Vətəni ailədən öndə tutan QƏHRƏMAN - Kişilik
NÜMUNƏSİ
Çiyinlərdə tabutun
al-qırmızı geyərmi? Haqq divanı varsa da, sorğu-sual nə gərək? Şirin can bu
torpağın qarışına
dəyərmi?! Ölüm
eşqi müqəddəs,
ölümünüz mübarək!!!
Akif Əhmədgil
Bu gün, çətin
şəraitdə göstərdiyi
şücaətli əməlləriyə
bəşəriyyətin fövqündə
duran, qəhrəmanlıq,
şəhidlik salnaməmizdə
şərəfli səhifələr
yaradan Allahverdi Bağırovun doğum günüdür. “Qarabağın
aslanı”, “Qartal qamətli qəhrəman”, bacısı
Almaz xanımın dili ilə desək,
“oğulluq, kişilik
rəmzi” Allahverdi Bağırov 1946-cı ilin
məhz bu günündə - aprelin
22-də Ağdamda dünyaya
gəlib. Beş qızdan sonra
doğulduğuna görə
adını Allahın
payı mənasında
Allahverdi qoyublar, bu, həm də
onun babasının adı olub. Bacısı
Sveta xanımın dediyinə görə, Allahverdi dünyaya gələn gün nənəsi evin qapısından, dizi üstə ta həyətin çıxışınadək
torpağı öpüb.
Nəvəsinin qədəmlərini
öpən nənə
hələ bilmirdi ki, gün gələcək o qədəmləri
bir el öpəcək.
Kim bilir bəlkə də ona əyan
olmuşdu, bəlkə
də elə dünyagörmüş nənənin
ürəyinə dammışdı
nəvəsinin qəhrəman
taleyi ?..
Orta təhsilini Ağdam şəhər 1 saylı
məktəbdə alan Allahverdi hələ məktəb illərindən cəsarətli,
qorxmaz, mərd, haqsızlığa etiraz edən xasiyyətiylə fərqlənib. İlk gənclik dövründə yüngül
atletika və daha sonra isə
futbola böyük maraq göstərib. 5 N-li formada Ağdamın “Qarabağ” klubunun şərəfini qoruyub. 1976-cı ildə, 20 yaşında ikən klubun baş məşqçisi
təyin olunub və həmin ildə keçirilmiş Ümumittifaq birinciliyində
rəhbərlik etdiyi doğma komandası
4-cü yerə layiq görülüb. 1991-ci ildə “Qarabağ” və “Neftçi” veteranları arasında keçirilən və 1:1
hesabı ilə başa çatan oyunda yeganə qola da məhz
özü imza atıb. Həm komanda yoldaşı
və eyni zamanda döyüş yoldaşı olmuş Zahid Qarayev deyirdi
ki, -“Məşqçi
olduğu dönəmdə
çox həssas idi, oyunçuları bir-bir yoxlayardı, hamı ilə tək-tək maraqlanardı”. Vaxt gələcək onun bu həssaslığı
komandir xasiyyətinə
də yansıyacaqdı.
Futbol karyerasını
kim bilir necə müvəffəqiyyətlə
davam etdirəcəkdi,
amma Qarabağda yaranan vəziyyət onun vətənpərvər
ruhunu döyüş
meydanından kənarda
saxlaya bilmədi. Döyüş yoldaşı
olmuş Zahid Qarayev :
“Onun hər şeyi
vardı, heç nəyə ehtiyacı yox idi, amma
o hər şeyini atıb vətənini tutdu” .
Allahverdi Bağırov öncə ağdamlıların maddi
dəstəyi və öz şəxsi vəsaiti ilə Qarabağın kəndlərində
yaradılmış kiçik
özünümüdafiə batalyonlarına yaxından
köməklik göstərib. 1991-ci il 1 oktyabrda özünün və qardaşı Eldar Bağırovun komandirliyi ilə Azərbaycan Silahlı Qüvvələrinin
Ağdamdakı hərbi
hissəsi yaradılır.
Bu həm də
“Ağdam özünümüdafiə
taboru” idi. 760 nəfərlik bu batalyon “Vətən
oğulları” adlanırdı.
Qardaşı Eldar öldürüldükdən
sonra batalyona Allahverdi rəhbərlik edirdi. 1992-ci ilin
yanvarında Allahverdi Bağırovun rəhbərlik
etdiyi tabor Naxçıvanlı
kəndini işğalçılardan
tam təmizləyir və
150 nəfərlə Əsgərana
daxil olur. Pircamal kəndindəki bütün
yüksəkliklər tutulur.
Erməni bayraqları Azərbaycan
bayraqları ilə əvəz edilir. Bu əməliyyatı həyata keçirmək üçün Allahverdi Bağırov və silahdaşlarına cəmi
2 saat vaxt lazım olmuşdu.
Bu döyüşdən sonra
Allahverdi Bağırov
“General Məhəmməd Əsədov
Mükafatı”na layiq görüldü. Ən böyük hərbi uğurlarından
biri də Aranzəmin kəndi üzərindəki döyüşlərdə
olub. Hər nə qədər
zəhmli, ciddi xasiyyətli komandir olsa da, əsgərlərinə
qarşı uşaq kimi kövrək, ürəyiyumşaq olub.
Döyüş yoldaşı Zahid
Qarayev: “Komandir olsa da, özünü
heç vaxt əsgərlərdən ayırmazdı,
əsgər nə yesə, o da ondan yeyərdi. Bir dəfə də bizim xətrimizə dəymədi, döyüşə
həmişə ən
qabaqda oxuya- oxuya, gülə-gülə
gedərdi. Hərbi hissədə
olduğu vaxtlarda çox ciddi olardı, əsgər onun yanında danışa bilməzdi, amma digəl, əsgərdən ötrü
canını verərdi,
əsgərlərin dırnağna
belə ziyan dəyməyə razı olmazdı. Biri vurulanda, yaralananda
girib otaqda ağlayardı ki, əsgərlər görməsin”.
1992-ci il 14 iyununda təcili iş üçün Ağdama çağırılan Allahverdi Bağırovun olduğu maşın Naxçıvanlı (keçmiş Naxçıvanik) kəndindən geri qayıdarkən minaya düşür. Allahverdi Bağırov sürücüsü ilə birlikdə həlak olur. Ağdam rayon Şəhidlər Xiyabanında qardaşı Eldar Bağırovun yanında dəfn edilir. Döyüşlərdə göstərdiyi şücaətə və Ağdamın müdafiəsindəki misilsiz qəhrəmanlığına görə, ölümündən sonra - 1993-cü ildə ona “Azərbaycanın Milli Qəhərmanı” fəxri adı və 1998-ci ildə “Qızıl Ulduz” mükafatı verilib. Allahverdi Bağırov sağ ikən deyirdi:
“Ermənilər ancaq, mənim meyitimin üstündən keçib Ağdama girə bilərlər. Kim hara gedir getsin, mən Ağdamda qalacağam!”.Doğrudan da Allahverdi Bağırov yaşadığı müddətcə ermənilər Ağdamı tuta bilmədilər. Şirin Mirzəyev, Yaqub Rzayev, Fred Asif (Asif Məhərrəmov) və Allahverdi Bağırov Ağdamın əyilməz sütunları idi. Çünki bu qəhərmanların Qarabağın müdafiəsində misilsiz xidmətləri olub. Allahverdi Bağırovdan danışırıqsa, Xocalı faciəsidən bəhs etməyə bilmərik. Çünki Allahverdinin Xocalı faciəsi zamanı göstərdiyi xidmətlər ölçüyə gəlməzdir. Məhz onun səyi nəticəsində Seyidağa Mövsümlü Xocalıdakı dəhşətləri lentə ala bilmişdi.
“ Ermənilər çəklişə icazə verməyəndə o, bir kəlmə dedi: - Bu yoldaş işini görəcək!!!” - S.Mövsümlü.
Bu gün bütün mənbələrdə 1003 nəfər qeyd olunur, amma o, 3 gün ərzində 1526 nəfər Xocalı əsir-girovunu Azərbaycana qaytarmışdı. Əsir-girovların və meyitlərin dəyişdirilməsində, meyitlərin meşədən toplanıb Ağdama gətirilməsində bu gün dəyərini heç nəylə ölçə bilməyəcəyimiz qədər xidmətlər göstərib. Xocalı faciəsi onun təkcə kövrək qəlbini deyil, həm də əyilməz kişi vüqarını da incitmişdi. Bacısı Almaz xanım:
“Xocalı faciəsindən sonra hər gün gecə yarıyadək hərbi hissədə olurdu, girovların dəyişdirilməsi üçün danışıqlar aparır, meyitləri toplamaq üçün əsgərlərlə meşədə axtarış aparırdı. Elə dəhşətli səhnələr görmüşdü ki, evə gələn kimi deyirdi, işığı keçirin. Gördüklərindən sonra bizim üzümüzə baxa bilmirdi”.
Qızı sonuncu dəfə atasının boynuna sarılıb ondan qalmağını istəyəndə qardaşının xatirəsinə saxladığı saqqalından bir tük qoparıb qızına uzadaraq demişdi ki, “nə vaxt darıxsan bu tükü yandır, mən gələcəm”.
Amma gəlmədi ...
Atasının bu şirin nağılına inanan balaca qızcığaz kim bilir o tükü yandırıb nə qədər gözləmişdi. Axı, onda hələ nağıllara inanan yaşdaydı, o, hələ bilmirdi nə boyda böyük qəhrəmanın qızıdır. Hələ bilmirdi ki, atası onun arzusuyla yandırdığı tükün çağırışına gəlmək üçün yox, imdad diləyən əsirlərin, düşmən əlində inləyən vətənin harayına yetişmək üçün doğulub. Çünki Allahverdi adi biri deyildi, sıradan oğul deyildi, o, vətən sevgisini şəxsi mənafeyindən, karyerasından, hətta ailəsindən də üstün tutmuş, bəlkə də bu dünyaya tayı-bərabəri gəlməyəcək Qəhrəman idi.
Yaşasaydı 73 yaşı tamam olacaqdı, yaşasaydı indi veteran futbolçu və məşqçi kimi tarix yazacaqdı, baxmayaraq ki, qəhrəman Allahverdi Bağırovun yazdığı tarix qat-qat dəyərlidir, yaşasaydı indi ətrafında nəvələri oynayan baba olacaqdı, yaşasaydı yeddi bacının qürur mənbəyi qardaşları olacaqdı, yaşasaydı qızlarının saçları ata sığalına həsrət qalmayacaqdı, yaşasaydı həyat yoldaşının ömrünü birgə yaşadıqları onillik həyatın xatirələri deyil, özü işıqlandıracaqdı. Yaşasaydı bacısı Sveta xanım da bu sözləri deməyəcəkdi:
“Bu gün də mən əsgər paltarı görəndə baxa bilmirəm.Əsgər mənim yanımdan keçəndə mən onun paltarına əlimi sürtməsəm, elə bilərəm ki, yanaram, tökülərəm. Əlimi əsgər paltarına sürtməliyəm, çünki mənim qardaşlarımın hər ikisinin də həlak olanda əynində əsgər paltarı vardı”.
Yaşasaydı... Əslində yaşayır, həmişə də yaşayacaq. Cismən aramızda olmasan da həmişə qəlbimizdəsən, ürəklərdə əbədi qalacaqsan əbədi qəhrəmanımız. Yaşatmaq üçün doğulanlar yaşamağa layiqdir. Ruhun şad olsun igid Komandir! Baxmayaraq, məzarını düşmən tapdağında qoymuşuq, qanınızın qisasını düşməndən almamışıq, üzünüzə baxacaq üzümüz də yoxdur. Amma sən ucaldığın məkanda rahat uyu...
Dünya Muradova
Hərbi And.- 2019.- 3 may.- S.17.