenti 27 faiz, orta ixtisas təhsil müəssisələrinin kontingenti isə 52 faiz artmışdır. Ulu öndər Heydər Əliyev dövlətin məhdud maliyyə imkanlarına rəğmən gənclərin xaricdə təhsilini dəstəkləmişdir. 2002-2003-cü dərs ilinin əvvəlinə 885 nəfər Azərbaycan vətəndaşı dövlət xətti ilə bir sıra dünya ölkələrinin məşhur ali təhsil müəssisələrində təhsillərini davam etdirmişdir.

2002-ci ildə respublikada əhalinin sağlamlığının keşiyində 29,5 min həkimi və 59 min orta tibb işçisi duran 738 xəstəxana və 1603 ambulator-poliklinika müəssisələri fəaliyyət göstərmişdir. 1993-cü illə müqayisədə 2002-ci ildə həkimlərin sayı 2 faiz artmışdır.

1993-2002-ci illərdə ölkə əhalisinin sayı 719,6 min nəfər artaraq 8269,2 min nəfərə çatmışdır.

Heydər Əliyev Azərbaycana sabitlik gətirdi. Bu gün Azərbaycan dünya miqyasında ən sabit ölkələrdən biridir. Bu münasibətlə Prezident İlham Əliyev belə demişdir: "Sabitliyin mənbəyi Azərbaycan xalqının iradəsidir”.

 

 

Heydər Əliyevin əmanəti

 

 

Ulu öndər Heydər Əliyev Azərbaycan xalqına iki əmanəti saxladı: Birincisi, Azərbaycan Respublikası onun şah əsəridir. İkincisi, Heydər Əliyev məktəbinin parlaq məzunu İlham Əliyevdir. Bu gün Prezident İlham Əliyev ulu öndərin yaratdığı strategiyanın əsasında, məhz ulu öndərin zəngin irsinə əsaslanaraq Azərbaycan Respublikasını uğurla inkişaf etdirir.

Prezident İlham Əliyev ulu öndər haqqında belə demişdir: "Ulu öndər həmişə olduğu kimi, xalqa son müraciətində də düzgün proqnoz verdi. O, inanırdı və bildirdi ki, onun davamçıları onun görə bilmədiyi işləri görəcəklər, belə də oldu. Biz - onun davamçıları bununla fəxr edirik. Fəxr edirik ki, onun ideyalarını yaşadırıq. Fəxr edirik ki, müstəqilliyimizi möhkəmləndiririk və Heydər Əliyev yolu ilə gedirik və gedəcəyik”.

 

Natiq ƏMİROV,

Azərbaycan Respublikasının Prezidentinin İqtisadi siyasət və sənaye məsələləri üzrə köməkçisi-şöbə müdiri

 

 

Hərbi And.- 2019.- 16 avqust.- S.8-9.