Heydər Əliyev irsi və azərbaycançılıq ideologiyası

 

Azərbaycan Respublikası Silahlı Qüvvələrinin mövcudluğu və şərəfli tarixi Azərbaycan xalqının ulu öndəri, dahi şəxsiyyət Heydər Əliyevin adı ilə bağlıdır. Müasir Azərbaycan Ordusunun formalaşması Heydər Əliyevin dövlətçilik təfəkkürünün, siyasi uzaqgörənliyinin və təşkilatçılıq qabiliyyətinin məntiqi nəticəsidir. Ordu quruculuğu sahəsində Heydər Əliyev irsinin əvəzsiz dəyəri ondadır ki, bu dəyər başlanğıcını hələ Sovetlər dövründən götürüb. Azərbaycanın tarixi ənənələrinin davam etdirilməsi, gənclərin qəhrəmanlıq ənənələri əsasında formalaşması, sərkərdələrin və görkəmli hərb xadimlərinin şərəfli yolunun yaşadılması Heydər Əliyevin hər zaman diqqət mərkəzində olub.

Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin Sovet dövründə diqqət yetirdiyi məsələlərdən biri də SSRİ Silahlı Qüvvələri tərkibində azərbaycanlı zabitlərin məsul vəzifələrə irəli çəkilməsi məsələsi idi. O, azərbaycanlı zabitlərin Sovet qoşunlarında hansı vəzifələrdə olmasını və vəzifə təyinatlarında necə irəliləməsini daim izləyirdi. Çalışırdı ki, yüksək vəzifəli Sovet zabitləri arasında azərbaycanlılar da olsun. Xidmətləri və təşkilatçılıqları ilə fərqlənən bir sıra zabitlərin və generalların daha yüksək və məsuliyyətli vəzifələrə təyin olunmasına Heydər Əliyev yardımçı olmuşdu  bunu özü də məmnunluqla xatırlayırdı.

Heydər Əliyevin Azərbaycana rəhbərliyi dövründə Bakıda iki ali hərbi məktəb var idi. Bakı Ali Ümumqoşun Komandirləri Məktəbi və Bakı Ali Hərbi Dənizçilik Məktəbi. Bu məktəblərin hər ikisi İttifaq miqyasında sayılıb-seçilən məktəblərdən idi və təhsil almaq üçün İttifaqın ən müxtəlif şəhərlərindən bu məktəblərə axışıb gəlirdilər.

İlk növbədə Heydər Əliyev öz qətiyyətini ortaya qoyaraq Bakı Ali Ümumqoşun Komandirləri Məktəbinin rəhbərliyinə yüksək rütbəli azərbaycanlı kadrların gətirilməsinə nail oldu. Bu məktəbə qəbul olunanlar arasında azərbaycanlıların sayının artırılması üçün geniş təşkilati işlər aparıldı. Sovet dövründə milli zəmində aparılan hərbi-təşkilati işin zirvəsi Azərbaycanda general Cəmşid Naxçıvanski adına hərbi-internat məktəbinin açılması sayıla bilər. Bu məktəbin açılması Heydər Əliyevin vaxt ötdükcə öz əhəmiyyətini daha da artıracaq tarixi nailiyyətinin, böyük dühasının öz xalqının gələcəyinə bağlılığının heç zaman unudulmayacaq nişanəsidir. Çox böyük maneələrin mövcud olmasına baxmayaraq, milli hərbi ənənələrin canlandırılması və gənclərin hərb işinə cəlb edilməsi üçün fövqəladə əhəmiyyətə malik olan belə bir təhsil ocağının açılması Heydər Əliyevin mübarizliyinin, fədakarlığının təntənəsi idi. Bu məktəbin açılışına nail olmaq üçün Heydər Əliyev həm də İttifaq rəhbərliyi ilə çarpışmadan qalib çıxdı və əslində, bu mübarizliyi ilə həmin məktəbdə təhsil alan azərbaycanlılar üçün də canlı bir örnək oldu.

Ulu Öndər hazırda hərbi lisey adlanan C.Naxçıvanski adına təhsil ocağının açılmasını belə xatırlayırdı: "Mən bu gün böyük iftixar hissi ilə demək istəyirəm ki, milli ordumuzun yaranması haqqında biz vaxtilə düşünmüşük. Nəinki düşünmüşük, on illər bundan əvvəl tədbirlər görmüşükonlar indi öz nəticəsini verir. Xatirimdədir, 1970-ci ildə, 25 il bundan öncə mən Azərbaycanda əvvəllər heç vaxt oxşarı, analoqu olmayan ixtisaslaşdırılmış hərbi orta məktəb yaratmaq haqqında fikir irəli sürdüm. Bu məktəbi yaratdıq. Doğrudan da, mənim həyatımda gördüyüm işlər içərisində bu addımı, bu işi, bu təşəbbüsü o dövrdən artıq 25 il keçəndən sonra şəxsən özüm çox yüksək qiymətləndirirəm. Mən belə bir addım atarkən, təşəbbüs irəli sürərkən, o vaxt Sovetlər İttifaqının çərçivəsində belə bir qeyri-adi qərar qəbul edərkən təkcə o günləri yox, Azərbaycanın gələcəyini düşünürdüm. Mən çox istəyirdim ki, Azərbaycanın milli ordusu olsun. Əgər o vaxt milli ordu yaratmaq mümkün deyildisə, Sovetlər İttifaqı ordusunun tərkibində Azərbaycanın güclü zabit korpusu, zabitləri olsun. Mən istəyirdim ki, Azərbaycan zabitləri Sovetlər İttifaqı ordusunun tərkibində özlərinə layiq yer tutsunlar, respublikamızın mövqeyini müdafiə etsinlər və Azərbaycanın təsirini bütün Sovetlər İttifaqına yaya bilsinlər. Mən istəyirdim ki, zabitlər korpusumuz olsun, çünki bu, Azərbaycanın gələcəyi üçün lazım idi…".

C.Naxçıvanski adına Hərbi Lisey Heydər Əliyevin diqqət və qayğısı ilə qısa vaxt ərzində ən müasir hərbi təhsil müəssisəsinə çevrildi. Belə xüsusi diqqət və qayğı Azərbaycanda hərbçi peşəsinin nüfuzunun artmasında çox mühüm rol oynadı. Nəticədə orduda peşəkar hərbçilərin sayı da artdı. Bu təhsil ocağını bitirən neçə-neçə gənc Bakının ali hərbi məktəbləri ilə yanaşı, keçmiş SSRİ-nin ali hərbi məktəblərində hərbçi peşəsinə yiyələndilər. Onlar indi də Heydər Əliyevin yaratdığı məktəbin məzunları olmasıyla fəxr edirlər.

İstər C.Naxçıvanski adına Hərbi Liseyin təşkil edilməsi, istərsə də Sovet dövründə azərbaycanlı gənclərin hərbi işə cəlb  olunmasının hansı tarixi əhəmiyyətə malik olduğu XX əsrin sonlarında əyani şəkildə aydın oldu.

Heydər Əliyev Azərbaycan xalqının tələbi ilə respublika hakimiyyətinə qayıtdıqdan sonra ordu quruculuğunda da müstəsna işlər gördu. Ulu öndər Heydər Əliyevin Naxçıvandakı fəaliyyəti Azərbaycanın müstəqillik tarixinin xüsusi bir səhifəsini təşkil edir. Baxmayaraq ki, burada da Heydər Əliyev şəxsi və qrup maraqlarını Azərbaycanın milli maraqlarından üstün tutan daxili qüvvələrin Naxçıvan daxilində çevriliş etmək cəhdinin qarşısının alınmasında, əhalinin iqtisadi vəziyyətinin yaxşılaşdırılmasında, Naxçıvanda siyasi parçalanmaların aradan qaldırılmasında böyük rol oynadı, bununla belə, Naxçıvan Muxtar Respublikasının müdafiəsi, Azərbaycanın Naxçıvandakı hərbi hissələrinin formalaşması və təchiz edilməsi sahəsində də son dərəcə əhəmiyyətli işlər gördü. Bütün Azərbaycan üçün xarakterik olan mürəkkəb hərbi-siyasi vəziyyət Naxçıvan üçünxarakterik idi.  Naxçıvan da Ermənistanın hərbi təcavüzünün əsas istiqamətlərindən biri idibunu erməni millətçiləri gizlətmirdilər. Amma Bakıdan fərqli olaraq Naxçıvanda erməni təcavüzünün qarşısının alınması, Sovet qoşun hissələrinin əmlakının respublikada saxlanması, bölgənin müdafiəsi üçün əhalinin, müxtəlif ictimai-siyasi qurumların daha vacib məqsədlər ətrafında birləşdirilməsində tamamilə başqa xarakterli işlər görüldü. Böyük tarixi şəxsiyyətin daxilixarici siyasəti Azərbaycanın dövlət müstəqilliyini qorumağın, dövlətçiliyin möhkəmləndirilməsinin, Azərbaycanın dünya miqyasında nüfuzlu dövlətlər sırasında olmasının, azərbaycançılıq ideologiyasının qarantı idi. Ulu Öndər azərbaycançılığı şərtləndirən amillərin hər birinin yaşadılmasına, inkişafına, təbliğinə xüsusi diqqət yetirirdi...

Heydər Əliyev irsi azərbaycançılıq ideologiyası kimi zaman-zaman öyrəniləcəkdir...        

 

Günay TAĞIYEVA, "Azərbaycan Ordusu"

 

Hərbi And.- 2019.- 8 fevral.- S.9.